Tanrıya xidmət müqəddəs məram kimi onun qəlbinə hakim kəsilib

 

Hər bir insanın həyatında elə hadisələr baş verir ki, onu bütün ömrü boyu xatırlamalı olur. Məsələn, mənimçün Heydər Əliyev kimi bir dühanın müasiri olmaq, onun rəhbərliyi altında fəaliyyət göstərmək ömrümün unudulmayan bir gerçəyidir.

 

Müstəqil Azərbaycanın qurucusu olan bu fenomenal şəxsiyyətin həyat və fəaliyyəti, dövlətimiz, xalqımız və bütövlükdə türk dünyası qarşısındakı xidmətləri  haqqında əsərlər yazmışam və bu gün də yazmaqdan yorulmuram. XXI əsrin liderləri sırasında öndə duran, dövlət idarəçiliyi şöhrəti yaşını qabaqlayan Azərbaycan Prezidenti İlham Əliyevin müasiri olmaq, şübhəsiz, böyük iftixardır və buna da əsərlərimdə kifayət qədər izah vermişəm. Ömür imkan versə, təbii ki, daha böyük və fundamental bir tədqiqatımı ortaya qoymaq düşüncəsilə çalışıram. Nəhayət, bu sıradan olan hadisələrdən biri də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin nəinki müasiri, yaxın dostu və tanışı olmaqdır. Bu hadisəni məhz bu gün xatırlamağımın və onun haqqında bu məqaləni yazmağımın özəlliyi ondadır ki, nüfuzlu din xadimi, dərin zəka sahibi, böyük vətəndaş olan Şeyxülislam Allahşükür Paşazadənin bu gün doğum günüdür.

 

...Allahın iradəsi ilə müxtəlif tarixi dövrlərdə hər bir ölkədə qeyri-adi insanlar dünyaya gəlir. Qalaktikadakı ulduzlar kimi onlar da yaşadıqları ömrün ən parlaq dövründə cəmiyyətə ilahi nur saçır və Allahın sevgisindən pay aldıqları istedadları, ağıl və zəkaları ilə mənsub olduqları xalqlara, bəzən bütün insanlığa, bəşəriyyətə xidmət göstərirlər. Onların dünyaya gəlişi də insan zəkasının qavraya bilmədiyi qeyri-adi əlamətlər və hadisələrlə tarixə köçür. Eynən əvvəl ailəsinə, sonra isə xalqına şərəf gətirən  müdrik dostum Allahşükür Paşazadənin dünyaya gəlişi kimi.

 

Dünyanın indiki dönəmində qoca Avropanın çoxdan yaddan çıxardığı, əsasən, Şərq mentalitetində daşlaşan “nəslin, şəcərənin varisi oğul olmalıdır” iddiasının ən qaynar dövründə ailəsində altı  qız böyüyən Lənkəran rayonunun Cil kəndinin sakini Hümmət kişinin ürəyindən oğul istəyi keçsə də, bunu çox da dilə gətirib Kafiyə xanımı üzmək istəmirdi. Hələ 1941-ci ildə onu müharibəyə çağıranda Allahdan yurduna, ocağına sahib çıxacaq bir oğul payının olmasını arzulamışdı. Tanrı onamı qıymadı, yoxsa onun arzuladığı varisin Özünə xidmətçi olacağınamı? Demək çətindir. Ona görə də Hümmət kişi qanlı-qadalı, amansız müharibədən qayıtdı. Əlil olsa da, canı salamat idi. Yenə Allahına min şükür edib kənddə əmək fəaliyyətinə başladı. Kafiyə ananın üzərinə düşən ağır ailə qayğısını, az da olsa, yüngülləşdirmək üçün əlilliyi bəhanə edib evdə oturmadı.

 

 Kafiyə xanım öz dövrünün müdrik qadınlarından idi. Ərinin istəyini də, elin adət-ənənəsini də yaxşı başa düşürdü. Bütün bunlar bir yana, dünyaya oğul gətirmək istəyirdi. Elə gün olmurdu ki, namaz üstə Allaha əl uzadıb ondan oğul payı istəməsin. Bu istəyinin həyata keçəcəyi təqdirdə, onu da sidq ürəkdən söz vermişdi ki, oğlu olarsa, onu Allahın göndərdiyi müqəddəs Qurani-Kərimin buyurduğu yola xidmətə yönəldəcək və bu yolun aşiqi kimi böyüdəcək. Üstəlik, Hümmət kişidən xəbərsiz vəd etmişdi ki, arzusu həyata keçsə, həyət-bacada nə qədər mal-qara var hamısını Allah yolunda qurban kəsdirib paylayacaq. Ailə təsərrüfatında isə xeyli mal-qara, qoyun-quzu var idi. Azərbaycanlı və cənublu olduğumdan bilirəm ki, bütün kişilər kimi Hümmət kişi də Kafiyə kimi düşünürdü və oğul istəyinə görə var-dövlətini belə əsirgəməyəcəkdi...

 

...Möminlərimiz və din xadimlərimiz insanlara nahaq demirlər: “Sən qəlbini Allaha bağla və Allahdan istə. Bütün istəkləri verən Odur.” 1949-cu ildə Cildə isti yay günləri tədricən sərin havalara meydan verirdi. Hümmət kişi ürəyini Allaha bağlayıb nə qədər səbirli görünsə də, içində bir gərginlik yaşayırdı. Altı qızdan sonra oğul gözləmək məgər asan iş idi? Amma ürəyinə dammışdı ki, bu xəbər onu çox bərk sevindirəcək. Elə də oldu.

 

İlk sevinən isə Kafiyə xanım oldu. Uşağı ona göstərəndə onu qucağına almamış qollarını göyə uzadaraq ucadan dedi: “İlahi, sənə min şükür, məni muradıma çatdırdın.”

 

Hümmət kişinin isə sevinci yerə-göyə sığmadı həmən gün. Müjdəni ona çatdıranda kimsənin eşidə biləcəyindən ehtiyat edirmiş kimi, içində bir hayqırtı qopdu: “Allahım, Səni tanımayana min lənət olsun!” Əslində, bu, Allahın varlığını danmağa hökm vermiş Sovet rejiminə bir nifrin idi. Belə nifrinlər, qarğış və lənətlər isə hər gün milyonlarla insanın qəlbindən Allah dərgahına ünvanlanırdı.

 

Körpə evə gəlməmiş heç bir qadağaya, qorxuya baxmadan Hümmət kişi oğul ilkinə Allahşükür adı qoydu və bu ad altı bacının dilindən bir an belə düşmürdü. Körpəni evə gətirən gün Hümmət kişi səhər ertədən mal-qaraya baxmağa qalxdı. Heyvanlar bir gecənin içində hamısı qırılmışdı. Gördüklərindən karıxsa da, dünya malı üçün qəm çəkən deyildi. Amma Tanrının bu hikmətini heç cür anlaya bilmədi. Axı Kafiyə körpə ilə evə gələndə ona demişdi ki, bütün mal-qaranı qurban boyun olub. O da hazırlaşırdı ki, vəfalı həyat yoldaşının vədini yerinə yetirsin. Bəs bu nə idi?! Buna izah verən olmadı.

 

İş o yerə çatdı ki, Allahşükür üçün südü çox vaxt qohum-qonşudan almalı olurdular. Allahşükürə doğum haqqında şəhadətnamə götürməyin vaxtı gəlmişdi. Hümmət kişi cibinə bir şirinlik də qoyub kənd sovetinə yollandı. Kənd sovetinin sədri eşidəndə ki, Hümmət kişi oğluna Allahşükür adı qoyur, daş atıb başını tutdu. Çox çək-çevirdən sonra istədiyindən dönməyən Hümmət kişini belə razılığa gətirdilər ki, uşağın adını Allahşükür yox, Alaşükür yazdırsınlar. Elə belə də razılaşdılar. Amma qohum-əqrəba, dost-tanış, qonum-qonşu – hamı Hümmət kişinin  oğlunu Allahşükür deyə çağırırdı...

 

Yaşa dolduqca qeyri-adi yaddaşı, hazırcavablığı və dini söhbətlərə sonsuz marağı ilə seçilən Allahşükür ilk həyat dərsini ailəsində, ömürlərini Allaha ibadətlə keçirən, müqəddəs Qurani -Kərimin buyurduğu qayda-qanunla yaşayan atası Hümmət kişinin və anası Kafiyə xanımın halal ocağında alıb. Allahın adını da ilk dəfə bu halal ocaqda eşidib və o gündən Onun yaratdığı Kainatın sirrinə sahib olmaq üçün hər şeydən əvvəl Onu dərk etməyin vacib olduğunu anlayıb. Ateizmin təbliğ olunduğu sovet məktəbində təhsil almasına baxmayaraq, məclislərdə yaşlı nəslin nümayəndələrindən eşitdiyi İlahi söhbətlər və fikirlər onun Tanrıya sevgisini daha da artırıb. On iki yaşından heç bir təsir olmadan namaz qılıb, oruc tutmağa başlayıb.

 

Bəlkə elə bu səbəbdən olub ki, yeniyetmə Allahşükür məktəb yoldaşlarından, kənddəki həmyaşıdlarından fərqli olaraq, bəzən öz İlahi dünyasına çəkilib sakit həyat yaşamağı üstün tuturdu. Elə hallar da olurdu ki, o, haqsız, yalan danışan, öz aralarında dalaşarkən pis ifadələr işlədən yoldaşlarına bununla günah işlətdiklərini, Allaha xoş getməyən hərəkət etdiklərini bildirməsin. İslamın təbliğinin yasaq olunduğu cəmiyyətdə belə danışanların əksər hallarda məsxərəyə qoyulmasına baxmayaraq, Allahşükürün söylədikləri o qədər inandırıcı və səmimi olurdu ki, bir çoxlarının valideynlərinin  gizlin-aşkar hələ də dinlərinə sədaqətlə ibadət etdikləri kənd uşaqlarını çar-naçar ona inanmağa, fikirlərilə, qismən də olsa, razılaşmağa vadar edirdi. Söz-söhbət əndazəni keçəndə isə Allahşükürün sərt qınağına tuş gələnlər də az olmurdu. Elə buna görə də çox vaxt onun olduğu yerdə yoldaşları daha ehtiyatla danışmaq məcburiyyətində qalırdılar.

 

Bu, bəlkə də ondan irəli gəlirdi ki, sovet hakimiyyətinın repressiya qorxusu  Sovet Azərbaycanının bir çox bölgələri kimi cənub bölgəsinin sakinlərinin də nə Allaha sevgilərini unutdura bilmiş, nə də onların evdə Tanrıya ibadətləri, tutduqları orucların və qıldıqları namazların şahidləri olan yeniyetmə sakinlərinin beyinlərini ateizmin cəfəng dərsləri poza bilmişdi.

 

Allahşükür Paşazadə orta məktəb illərindən özünü nümunəvi şagird kimi göstərməyə başlayır. Yazıb-oxumağı öyrəndikdən dərhal sonra ərəb və fars əlifbasını öyrənməyə başlayır. İlk müəllimi kəndin mollası İzzət kişi olur. Bəzi dindar adamların sovet repressiyasının amansız cəngindən qurtardığı kitabları tapıb səylə oxumağa başlayır. İslam dininin dərinliklərinə baş vurduqca Allaha sevgi və məhəbbəti daha da artır.

 

Hümmət kişi oğlu Allahşükürün İslam dininə sevgi və dərin marağını görüb onu cənub bölgəsində yaxşı tanınan, çox hörmətli dindar Şeyx Qüdrətin yanına aparır. İranda dini təhsil alan bu məşhur ilahiyyatçı, dini elmlərlə yanaşı, dünyəvi elmləri də dərindən öyrənmişdi. Allahşükürün ilk sınaq dərsindən sonra Şeyx Qüdrət yeniyetmənin böyük gələcəkdən soraq verdiyini fəhmiylə duydu.

 

13-14 yaşlı Allahşükür artıq kənddə əsl din adamı kimi tanınmağa başlanmışdı. Elə dini məclis, elə ayin olmurdu ki, yeniyetmə Allahşükür orada iştirak etməsin. Bir gün atası Hümmət kişi onu da özünə yoldaş edib İmişliyə, Allahşükürün xalası ərinin yasına apardı. Yas yerində hörmətli və izzətli qonaqların içində o dövrdə Qafqaz Şeyxülislamının müavini olan axund Bülbül də var idi. Vəziyyət elə gətirdi ki, Hümmət oğlu Allahşükürü axund Bülbülə təqdim edib onu sorğu-suala çəkməyi xahiş etdi. Axund müdrik adam idi və yas məclisində buna yaxşı fürsət olduğunu görüb Allahşükürü suala tutdu. Dini məsələlərin sadəsindən başlayıb  bir qədər də dərinliklərə getdi. Gənc oğlan bir sualı belə cavabsız qoymadı. Axund Bülbül Allahşükürün müəlliminin kimliyini soruşdi. Şeyx Qüdrətin adını eşidəndə “Əhsən, sənə də, müəlliminə də”, deyib əlini Allahşükürün çiyninə qoydu. Sonra Hümmət kişiyə üzünü tutub dedi: “Təhsilini davam etdirsə, bu uşağın çox böyük gələcəyi olar. Din alimi olacağına çox böyük inamım var. Çünki istedadı ilə yanaşı, qəlbində həm də çox böyük Allah eşqi var.”

 

Bu hadisədən illər keçdi. Allahşükür orta təhsili ilə yanaşı, dini elmləri də ciddi şəkildə oxuyub öyrənməyə davam etdi. Amma ruhani təhsili almaq bir an belə qəlbindən çıxmadı. Hətta 1966-cı ildə orta təhsilini başa vurandan sonra ali məktəbə getməyib, sanki İlahi bir hadisənin olacağını gözləyirmiş kimi Cil kəndində əmək fəaliyyətinə başladı. Tanrıdan dualarını bir an belə əsirgəmədi.

 

Dostum, deputat həmkarım, Şeyxülislamın kiçik qardaşı Cavanşir Paşazadə həmin günləri xatırlayarkən deyir: “Orta məktəbdən sonra özünə çox qapanmışdı. İşdən gələr-gəlməz dini kitabları qarşısına qoyub, İlahi bir vurğunluqla oxuyardı. Kənd içində yaşıdları ilə əylənmək, vaxt keçirmək onun xarakterinə yad idi. Yaşca məndən böyük olduğu üçün ona heç nə deyə bilməsəm də, arzularının gerçəkləşməsi üçün dualarımı əsirgəmirdim.”

 

Tanrı onların, ilk növbədə isə, Kafiyə ananın dualarını yenə cavabsız qoymadı... 1968-ci ildə Buxarada dini təhsil almaq üçün Azərbaycandan bir qrup gənc istədilər. Bu gənclərin böyük bir qismi cənub bölgəsindən seçildi. Gənc Allahşükürün adı bu siyahıda  birincilər sırasında idi. Beləliklə, arzusuna qovuşan Allahşükür Paşazadə 1968-ci ildə Buxarada “Mir-Ərəb” mədrəsəsində təhsil almağa başladı. O qədər böyük həvəslə dini elmləri öyrənməyə başladı ki, birinci kursu bitirən kimi onu birbaşa üçüncü kursa keçirdilər.

 

Allahşükürün istedadı, dinə və dünyəvi elmlərə sonsuz marağı onun yüksək din xadimi kimi yetişməsində müstəsna rol oynadı. O, ilk gündən İslamın xurafat, fanatizm deyil, mütərəqqi bir din olduğunu, elmin inkişafına böyük dəyər verdiyini bildiyi üçün onu məhz bu yöndə təbliğ edir və İslam hümmətinin bundan faydalanmağını istəyirdi. Dini baxışlarında üzə çıxan qeyri-adi istedadı onun xütbələrini və moizələrini daha parlaq və obrazlı edirdi. Mülahizələrinin dini həqiqətlərlə dərin təhlili anlaşıqlı və aydın ifadə edildiyindən daha asan qavranılırdı.

 

İslam tarixini  və müqəddəs Quranı dərindən bilməsi  ilə Allahşükür Paşazadə  bir çox mübahisəli məsələlərin şərhində istedadını ortaya qoymağı bacarır və diskussiyalarda soyuq məntiqi ilə üstün mövqe qazanmağa müyəssər olurdu. Bu, bir tərəfdən onun istedadının göstəricisi idisə, digər tərəfdən onun yüksək təhsil almasından irəli gəlirdi. Şeyxülislam 1970-ci ildə Buxarada “Mir-Ərəb” mədrəsəsində təhsilini başa vurduqdan sonra 1971-ci ildə İmam əl-Buxari adına Daşkənd İslam Universitetinin ilahiyyat fakültəsinə daxil olur. 1975-ci ildə İslam Universitetini fərqlənmə diplomu ilə bitirən Allahşükür Paşazadəyə elə həmin il Həcc ziyarətinə getmək nəsib olur. Ziyarətdən qayıtdıqdan sonra Qafqaz Müsəlmanları İdarəsində məsul katib vəzifəsində çalışmağa başlayır. Amma bir gün də olsun, ilahiyyat elminin dərin tədqiqini unutmur və yorulmadan öz üzərində işləyir. Onun bu çalışqanlığı diqqətdən yayınmır və 1978-ci ildə Hacı Allahşükür Paşazadə Təzəpir məscidinin axundu və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini vəzifəsinə seçilir...

 

Adama elə gəlir ki, insan haqqında hər şey deyilib və sən nə əlavə edə bilərsən ki?! Məsələn, deyirlər ki, insan evalyusiyanın zirvəsidir. Bəs şəxsiyyət?! Bu nümunədə, əlbəttə, Şeyxülislamın bir insan kimi şəxsiyyətindən söhbət açmaq istərdim.

 

İnsan, həqiqətən, unikal varlıqdır. Bu unikallıq ondadır ki, o, daim inkişaf edə, təkmilləşə bilir. Mənə elə gəlir ki, Şeyx həzrətləri bütün ömrü boyu belə olub. Daim oxuyub, öyrənib, tədqiq edib və təkmilləşib, kamilləşib. Bütün bunlarla yanaşı, həm də alicənablığı, əxlaqı, səmimiyyəti, mənəviyyatı ilə cəmiyyətin diqqətini çəkib. Təhsilindən, öyrəndiyi İslami dəyərlərdən aldığı bu keyfiyyətləri sovet dönəmində belə, Azərbaycanın böyük din xadimlərinin, ilahiyyatçıların nəzərini çəkib və onun şəxsiyyətinə hörmət olunub. Belə olmasa, hələ o zaman Azərbaycanın rəhbəri olmuş Heydər Əliyev kimi bir düha bu gənc ilahiyyatçı insana diqqət yetirməzdi. Çünki Heydər Əliyev bütün başqa istedadları ilə yanaşı, həm də insan sərrafı idi. Milyonların içində istedadını da, istedadsızı da seçə, qiymətləndirə bilirdi.

 

Mən əminəm ki, Allahşükür Paşazadənin 1980-ci il sentyabrın 10-da Qafqaz Müsəlmanları İdarəsinə sədr, Azərbaycanın onikinci şeyxülislamı seçilməsində Heydər Əliyevin də sözü, rəyi az rol oynamayıb.

 

 Deyimlər var ki, onlar insan mahiyyətini açan teoremlər kimidir. Məsələn: “Nə qədər ki, insan ağrı hiss edir, o, yaşayır. Nə qədər ki, insan başqasının ağrısını hiss edir, o, insandır.”  Şeyxülislam Allahşükür Paşazadə təkcə ayrı-ayrı insanların yox, bütün Azərbaycanın ağrısını da, sevincini də yaşamış və bu gün də yaşayan bir insandır. Bir anlıq 1990-cı ilin  qanlı 20 Yanvar tarixini və Şeyxülislamın SSRİ kimi nəhəng bir imperiyanın baş cəlladına ünvanladığı qəzəb dolu bəyanatını,  xatırlayın.

 

Xalqın qana bələndiyi həmin günlərdə Şeyxülislam, əslində, Azərbaycanın istiqlal mücadiləsinə qalxdı və həyatını təhlükəyə ataraq millətimizin önünə keçdi, onu başsız qalmağa, sınmağa qoymadı. Hər sözü od püskürən müraciətində Mixail Qorbaçovu Azərbaycan xalqının qatili adlandırdı, “sizin əlləriniz Azərbaycan xalqının qanına batıb” deməkdən çəkinmədi və bunu bütün dünyaya bəyan etdi. Məhz bununla eyni məqamda Moskvada daha böyük bir Azərbaycan oğlunun, ulu öndərimiz Heydər Əliyevin Sovet imperiyasını lərzəyə gətirən bəyanatı səsləndi.

 

Burada hörmətli Şeyximizin həmin günlərdə SSRİ-nin müdafiə naziri D.Yazovla görüşündə cəsarətli sözlərilə onu necə əzdiyini göstərmək çox yerinə düşərdi. Kresloya yayxınıb oturan Yazov Şeyxdən dəfn zamanı qarşıdurma olmayacağına kimin zəmanət verəcəyini soruşur. Şeyx həzrətləri “Mən xalqıma müraciət edərəm, xalqım məni eşidər”, – deyə cavab verir. Yazov: “Doğrudanmı, xalqınızın sizi eşidəcəyinə inanırsınız?” deyə təkrar sual edir. Şeyx sanki onu məsxərəyə qoyduğunu duyub sərt tonda deyir: “Siz nazirsiniz, demək olar ki, marşalsınız, ona görə də başqa hərbçilərlə özünüzü istədiyiniz kimi apara bilərsiniz: onlara qışqırarsınız, təhqir edərsiniz, təbii ki, oturan yerdə onlara sual da verə bilərsiniz. Amma mən hərbçi deyiləm, bütün Qafqazın Şeyxülislamıyam, ona görə də hüququnuz yoxdur ki, mənim yanımda özünüzü istədiyiniz kimi aparasınız. Sizdən soruşuram: siz özünüzü patriarx Aleksin yanında belə aparardınız? Bilirəm, siz Allahsız adamsınız, amma bilmirdim ki, siz həm də tərbiyəsizsiniz...” Marşal Şeyx həzrətlərinin qarşısında sanki murdar əskiyə döndü və susdu...

 

Bütün bunları nə Vətən unutdu, nə də Vətənə sahib çıxan, onu qan-qadadan qurtaran və dirçəlişə, inkişafa, tərəqqiyə aparan liderlərimiz. Şeyxülislamın o zamankı xidmətinin bəlkə də ən mükəmməl qiymətini möhtərəm Prezidentimiz İlham Əliyev Şeyxülislamın 60 illik yubileyində belə verdi: “Şeyx həzrətləri otuz ildir ki, bu məsul vəzifədə Azərbaycan naminə çalışır, həm Sovet İttifaqı zamanında, həm də müstəqil Azərbaycanın quruculuğu dövründə. Əlbəttə, bu dövrlərin arasında çox böyük fərq vardır. Amma buna baxmayaraq, Şeyx həzrətləri hətta çox çətin ideoloji çərçivələr içində həmişə öz ədalətli sözünü demişdir. Ölkəmiz üçün ən çətin anlarda o, birinci sıralarda olmuşdur. Müstəqilliyimiz ərəfəsində Azərbaycanda yaşanan çox ağır hadisələr zamanı Şeyx həzrətlərinin müdrik sözü, onun vətəndaş mövqeyi Azərbaycanı daha böyük bəlalardan qurtara bilmişdir...”

 

Prezident Azərbaycanda din-dövlət münasibətlərindəkı sıx əməkdaşlığı yüksək dəyərləndirərək qeyd edir ki, bu münasibətlərin təməlində ulu öndər Heydər Əliyev dayanmışdır, Şeyx həzrətləri dayanmışdır. “Şeyx həzrətləri, eyni zamanda, Azərbaycan xalqının ümummilli lideri, mənim atam Heydər Əliyevlə də çox yaxın dostluq əlaqələri saxlamışdır. Bu səmimi dostluq münasibətləri Azərbaycanda dini məsələlərin düzgün istiqamətdə həlli üçün çox mühüm rol oynamışdır... Bu gün mənimlə hörmətli Şeyx həzrətləri arasında münasibətlər çox səmimidir, dostluq münasibətləridir. Biz bu dostluqdan çox məmnunuq...”

 

 Sədaqətli dost olmaq indiki dünyada o qədər də asan bir iş deyil. Amma Şeyx həzrətləri dostlarını qiymətləndirməyi, onları sevməyi bacarır. Onun dostu olduqca çoxdur, lap çox. Biri elə Azərbaycan xalqıdır. O biriləri təbii ki, şəxsi dostlarıdır. Şeyx onların hamısına sədaqətlidir. Bu sədaqəti bir çox dövlət rəhbərlərilə yanaşı, incəsənət adamları, istedadlı insanlar, alimlər, yazıçılar da yüksək qiymətləndirirlər. Səmimiyyəti ilə daha çox diqqətimi çəkən  Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, SSRİ-nin, Rusiyanın və Azərbaycanın Xalq rəssamı Tahir Salahovun sözlərini misal göstərmək istərdim: “Sizin hərəkətləriniz, Sizin dualarınız və Sizin həyatınızın özü insanlara qəlbən xidmət etməyin gözəl nümunəsidir.  Siz etibarlı dostsunuz, bizim sevgi və diqqətimizə layiqsiniz, həmişə dosta yardım əli uzatmağa, onların acılarını bölüşməyə hazırsınız. Sizin incəsənət və elm adamlarına dəyişməyən təmənnasız, səmimi və ehtiramlı qayğınızı dəyərləndirmək çətindir. Bu günə qədər mənim yubileyimdə  Sizin məni qucaqlayan və xeyir-dua verən əllərinizin hərarətini üzərimdə hiss edirəm.”  

 

... Dərin zəka sahibi olan, incə məqamları həssaslıqla dərk edən və qiymətləndirən, İslam aləmində qadının mütərəqqi roluna yüksək dəyər verən Şeyxülislam Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın simasında bunu çox parlaq şəkildə əsaslandıra bilmişdir. Elə bu yaxınlarda – Ramazan ayında iftar süfrəsində ən xırda məqamları belə nəzərdən qaçırmayan Şeyx həzrətləri “Bakı-2015” ilk Avropa Oyunları zamanı müşahidə etdiyi səhnəni çıxışında belə ifadə etdi: “Mehriban xanımı arenaya dəvət etdilər. O, tribunaya yaxınlaşaraq çıxışını “Qoy, Tanrı Azərbaycanı hər zaman qorusun!” sözləri ilə başladı. Budur, yüksək mənəviyyatın təntənəsi.” Azərbaycan sevgisindən doğan arzudur, deyilmi?! Bir ananın, əsl Azərbaycan xanımının qəlbinin dərinliyindən gələn Vətəninə olan bu arzusunu Şeyx həzrətləri diqqətdən qaçıra bilməzdi.

 

Yeri gəlmişkən, qismət elə gətirib ki, bu gün-avqustun 26-sı həm də Mehriban xanımın doğum günüdür və Şeyx həzrətləri bu sətirləri qələmə alan müəllifin 2012-ci ildə Mehriban xanım Əliyeva şəxsiyyəti haqqında nəşr etdirdiyi “Missiya” əsərinə yazdığı ön sözdə öz fikirlərini daha geniş şəkildə belə ifadə edir: “Müqəddəs dinimizin bizə bəxş etdiyi ən böyük dəyərlərdən biri   bəşərin qiymətli varlığı olan anaya və qadına verilən yüksək qiymətdir. Təsadüfi deyil ki, müqəddəs kitabımız Qurani-Şərifdə qadınların Allah nəzərində və bəşəriyyətdə mövqeyi barədə müqəddəs ayələr nazil olmuş, Peyğəmbərimiz Məhəmməd salavatullahın məşhur təbiri ilə “Cənnət anaların ayaqları altındadır” ifadəsi dinimizin qadına verdiyi önəmi təsdiqləmişdir. Həqiqətən, xalqımız üçün böyük fəxarətdir ki, belə kamillik zirvəsinə yetişən nadidə qadınlar arasında ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO kimi beynəlxalq təşkilatların xoşməramlı səfiri Mehriban xanım Əliyeva da vardır.

 

Hər bir millətin mədəniyyəti onun mənəvi həyatını təşkil edən dəyərlərin toplusudur. Din, elm, incəsənət, etnoqrafik adət-ənənələr cəmiyyətin mədəniyyət xəzinəsinin müstəsna parçalarıdır. Əgər biz tariximizə nəzər salsaq, milli-mənəvi dəyərlərimizi yaşadan, qoruyan və dünya mədəniyyətinin ayrılmaz parçasına çevirən şəxsiyyətlərimizin böyük fədakarlığının şahidi olarıq. Qeyd etməliyəm ki, Qafqazın müsəlman ümməti içərisində belə fəzilətlərə malik olan Azərbaycan xanımlarının xüsusi yeri və dəyəri vardır.

 

Mehriban Əliyevanın müasir dünyamıza bəxş etdiyi ən böyük dəyər onun Sara xatun, Tomris, Aləmşahbəyim, Natəvan, Nabat xanım kimi Azərbaycan tarixi və mədəniyyətinin görkəmli xanımlarının müstəsna keyfiyyətlərini özündə birləşdirməsi və yeni, daha mütəşəkkil şəkildə beynəlxalq miqyasda nümayiş etdirməsidir. Bu, dünyanı zərif çiyinlərində daşımaq qüdrətində olan bir xanımın azərbaycançılıq məfkurəsi uğrunda yorulmaz təbliğatı və dövlətçiliyimizin möhkəmlənməsi yolunda mübarizliyinin bariz nümunəsidir. Məhz bu məziyyətlər Mehriban xanım haqqında söz söyləmək istəyən hər bir şəxsin düşüncələrinin ana xətti ola bilər. Mehriban xanım Əliyevanın yerinə yetirdiyi ictimai, siyasi və mədəni missiya tarixi fenomendir və bir Şeyxülislam kimi mənim üçün çox önəmlidir ki, qloballaşan dünyamızda müsəlman qadını haqqında yanlış düşüncəni ortadan qaldıran, qadını İslami dəyərlərdəki ucalıq zirvəsinə yetirən qüvvə Allahın bir neməti olaraq bizim birinci xanımımızın xarakterində cəmləşmişdir. Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müqəddəs məkanların tikintisi və bərpası, müsəlman ziyarətgahları ilə yanaşı, xristian və yəhudu dini abidələrinin abadlaşdırılması sahəsində gördüyü işlər bir Azərbaycan xanımının dünyaya bəyan etdiyi yüksək tolerantlığın nümayişidir. Mehriban xanım bu gün dünyamızın xilası kimi görünən tolerantlığı, millətlər və dinlərarası dialoqu, multikulturalizm prinsiplərini daim diqqət mərkəzində saxlamaqla Azərbaycanın beynəlxalq nüfuzuna yenilməz zəfər qazandırır.

 

Böyük və nəcabətli ailə ocağının qızı, gəlini, xanımı və anası olan Mehriban xanım Əliyevanın timsalında biz Azərbaycanın bugününün və sabahının ucalığını təmin edən möhtərəm Prezidentimiz Zati-aliləri İlham Əliyevin fədakar yardımçısını görürük. Əslində, Mehriban xanım öz nümunəsi ilə ən böyük nailiyyətimiz olan  müstəqillik tariximizin yaradıcısı və qurucusu Heydər Əliyev ənənələrini qoruyan və inkişaf etdirən ictimai xadim zirvəsini xalqın könlündə fəth etmişdir.”

 

Filosoflar yazırlar ki, “insanlar özlərini təbiətin, Tanrının yaratdığı dünyanın bir hissəsi hesab edəndə, özlərinin bu dünyanın taleyinə məsuliyyət daşıdığını başa düşəndə o zaman şəxsiyyət olurlar”. Şeyxülislam  Tanrının yaratdığı bu dünyanın bir hissəsi, bu dünyaya məsuliyyət daşıyan bir insandır.  Böyük məsuliyyətdir, deyilmi?! Amma hələ cavan yaşlarından Allahşükür Paşazadənin bu məsuliyyəti dərk etməsi onun həyatının bütün məqamlarında özünü nümayiş etdirib. Və bu məsuliyyəti paylaşan Mehriban xanım Əliyeva kimi şəxsiyyətlər, təbii ki, onun nəzərində yüksək məqam sahibidirlər.

 

Allahşükür Paşazadə Şeyxülislam kimi deyil, bir insan kimi onun kamilliyi yolunda az da olsa xidməti, hətta məsləhəti olan insanları belə yaddan çıxarmır. Məqamı gəlmişkən qeyd edim ki, bir zamanlar Allahşükür Paşazadənin böyük din xadimi olacağını müdrikcəsinə söyləmş axund Bülbül sonralar Şeyx həzrətləri ilə də az bir müddətdə Qafqaz Müsəlmanları İdarəsində çalışır. Yaş öz hökmünü verəndə Şeyx həzrətləri çox böyük ehtiramla onu təqaüdə yola salır və ona ehtiram göstərməyi öz insanlıq borcu kimi verir.

 

Bütün bunlarla yanaşı, Şeyxülislam sovet imperiyası dağılandan sonra Azərbaycanda dinin elmi şəkildə inkişafına, xurafatdan, fanatizmdən uzaq olan dindarların yetişməsinə çox böyük əmək sərf etdi. O, dini maarifin, İslamın elmi şəkildə tədris olunmasını önə çəkərək Bakı İslam Universitetinin və Qafqaz Müsəlmanları İdarəsinin nəzdində görkəmli elm və din xadimlərindən ibarət Elmi-Dini Şuranın yaradılmasının təşəbbüskarı kimi çıxış etdi və buna nail oldu.

 

Allahşükür Paşazadə təkcə yüksək rütbəli din xadimi olaraq qalmadı. O, işinin və müxtəlif səfər və görüşlərinin çoxluğuna baxmayaraq, ilahiyyat elminin inkişafına da xüsusi töhfələr vermiş və verməkdədir. Onun ilahiyyat və tarixlə bağlı “Qafqazda islam”, “Quranın təfsiri və tərcümə tarixi” monoqrafiyaları, “Qurani-Kərimdə ilahi hökmləri və öyrənilməsi”, “İslamda şəhidlik”, “Milli münasibətlər və din”, “Qurani-Kərimdə insan təbiəti” və digər elmi əsərləri İslam dininin tədqiqi üzrə etibarlı mənbələrdir. Bu gün Şeyx həzrətlərinin çoxsaylı titul və adları sırasında tarix elmləri doktoru elmi dərəcəsi və professor adı ən qiymətlilərdən sayılır və onun həm də böyük elm adamı olduğunu sübut edir.

 

Görkəmli din adamlarından biri deyir ki, din xadimləri və ilahiyyatçı alimlər təkcə xalqla bir yerdə olmur, həm də onların önündə gedir və özlərinin əməlləri ilə müqəddəs kitablarımızda olanların izahını verirlər. Dünya tarixinin dərsləri göstərir ki, dindən məhrum olmuş heç bir ölkə, heç bir xalq özünün maddi yaşamını təmin edə bilməz. Bəşəriyyət artıq bir çox dinlərin və ideologiyaların birtərəfli olmasından kifayət qədər əziyyət çəkib. Ancaq bu tendensiyalara son qoyulmayıb. Bu gün onlar daha müxtəlif formalarda, qədim dövrlərin tükürpədən vəhşilikləri kimi təzahür edir. Çünki indi dünyada mənəviyyatın boşluğu daha dərindən hiss olunmağa başlanmışdır. Demokratiya pərdəsi altında xalqların min illərdən bəri qoruduğu, əziz tutduğu müqəddəs dəyərlərə amansız hücumlar baş verir, onlar təhqir olunurlar.

 

Möhtərəm Prezidentimiz bunu son çıxışlarının birində çox müfəssəl şərh edərək deyir: “Dinlərarası münasibətlərdə böhran yaşanır. İslamafobiya, ksenofobiya, antisemitizm meyilləri güclənir. Multikulturalizm dəyərləri haqqında hətta yüksək vəzifə sahibləri tərəfindən çox təhlükəli ifadələr səslənir ki, multikulturalizm iflasa uğrayıb, multikulturalizm işləmir və onun gələcəyi yoxdur. Gəlsinlər, Azərbaycana baxsınlar. Azərbaycanda multikulturalizm yaşayır, möhkəmlənir.”

 

Şeyx həzrətlərilə də dünyanın bu kimi mövzularından bəhs edərkən hər dəfə dərin fikrə dalır, təəssüf hissi yaşayırmış kimi yanıqlı bir ah çəkib deyir: “ Allah -təala dünyada hər şeyi - canlı olanı da, maddiyyatı da Adəm övladı üçün yaradıb. Amma insanın varlığı yüksək məqsədlərə xidmətə tabe edilib: Allahın iradəsinin həyata keçirilməsi naminə ədalətli qaydaların bərqərar olmasına. Bu insanların mənəvi və dünyəvi ehtiyaclarını təmin edir. Yalnız maddiyyatdan istifadəyə yönələn insanlar ruhi, mənəvi qidanı, qəlbi unudurlar. Aydın məsələdir ki, mənəvi boşluq, Allah sevgisi olmayan yerdə şeytani hisslər, təhlükəli ideyalar çox tez və asanlıqla onların yerini doldurur. Məhz dini və mənəvi kasadlıq bir çox ölkələrdə dözümsüzlüyün, islamafobiyanın və ksenofobiyanın artmasına şəait yaradır. Ən yüksək formada dözümsüzlük isə  bəşəriyyətin ən qorxulu düşməni olan terrorizmin yaranmasına səbəb olur. Ona görə də bu, təkcə dini liderlərin vəzifəsi deyil, həm də dövlətlərin vəzifəsidir, ümumbəşəri vəzifədir.”

 

Azərbaycan məhz bu baxımdan həm dövlət və dövlət başçısı, həm də başda Qafqaz Müsəlmanları İdarəsi olmaqla bütün dini konfessiyalar və onların rəhbərlərinin simasında bütün dünyaya nümunədir. Desəm ki, bu işdə Şeyxülislam Allahşükür Paşazadənin böyük xidmətləri var, heç də hər şeyi demiş olmuram. Çünki bunu daha yüksək tribunadan Prezidentimiz İlham Əliyev bir çox çıxışlarında qeyd edir: “Şeyx həzrətləri nəinki Azərbaycanda, Qafqazda, dünya miqyasında din xadimi kimi böyük rəğbətə malik olan bir şəxsiyyətdir.... Müxtəlif dövrlərdə müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə görüşlərimdə Şeyx həzrətlərinin fəaliyyətinə çox böyük diqqət və qiymət verilmişdir. Bu, əlbəttə ki, bizi sevindirir. Bu gün Qafqazda müsbətə doğru gedən proseslərdə Şeyx həzrətlərinin böyük rolu vardır. Əlbəttə ki, ulu öndər Heydər Əliyevin siyasi bacarığı, Şeyx həzrətlərinin din aləmində bacarığı, dünyagörüşü, müasirliyi bugünkü Azərbaycanın reallıqlarını 1990-cı illərin ortalarında mümkün etmişdir.”

 

Həyatının böyük bir hissəsini Allahın buyurduğu yolla gedən, insanlığa və bəşəriyyətə Tanrının sözü ilə xidmət edən  Şeyxülislam Allahşükür Paşazadə istər Azərbaycan dövlətinin, istərsə də bir çox xarici ölkələrin çox yüksək orden və medallarına layiq görülmüşdür ki, bu da onun təkcə İslam dünyasında deyil, beynəlxalq aləmdə böyük nüfuz sahibi olduğunu nümayiş etdirir. Onlardan sadəcə bir neçəsinin adını xatırlamaq istərdim: SSRİ-nin “Xalqlar dostluğu”, Azərbaycanın “Şöhrət”, “İstiqlal” və “Şərəf”, Rus Pravoslav Kilsəsinin I dərəcəli “Müqəddəs Vladimir” və I dərəcəli “Sergi Radonejski”, Rusiya Federasiyasının “Dostluq”, Vatikan dövlətinin “Müqəddəs Qreqori”, Misirin  I dərəcəli “Əl Elm və Əməl”, İordaniya Krallığının I dərəcəli “Kral Hüseyn”, Çeçenistan Respublikasının “Millət qəhrəmanı” və “Çeçen qəhrəmanı” və sair orden və medalları ilə təltif olunmuşdur...

 

... Böyük din xadimi, Şeyxülislam Allahşükür Paşazadənin bütün həyatını bu kiçik bir yazıda açıb göstərmək çox çətin bir məsələdir. Əslində, biz qarşımıza belə bir məqsəd də qoymamışdıq. Sadəcə, çalışdıq ki, hörmətli Şeyxülislamın ömrünün bəzi məqamlarına işıq salıb onun Allahın iradəsilə bugünkü məqama  necə yetişdiyini göstərək. Əzəmətli dağın ətəyində durub zirvəsini aydın görmək mümkün deyil. Zaman ötəcək, vaxt gələcək, həyatın kəşməkeşli yolları ilə mənəvi və dini kamillik zirvəsinə qalxan, hər bir hərəkətilə nümunə göstərən Şeyxülislam Hacı Allahşükür Paşazadənin ömür yolunu, elmi irsini təkcə onun indiki müasirləri deyil, gələcək nəsillər də dərindən öyrənəcək və qiymət verəcəklər.

 

Allah ona sidq-ürəkdən xidmət edənləri həmişə qiymətləndirir və mərhəmətini onlardan əsirgəmir. Şeyx həzrətləri bunu bütün həyatı boyu görüb, hiss edib və yaşayıb. Qoy bundan sonrakı illərdə də Tanrı ona əməli fəaliyyətində yar olsun!

 

Hüseynbala MİRƏLƏMOV,

Milli Məclisin deputatı

Xalq qəzeti.-2015.-26 avqust.-S.5.