“Mən gedirəm, ağlama... Rəşid Behbudovun sənəti və şəxsiyyəti" miniatür kitabı çapdan çıxıb

 

İndiqo” mətbəəsində nəfis şəkildə çapdan çıxmış növbəti miniatür kitab Azərbaycanın estradaopera müğənnisi, SSRİ Xalq artisti Rəşid Behbudova həsr olunub.

 

AZƏRTAC xəbər verir ki, Xalq yazıçısı Elçinin müəllifi olduğu kitab “Mən gedirəm, ağlama... Rəşid Behbudovun sənəti və şəxsiyyəti”   adlanır.

 

Prezident İlham Əliyevin dünya şöhrətli müğənni Rəşid Behbudovun 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığı müvafiq sərəncama uyğun olaraq, ölkəmizin bütün bölgələrində silsilə tədbirlərin keçirildiyi bu günlərdə belə bir kitabın işıq üzü görməsi olduqca təqdirəlayiq haldır.

 

Mədəniyyət və Turizm Nazirliyinin Miniatür Kitab Muzeyi ilə birgə nəşr etdirdiyi kitab yüz nüsxə tirajla çap olunub. Ölçüsü 38x45 mm olan bu kitab 136 səhifədən ibarətdir. Miniatür kitabda 46 rəngli fotoşəkil yer alıb. Xüsusi zövqlə hazırlanmış kitabın forzasında Azərbaycanın xəritəsi əks olunub.

 

Kitabda Xalq yazıçısı Elçinin dünya şöhrətli ifaçı Rəşid Behbudov haqqında xatirələri, onunla söhbətləri, eləcə də ifaçının bənzərsiz sənət dünyası ilə bağlı düşüncələri, fikirləri yer alıb.

 

Bu miniatür kitab hər bir oxucuya bir daha Rəşid Behbudov sənətinin və şəxsiyyətinin böyüklüyü haqqında çox dəyərli məlumatlar verəcək.

 

Xalq qəzeti.-2015.-26 avqust.-S.6.