NAXÇIVAN: inkişafın yeni mərhələsi

 

Ulu öndər bəyan edirdi ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin. Naxçıvanın uğurlu inkişafı Azərbaycanın uğurlu inkişafı deməkdir. Bizim müstəqilliyimizin möhkəmləndirilməsi deməkdir. Burada gedən işlər məni çox sevindirir. Mən əminəm ki, bu gözəl ənənələr gələcək illərdə də davam etdiriləcək və Naxçıvan Muxtar Respublikası həm iqtisadi inkişaf sürətinə görə, həm də infrastruktur layihələrinin səviyyəsinə görə nəinki regionda, hətta dünya miqyasında qabaqcıl yerlərdə olacaqdır.

 

Hazırda MR davamlı sosial-iqtisadi yüksəliş və ictimai həyatdakı nailiyyətləri fonunda keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu davamlı innovativ  inkişaf ulu öndərin siyasi varisi Azərbaycan Prezidenti cənab  İlham Əliyevin muxtar respublikaya xüsusi diqqətinin sayəsindədir. MR-da operativ reallaşdırılan siyasi, iqtisadi istahatlar dəqiq, operativ icra olunan layihələr hesabına dinamik inkişaf qorunmuş, məqsədyönlü fəaliyyət nəticəsində, ilk növbədə muxtar respublikamızın hərtərəfli tərəqqisində mühüm amil olan ictimai-siyasi sabitlik qorunub saxlanılmışdır. Ötən dövr ərzində bütün iqtisadi fəaliyyət sahələrində sürətli inkişafa rəvac verən səmərəli iqtisadi siyasət tarazlı və davamlı inkişaf üçün başlıca amil olmuş, şəhər və rayonlarda canlanma yaranmış, iş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühiti formalaşdırılmış, yeni təsərrüfat subyektləri yaradılmış və işsizliyin səviyyəsi xeyli dərəcədə azalmışdır.

 

Muxtar respublikamızın paytaxtında olduğu kimi, rayonlarda, ən ucqar kəndlərdə belə nəqliyyat-kommunikasiya sisteminin bərpası, elektrik enerjisi, rabitə, qaz, su təminatı kimi sosial məsələlərin həlli, müasir informasiya texnologiyalarının tətbiqi mədəni-intellektual yüksəlişə əsaslı zəmin yaratmışdır. Mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsinə, ixracyönümlü məhsul istehsalının stimullaşdırılmasına, yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin rifahının daha da yaxşılaşdırılmasına, məşğulluq səviyyəsinin, xüsusilə gənclərin faydalı əmək məşğulluğunun artırılmasına və ümumilikdə muxtar respublika iqtisadiyyatının dinamik inkişafına nail olunmuşdur.

 

Son illərdə həyata keçirilən iqtisadi və sosial təmayüllü islahatlar qısa tarixi dövr ərzində makroiqtisadi sabitliyin bərqərar olunmasını təmin etmiş, iqtisadiyyatın dinamik inkişafına təkan vermiş və əhalinin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olmuşdur. Geniş ictimai rəydə “Naxçıvan möcüzəsi” adlandırılan iqtisadi inkişafın Naxçıvan modeli haqqında Ali Məclisinin sədri Vasif Talıbov belə xarakteristika verib: “Yol düzgün seçiləndə, milli maraqlara və dövlətçiliyə sədaqət olanda, adamların qayğısı və ehtiyacları hədəfə alınanda istənilən möcüzəni yaratmaq olar”.

 

Müqayisələr və nəticələr, ötən 20 il ərzində əldə olunmuş uğurlar və nailiyyətlər dəqiq düşünülmüş icra intizamının və Heydər Əliyev yoluna sədaqətin nəyə qadir olduğunun daha bir göstəricisinə çevrilmiş, muxtar respublikamızda iqtisadi və sosial sahədə makroiqtisadi göstəricilər hər il yüksələn xətlə davam etmişdir. Bütün makroiqtisadi göstəricilərin pozitiv meyilli yüksəlişi təmin olunmuş, hazırda ümumi daxili məhsulun həcmi 1995-ci ilə nisbətən 38 dəfə, hər nəfərə düşən ümumi daxili məhsulun həcmi 31 dəfə, sənaye məhsulunun həcmi 69 dəfə, əsas kapitala yönəldilən investisiyalar 261 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 7 dəfə, nəqliyyat sektorunda yük daşınması 18 dəfə, informasiya və rabitə xidmətlərinin həcmi 90 dəfə, pərakəndə əmtəə dövriyyəsi 20 dəfə, əhaliyə göstərilən pullu xidmətlər 30 dəfə, ixracın həcmi 142 dəfə, dövlət büdcəsinin gəlirləri 26 dəfə, əhalinin gəlirləri 44 dəfə, hər bir nəfərə düşən gəlirlər 35 dəfə, orta aylıq əməkhaqqı isə 21 dəfə artmışdır. Bir sıra əsas göstəricilər baxımından son 20 il ərzində yaradılmış iqtisadi potensial və qazanılmış uğurlar muxtar respublikamızın yarandığı 1924-cü ildən 1995-ci ilədək - yəni 71 illik zaman məsafəsində əldə olunanları xeyli üstələyir. Mühüm bir fakt ondan ibarətdir ki, 1924-1995-ci illər ərzində muxtar respublikada fəaliyyət göstərən sənaye müəssisələrinin maksimum sayı 56-ya bərabər olmuş, ötən 20 il ərzində isə sənaye sahəsində reallaşdırılan islahatların uğurlu nəticəsi kimi əlavə olaraq 373 yeni müəssisə işə başlamış və hazırda bu göstərici 429-a çatmışdır. Analoji qaydada sənaye məhsullarının sayı üzrə də müsbət meyillər özünü göstərməkdədir. Əgər 1924-1995-ci illərdə muxtar respublikada istehsal olunan sənaye məhsullarının sayı üzrə maksimum göstərici 28-ə bərabər idisə, ötən 20 il ərzində əlavə olaraq 215 yeni sənaye məhsulunun istehsalına başlanılmış və bu göstərici ümumilikdə 243-ə çatmışdır.

 

Nəqliyyat kompleksinin müasirləşdirilməsi çərçivəsində avtomobil yollarının inşası üzrə dinamika inkişaf səviyyəsini səciyyələndirən mühüm göstəricilərdəndir. Ötən 20 il ərzində muxtar respublikanın inzibati ərazisində 3221 kilometr uzunluğunda yeni avtomobil yolları inşa olunmuşdur ki, bu da 1924-1995-ci illər ərzində salınmış avtomobil yollarını 2,4 dəfə üstələyir. Son illər üzrə iqtisadi inkişafın xarakterik xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, iqtisadiyyata investisiya qoyuluşlarının davamlılığı və proporsional bölgüsü təmin olunmuşdur. Keçmiş Sovetlər Birliyinin yüksək inkişaf mərhələlərindən hesab olunan 1989-cu ildə muxtar respublikada tikinti sektorunda 1 ay ərzində istifadə olunan 2535 ton beton qarışığı hazırda 1 gün ərzində inşaat işlərinə sərf olunmaqdadır.

 

Təhsilə göstərilən yüksək qayğı hazırkı dövlət siyasətinin başlıca məqsədidir. Bu qayğını aydın ifadə etməyə imkan verən mühüm bir göstərici ondan ibarətdir ki, ötən 20 il ərzində muxtar respublikada 178 yeni məktəb tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Sovetlər Birliyi dövründə isə bu sayda məktəbi inşa etmək üçün 43 il vaxt sərf olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri V.Talıbov öz çıxışlarında dəfələrlə vurğulamışdır: dövlətimizin ən qiymətli incisi onun vətəndaşlarıdır. Məhz bu prinsip üstün tutulmaqla əhalinin sağlamlığının qorunması, tibbi profilaktika işinin genişləndirilməsi, tibbi xidmətlərin keyfiyyətinin artırılması, müasir tibbi avadanlıqlarla təchiz olunmuş səhiyyə ocaqlarının inşası səhiyyə sahəsində reallaşdırılan mühüm islahatlardandır. Təkcə son illər ərzində muxtar respublikada 185 səhiyyə ocağı tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir ki, bu sayda tikilini təhvil vermək üçün keçmiş Sovetlər Birliyi vaxtında 50 ilə yaxın vaxt lazım gəlmişdir.

 

 2014-cü  ilin sonunda muxtar respublikanın tarixində ilk dəfə olaraq ümumi daxili məhsul istehsalının həcmi 2 milyard Amerika Birləşmiş Ştatları dolları səviyyəsinə çatmış və rekord göstərici təmin olunmuşdur. İqtisadi islahatların effektiv nəticəsidir ki, hazırda Naxçıvan Muxtar Respublikası iqtisadi fəallıq üzrə öz statusunu aqrar bölgədən sənaye regionuna dəyişmişdir. Artıq il ərzində istehsal olunan sənaye məhsulunun həcmi kənd təsərrüfatı məhsulunun həcmini orta hesabla 2 dəfədən çox üstələyir ki, bu da ümumilikdə inzibati ərazidə sənaye potensialının aparıcı mövqe qazandığını sübut etməkdədir. Hazırda istehsal olunan ümumi daxili məhsulun sahə strukturunda ilk yeri sənaye sahəsi, ikinci yeri isə tikinti sektoru tutmaqdadır. Son 20 il ərzində 373 yeni sənaye müəssisəsi işə başlayıb. Bu gün sənaye muxtar respublika iqtisadiyyatının lokomotivi rolunu oynamaqdadır.

 

Ötən illər ərzində muxtar respublikanın sənayesində həyata keçirilən islahatların başlıca məqsədi mövcud sənaye müəssisələrinin fəaliyyətinin bərpası və yenidən qurulmasından, yeni müəssisələrin yaradılmasından, sənaye məhsullarının istehsalının təşkilindən, təbii sərvətlərin və əmək resurslarının səfərbər edilməsi tədbirlərini həyata keçirməklə sənayenin dayanıqlı və davamlı inkişafını təmin etməkdən ibarət olmuşdur. Bu dövr ərzində kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin yaradılmasına və bu əsasda da ixrac potensialının artırılmasına xüsusi diqqət yetirilmişdir. Sənayenin əsas sahələrindən biri elektroenergetikadır. Muxtar respublikada elektrik enerjisi təminatının yaxşılaşdırılması məqsədilə ötən dövr ərzində ümumi gücü 87 mVt olan Naxçıvan modul elektrik stansiyası, ümumi gücü 22 mVt olan Biləv su elektrik stansiyası, Heydər Əliyev Su Anbarı üzərində 4,5 mVt gücündə su elektrik stansiyası tikilmiş, ümumi gücü 60 mVt olan Naxçıvan qaz-turbin elektrik stansiyası isə yenidən qurulmuşdur. Hazırda Şərur rayonunda Arpaçay və Ordubad rayonunda Ordubad su elektrik stansiyalarının tikintisi davam etdirilir. Bu gün muxtar respublikamız elektrik enerjisi idxal olunan regiondan elektrik enerjisi ixrac edən diyara çevrilmişdir. Uzunmüddətli fasilədən sonra muxtar respublikada istehlakçıların, xüsusilə əhali təsərrüfatlarının təbii qazla təminatı həyata keçirilir. Artıq əhalinin və təsərrüfat subyektlərinin qazla təchizatı prosesi başa çatdırılmış, bütün mənzillərə dövlət hesabına mətbəx sobaları və qaz sayğacları quraşdırılmışdır.

 

Muxtar respublikanın şəhər və rayonlarında mövcud olan iqtisadi potensialdan tam və səmərəli istifadə olunması, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və iqtisadiyyatın tarazlı inkişafının təmin edilməsi infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin, təhsil, səhiyyə, idman-sağlamlıq, mədəniyyət obyektlərinin istifadəyə verilməsinə səbəb olmuşdur. Təkcə onu demək kifayətdir ki, son illər 9683 obyekt inşa olunaraq istifadəyə verilmişdir.  1995-ci ildən 2015-ci ilin sonunadək  olan dövr ərzində muxtar respublikada 428 inzibati bina, mənzil-kommunal təsərrüfatı sahəsində 632 obyekt, 158 nasos stansiyası, 368 subartezian quyusu, 126 körpü, rabitə və informasiya texnologiyaları sahəsində 268 obyekt və qurğu, 2220 müxtəlif güclü transformator yarımstansiyası, 57 xidmət və ticarət mərkəzləri, 244 elm və təhsil müəssisəsi, 297 mədəniyyət müəssisəsi, 185 səhiyyə müəssisəsi, 34 idman obyekti, 375 halda su, kanalizasiya və drenaj xətləri, əlil, məcburi köçkün, qaçqın, şəhid ailələri, təbii fəlakətdən zərər çəkənlər və digər bu kimi kateqoriyalardan olan şəxslər üçün 460 fərdi ev, 3448 istehsal, xidmət və digər infrastruktur obyektləri istifadəyə verilmişdir. Əhalinin maddi rifah halının yaxşılaşması fərdi yaşayış evlərinin tikintisi üzrə müsbət meyilli dinamikanı daha da gücləndirmişdir. Əhalinin rahatlığına və yaşayış səviyyəsinin yüksəlməsinə xidmət edən kommunal-məişət sistemlərinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin tərkib hissəsi kimi içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması muxtar respublikamızda irriqasiya sahəsində görülən əsas işlərdəndir.

 

Ötən dövr ərzində muxtar respublikada mövcud olan içməli su xətləri bərpa olunmuş, yeni içməli su xətləri çəkilmişdir. Son illər bu istiqamətdə görülən tədbirlər xüsusilə diqqəti cəlb edir. Azərbaycan hökuməti ilə Asiya İnkişaf Bankı arasında bağlanmış kredit sazişinə uyğun olaraq “Şəhər su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Naxçıvan şəhərinə su çəkilişinə başlanmışdır. Layihə başa çatdıqdan sonra Naxçıvan şəhərinin əhalisi keyfiyyətli içməli su ilə fasiləsiz təmin olunacaqdır. Son illər ərzində muxtar respublikanın etibarlı müdafiə təminatı ilə bağlı ardıcıl olaraq sistemli tədbirlər müəyyənləşdirilib həyata keçirilmiş, 160 obyekt, o cümlədən 15 qərargah binası, hərbi komissarlıq, hərbi prokurorluq orqanları üçün inzibati bina və hərbi hissələrin böyük mərkəzləri üçün 13 bina, 27 zabit və əsgər yataqxanası, 20 yeməkxana, 19 yaşayış binası, 4 tədris binası, 1 orta məktəb, 2 uşaq bağçası, 4 xəstəxana, 6 tibb məntəqəsi, klub və 46 müxtəlif təyinatlı obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir.

 

Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tutan, müasir cəmiyyət, demokratiya quruculuğunda milli-mənəvi dəyərlərin təbliği, gənc nəslin vətənpərvərlik, eləcə də silahlı qüvvələrin şəxsi heyətinin döyüş və mənəvi psixoloji hazırlığının yüksəlişi yönümündə Naxçıvan hərbi qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayevin böyük xidmətləri var.

 

 Əsgər və zabitlər Ali Məclis sədrinin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuşlar. Hərbçilərin isti yemək və paltarla təminatı, yataq və istirahət guşəsi, gözoxşayan digər mənzərələr insanda xoş ovqat yaradır.

 

Naxçıvan Muxtar Respublikasında əhalinin zəruri ərzaq məhsulları ilə təmin edilməsi məqsədilə aqrar bölmədə ötən illər ərzində aparılan köklü islahatlar bu sahənin daha da sürətli inkişafına əlverişli zəmin yaratmışdır. Kənd təsərrüfatında yüksək məhsuldarlığa nail olmaq və istehsalın rəqabət qabiliyyətliyini artırmaq məqsədilə toxum, yanacaq və sürtkü materialları, mineral gübrə və damazlıq mal-qara alışına subsidiyalar verilməkdədir. Muxtar respublikada ərzaq məhsulları istehsalını artırmaq, əhalini təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək, sahibkarlıq mühitini yaxşılaşdırmaq məqsədi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2008-ci il 17 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasında yeni istiqamətləri müəyyənləşdirmişdir. Yeni emal müəssisələrinin yaradılması, məhsul istehsalçılarına dövlət maliyyə yardımının göstərilməsi, güzəştli şərtlərlə gübrə satışının təşkili, satış yarmarkalarının keçirilməsi kənd təsərrüfatı sahəsində məhsul istehsalının həcminin ilbəil artmasına səbəb olmuşdur. Artıq muxtar respublikada əkinə yararlı torpaq sahələri tam şəkildə əkin dövriyyəsinə cəlb edilmişdir.

 

Taxıl əkini və məhsul istehsalının dinamikası, əkin sahələrinin artması, məhsul istehsalının davamlı yüksəlişi taxılçılığın inkişafı prosesində mühüm mərhələ sayılan anbarların yaradılması işi inkişafı xeyli intensivləşdirmişdir. 2009-cu ildə tutumu 18 min ton taxılı uzunmüddətə, tutumu 20 min ton taxılı qısamüddətə saxlamağa imkan verən taxıl ehtiyatı anbarının istifadəyə verilməsi muxtar respublikada bu sahədəki problemlərin aradan qaldırılmasında mühüm əhəmiyyətə malikdir.

 

İran və Türkiyə ərazilərindən keçməklə fiber-optik kabelin çəkilişi, “Naxtel” simsiz telefon xidmətinin və Yeni Nəsil Telekommunikasiya şəbəkəsinin istifadəyə verilməsi, “Kanal-135” televiziyasının və “Naxçıvanın səsi” radiosunun fəaliyyətə başlaması, Naxçıvan MR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin maddi-texniki bazasının gücləndirilməsi və efir vaxtının artırılması, Naxçıvan Dövlət Universitetində universitet televiziyasının, “Nuhçıxan” radiosu üçün yeni studiyaların yaradılması, Naxçıvan Muxtar Respublikası internet və kompüter təlim-tədris mərkəzlərinin və rayon filiallarının səmərəli fəaliyyətinin təşkili, iqtisadiyyatın bütün sahələrində informasiya—kommunikasiya texnologiyalarının tətbiqinin uğurla davam etdirilməsi, bu sahə ilə əlaqədar çoxsaylı beynəlxalq simpoziumların və konfransların keçirilməsi burada informasiya və kommunikasiya texnologiyalarının ictimai həyatımıza sürətli inteqrasiyasını təmin etmişdir.

 

Muxtar respublikada informasiya-kommunikasiya texnologiyalarının tətbiq olunduğu mühüm fəaliyyət istiqamətlərindən biri də təhsil sahəsidir. Muxtar respublikanın ümumtəhsil məktəblərində 15 dekabr 2011-ci il tarixdə 2896 dəst kompüter quraşdırılmış və beləliklə hər 17 şagird bir kompüter dəsti ilə təmin olunmuşdur. Hazırda ümumtəhsil məktəblərində istifadə olunan 2896 dəst kompüterin 2365-i və ya 81,7 faizi internetə qoşulmuşdur.

 

Son 20 ildə sahibkarlıq subyektlərinə 150 milyon manata yaxın kredit verilmişdir. Özəl sektora dövlət dəstəyinin gücləndirilməsi nəticəsində ciddi nailiyyətlər əldə edilmiş, fəaliyyət istiqamətləri və güzəştli kreditlərə çıxış imkanları genişlənmişdir. Ötən dövr ərzində muxtar respublikada sahibkarlara verilmiş kreditlərin həcmi 1995-ci illə müqayisədə 179 dəfə artırılmışdır.

 

Daxili bazarın qorunmasında, xaricə valyuta axınının qarşısının alınmasında, idxaldan asılılığın azaldılmasında, əhalinin tələbatının daha dolğun ödənilməsində yerli istehsalın rolu əhəmiyyətli dərəcədə artırılmışdır. Həyata keçirilmiş tədbirlər nəticəsində bu gün 113 növdə, 331 çeşiddə ərzaq, 195 növdə, 479 çeşiddə qeyri-ərzaq olmaqla, cəmi 308 növdə, 810 çeşiddə məhsul istehsal olunur. İstehsal olunan 93 növdə ərzaq, 166 növdə qeyri-ərzaq olmaqla, cəmi 259 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Özəl sektorun inkişafı üçün yaradılmış münbit şəraitin nəticəsində muxtar respublikada ümumi daxili məhsul istehsalında özəl bölmənin payı 86 faiz təşkil etmişdir. Özəl sektor inkişaf etdikcə, ümumi daxili məhsulda bu sektorun xüsusi çəkisi artdıqca və sahibkarlıq fəaliyyəti genişləndikcə məşğulluq problemi də öz həllini tapır. Son 20 il və 1995-ci ildən bu günədək muxtar respublika üzrə 68477 yeni iş yeri yaradılmışdır. Yeni iş yerlərinin 22513-ü ya 32,9 faizi dövlət sektorunda, 45964-ü və ya 67,1 faizi qeyri-dövlət sektorunda yaradılmışdır. Yeni yaradılmış iş yerlərinin 42431-i və ya 62 faizi daimi iş yeridir.

 

Muxtar Respublikada əhali dövlətin daimi qayğısı ilə əhatə olunmuşdur. Ali Məclis sədrinin 2006-cı il 30 may tarixli sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” bu diqqət və qayğının daha bir ifadəsidir. Dövlət Proqramının qəbulundan ötən dövr ərzində ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində uğurlu nəticələr əldə edilmiş, tənha hərəkət qabiliyyəti məhdudlaşmış ahıllara evdə xidmət işinin keyfiyyəti xeyli yüksəldilmiş, onlara göstərilən sosial xidmət daha da təkmilləşdirilmiş, ahılların sağlamlığı səmərəli qorunmuş, onların muxtar respublikanın sosial-iqtisadi və mədəni həyatında fəal iştirakı təmin edilmişdir.

 

Son illər muxtar respublikamızda əhali sağlamlığının və rifahının davamlı yüksəlişi, tibbi xidmətlərin keyfiyyətinin və əhatəliliyinin artırılması öz növbəsində 1 yaşa qədər ölən uşaqların sayı üzrə göstəricisini kəskin şəkildə aşağı salmışdır. Belə ki, hər 1000 nəfər doğulan 1 yaşa qədər ölən uşaqların sayı 1995-ci ildə 20,6 nəfər olmuşdursa, 2011-ci ilin yanvar-noyabrdan başlayaraq aşağı düşərək bu göstərici sıfıra yaxınlaşmışdır.

 

Ötən 20 ilin ümumiləşdirilmiş xarakteristikası ondan ibarətdir ki, Naxçıvan Muxtar Respublikasında bütün sahələr üzrə əsaslı nailiyyətlər qazanılmış, hərtərəfli yüksəliş təmin olunmuşdur. Düzgün təməl üzərində müəyyənləşən bu inkişaf meyilləri gələcəkdə daha geniş miqyas almaqla intibahın əsas amili olacaqdır. Bu gün muxtar respublikada təmin olunmuş hərtərəfli tərəqqi, heç şübhəsiz ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müasir çağırışlara uğurlu cavabla icrasının məntiqi nəticəsidir. Bu misilsiz əzmkarlığa və zəhmətə, göstərilən xidmətə ən böyük qiymət də məhz dahi öndərimiz tərəfindən belə verilmişdir: “Mən ümumiyyətlə demək istəyirəm ki, Naxçıvanda işlər lazımi səviyyədə gedir. Vasif Talıbovu bu vəzifəyə seçəndə mən onun çox xüsusiyyətlərini bilirdim. Amma o, çox gənc idi. Daxilən bir az fikirləşdim ki, gəncliyinə görə, bəlkə də, ağır, çətin olar. Ancaq o, sübut etdi ki, Vətəninə, millətinə, xalqına sədaqətli olan adam yaşından asılı olmayaraq böyük işlər görə bilər”...

 

Bu gün öz dinamik inkişafı ilə Naxçıvan yeni bir tarix yazır. Öz qədim tarixi, qədim mədəniyyəti ilə seçilən ulu Naxçıvan həm qədimliyi, həm də müasirliyi ilə inkişaf simvolu kimi ölkənin digər əyalətlərinə nümunə ola bilər.

 

Asif HACIZADƏ,

tarixçi-pedaqoq

Xalq qəzeti.-2015.-27 avqust.-S.5.