Şəkidə “Nağara-2015” Beynəlxalq Zərb Alətləri Festivalı keçirilib

 

Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şəki şəhərində Mədəniyyət və Turizm Nazirliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin və “ALMUS Production” şirkətinin təşkilatçılığı ilə 22-26 avqust 2015-ci il tarixlərdə növbəti beynəlxalq tədbir - “Nağara 2015” beynəlxalq zərb alətləri festivalı keçirilib.

 

Qafqazda ilk dəfə olaraq reallaşan bu festivalda Azərbaycanla yanaşı, Türkiyə, İran və Özbəkistandan olan məhşur ritm ifaçıları iştirak ediblər. Festivalda ölkəmizi “Natiq ritmqrupu təmsil edib.

 

Festival avqustun 22-də şəhərin mərkəzi meydanında nağaraçalanların yürüşü ilə başlayıb. Yüzədək nağara ifaçısı çal-çağırla M.F.Axundzadə prospekti ilə şəhərin yuxarı hissəsinə - “Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisindəki Qala divarlarına doğru hərəkət edib.

 

Daha sonra Yay Teatrında festivalın təntənəli açılış mərasimi keçirilib. Mərasimi Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açaraq ilk dəfə keçirilən zərb alətləri festivalının qədim musiqi sənətimizi, eyni zamanda, tariximizi qoruyub saxlamaq və təbliğ etmək məqsədi daşıdığını bildirib. Vurğulanıb ki, milli musiqi sənətimizdə zərb alətləri özünəməxsus yer tutub. Xalqımızın adət və ənənələrinin, toy-bayram şənliklərinin aparıcı çalğı alətlərindən biri də nağaradır. Azərbaycanın ən qədim insan məskənlərindən biri olan Qobustanda on-on iki min əvvələ aidQaval daşı” adlanan böyük bir qaya parçası var. Belə güman edilir ki, həmin qaya parçası ulu əcdadlarımız tərəfindən zərb aləti kimi istifadə olunub. Bu daş indi də zərb alətlərinə xas keyfiyyətlərini saxlayır. Bildirilib ki, festivalın Azərbaycanın qədim şəhərlərindən biri olan Şəkidə keçirilməsi təsadüfi deyil. Bu şəhər artıq bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Şəki artıq bayramlar, ənənələr, festivallar şəhəri kimi tanınır. Belə festivalların keçirilməsi xalqımızın zəngin mədəniyyətinin, eləcə də Şəkinin turizm potensialının təbliği baxımından mühüm əhəmiyyətə malikdir. Açılış mərasimində “Natiq ritmqrupunun rəhbəri, Əməkdar artist Natiq Şirinov çıxış edərək festivalın keçirilməsinə göstərdiyi dəstəyə görə təşkilatçılara minnətdarlığını bildirib. Rəsmi hissədən sonra festivalda iştirak edən qruplar tamaşaçılar qarşısında qısa konsert proqramı ilə çıxış ediblər.

 

Festival günlərində Özbəkistanın “Abbosqrupunun üzvlərinin İranın “Lianmusiqi qrupunun təqdim etdiyi ruh oxşayan mahnılar, şən və oynaq ritm kompozisiyaları, ayrı-ayrı musiqi alətlərində solo ifalar, Türkiyənin “İstanbul Haremqrupunun çıxışı tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.

 

Bağlanış mərasimində “Natiq ritmqrupu maraqlı konsert proqramı ilə çıxış edib. Qrupun təqdim etdiyi xalq mahnı və rəqslərdən ibarət kompozisiyalar, şən və oynaq ritmlər tamaşaçıların alqışına səbəb olub. Konsert proqramının sonunda festivalın digər iştirakçıları - Özbəkistanın “Abbos”, Türkiyənin “İstanbul Harem” və İranın “Lianmusiqi qruplarının üzvləri səhnəyə çıxaraq “Natiq ritmqrupu ilə birlikdə yenidən öz məharətlərini nümayiş etdiriblər.

 

Festivalın bağlanış mərasimində şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək 2015-ci ildə Şəkidə sayca üçüncü beynəlxalq festivalın uğurla başa çatdığını, “Nağara-2015” Beynəlxalq Zərb Alətləri Festivalının şəhərin mədəni həyatında çox mühüm hadisə olduğunu vurğulayıb, festivalın keçirilməsində zəhməti olan bütün qurumların təmsilçilərinə, musiqi kollektivlərinə şəkililər adından minnətdarlığını bildirib.

 

Mərasimin sonunda festivalda iştirak edən musiqi qruplarına Şəki Şəhər İcra Hakimiyyəti adından festivalın rəmzi simvolu və xatirə hədiyyələri təqdim olunub.

 

Qeyd edək ki, festival çərçivəsində Şəki şəhərindəki “Yuxarı Karvansaray”-ın həyətində iştirakçı kollektivlər tərəfindən musiqisevərlər üçün ustad dərsləri də keçilib.

 

İlqar MUSAOĞLU,

Xalq qəzeti”nin

bölgə müxbiri

Xalq qəzeti.-2015.-28 avqust.-S.6.