Sosial siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsinin təmin edilməsi, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və əhalinin rifahının daha da yüksəlməsi nəticəsində son 12 ildə sosial sahədə müsbət  göstəricilərə   nail olunub.

 

Azərbaycan iqtisadiyyatında qazanılan uğurların son nəticədə sosial ədalət prinsiplərinin möhkəmləndirilməsinə xidmət göstərdiyini vurğulayan dövlət başçısı sosial sahədə həyata keçirilən ciddi proqramların mahiyyətini izah edərək demişdir: “...Əlbəttə, bizim bütün işlərimizin təməlində və mərkəzində insan amili dayanır. Hesab edirəm ki, bu, hər bir dövlət üçün ən vacib yanaşmadır. Çünki hər şey insan üçün edilir. Onun azadlığı, təhlükəsizliyi, sağlamlığı, işlə təmin edilməsi, rahat yaşaması dövlətin başlıca qayğısıdır. Hesab edirəm ki, bu istiqamətdə də böyük addımlar atılıb, uğurlar əldə edilib. Azərbaycan vətəndaşları azad cəmiyyətdə yaşayırlar. Onlar bütün azadlıqlara malikdirlər və öz dövlətinin gücünü artırmaq üçün çalışırlar”.

 

Ölkə rəhbəri respublikamızın iqtisadi uğurlarından bəhrələnməklə ilk növbədə xalqın həyat səviyyəsini yüksəltməyə,  onun güzəranını yaxşılaşdırmağa mühüm önəm  verir,  sosial məsələlərin həllinə böyük diqqət yetirir. Eyni zamanda, sosial ədalət prinsiplərini möhkəmləndirməyi qarşıya ciddi vəzifə kimi qoyur: “Dünyada gedən xoşagəlməz halların əsas səbəbi əslində sosial ədalətsizlikdir. İqtisadi islahatlar, eyni zamanda, güclü sosial siyasətlə tamamlanmalıdır. Əgər bu olmasa, köklü iqtisadi islahatlar insanlara əziyyət gətirə bilər. Biz ona nail ola bilmişik ki, sosial sahədə də çox ciddi proqramlarımız vardır və bu proqramlar icra edilir. İnsanların rifah halının yaxşılaşdırılması onu göstərir ki, bu sahədə də addımlar uğurlu istiqamətdə atılmışdır”. Bu baxımdan hazırda ölkə qarşısında duran bütün əsas vəzifələrin icra olunduğunu, iqtisadiyyatımızın davamlı inkişaf etdiyini vurğulayan Azərbaycan Prezidenti sosial sahədə işlərin bundan sonra da uğurla aparılacağını deyib.

 

Xatırladaq ki, iqtisadi inkişaf potensialı müasir dövrdə hər bir dövlətin gücünü müəyyənləşdirən  başlıca amildir. Ümumiyyətlə, hər bir ölkənin, xalqın problemlərinin həllinin ən səmərəli yolu məhz iqtisadi-sosial tərəqqidən keçir. Ona görə də respublikamızın iqtisadi siyasətinin sosialyönümlü xarakter daşıması təsadüfi deyil. Bu,  bir tərəfdən insan amilinə yüksək həssaslıq nümunəsidirsə, digər tərəfdən bazar iqtisadiyyatı yolu ilə inkişaf edən bir sıra qabaqcıl dünya dövlətlərinin təcrübəsinə əsaslanır. Dövlət başçısı İlham Əliyev də bu reallığı daim önə çəkir. Çünki  insanların sosial şəraitinin yaxşılaşdırılması iqtisadi-sosial islahatların həyata keçirilməsinə, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etməyə müsbət təsir göstərir.

 

Son 12 ilin  reallıqları göstərir ki, ölkənin iqtisadi inkişafından, neft strategiyasının və sahibkarlığın inkişafının uğurlu nəticələrindən əldə edilən dividendlər bilavasitə insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilir. Minimum əməkhaqlarının, büdcə təşkilatlarında çalışan ayrı-ayrı vətəndaş kateqoriyalarının məvaciblərinin, pensiya və müavinətlərin, tələbə təqaüdlərinin artırılması, sosial müdafiə sisteminin davamlı şəkildə təkmilləşdirilməsi dövlətin vətəndaşlarına olan diqqət və qayğısının bariz təcəssümüdür.

 

Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosialyönümlü iqtisadi siyasətin əsas mahiyyəti əhalinin faydalı məşğulluğunun təmin edilməsindən, yeni iş yerlərinin açılmasından, sosial müdafiədə ünvanlılıq və səmərəlilik prinsipinə üstünlük verilməsindən, əlillərin, aztəminatlı, habelə şəhid ailələrinin, bu qəbildən olan digər şəxslərin həyat səviyyəsinin yüksəldilməsinə lazımi şərait yaradılmasından ibarətdir.

 

Müstəqil Azərbaycanın son illər dinamik inkişaf yolunda olması və müsbət makroiqtisadi göstəricilərə imza atması, ilk növbədə, onun dövlət büdcəsində real əksini tapır. Sürətli tərəqqinin “barometrinə” çevrilən büdcə dövlətin hərtərəfli inkişafı baxımından zəruri sosial və infrastruktur layihələrinin həyata keçirilməsində başlıca maliyyə mənbəyi rolunu oynayır. Yeri gəlmişkən, bu  ilin dövlət büdcəsi ölkənin sosial-iqtisadi inkişaf sürətinin qorunub saxlanılmasına, iqtisadiyyatın tənzimlənməsinə və stimullaşdırılmasına, qeyri-neft sektorunun, sahibkarlığın inkişafına, sosial infrastrukturun müasir tələblər səviyyəsində qurulmasına, xüsusilə, xalqın rifah halının yaxşılaşdırılmasına maliyyə təminatı yaradıb.

 

Azərbaycanın regionda analoqu olmayan inkişaf mərhələsinə qədəm qoyması, ümumi daxili məhsulun artım tempi, büdcə gəlirlərinin ildən-ilə əhəmiyyətli dərəcədə çoxalması iqtisadi sektorda islahatların genişləndirilməsinə, sosial-mədəni modernləşməyə müsbət təsir göstərib.

 

“Azərbaycanda heç kim yoxsulluq şəraitində yaşamamalıdır. Yoxsul insan olmamalıdır”, - deyən ölkə Prezidenti İlham Əliyev  respublikamızda sosial dövlət prinsipinin uğurla reallaşdırılmasını belə ifadə edib: “Büdcəmizin artımı bizə imkan verir ki, Azərbaycanda həm infrastruktur layihələri icra edilsin, həm də sosial məsələlər öz həllini tapsın. Son illər maaşlar və pensiyalar bir neçə dəfə artırılmışdır. Bu da onu göstərir ki, Azərbaycan özünü dünyaya sosial dövlət kimi təqdim edir. Bizim siyasətimiz məhz bundan ibarətdir”.

 

Bu, Dövlət Statistika Komitəsinin yaydığı məlumatda da öz aydın ifadəsini tapıb. Məlumatda bildirilir ki, bu ilin yanvar-iyul aylarında 32,1 milyard manatlıq və ya ötən ilin müvafiq dövründəkindən 5,6 faiz çox ümumi daxili məhsul istehsal olunub. Əlavə dəyərin 12,5 faizi ticarət, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahələrində, 13,6 faizi tikinti kompleksində, 5,7 faizi nəqliyyatda, 6 faizi kənd təsərrüfatında, 1,9 faizi rabitədə, 17,2 faizi digər sahələrdə yaradılıb.   Məhsula və idxala xalis vergilər ÜDM-in 8,1 faizini təşkil edib.

 

Cari ilin yanvar-iyul aylarında əsas kapitala 9368,5 milyon manat məbləğində, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz çox vəsait yönəldilib. İstifadə olunan vəsaitin 6259,6 milyon manatı və ya 66,8 faizi məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilən vəsaitin 5494 milyon manatı daxili vəsaitlər olub.   Bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunan vəsait 2014-cü ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz artaraq 6998,2 milyon manat təşkil edib.

 

Ölkə iqtisadiyyatının qeyri-neft sənayesində artımı nəzərə çarpır. Bu artım iqtisadiyyatın real sektoruna qoyulan investisiyalar, sahibkarlığın inkişafı hesabına mümkün olub.  Bu, verilən kreditlərin, sahibkarlığın inkişafı üçün qəbul edilən proqramların və dövlət siyasətinin çox uğurlu olmasının nəticəsidir.

 

Ümumiyyətlə, ölkədə güclü sənaye potensialının yaradılması üçün tədbirlər görülür. Həm böyük müəssisələr yaradılır, böyük texnoparklar fəaliyyətə başlayır, həm də orta və kiçik həcmli müəssisələr fəaliyyətini gücləndirir, onların sayı artır. Bunu yanvar-iyul aylarında sənaye sahəsində əldə edilən göstəricilərdən də aydın görə bilərik. Belə ki, hesabat dövründə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən  15,8 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz çox sənaye məhsulu istehsal edilib.   Mədənçıxarma bölməsində məhsul istehsalı 2 faiz, o cümlədən əmtəəlik qaz hasilatı 10,6 faiz artıb.

 

Sənayenin qeyri-neft sektorunda artım daha yüksək olub. Yeddi ay ərzində bu bölmədə məhsul istehsalı 14,7 faiz, neft-qaz sektorunda isə 0,1 faiz artıb. İstehsal edilən məhsulun 99,8 faizi istehlakçılara göndərilib.

 

Bir neçə il əvvəl bəzi kənd təsərrüfatı məhsullarını xarici ölkələrdən idxal edən Azərbaycan indi əksinə, xarici dövlətlərə məhsul ixrac edir. Bu da sözsüz ki, məhsul istehsalının intensiv artımı nəticəsində mümkün olub. Azərbaycan hökumətinin aqrar sahəyə diqqət və qayğısının güclənməsi və kənd təsərrüfatı mülkiyyətçilərinə göstərilən güzəştli yardımların miqyasının artması bu sahədə inkişaf tempinə mühüm stimul verməkdədir. Məhz bunun nəticəsidir ki, sözügedən sahədə vəziyyət ildən-ilə yaxşılaşır.  Dövlət Statistika Komitəsinin son məlumatına görə, indiyədək taxıl sahələrinin 913123 (99,8 faiz) hektarı biçilib, hər hektardan 30,5 sentner olmaqla, 2781834 ton taxıl götürülüb. Xatırladaq ki,  ötən mövsüm bu göstərici   hər hektardan   22,8  sentner təşkil edib.

 

Cari ildə ölkənin kənd təsərrüfatının digər sahələrində də uğurlu göstəricilər əldə edilib. Avqustun 1-nə kimi, yığım başlanandan sahələrdən 506,8 min ton və ya keçən ilin müvafiq dövründə olduğundan 40,7 min ton çox kartof, 765,4 min ton (47,6 min ton çox) tərəvəz, 356,4 min ton (31,3 min ton çox) bostan məhsulları, 179,7 min ton (3,1 min ton çox) meyvə və giləmeyvə, 3201 ton (27 ton çox) üzüm, 363,6 ton (47 ton çox) yaşıl çay yarpağı, 1495,8 ton (250 ton çox) tütün yığılıb.

 

Regionların üçüncü sosial-iqtisadi inkişafı Dövlət proqramına uyğun olaraq, 2014-cü ilin yanvar ayından cari il iyul ayının 1-nə kimi ölkədə 187,9 min (153,1 mini daimi) yeni iş yeri, bu ilin altı ayında isə  60,6 min (48 mini daimi) yeni iş yeri açılıb. Bu müddətdə açılan yeni iş yerlərinin 75,1 faizi qeyri-dövlət sektoruna aiddir. Onların 68,8 faizi regionların, o cümlədən 19,8 faizi Aran, 14,3 faizi Gəncə-Qazax, 7,7 faizi Abşeron, 6,5 faizi Lənkəran və digər iqtisadi rayonların payına düşür. Daimi iş yerlərinin 13,7 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 11,3 faizi  mövcud müəssisə və təşkilatlarda yaradılıb.

 

Yanvar-iyun aylarında muzdla işləyənlərin orta aylıq əməkhaqqı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 4  faiz artaraq 457,2 manat təşkil edib. Yeddi ay ərzində əhalinin gəlirləri 6,4 faiz artaraq 23,6 milyard manata çatıb. Göründüyü kimi, əhalinin gəlirləri inflyasiyanı təxminən 2 dəfə üstələyir. Gəlirlərin 74,1 faizi son istehlaka, 9,3 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 14  faizi əmanətlərin və kapitalın artırılmasına, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib.

 

Maliyyə Nazirliyinin məlumatına əsasən, 2015-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinə 7,8 milyard manat vəsait daxil olub, büdcədən 8,6 milyard manat vəsait xərclənib, büdcənin icrasında yaranmış 770,9 milyon manatlıq kəsir ümumi daxili məhsulun 2,9 faizinə bərabər olub. Büdcə xərclərinin 4  milyard manatı iqtisadiyyatın inkişafına, 1  milyard manatı sosial müdafiə və sosial təminata, 945,4 milyon manatı isə təhsilə və səhiyyəyə yönəldilib.

 

Azərbaycanda həyata keçirilən ən ciddi sosial layihələrdən biri də aztəminatlı vətəndaşlara ünvanlı sosial yardımları nəzərdə tutan xüsusi dövlət proqramının reallaşdırılmasıdır. Ünvanlı sosial yardım sisteminin tətbiqi üçün ilkin tədbir kimi qanunvericilik bazası formalaşdırılıb, Milli Məclisdə “Ünvanlı sosial yardım haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunaraq qüvvəyə minib.

 

Bu ilin ilk yarısında respublika üzrə orta hesabla 112 min ailənin 490 min üzvünə, yəni, ölkə əhalisinin 5 faizinə ünvanlı dövlət sosial yardımı verilib. Bundan başqa, 414 min nəfərə aylıq və birdəfəlik sosial müavinət, 54 min nəfərə Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ödənilib. Hesabat dövründə ünvanlı sosial yardımların, aylıq və birdəfəlik sosial müavinətlərin, təqaüd və kompensasiyaların ödənişinə dövlət büdcəsindən 248 milyon manat vəsait xərclənib. Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin və şəhid ailələrinin mənzil və fərdi evlərlə təmin olunması proqramı çərçivəsində iyun ayında Tərtər rayonunda 54 mənzilli yaşayış binası istifadəyə verilib, hazırda isə İmişli, Beyləqan, Şamaxı və Bakı şəhərlərində ümumilikdə 238 mənzili olan çoxmərtəbəli 4 yaşayış binası və 52 rayonda 375 fərdi evin inşası işləri davam etdirilir. Bakı şəhərində gözdən əlillər üçün 132 mənzilli 12 mərtəbəli binanın tikintisi tamamlanmaq üzrədir. Əlilliyi olan şəxslərə il ərzində ümumilikdə 964 mənzilin və fərdi evin verilməsi təmin ediləcək. Azərbaycanda neft strategiyasının, dərindən düşünülərək hazırlanmış çoxsaylı dövlət proqramlarının yerinə yetirilməsi nəticəsində son 12 ildə əhalinin həyat şəraiti, gəlirləri xeyli yüksəlib. BMT yanında İnkişaf və Artım Komissiyasının son məruzəsində qeyd edilib ki, Azərbaycan insan inkişafı indeksinin orta illik artım tempinə görə MDB məkanında birinci yerdədir. Respublikamızın  orta insan inkişafı” ölkələri qrupundan “yüksək insan inkişafı” qrupuna keçməsi də məhz sosial siyasətin müsbət göstəricisidir. Həmin  məruzədə həmçinin vurğulanıb ki, 1950-ci ildən sonra belə sürətli inkişafa yalnız 13 ölkə nail olub. Bu, Azərbaycanın böyük uğurudur.

 

Orta aylıq əmək haqqının səviyyəsinə görə Azərbaycan hazırda Qafqazda birinci yerdədir. Bu, onu deməyə əsas verir ki, ölkəmizdə əhalinin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən kompleks tədbirlər öz səmərəsini verməkdədir.

 

 

 

Ekspertlər tərəfindən 2018-ci ilədək iqtisadiyyatımızın 23 faiz, yəni 12,6 milyard manat yüksələcəyi proqnozlaşdırılır. Bu müddət ərzində qeyri-neft sektoru 31,9 milyard manatdan 48,7 milyard manata qədər artacaq. Nəticədə ölkə iqtisadiyyatının neft amilindən asılılığı yaxın 4 ildə kifayət qədər azalacaq ki, bu da ölkəmizdə dayanıqlı maliyyə sisteminin formalaşmasını, sosial şəraitin daha da yaxşılaşacağını, işsizliyin və yoxsulluğun daha da azalmasını, rəqabətlilik indeksinin artımını təmin edəcək.

 

Proqnozlara əsasən, 2017-ci ilədək əhalinin gəlirləri, orta aylıq əməkhaqları da yüksələcək. Nəticədə növbəti illərdə əhalinin gəlirləri orta hesabla illik 4-7 faiz çoxalaraq 2017-ci ildə təxminən 56 milyard manata qədər artacaq. Həmin dövrdə orta aylıq əmək haqqı təxminən 41 faiz artaraq 618 manata çatacaq.

 

Azərbaycanda bu gün ulu öndər Heydər Əliyevin sosialyönümlü siyasəti insan amilinə hörmətin formalaşmasına, ümumilikdə ictimai rifahın, siyasi sabitlik və sosial sülhün bərqərar olmasına etibarlı zəmin yaradan konseptual inkişaf yoluna çevrilib. Bu siyasət Azərbaycan vətəndaşının həyati tələbatlarının ödənilməsini təmin edən əlverişli sosial-mənəvi iqlimin və həmrəylik şəraitinin, ümumilikdə ölkədə etibarlı sosial müdafiə sisteminin yaradılmasını təmin edib.   Həmin sistem vətəndaşların sağlam mühitdə yaşamaq, istirahət, mənzil, təhsil və digər hüquqlarının da etibarlı müdafiəsinə mükəmməl institusional-qanunverici təminat mexanizmləri formalaşdırıb.

 

Hazırda Azərbaycanda  və bütün dünyada müasir, modern iqtisadiyyatın ən mühüm sosial-mədəni amilinə çevrilən insan kapitalının formalaşmasına, möhkəmlənməsinə və inkişafına xüsusi diqqət göstərilir. Bu mənada ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar hər bir Azərbaycan vətəndaşının rifahının yüksəldilməsinə yönəldilib. Prezident İlham Əliyevin vurğuladığı kimi, insan amili, ölkə vətəndaşlarının sosial-iqtisadi rifahının yaxşılaşdırılması, respublikamızın yüksək inkişaf etmiş ölkələr sırasına daxil olması həyata keçirilən çoxşaxəli islahatların başlıca hədəfidir.

 

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”.-2015.-28 avqust.-S.1.