Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilmişdir

 

Avqustun 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2015-2016-cı ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilmişdir.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müşavirəni açaraq demişdir ki, bu gün ölkəmizin iqtisadi inkişafı, həyata keçirilən tədbirlər əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsinə imkan verir. Blokada şəraitində yaşamasına baxmayaraq, Naxçıvan Muxtar Respublikasında da ilin bütün fəsillərində əhali dayanıqlı elektrik enerjisi və təbii qazla təmin olunur. Payız-qış mövsümünə əvvəlcədən hazırlıq işlərinin görülməsi də bu məqsədə xidmət edir.

 

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin baş direktoru Yasin Səfərov, “Naxçıvanqaz” İstehsalat Birliyinin direktoru Ramin İsmayılov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov və Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev payız-qış mövsümünə hazırlıqla əlaqədar çıxış etmişlər.

 

Müşavirədə Əlahiddə Ümumqoşun Ordusunun komandanı Kərəm Mustafayev, Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Əhməd Əhmədov, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri Suliddin Əliyev,  Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri Şamı Abdullayev, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri Asəf Quliyev və Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli payız-qış mövsümünə hazırlığın vəziyyəti və görülən işlər barədə məlumat vermişlər.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müşavirədə çıxış edərək demişdir: Muxtar respublikada payız-qış mövsümünə hazırlıq işləri hər il diqqət mərkəzində saxlanılır. Görülən tədbirlərin nəticəsidir ki, muxtar respublikanın bütün yaşayış məntəqələri elektrik enerjisi və təbii qazla tam təchiz olunub. Bu isə öz növbəsində imkan verir ki, qış aylarında mənzillər, inzibati binalar, təhsil, səhiyyə, mədəniyyət və idman obyektləri qızdırılsın, yaranan çətinliklər aradan qaldırılsın, fasiləsiz təmin olunsun. Bu gün muxtar respublikada enerji təhlükəsizliyi təmin olunub. 7 elektrik stansiyası fəaliyyət göstərir. Bu stansiyalar vasitəsilə muxtar respublikanın elektrik enerjisinə olan tələbatı ödənilir. Lakin məskunlaşma səviyyəsinin ilbəil artması, yeni yaşayış məhəllələrinin salınması, sənaye və digər enerji tutumlu müəssisələrin istifadəyə verilməsi elektrik enerjisinə olan tələbatı artırır. Artan tələbata uyğun olaraq ənənəvi enerji mənbələri ilə yanaşı alternativ və bərpa olunan enerji mənbələrindən də istifadə diqqət mərkəzində saxlanılır, muxtar respublikanın relyefiqlim xüsusiyyətləri nəzərə alınaraq yeni stansiyaların quraşdırılması davam etdirilir. Hazırda Ordubad rayonu ərazisində 36 meqavat gücündə su elektrik stansiyasının, Babək rayonunun Xal-xal kəndi yaxınlığında isə 20 meqavat gücündə günəş elektrik stansiyasının tikintisi davam etdirilir. Energetika infrastrukturunun yenilənməsi də nəzarətdə saxlanılır, mövcud yarımstansiyalarda yenidənqurma işləri aparılır. İstehlakçıların təbii qazla təchizatının daha da yaxşılaşdırılması, yol verilmiş itkilərin minimal həddə saxlanılması istiqamətində işlər davam etdirilir.

 

Ali Məclisin sədri müşavirədə aidiyyəti təşkilatlara konkret tapşırıqlar verərək demişdir: Dövlət Energetika Agentliyi qış mövsümünə hazırlıqla əlaqədar mövcud transformator və yarımstansiyaların texniki baxışdan keçirilməsini sentyabr ayı ərzində təmin etməli, istismara yararsız, standartlara uyğun gəlməyən, bir çox hallarda qəzalara səbəb olan elektrik avadanlıq və xətlərinin yenilənməsini diqqət mərkəzində saxlamalıdır.  Müşavirədə davamlı və dayanıqlı təbii qazla təminat sahəsində qarşıda duran vəzifələrdən də danışan Ali Məclisin Sədri “Naxçıvanqaz” İstehsalat Birliyinə tapşırmışdır ki, qaz təchizatı sistemində texniki baxış tədbirlərini qısa müddətdə həyata keçirsin, nasazlıqları vaxtında aşkar edərək aradan qaldırsın və təbii qaz nəqlinin soyuq hava şəraitinə uyğun gələn texnoloji rejimdə həyata keçirilməsi üçün tədbirlər görsün.

 

Ali Məclisin sədri payız-qış mövsümünə hazırlıqla bağlı şəhər və rayon icra hakimiyyətlərinin qarşısında da mühüm vəzifələr durduğunu bildirərək demişdir: Cari il noyabr ayının 1-dək qazanxanalarda elektrik enerjisi, təbii qazsu təchizatı məsələləri araşdırılıb, nöqsanlar aradan qaldırılmalıdır. İctimai yaşayış binalarının zirzəmilərindən keçən istilik, sukanalizasiya xətlərinin istismara yararlılığı araşdırılmalı, həmin binaların qış mövsümünə hazırlığı üçün müvafiq tədbirlər görülməlidir. Həmçinin kommunal xidmət texnikalarının saz vəziyyətdə olması nəzarətdə saxlanmalı, qış mövsümündə yolların vaxtında təmizlənməsi təmin edilməlidir.

 

Müşavirədə digər sahələrlə bağlı tapşırıqlar da müəyyənləşdirilmişdir. Qeyd olunmuşdur ki, Nəqliyyat Nazirliyi qış aylarında marşrut xəttinə buraxılan nəqliyyat vasitələrinin qrafikə uyğun hərəkətini və texniki sazlığını diqqətdə saxlamalıdır. Avtomobil Yolları Dövlət Şirkəti tabeliyində olan maşın və mexanizmlər üçün vacib hissələrin ehtiyatının yaradılmasını və qum tədarükünü təmin etməlidir. Naxçıvan Beynəlxalq Hava Limanı uçuşların təhlükəsizliyi üçün davamlı olaraq bütün elektrik-işıq sisteminin, rabitə qurğularının, maşın-mexanizmlərin texniki baxışını həyata keçirməli, tələbata görə yanacaqmal-material ehtiyatı yaradılmalıdır. “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti dəmiryolu nəqliyyatında qış aylarında hərəkətin təhlükəsizliyini təmin etməli, vaqonlara və lokomotivlərə texniki baxış keçirməli, yol təsərrüfatının saxlanmasına, material ehtiyatının yaradılmasına diqqəti artırmalıdır.

 

Şəhər və rayon icra hakimiyyətləri, eləcə də aid nazirliklər təhsil və digər sosial obyektlərin mühafizəsinə diqqəti artırmalı, dövlət əmlakı qorunmalıdır. Fövqəladə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri qazanxanalarda işləyən mövsümi işçilərin təlimatlandırılması üçün müvafiq tədbirlər görməli, peşə məktəblərində bu sahə üzrə ixtisaslı kadrlar hazırlanmalıdır. Payız-qış mövsümündə təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin fasiləsiz fəaliyyəti aid nazirliklər və yerli icra hakimiyyətləri tərəfindən təmin olunmalıdır. Səhiyyə Nazirliyi əhaliyə keyfiyyətli xidmət göstərilməsi üçün səhiyyə müəssisələrinin yanacaq və dərman preparatları ilə təmin olunmasına nəzarəti gücləndirməlidir. İqtisadiyyat və Sənaye Nazirliyi istehlakçı tələbatının ilin bütün fəsillərində keyfiyyətli məhsullarla ödənilməsi üçün mövsüm ərzində tələbatdan artıq istehsal olunmuş kənd təsərrüfatı məhsullarının soyuducu anbarlara tədarükünə nəzarəti artırmalı və məhsulların xüsusiyyətləri nəzərə alınmaqla anbar şəraitində saxlanılması üçün müvafiq tədbirlər görməlidir. Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Baytarlıq Xidməti heyvandarlıq, quşçuluq və arıçılıq təsərrüfatlarının qışlamaya hazırlanması üçün maarifləndirmə tədbirləri görməli, xəstəliklərə qarşı tələb olunan dərman vasitələrinin ehtiyatlarının yaradılmasını diqqətdə saxlamalıdırlar.

 

Ali Məclisin sədri demişdir: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan bərpa müəssisələrinin, eləcə də Ahıllar evinin təminatına diqqəti artırmalıdır. Rabitə və Yeni Texnologiyalar Nazirliyi qış aylarında abonentlərə keyfiyyətli xidmət göstərilməsi üçün tələbat həcmində mal-material ehtiyatı yaratmalı, xətt təsərrüfatının etibarlılığı daha da artırılmalıdır. Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi üçün elektrik enerjisi, təbii qaz və neftdən istifadə ilə bağlı əhali arasında və təhsil müəssisələrində maarifləndirmə işini davam etdirməlidir. Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük, Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət komitələri standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrikqaz cihazlarının muxtar respublikaya gətirilməsinə və istismarına yol verməməlidirlər.  Qeyd olunmuşdur ki, qış mövsümündə muxtar respublika ərazisindəki hərbi hissələrdə şəxsi heyətin ərzaq məhsulları ilə təminatına xüsusi diqqət yetirilməli, tədarük olunan məhsulların keyfiyyəti diqqət mərkəzində saxlanmalıdır. Sərhəd zonalarındakı hərbi hissələrin yanacaqla təchizatı və ərzaq ehtiyatının yaradılması vaxtında başa çatdırılmalıdır.

 

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, istilik sistemi olmayan təhsil, səhiyyə və mədəniyyət müəssisələrində payız-qış mövsümü üçün tələb olunan yanacağın bölgüsünü təsdiq etsin və zəruri yanacaq və avadanlıqların alınmasını təmin etsin. Payız-qış mövsümünə hazırlıqla bağlı verilmiş tapşırıqların icrası barədə cari ilin oktyabr ayının 20-dək Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat verilməlidir.

 

Ali Məclisin sədri qarşıya qoyulan vəzifələrin icrasında müşavirə iştirakçılarına uğurlar arzulamışdır.

 

Xalq qəzeti”.-2015.-29 avqust.-S.3.