Neft strategiyası davamlı inkişaf təşəbbüslərinə geniş imkanlar yaradır

 

Azərbaycanın yeni neft strategiyasının uğurla reallaşdırılması regionda bir sıra humanitar layihələrin həyata keçirilməsinə, davamlı inkişaf təşəbbüslərinə geniş imkanlar yaradır.  Xəzərdə bp-nin əməliyyatçısı olduğu layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Bu məqsədə nail olmaq üçün bp mühüm davamlı inkişaf təşəbbüsləri həyata keçirməyə davam edir. Xatırladaq ki, həmin təşəbbüslərə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

 

Ötən illərdə bp şirkəti Azərbaycanda fəaliyyət göstərən digər tərəfdaşları ilə bu sahədə mühüm layihələr həyata keçirmişlər. 2015-ci ilin əvvəlindən mühüm inkişaf təşəbbüslərini davam etdirən konsorsium iştirakçıları yanvar-iyun aylarında təkcə Azərbaycanda belə  layihələrin həyata keçirilməsinə 2 milyon 560 min dollar xərcləmişlər.

 

Bu qəbildən olan təşəbbüslər ölkə iqtisadiyyatının güclənməsinə kömək etməklə yanaşı,  Azərbaycanın hər yerində yerli sahibkarlığın inkişafını və yerli bacarıqların yaradılmasını dəstəkləmək baxımından xüsusi əhəmiyyət daşıyır. Həmin layihələrdən olan   “Sahibkarlığın İnkişafı və Təlim Proqramı” regional sahibkarlığın inkişafına mühüm töhfə kimi dəyərləndirilə bilər. Xatırladaq ki, Azərbaycanda iri neftqaz layihələrinin operatoru olan bponun tərəfdaşlarının reallaşdırdıqları  bu çox milyon dollarlıq layihə yerli sahibkarlığı dəstəkləmək məqsədi daşıyır. Proqram bponun tərəfdaşlarının Azərbaycandakı müqavilələrində yerli resursların iştirakını artırmaq və yerli iqtisadiyyatın sağlam və şəffaf inkişafına dəstək vermək barədə öhdəliyinin bir hissəsidir. İlk gündən bu proqram Azərbaycanın iqtisadi bazasının genişləndirilməsi və yerli şirkətlərin həm ölkədaxili, həm də Xəzər regionundadaha genişmiqyaslı bazarlarda rəqabət gücünün artırılmasına dəstək verilməsi məqsədinə yönəlib.

 

 “Sahibkarlığın İnkişafı və Təlim Proqramı” yerli şirkətlərin beynəlxalq standartlara çatması və neft-qaz sənayesində təchizat müqavilələri üçün rəqabət apara bilmək baxımından olduqca əlverişli imkandır. Bununla yanaşı, bp və tərəfdaşları bu dəstəyin bir hissəsi kimi “Alıcı ilə tanış ol” tədbirlərini də təşkil edir. Bu tədbirlər yerli şirkətlərə  bacarıqlarını artırmaq, bizneslərini inkişaf etdirmək və öz potensial müştəriləri ilə əlaqələr yaratmaq üçün əlavə imkanlar yaradır. Artıq neçə ildir ki, bponun tərəfdaşları ən uğurlu qurmuş yerli şirkətlərin Bakıda keçirilən beynəlxalq “Xəzər neftqaz sərgisi”ndə iştirakına da sponsorluq edir.

 

Azərbaycanın neft sənayesinə çoxmilyardlıq sərmayələr yönəldən xarici şirkətlərin ölkəmizdə reallaşdırdıqları digər davamlı inkişaf təşəbbüslərindən biri də “Layihələri İdarəetmə Məktəbi” adlanır. Xatırladaq ki, bu layihə özəl və dövlət sektorunu təmsil edən şəxslərin layihə idarə edilməsi bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulub. Yeri gəlmişkən, bp və tərəfdaşları 2014-cü ilin mart ayında təşəbbüsün müddətinin uzadılmasına dair anlaşma memorandumu imzalamaqla layihəyə göstərdikləri dəstəyi 2015-ci ilin noyabr ayınadək davam etdirməyi qərara alıblar.

 

 bp şirkətinin öz tərəfdaşları ilə Azərbaycanda reallaşdırdıqları humanitar layihələr çərçivəsində təhsilə dəstək təşəbbüsü də mühüm yer tutur. UNİCEF-lə planlaşdırılan iri bir təhsil təşəbbüsü çərçivəsində əməkdaşlıq etmək niyyətinin  təsdiqi olan anlaşma memorandumunun imzalanması da buna əyani sübutdur.  “Təhsil sahəsində tərəfdaşlar” adlı bu layihənin ölkədə yeni təhsil modellərinin yaradılmasına yönəlmiş layihələrin hazırlanması və həyata keçirilməsinə dəstək olması nəzərdə tutulub. Xatırladaq ki, bu memorandum hər iki tərəfə birlikdə digər maraqlı tərəflərlə, o cümlədən Təhsil Nazirliyi və Fövqəladə Hallar Nazirliyi ilə yeni səmərəli məktəb modellərinin hazırlanması üzərində işləməyə imkan verir. Layihə, əsasən, bp-nin əməliyyatçısı olduğu Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəmərləri boyunca yerləşən Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Samux, Goranboy, Şəmkir və Tovuz rayonlarında uşaqların təhsilə cəlb edilməsinə yönəlmiş yeni hərtərəfli məktəb modellərinin yaradılmasını əhatə edir.

 

Məlum olduğu kimi, 2015-ci ilin iyun ayında Bakıda keçirilmiş birinci  Avropa Oyunlarının rəsmi tərəfdaşlarından biribp şirkəti idi. Bu, adıçəkilən şirkətə Azərbaycanda yüksək səviyyəli idmançıların yetişdirilməsinə kömək etmək və bir qrup yerli idmançıya dəstək vermək imkanı yaratmışdı. Həmin tərəfdaşlıq çərçivəsində bp şirkəti Azərbaycanın medala iddialı olan idmançılarının inkişafını maliyyələşdirməyə kömək etmişdir. Bundan əlavə, şirkət layihə çərçivəsində peşəkar bacarıqların davamlı irsinin yaradılmasını dəstəkləyən innovativ “Bakı-2015 Oyunlar Akademiyası” təşəbbüsünün eksklüziv rəsmi tərəfdaşı qismində çıxış etmişdir.

 

bp şirkətinin Azərbaycanda reallaşdırdığı təhsilə dəstək təşəbbüsləri çərçivəsində Qafqaz Universitetinin bakalavr proqramının genişləndirilməsi layihəsi də diqqət çəkir. Proqram kimya, mexanika və sənaye mühəndisliyi ixtisaslarını əhatə edir. Layihənin bir hissəsi olaraq 2009-cu ildə şirkət kimya mühəndisliyi fakültəsi, iki il sonra isə həmin fakültə üçün tam təchiz edilmiş beş müasir laboratoriya açmışdır. bp şirkəti 2011-ci ildə universitetdə fəaliyyətə başlamış mexanika mühəndisliyi fakültəsinə isə 2013-cü ilin dekabr ayında 11 dünya səviyyəli laboratoriya bağışlamışdır.

 

bp  tərəfdaşları SOCAR-la yerli işçi qüvvəsinin inkişaf etdirilməsi və insan resursları sahəsində də əməkdaşlıq edir. Bu iki şirkət neft-qaz sənayesi ilə əlaqədar istiqamətlər üzrə ixtisaslaşan azərbaycanlı kadrlar üçün təlim və inkişaf imkanlarının yaradılması sahəsində birgə işlərini davam etdirir. Bu öhdəlik çərçivəsində bp şirkəti Səngəçal terminalı yaxınlığındakı Səngəçal, Ümid, Əzimkənd və Qobustan qəsəbələrində yaşayan 90-a yaxın yerli icma nümayəndəsinin peşə və texniki təliminə dəstək verir.

 

Biznes sahəsində çalışan jurnalistlərin peşəkarlığını artırmaq və onların beynəlxalq standartlarla tanış olmasına kömək məqsədi daşıyan “Biznes jurnalistikası” adlı təlim proqramı da bp şirkətinin ölkəmizdə reallaşdırdığı davamlı inkişaf təşəbbüsləri sırasında xüsusi yer tutur. Ötən müddətdə bu təlim proqramı 12 nəfər mütəxəssisə biznes jurnalistikası sahəsində beynəlxalq təcrübə keçməklə regionun qabaqcıl jurnalistləri kimi tanınmasında yardım edib. Xatırladaq ki, hazırda milli biznes jurnalistikasında yeni bir istiqamət yaradan həmin jurnalistlərin çoxsaylı ardıcılları var.

 

Şirkətin Bakı Ali Neft Məktəbində təşkil etdiyi biznes mühazirələri Azərbaycanda yerli neft-qaz mühəndislərinin inkişafına dəstək vermək məqsədi daşıyır. bp-nin mütəxəssisləri və rəhbər işçilərinin bu ali məktəbdə keçirdiyi silsilə mühazirələrdən əlavə şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell Bakı Ali Neft Məktəbinin müəllim və tələbə heyəti ilə görüşərək öz təcrübəsini bölüşmüş, rəhbərlik etdiyi şirkətin əməliyyatları və planları barədə məlumat vermişdir.

 

Yeri gəlmişkən, bu ilin birinci yarısının sonuna bp şirkətinin birbaşa işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2866 nəfər təşkil edib. Şirkətin ölkəmizdə ixtisaslı daimi işçilərinin təxminən 86 faizini yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir. Şirkət yerli mütəxəssislərə təlimlərin keçirilməsini daim diqqətdə saxlayır. Eyni zamanda, Xəzər texniki təlim mərkəzində yerli texniklərin hazırlanması işləri davam edir. Xatırladaq ki, mərkəz fəaliyyətə başladığı ötən 10 ildə bp-nin əməliyyatçısı olduğu obyektlər üçün mindən çox yerli texnikə təlim keçib. Hazırda həmin yüksək ixtisaslı texniklər bp-nin həm dəniz, həm də quruda əməliyyatçısı olduğu obyektlərin təhlükəsiz və etibarlı şəkildə idarə edilməsində çox mühüm rol oynayırlar.

 

Şirkət, həmçinin dünya səviyyəli “Neft-qaz ixtisaslı məzunların təkmilləşdirilməsi proqramı” vasitəsilə yerli mühəndislərin təlimini davam etdirir. Milyonlarla dollar dəyərində olan bu təlim proqramı azərbaycanlı neft-qaz ixtisaslı məzunlar üçün nəzərdə tutulubbp şirkətinə gələn gənc mühəndislərin ixtisaslarının artırılmasına dəstək vermək məqsədi daşıyır.

 

Məlum olduğu kimi, bp-nin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu isə o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə xarici vətəndaşları yerli kadrlar əvəz edəcəklər. İxtisası olmayan işçilər isə artıq 100 faiz yerli vətəndaşlardan ibarətdir. İşçilərin milliləşdirilməsi planına, həmçinin bp-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak, icrasının idarə olunması üzrə şirkətdaxili prosesin daha da gücləndirilməsi daxildir.

 

bp şirkəti  onun tərəfdaşları Azərbaycanda  iqtisadiyyatın güclənməsinə, ölkəmizdə təhsilin inkişafına mühüm töhfələr verən, eləcə də yerli sahibkarlığın inkişafını və yerli bacarıqların yaradılmasını dəstəkləyən davamlı inkişaf təşəbbüslərini bundan sonra da davam etdirəcəklər.

 

Mirbağır YAQUBZADƏ,

Xalq qəzeti.-2015.-2 sentyabr.-S.5.