Moskvada Ümumrusiya Xarici Ədəbiyyat

Kitabxanasında Azərbaycan Milli Kitabxanasının

virtual oxu zalı yaradılacaq

 

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov və İnformasiyalaşdırma və texnoloji inkişaf üzrə direktor müavini Elçin Musayev ötən həftə M.İ. Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında olmuşlar.

 

Görüşdə əsas məqsəd hər iki kitabxana arasında ikitərəfli əlaqələrin qurulması və həmin kitabxanada Azərbaycan Milli Kitabxanasının virtual oxu zalının açılması məsələsinin müzakirəsi olmuşdur.

Azərbaycan nümayəndə heyətinin rəhbəri professor K.Tahirov çıxış edərək səfərin əsas məqsədini diqqətə çatdırmış və Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyi tərəfindən Xarici Ədəbiyyat Kitabxanasında yaradılmış Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətinin daha da canlandırılması, inkişaf etdirilməsi və mütəmadi olaraq yeni ədəbiyyatla təchiz olunması, Heydər Əliyev Fondu tərəfindən başlanmış uğurlu işlərin davam etdirilməsi məsələlərini ev sahibləri ilə müzakirəyə təqdim etmişdir.

Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru V.Duda öz çıxışında belə bir məqsədlə Azərbaycan Milli Kitabxanası nümayəndələrinin Moskvaya gəlməsini alqışladıqlarını bildirərək  qarşılıqlı əməkdaşlığın onlar üçün də maraqlı olduğunu, bundan hər iki kitabxananın oxucularının bəhrələnəcəyini qeyd etmişdir. O, eyni zamanda AMK-nın virtual oxu zalının təkcə bu kitabxanada deyil, gələcəkdə həmin kitabxananın Rusiyanın 20 iri şəhərində olan filiallarında da açılmasını mümkün hesab etmişdir.

Baş direktorun məsləhətçisi V.Zaytsev kitabxananın Heydər Əliyev Fondu ilə birgə 2012-ci ildə M.F.Axundovun əsərlərinin bir hissəsinin iki dildə çap etdirildiyindən danışaraq bu təcrübənin davam etdirilməsini, Azərbaycan klassiklərinin və müasir müəlliflərin əsərlərinin tərcümə olunaraq iki dildə çapını təklif etmişdir.

Cənab Duda hazırda 1,6 milyon tam mətni olan  Rusiya elektron kitabxanasına gələcəkdə çıxışı təmin etmək məqsədilə Azərbaycan Milli Kitabxnasında da virtual oxu zalının açılmasını təklif etmişdir. Azərbaycan tərəfi bu təklifi alqışladıqlarını bildirmişlər.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2015.- 29 dekabr.- S.10.