Kürdəmir: uğurlar yeni hədəflərə yol açır

 

Kürdəmir bu gün  sosial-iqtisadi inkişaf sürətinə, abadlıq-quruculuq işlərinin miqyasına və vüsətinə görə ilk sıralarda yer alan bölgələrimizdəndir. Fərəhli haldır ki, kürdəmirlilər əldə olunan uğurlarla kifayətlənmir, daha böyük hədəflərə nail olmağa cəhd edirlər. Görünən budur ki, rayon rəhbərliyi bütün imkanları səfərbər edib rayonda daha çox yerlərinin açılmasına, ən ucqar kəndlərdə belə infrastrukturun yaxşılaşdırılmasına, vətəndaşların hər bir probleminin həllinə qayğı və diqqətlə yanaşmağa çalışır.

 

Bu il Kürdəmir rayonunun əmək kollektivləri, ictimaiyyəti üçün çox əlamətdar bir hadisə ilə zəngin olmuşdur. Belə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev 2015-ci il 17 sentyabr tarixində rayona səfər edib. Səfər zamanı dövlət başçısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə tər gül dəstələri düzüb, Heydər Əliyev Parkında aparılmış yenidənqurma işləri ilə yaxından  tanış olub. Daha sonra cənab PrezidentBayraq meydanı”nın və “Bayraq muzeyinin, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasının, 12 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun, Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatının  inzibati binasının, Tarix Diyarşünaslıq Muzeyinin, 624 şagird yerlik Atakişili kənd tam orta məktəbinin və Ağsu-Kürdəmir avtomobil yolunun açılışlarını həyata keçirib. Prezident, həmçinin, Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun açılışı zamanı bir qrup rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirib. Görüş zamanı yenidən Kürdəmirdə olduğundan çox məmnun olduğunu bildirərək rayonda görülmüş abadlıq-quruculuq işlərinə yüksək qiymət verib.

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov da haqlı olaraq vurğuladı ki, cənab Prezidentin rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı qeyd etdiyi bütün məsələlər, rayonda söylədiyi çox dəyərli fikirlər kürdəmirliləri daha yaxşı işləməyə ruhlandırır və rayonda bütün sahələrdə aparılan uğurlu işləri davam etdirməyə  sövq edir.

Bu gün Kürdəmir, həqiqətən, sürətli inkişaf və tərəqqi yolundadır, Azərbaycan Respublikası Regionlarının Sosial-İqtisadi İnkişafı üzrə Dövlət Proqramına əsasən rayonda nəzərdə tutulmuş  bütün tədbirlər  uğurla həyata keçirilir. Təkcə 2015-ci ilin tarixə çevrilmiş dövründə 463 nəfər işlə təmin olunmuşdur ki, bundan 393 nəfəri daimi, 70 nəfəri isə müvəqqəti və mövsümü işlə təmin edilmişdir.

Bu məqsədlə 2015-ci il 28 avqust tarixdə keçirilmiş əmək yarmarkasının da böyük rolu olmuşdur. Ənənəvi “Əmək Yarmarkası”nda  780 nəfərdən çox rayon əhalisi iştirak etmiş, rayonun 55 dövlət və qeyri - dövlət təşkilatları tərəfindən 270 yeri çıxarılmış və 124 nəfər daimi işlə təmin olunmuş, 16 nəfər peşə hazırlığı kursuna, 19 nəfər isə haqqı ödənilən içtimai işlərə cəlb olunmuşdur.

2015-ci ilin ötən dövrü əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışı 7,3 faiz artaraq 264897,1 min manat,  ümumi məhsul buraxılışının sənaye sahəsi keçən illə müqayisədə 43,2 faiz artaraq 34523 min manat, kənd təsərrüfatı sahəsi 14,2 faiz artaraq 106410 min manat, nəqliyyat sahəsi 23,4 faiz artaraq 3125 min manat, rabitə sahəsi 3,7 faiz artaraq 384,1 min manat və ticarət sahəsi 6,7 faiz artaraq 61825 min manat olmuşdur.

Bu il rayonda aqrar sektorun inkişafı sahəsində ardıcıl işlər aparılmışdır. Yüksək məhsul əldə etmək üçün vaxtında görülmüş aqrotexniki tədbirlər və havaların taxılçılıq üçün əlverişli olması nəticəsində bu il rayonun tarixində rekord miqdarda, 109 min tondan çox məhsul istehsal edilmiş, hər hektardan məhsuldarlıq 28,1 sentner olmuşdur ki, bu da ötən ildəkindən 12 sentner çoxdur.

Toxum istehsalına daha diqqətlə yanaşılmış, 6 min tonadək toxumluq dən ayrılmış və çeşidlənərək 5 min tondan çox yüksək reproduksiyalı toxum əldə edilmişdir. Bu il 500 hektardan çox sahədə dənlik qarğıdalı əkilmiş, ən müasir  texnologiya ilə becərilməsi təşkil olunmuş, hələlik 1000 tonadək qarğıdalı dəni istehsal olunmuşdur və yığım davam etdirilir.

2015-ci ildə rayonda 13104 hektardan yonca, 1218 hektardan kartof, 2700 hektardan tərəvəz, 4098 hektardan bostan, 86 hektardan günəbaxan yığılmış, ötən ilə nisbətən 69 tondan çox kartof, 18 min tondan çox bostan, 50 tondan çox günəbaxan məhsulu götürülmüşdür.

Rayonda heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsi sahəsində məqsədyönlü işlər görülür. Hazırda iribuynuzlu mal-qaranın sayı 64 min başa, qoyun-keçilərin sayı 130 min başa çatmış, heyvandarlıq məhsulları istehsalının dinamik artımına nail olunmuşdur. Bu ilin doqquz ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı xeyli artmışdır.

Əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması və sair məsələlər də   diqqətdədir. Rayon mərkəzində və kəndlərdə qəzalı vəziyyətdə olan elektrik dirəklərinin, köhnəlmiş naqillərin, texniki cəhətdən nasaz olan sayğacların dəyişdirilməsinə, sıradan çıxmış transformatorların yeniləri ilə əvəz olunmasına diqqət artırılmışdır.

İlin ötən dövründə rayonun elektirik enerjisi təminatının yaxşılaşdırılması sahəsində 35/10 kv-luq Axtaçı və Mollakənd yarımstansiyalarında təmir işləri aparılmışdır. Şəhər ərazisində 7 ədəd yeni transformator quraşdırılmış,

5 ədədi əsaslı, 11 ədədi cari təmir olunmuş, 10 kv-luq “Şəhər-2” hava xətti yenidən qurulmuşdur. Sığırlı, Şıxımlı kəndində və Qarabucaq qəsəbəsində 4 ədəd yeni transformator quraşdırılmışdır.

Dövlət Proqramı çərçivəsində rayonun qaz almayan yaşayış məntəqələrinin qazlaşdırılması işləri yüksək sürətlə davam etdirilir. Tikinti-quraşdırma işləri başa çatdırılmış Garıs Əyribənd, Çöl Ərəb, 150 fərdi mənzildən ibarət Ərəbxana və Karrar kəndlərinə təbii qazın verilməsi təmin edilmişdir.

Bu gün Kürdəmir sanki böyük bir tikinti-quruculuq meydançasına bənzəyir. Dövlət Proqramına uyğun olaraq rayonda  xeyli tikinti-quraşdırma, yenidənqurma və abadlıq işləri yerinə yetirilmişdir. Belə ki, Heydər Əliyev parkında Heydər Əliyev muzeyinin qarşısındakı ərazidə beton mozaik tavalar 1406 kvadratmetr sahədə qranit plitələrlə əvəz edilmiş, muzey qarşısındakı klassik formada quraşdırılmış fontan qurğusu sökülərək yeni üslubda, modern tipli fontan qurğusu ilə əvəzlənmişdir. Şəhərin “Bakı” prospektində piyada yoluna 580 poqonmetr beton səki daşı düzülmüş, 420  kvadratmetr mozaik lövhələr qoyulmuşdur. “Dəyirman Kombinatı” adlanan ərazidən “Bayraq meydanı”nadək olan məsafədə yolun kənarlarına 5220 poqonmetr beton səki daşları düzülmüş, 62 ədəd 2 plafonlu müasir tipli işıq dirəkləri quraşdırılmışdır. Ərazisi 5,5 hektar olanBayraq meydanı” kompleksinin ərazisi tamamilə torpaqla doldurulub hamarlanmış, “Bayraq muzeyi”ndə və “Gənclər kafesi”ndə tikinti-quraşdırma işləri başa çatdırılmışdır. Hündürlüyü 52 metr olan Bayraq dirəyi gücləndirilmiş və muzeyin üzərində qaldırılmışdır. “Bayraq muzeyi” və “Gənclər kafesi” üzərindəki 600 kvadratmetrlik  ərazi hidroizolyasiya olunmuş, mərmər plitələrlə üzlənərək ətrafına 150 poqonmetrlik şüşə lövhəli məhəccər  quraşdırılmışdır.

Bayraq muzeyi”ndə və “Gənclər kafesi”ndə 2370 kvadratmetr sahədə mərmər və qranit üzlük materialı vurulmuşdur. “Bayraq meydanı”nın ərazisində kanalizasiya xətləri çəkilmiş, müasir tipli suvarma sistemləri quraşdırılmışdır, müasir tipliAla qapı” baş giriş qapısı tikilmiş,  ərazidə 2 ədəd  modern fontan qurğusu quraşdırılmışdır.

Kürdəmirdə təhsilin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də ardıcıl işlər görülür. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın məktəbəqədər tədris müəssisələrinin tikintisinə xüsusi önəm verilməsinə dair təşəbbüsünə kürdəmirlilər də həvəslə qoşulublar. Kürdəmir şəhərinə bitişik ərazidə bir ədəd 2 mərtəbəli 100 yerlik uşaq bağçası-körpələr evinin tikintisinə başlanılmış və tikintisi bu ilin iyun ayında başa çatdırılaraq tam şəkildə inventar və avadanlıqlarla komplektləşdirilmişdir. Bu ilin 9 ayı ərzində 100 yerlik uşaq bağçası-körpələr evində 90 min manatlıq,  Tarix Diyarşünaslıq Muzeyində 211 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir.

Bu il rayonda 624 şagird yerlik Möhübbət Əzimov adına Atakişili kənd orta məktəbi tikilib istifadəyə verilmişdir. Məktəb binasının inşasına Respublika Təhsil Nazirliyinin sifarişi ilə 2014-cü ilin oktyabr ayında başlanılmış, 2015-ci ilin sentyabr ayında tikinti işləri başa çatdırılmışdır.     Məktəb binası 624 şagird yerlik olmaqla 3 mərtəbədən, 53 otaqdan, o cümlədən 25 sinif otağından, idman zalından, yeməkxanadan və 374 nəfərlik akt zalından ibarətdir.

Kürdəmirdə son illər yolların tikintisi və bərpa olunması sahəsində görülən davamlı işlər əhalidə razılıq doğurur. Bu il rayonun 12341 nəfər əhalisinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun dağılmış 20 kilometr hissəsinin əsası yenidən işlənərək bərkidilmiş, 120 min kvadratmetrlik sahədə qalınlığı 5-7 santimetr olan yeni asfalt qatı vurulmuşdur. Yolun yenidən bərpa edilməsinə təqribən 2 milyon manat vəsait  xərclənmişdir.

Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun Mollakənd kəndi ərazisindəki giriş hissəsində daxili imkanlar hesabına 21,652 manatlıq layihə-smeta dəyəri olan tikinti işləri aparılmış, ərazisi abadlaşdırılmış, ərazidə ulu öndər Heydər Əliyevin pannosu qoyulmuşdur. Bundan başqa rayon mərkəzindəki Heydər Əliyev prospektində, Bünyad Sərdarov və Həzi Aslanov küçələrində asfalt işləri görülmüşdür.

Əhalinin ərizə və şikayətlərinə baxılmasına da qayğı və diqqət artırılıb. 2015-ci ilin ötən dövründə  rayon icra hakimiyyəti başçısı tərəfindən 1168 vətəndaş qəbul edilmişdir ki, onlardan 977 nəfəri RİH Başçısının Aparatında, 191 nəfəri isə yerlərdə keçirilən səyyar qəbullar zamanı fərdi qaydada qəbul edilmişdir. Müraciət etmiş hər bir vətəndaşa diqqət və qayğı ilə yanaşılmış, mümkün lazımi köməkliklər göstərilmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə daxil olmuş müraciətlərin sayı xeyli azalmışdır.

Sonda bildirək ki, kürdəmirlilər indi Azərbaycan dövlətinin bütün regionlarının, o cümlədən Kürdəmirin  sosial-iqtisadi inkişafını sürətləndirmək üçün göstərdiyi böyük əməli qayğıdan ruhlanaraq bütün sahələrdə yeni-yeni uğurlar əldə etmək əzmindədirlər. Hər dəfə bu rayonda insanların tükənmək bilməyən qurub-yaratmaq arzusunu, həvəsini müşahidə edərkən çox sevinirəm. Bu dəfə də Kürdəmirdə gördüklərim qəlbimi riqqətə gətirdi.

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2015.- 30 dekabr.- S.7.