Ömür demir, qocalmısan...

 

Şərq musiqisinin incilərindən olan Azərbaycan muğam sənətinin, klassik poeziya nümunələrinin gözəl bilicisi, orijinal, özünəməxsus ifa tərzi ilə seçilən, milli musiqi xəzinəmizi zənginləşdirən ustad xanəndələrdən biri də respublikanın Xalq artisti, Şöhrət və İstiqlal ordenli Əlibaba Məmmədovdur.

 

Bu günlərdə görkəmli sənətçinin anadan olmasının 85 ili tamam olur. Ömrünün 50 ildən çoxunu milli musiqimizin təbliği və tərəqqisinə həsr etmiş ustad xanəndənin yubiley tədbirində şəninə xoş sözlər, tərif deyənlər, yəqin ki, az olmayacaq. Bu da təbiidir. Onun hər bir alqışa, tərifə layiq olduğunu xalqımız yaxşı bilir. Həyatın hər üzünü - acılı-şirinli kimi, qəmli, sevincli günlərini də çox görüb. Ömrü boyu bir amala, bir məsləkə qulluq edib: Azərbaycan muğamını, milli musiqimizi, ustadlarından öyrəndiyini gələcək nəsillərə olduğu kimi çatdırmaq...

1930-cu il fevralın 5-də Bakının Maştağa kəndində qışın oğlan çağında dünyaya göz açdı. Adətən ilin bu fəslində doğulanlar təbiətcə sərt və qaradinməz olsalar da, o, tam əksinə, şən, musiqiyə həssas, xasiyyətcə həlim oldu. Erkən yaşlarından musiqiyə, xüsusən də muğam sənətinə maraq göstərməyində əmisitanınmış xanəndə Güləhməd Məmmədovun, bir də Bakı və Abşeron kəndlərinin özünəməxsus muğam mühitinin böyük rolu olur.bu həvəs 1949-cu ildə onu 26 Bakı Komissarı adına mədəniyyət evində keçirilən gənc muğam ifaçılarının baxış müsabiqəsinə gətirib çıxarır. Gənc xanəndənin oxuduğu Simayi Şəms zərb muğamı, eləcə də Şur, Çahargah muğamları münsiflər tərəfindən çox bəyənilir. Müsabiqənin qalibi kimi ona Azərbaycan Dövlət Filarmoniyası nəzdində fəaliyyət göstərən estrada kollektivində solist işləmək təklif olunur. Filarmoniyanın ən gənc solisti kimi özünün şirin və ürəyəyatımlı səsi ilə az bir zamanda tanınaraq sevilir. Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova, Əbülfət Əliyev, tarzən Hacı Məmmədov və dövrünün digər populyar sənətkarları ilə birgə çıxışlar edir.

1953-cü ildə gənc xanəndə muğam sənətini daha mükəmməl öyrənmək məqsədilə sənədlərini Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinə verirustad xanəndə Seyid Şuşinskinin sinfinə daxil olur. Klassik şərq muğamlarını və xalq musiqisini dərindən öyrənmədən xanəndəlik sənətinə yiyələnməyin mümkünsüzlüyünü yaxşı bilən Əlibaba Məmmədov tələbə ikən təkcə fitri istedadı və bacarığı ilə deyil, zəhmətsevərliyi ilə də seçilir. Ustad pedaqoq Seyid Şuşinskidən hər bir muğamın spesifik xüsusiyyətlərini və müxtəlif hissələrini məharətlə oxumağı və bu hissələrdən digərinə keçərkən təsniflərdən istifadə qaydalarını səylə öyrənir. Ümumiyyətlə, təsnif janrında Əlibaba Məmmədov ustad xanəndə sayılır. Gənclik illərində M.Müşfiqin, Ə.Vahidin, S.Rüstəmin, B.Vahabzadənin sözlərinə mahnılar bəstələyir.

Cəmi bir il müddətində 1954-cü ildə sevimli müəllimi Seyid Şuşinskidən öyrəndiyi Dəşti muğamının Maye şöbəsini bir az da təkmilləşdirərək ona Zəminxarə, Dügah, Şah-Xətai və Bidad kimi çətin oxunan şöbələr daxil edir və həmin muğamı dəstgah şəklinə salıb lentə aldırır. Bununla da illərdən bəri oxunmayan, az qala unudulmaqda olan Dəşti muğamına yeni həyat verib xalqa ərməğan edir. Bu gün Dəşti muğamı və eyniadlı təsnif məhz sevimli xanəndəmiz Əlibaba Məmmədovun adıyla bağlıdır.

1954-cü ildə ikinci bir uğura imza atır. Humayun təsnifini yazır. Bu təsnif tanınmaqda olan gənc xanəndəyə daha böyük uğur gətirərək yeni mahnılar və təsniflər yazmağa sövq edir. Məhz həmin illərdə Əlibaba Məmmədov Heyif ki, sən məni gec başa düşdün. Məhəbbət, Gəl bizə yar kimi bir-birindən gözəl mahnılar bəstələyir. Sevimli müğənnilərimiz Zeynəb Xanlarova, Rübabə Muradova və digər tanınmış sənətçilər onun mahnılarını ustalıqla ifa edirlər. Təəssüf ki, mahnıların çoxu uzun illər efirdə müəllifin adı çəkilmədən təsnif və ya xalq mahnısı kimi səslənir. Nə yaxşı ki zaman gec-tez sənət fədailəri qarşısında qoyduğu bütün sədd və maneələri aradan götürür və Əlibaba Məmmədova bir bəstəkar kimi də yazıb-yaratmağa imkan yaranır.

Artıq peşəkar xanəndə və bəstəkar kimi sevilən Əlibaba Məmmədov daha bir çətin muğamı müğənnidən son dərəcə yüksək ifaçılıq və boğaz xırdalıqları tələb edən və sevimli müəllimi Seyid Şuşinskidən sonra kimsənin oxumadığı Humayun muğamını ifa edir. Bu muğam, təsnif Əlibaba Məmmədovun bir növ vizit vərəqəsi olur. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündə iştirak edəcək incəsənət ustalarının siyahısına Əlibaba Məmmədovun da adı daxil edilir. Bülbül, Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova, tarzən Hacı Məmmədov kimi korifey sənətkarlarla birgə, Əlibaba Məmmədov da moskvalılar qarşısında çıxışlar edir. Oxuduğu Bayatı-Kürd muğamı moskvalı və əcnəbi tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. Həmin il Əlibaba Məmmədov Azərbaycan SSRİ Ali Sovetinin fəxri fərmanına, dörd il sonra 1963-cü ildə isə Respublikanın Əməkdar artisti fəxri adına layiq görülür. Əlibaba Məmmədov dövrün novator sənətkarlarından sayılır. O, muğamla müasir mahnılar arasında bir əlaqə, sintez yaradır. Repertuarında muğamaxalq mahnılarına geniş yer verməklə yanaşı, həm də səsinə, yaşına uyğun melodiya, şeir və qəzəl seçmək qabiliyyətinə malik bir sənətkardır.

1968-ci ildə Maestro Niyazinin təşəbbüsü ilə Filarmoniyanın nəzdində illərdən bəri arzusunda olduğu Humayun xalq çalğı alətləri ansamblını yaradan Əlibaba Məmmədov özü bu ansamblın ilk solisti və bədii rəhbəri olur. Yeni yaradılmış ansambla Novruz Feyzullayev, Məmmədbağır Bağırzadə, Səxavət Məmmədov, Təhmiraz Şirinov, Zümrüd Məmmədova kimi populyar müğənniləri cəlb etməklə doğma respublikamızla yanaşı, dünyanın bir çox ölkələrində qastrol səfərlərində olur. Sevindirici haldır ki, həmin ansambl bu gün də fəaliyyət göstərir. Onun mahnıları, təsnifləri bu gün də xalqın dilindən düşmür. Yüzdən çox bəstəsi radio-televiziyanın qızıl fondunda hörmətlə qorunub saxlanılır. Təcrübəli pedaqoq kimi ərsəyə gətirdiyi tələbələri ilə öyünə bilər. Onların çoxu bu gün respublikanın sayılıb-seçilən, ən yüksək fəxri adlara layiq görülən sənətkarlardır. Gözəl ailə başçısı kimi ağıllı, tərbiyəli, savadlı övladları ilə də fəxr edə bilər. Respublika miqyaslı muğam müsabiqələrində ən kəskin tənqidlərinə baxmayaraq, 50 milyonluq azərbaycanlının görmək istədiyi və gördüyü bir ustad kimi də qəlblərdə yaşayır. Bir sözlə, hər tərəfdən baxanda görünən bir zirvədir.

Bir zaman ustad xanəndənin anadan olmasının 70 illiyində qələmə aldığım Ömür deyir qocalmışam adlı materialı hazırlayarkən Əlibaba Məmmədov saçın ağlığından, qocalıqdan, ara-sıra tez-tez ürəyinin ağrısından, səsindən çox havanın isti-soyuqdan özünü qoruduğundan söz açmışdıq. Aradan düz 15 il ötüb. Zaman baxımından 15 il böyük vaxt olmasa da, bir igidin ömrü olduğunu da yaddan çıxartmaq olmaz. Çox sular axıbdır bu 15 ildə. Yaşının üstünə bir il, beş il deyil, düz 15 il gəlibdir. Lakin ustad xanəndənin nə sənətə sevgisi azalıb, nə də həvəsi. Eyni şövq, eyni ruh.

Bəs dəyişən nədir? - Dəyişən zəmanədir. Nə yaxşı ki bu gün ustad sənətkarımız illərdən bəri arzusunda olduğu doğma muğam sənətinə, milli musiqimizə, qocaman musiqi ifaçılarına dövlət başçımızın, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın göstərdiyi diqqət və qayğını gördü. Muğam sənətimizin dünya arenasında necə yüksək yer tutduğunun şahidi oldu. Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bilavasitə dəstəyi ilə keçirilən muğam televiziya müsabiqələrinin, beynəlxalq muğam festivallarının şahidi olmaqla yanaşı, çoxunda da münsif kimi çıxış edərək öz dəyərli məsləhətlərini gənc muğam ifaçılarından əsirgəmədi. Bu 15 ildə Vətənin ən yüksək fəxri adlarına layiq görüldü.

Bir yazıda bütöv xalqın sevdiyi xanəndənin qazandığı uğurlardan söz açmaq çətindir. Lakin ad günü - keçmişi xatırlamaqdır. Bizbu ənənəyə sadiq qalaraq ustad xanəndənin keçdiyi çoxşaxəli yaradıcılıq və mənalı ömür yolundan söz açmağa çalışdıq. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Əlibaba Məmmədov 1989-cu ildə Respublikanın Xalq artisti fəxri adına, 2000-ci ildə Şöhrət ordeninə və Prezident təqaüdünə, həmin il Heydər Əliyev Fondunun təsis etdiyi Qızıl Çinar, Mədəniyyət və Turizm Nazirliyinin Zirvə mükafatlarına, 2010-cu ildə anadan olmasının 80 illiyi münasibətilə İstiqlal ordeninə layiq görülmüşdür.

P.S. O sənətkarın ki, sənəti ilə şəxsiyyəti bir-birini tamamlayır, sözü ilə əməli mütənasibdir, o sənətkar ki ümumxalq məhəbbəti qazanıb, belə sənətkar daim qəlblərdə yaşar. Xalq şairi Zəlimxan Yaqubun təbirincə desək, Əgər bütün kitabxanalar yansa, heç bir şairin bircə misrası belə ələ keçməsə, kimin şeirlərini toplayıb kitab çap eləmək mümkün olacaqsa, demək, o, şairdir.

Xalq şairinin həmin qənaəti Xalq artisti barədə qələmə aldığım bu yazının sonunda tamamilə yerinə düşür. Çünki ötən əsrlərdə radio, televiziya, maqnitofonya digər texniki vasitələrin olmadığı dövrdə görkəmli sənətkarlarımızın mahnıları, təsnifləri və ya istənilən yaradıcılıq nümunələri məhz qədirbilən ifaçıların yaddaşında yaşayaraq sonrakı nəsillərə çatdırılıb. Elə Əlibaba Məmmədovun çoxsaylı mahnı və təsnifləri də milli musiqi ifaçılarımızın hamısının yaddaşında yaşayır. Bu gün elə bir xanəndə, müğənni tapa bilməzsən ki, bu ustadın ən azı on mahnısını öz repertuarına daxil etməsin. Deməli, Əlibaba Məmmədovun ömrü də elə milli musiqimizin ömrü qədər olacaq. Odur ki, ay ustad, saçın ağlığı qocalıq deyil, ürəyin ağrısı da hələ son deyil. Nə qədər ki muğam dünyamızda sən bir mayaksan, nə qədər ki gənc nəslə sən bir dayaqsan, nə qədər ki həyatda sən hələ varsan, deməli, ömür də deməyəcək, sən qocalmısan.

 

Rafiq SALMANOV

 

Xalq qəzeti.- 2015.- 1 fevral.- S.7.