Azərbaycan 2014-cü ildə də

dünyanın diqqət mərkəzində olub

 

Ölkə başçısının çoxsaylı xarici səfərləri, 400-ə yaxın beynəlxalq

səviyyəli tədbir və görüş keçirməsi də bunu təsdiqləyir

 

 2014-cü il ölkəmizin beynəlxalq aləmdəki mövqelərini daha da möhkəmləndirən və reytinqini yüksəldən bir sıra əhəmiyyətli siyasi hadisələrlə yadda qaldı. Ölkəmiz ötən il də sürətli inkişaf yolunda inamla irəliləmiş, siyasi, iqtisadi və mədəni sahələrdə bir sıra uğurlu nailiyyətlərə imza atmışdır. İnsan hüquq və azadlıqlarının qorunması, demokratik prinsiplərin inkişafına xüsusi önəm verilməsi, habelə, əhalinin həyat tərzinin daha da yaxşılaşdırılması dövlət siyasətinin prioriteti olmuşdur.

 

Ümumiyyətlə, 2014-cü il ərzində dövlətimizin başçısının xarici səfərləri, beynəlxalq tədbirlərdə iştirakı, respublikamıza gələn dövlət və hökumət başçılarının yüksək səviyyəli nümayəndə heyətləri, Bakıda keçirilən beynəlxalq tədbirlər göstərir ki, ötən il də Azərbaycan dünya birliyinin diqqət mərkəzində olub. . Bütün bunlar Xarici İşlər Nazirliyinin 2014-cü ilin yekunlarına dair bu  günlərdə yayılan hesabatında da öz əksini tapıb.

Azərbaycan Prezidenti İlham Əliyevin respublikamızın inkişafı, dünya birliyində mövqelərinin möhkəmləndirilməsi və ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində həyata keçirdiyi xarici səfərləri, beynəlxalq tədbirlərdə iştirakı və görüşlərinin sayı üststə 400-ə yaxındır. Ümumiyyətlə, 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin xarici səfərləri, beynəlxalq tədbirlərdə iştirakı, görüşləri və müzakirələri zənginliyi ilə diqqəti çəkmişdir: yanvarda 23, fevralda 17, martda 16, apreldə 49, mayda 42, iyunda 51, iyulda 17, avqustda 8, sentyabrda 62, oktyabrda 42, noyabrda 34, dekabrda isə 17. Bütün səfərlərdə və görüşlərdə əsas məqsəd ölkəmizin beynəlxalq aləmdəki əlaqələrinin daha da möhkəmləndirilməsi, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə olduğu kimi çatdırılması, Ermənistanın işğalçılıq siyasətinin kəskin pislənilməsi və bu hərbi təcavüz nəticəsində bir milyondan artıq soydaşımızın öz yurd-yuvalarından didərgin salınması barədə ətraflı məlumat verilməsi olmuşdur. Həmçinin, dövlətimizin başçısı iştirak etdiyi  tədbirlərdə bir sıra qərəzli beynəlxalq təşkilatların hələ də bu ədalətsizliyə göz yummalarını, eyni zamanda, ikili standartlar nümayiş etdirmələrini də kəskin tənqid etmişdir.

2014-cü il ərzində Azərbaycan Prezidenti 20-yə yaxın ölkədə səfərdə olub. Bu səfərlər zamanı Azərbaycanın həmin ölkələrlə ikitərəfli münasibətləri, iqtisadi əlaqələr və digər mühüm məsələlər müzakirə olunmuş, Dağlıq Qarabağ probleminin həlli istiqamətində danışıqlar aparılmışdır.

Ötən il  beynəlxalq münasibətlər sistemində kəskin  ziddiyyətlər və hərbi-siyasi bloklara bölünmə kimi meyillərin dərinləşməsi diqqət mərkəzində olmuşdur. Hətta, dünyanın bir çox ölkələrində çoxlu sayda  insanın ölümü, terror aktları, iqtisadi böhran və fəlakətlərə gətirib çıxaran xoşagəlməz hadisələr baş versə də, bütün bunların ölkəmizə ciddi təsiri olmamışdır. Azərbaycan 2014-cü ildə də uğurlu nəticələrə imza ata bildi. Bu istiqamətdə Prezident İlham Əliyevin gərgin fəaliyyətini və diplomatik səfərlərini xüsusi qeyd etmək lazımdır. Həyata keçirilən xarici siyasətin əsas prioriteti beynəlxalq hüququn norma və prinsiplərinin, dövlətlərarası davranışlarda  daim qanunun aliliyinin, BMT Nizamnaməsinin və dövlətlər tərəfindən öz öhdəliklərinə riayət edilməsi kimi məsələlərin təşviq edilməsi olub. Belə bir təlatümlü şəraitdə ölkəmizin müstəqilliyinin və suverenliyinin qorunması, sürətli inkişafın qorunub saxlanılması, respublikamıza qarşı xaricdən olan hədə və təhdidlərin, şər və böhtanların qarşısının siyasi-diplomatik vasitələrlə alınması, əsl həqiqətlərin dünya ictimaiyyətinə olduğu kimi çatdırılması, mədəni və humanitar diplomatiya xarici siyasi fəaliyyətimizin əsas prioritetləri kimi davam etdirilmişdir.

Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur və ölkəmizlə sıx əməkdaşlıq etmək niyyətində olan tərəfdaşların sayı getdikcə artır. Biz ötən ilbunun şahidi olduq. Azərbaycan Prezidenti xarici ölkələrə səfərləri zamanı keçirdiyi bütün görüçlərdə ilk növbədə Ermənistanın hərbi təçavüzünü diqqətə çatdırmış, 20 ildən artıqdır ki, davam etdirilən bu işğalçılıq siyasəti nəticəsində hələ də ərazilərimizin 20 faizinin düşmən əsarəti altında qaldığını bəyan etmişdir.

Ötən il ərzində baş tutan səfərlərin içərisində daha çox avqustda reallaşdırılan Soçi səfəri yadda qaldı. Avqustun 9-da dövlətimizin başçısının əvvəlcə Soçi şəhərindəki “Boçarov Ruçey” iqamətgahında Rusiya Prezidenti Vladimir Putinlə görüşü olmuşdur. Sonra isə  Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının prezidenti Serj Sarkisyan ilə birgə görüş olmuşdur. Rusiya Prezidenti Valdimir Putinin təşkilatçılığı ilə bu səfər zamanı Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşündə əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsi olmuşdur.

Həmin gün baş tutan görüş həm də ona görə əhəmiyyət daşıyırdı ki, oradakı müzakirələr Azərbaycan və Ermənistanın təmas xəttində ciddi münaqişənin yarandığı günlərə təsadüf etmişdir. Azərbaycan və Ermənistan prezidentlərinin  görüşü sonra da davam etdirildi. Prezidentlərin növbəti görüşü isə Böyük Britaniyada, Uelsdə dövlət başçılarının işgüzar səfəri zamanı reallaşdı. Bu zaman Azərbaycan və Ermənistan prezidentlərini ABŞ-ın dövlət katibi Con Kerri müşayiət edirdi.

Üçüncü dəfə isə prezidentlər Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə Parisdə görüşdülər. Bütün bunlar bir daha təsdiqləyir ki, 2014-cü il Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində keçirilən görüşlərlə bağlı keyfiyyət dəyişikliyi olmasa da, kəmiyyət dəyişikliyi diqqəti cəlb edib.

Əsas məqamlardan biriodur ki, Soçidəki görüşdən sonra NATO-nun sentyabr ayında keçirilən sammiti çərçivəsində də prezidentlərin üçtərəfli görüşü baş tutmuşdur. Məlum olduğu kimi, dünyanın çox nüfuzlu hərbi-siyasi təşkilatı olan NATO ölkəmizin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir. Bu mötəbər qurum özünün tərəfdaş ölkəsi kimi, Azərbaycanın ərazi bütövlüyünün bərpasında, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün maraqlı olduğunu dəfələrlə təsdiqləyib. Fakt üçün diqqətə çatdıraq ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi məsələsi NATO-nun 2006 və 2008-ci illərdə keçirilən zirvə toplantılarında da bir daha ifadə olunmuşdur. Ölkəmizin ərazi bütövlüyü məsələsi NATO-nun 2009-cu ildə keçirilən zirvə sammitinin yekun bəyanatının 58-ci maddəsində də öz əksini tapmışdır. 2012-ci ildə NATO-nun zirvə görüşündə və qəbul edilmiş qətnamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, həmçinin dövlətlərin ərazi bütövlüyü əsasında həll edilməsi məsələsi öz əksini tapmışdır. Beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələrdə birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi dəstəklənmiş, münaqişənin məhz bu prinsiplər nəzərə alınmaqla həllinin zəruriliyi qeyd olunmuşdur.

Ötən il dövlət başçımızın keçirdiyi görüşlərdə, həmçinin NATO-nun sammmitində əsas iki mühüm tezis səslənmişdir. Birinci mühüm məsələ status-kvonun  dəyişdirilməsi, ikincisi isə, Fransa Prezidenti Fransua Ollandın  Böyük Sülh sazişinin hazırlanmasına başlamaq təklifi olmuşdur.

Sentyabrda NATO-nun Uelsdə keçirilmiş sammitinin yekun bəyanatında Alyansın üzv dövlətləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəklərini ifadə edərək, Cənubi Qafqazdakı münaqişələrin məhz bu prinsiplər əsasında həllini mümkün sayıblar. Dövlətlərin ərazi bütövlüyüya siyasi müstəqilliyinə qarşı güc tətbiq etmək, yaxud güc tətbiq edərək hədələməyin qəbuledilməzliyi vurğulanıb və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət edilməsinin vacibliyi qeyd olunub.

NATO-nun zirvə toplantısında çıxış edən Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini yenidən gündəmə gətirib və təşkilatın bu məsələ ilə bağlı tutduğu mövqeyini yüksək dəyərləndirib. Respublikamızın başçısı vurğulayıb ki,  Azərbaycan ilə NATO arasında tərəfdaşlığın iyirmi ili ərzində ölkəmiz Alyansın bir çox fəaliyyət sahəsinə töhfə verən etibarlı tərəfdaşa çevrilib. Ermənistanın işğalçılıq siyasətindən hələ də əl çəkməməsini kəskin pisləyən Azərbaycan Prezidenti deyib: “Azərbaycan regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasında mühüm rol oynayan ölkədir. Bununla belə, bu gün regionumuzdakı təhlükəsizliyə ən böyük hədə Azərbaycan ərazisinin iyirmi faizini təşkil edən Dağlıq Qarabağyeddi ətraf rayonu işğal altında saxlayan Ermənistanın işğalçılıq siyasətidir. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçiribbunun nəticəsində 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Əfsuslar olsun ki, Ermənistan onlara məhəl qoymamaqda davam edir və münaqişə həll olunmamış qalır. Münaqişə beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməlidir. Biz NATO-nun bu məsələ ilə bağlı mövqeyini və əvvəlki sammitlərdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə verdiyi tam dəstəyi yüksək dəyərləndiririk. Biz qətiyyətlə inanırıq ki, NATO-nun beynəlxalq hüququn bu cür mühüm hissəsinə sadiqliyi bundan sonra da davam edəcək. Beləliklə, o, ədaləti bərpa etməyə və beynəlxalq səviyyədə tanınmış sərhədləri güc hesabına dəyişmək kimi səhv düşüncədən yayındırmağa birmənalı şəkildə yardım edir”.

Təəssüf ki, Ermənistan 2014-cü ildə də tutduğu qeyri-konstruktiv mövqe ilə münaqişənin həllini ləngitmişdir. Rəsmi İrəvan işğalçılıq siyasətindən əl çəkmədiyini iyulun sonu, avqustun əvvəlində təmas xəttində ciddi insident, təxribat  törətməsi ilə bir daha təsdiqləmişdir. Bir müddət sonra isə işğalçı Ermənistana  məxsus helikopter sərhədlərimizi pozmağa cəhd etsə də, bu hərbi texnikanı göndərənlər layiqli cavabını almışdır.

Azərbaycan Prezidenti bütün xarici səfərlərində və iştirak etdiyi beynəlxalq tədbirlərdə ölkəmizin xarici siyasətinin  prioritetinin dövlətlərlə ikitərəfli münasibətlər olduğunu vurğulayaraq bildirmişdir ki, respublikamızın daxili imkanları, potensialı, iqtisadiyyatı daha da gücləndikcə, bu, özünü xarici siyasətdə də göstərir. Bu baxımdan Prezidentin  ikitərəfli münasibətlərin daha da yaxşılaşdırılması istiqamətində atdığı qətiyyətli addımlar xarici səfərlərində özünü açıq şəkildə büruzə vermişdir. Ötən ilin aprelində ölkə başçısının  İran səfərini qeyd etmək istərdik. Bu səfər çərçivəsində əldə olunmuş razılaşmalar, xüsusilə iki fundamental məsələdə ortaq mövqeyin olması səfərin  böyük əhəmiyyət  kəsb etməsindən xəbər verirdi. Səfər çərçivəsində keçirilən görüşdə İran Prezidenti Həsən Ruhani bildirib ki, İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və regionda heç bir coğrafı dəyişmələri qəbul etmir. İkinci isə, Xəzərin statusu ilə bağlı məsələdə İranla Azərbaycan arasında anlaşılmazlıqlar aradan qalxdı. İran Prezidenti Xəzərin statusunun müəyyənləşməsinin uzaq perspektivli yox, yaxın zamanda həll olunacaq məsələ olduğunu deyib.

Faktlar da təsdiqləyir ki, Azərbaycan əməkdaşlıq etdiyi bütün tərəfdaşları ilə açıq və səmimidir. Ölkəmiz bu prinsiplər əsasında dünya dövlətləri ilə xoşməramlı əməkdaşlığını ən yüksək səviyyədə davam etdirir.

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2015.- 1 fevral.- S.2.