Yarımçıq ömrün həzin simfoniyası

 

Nədənsə, mənə elə gəlir ki, bir həzin simfoniyaya bənzəyir aktrisa Vəfa xanım Fətullayevanın yarımçıq qalmış ömrü. O, bu simfoniyanı tamamlaya bilmədi. Sənətini dəlicəsinə sevirdi. Səhnəyə çıxanda elə bil ona yeni həyat verirdilər. Şaqraq gülüşü, şux yerişi, qeyri-adi səs tembri onun qəhrəmanlarınında xarakterik xüsusiyyətləri idi.

 

Vəfa xanımın sənətindən xatırlanası çox şey var. Az zaman kəsiyində o, teatrımıza çox qiymətli rollar bəxş etdi. İndi ondan yadigar qalan tamaşalara baxanda bu qüdrətli sənətkarın nə qədər güclü enerjiyə, yaradıcılıq ehtirasına malik olduğunu aydın hiss edirsən. Vəfa Fətullayeva geniş diapozana malik aktrisa idi.

Onun tamaşalarından insanlar həmişə xoş əhval-ruhiyyə ilə çıxardılar. Vəfa xanım səhnədə görünən kimi alqış sədaları tamaşa zalını bürüyərdi, özübu alqışlardan xoşlanardı. O, səhnədə tamamilə başqalaşardı. Anası, xalq artisti Hökümə xanımın şaqraq səsini xatırladardı onun danışığı. Rolları ilə yaşayırdı. Onları qəlbən sevirdi və hər birini öz həyatının bir parçası sayırdı. Onun atası, uzun illər Azərbaycan Milli Akademik Dram Teatrının baş rəssamı olmuş Nüsrət Fətullayev də sənətdə böyük uğur qazanmış fırça ustası idi. Bəlkə, elə ona görə idi ki, Vəfa öz rollarını rəssam dəqiqliyi ilə canlandırardı.

Vəfa Fətullayeva bütünlüklə öz qəlbini sənətə vermiş, milli mədəniyyətimizin inkişafının xidmətində durmuş sənətkar ailəsinin - Fətullayevlərin davamçısı idi.

Ailə də qurmuşdu. Hətta, teatrdan gedəcəyini də qət etmişdi. Ancaq özü qurduğunu özü də dağıtmalı oldu. Ailəsi onun aktrisa olmasını istəmirdi. Həyat yoldaşı da onu ev xanımı, gələcək uşaqlarının anası kimi qəbul edib ailə qurmuşdu. Vəfa bunu gözəl bilirdi. Amma şərti özü pozurdu. Görünür, Hökümə xanımın cazibəsindən qurtarmaq mümkün deyildi. Günlərin birində Vəfa Fətullayeva yenidən anasının yanına qayıdır. Hökümə xanım Vəfanı tək qızı kimi deyil, bir rəfiqəsi, dostu, sirdaşı kimi sevirdi. O, Vəfasız yaşaya bilməzdi.

Vəfa xanım İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olmuş, sonra isə teatrşünaslıq fakültəsinə keçmişdi. Bu da belə olmuşdu. Vəfa Məhərrəm Haşımovun kursunda oxuyurdu. Bir müddət öz xarici görkəmini nəzarətsiz buraxdığından Vəfa birdən-birə kökəlir. Bu, Məhərrəm Haşımovun da diqqətindən yayınmır. Və bir gün dərslərin birində Qız, sən yaman kökəlirsən, bunun axırı hara gedəcək? deyir. Yarızarafat-yarıciddi deyilmiş bu sözlər Vəfanın onsuz da tükdən asılı olan seçimini həll edir. O, bir müddət dərsə gəlmir. Və günlərin birində məlum olur ki, Vəfa bu dəfə heç kimlə məsləhətləşmədən fakültəsini dəyişib... Keçib teatrşünaslığa.

Hökümə xanımın qəlbən, xəyalən istədiklərini Milli Dram Teatrın baş rejissoru Tofiq Kazımov gerçəkləşdirir. Tofiq Kazımov Məhv olmuş gündəliklər əsərini işləmək fikrinə düşür. Və Vəfanı da bu tamaşaya dəvət etmək istəyir. Hökümə xanımın ürəyindən olan bir xahiş edir ondan. Beləliklə, Vəfanın aktrisa taleyi Tofiq müəllimin xeyir-duası ilə başlayır. Ona sonralar da öz tamaşalarında rol verir. Vəfanın anasına məktubunda Tofiq Kazımovun onun sənət taleyindəki yeri daha aydın görünür.

Qəzetlərdən birində onun anasına yazdığı bu məktub dərc olunmuşdu: Salam, mənim əziz anam! Biz özümüzü çox yaxşı hiss edirik. Düzdür, burda bir az istidir, amma eybi yox, dözmək olar. Ana, narahat olma, evlə bağlı dediyin bütün işləri çoxdan görmüşəm. Nənə köynəyi çox bəyəndi, sənə minnətdardır. İndi özünü pis hiss etmirtez-tez Nailə ilə 2-3 günlüyə bağda olur. Mənim də işlərim pis getmir. Dünən Tofiqin yanında olmuşam. Məni çox yaxşı qarşıladı və biz oturub xeyli dərdləşdik. Mən ona hər şeyi dedim. Dedim ki, Gülgəzdən sonra bir dənə də olsun xoşuma gələn rolum olmayıb. Dedim ki, əhvalım yaxşı deyil. Çox narahatam. O mənə dedi ki, mənim yanımda özünü çox günahkar hiss edir. Çünki vaxtilə məni teatra gətirməyini özü səndən xahiş edib, amma indi bir əsər də işləyə bilmir mənimlə. Bu sözlərindən sonra mən ona deyə bilmədim ki, nəinki səndən, o mənim özümdən də dəfələrlə teatra gəlməyimi xahiş edib. Mən başa düşdüm ki, o, hər şeyi çox gözəl xatırlayır. Yadına salmağa ehtiyac yoxdur. Dedi ki, məni dəvət eləməyib ki, indi mən belə narahat olam, əsəbləşəm.

Ana, deyim ki, onun özünün əhvalı mənim xoşuma gəlmədi. O, hətta görkəmcə də dəyişib. O, özüetiraf etdi ki, indi bütün sahələrdə ona həmişəkindən daha çətindir. Sonra da dedi ki, səndən ötrü bərk darıxıb. Səni görmək, oturub söhbət etmək istəyir. O, mənə məişət qayğılarından, onu narahat edən problemlərdən danışdı. Xahiş etdi ki, ona tez-tez baş çəkim və onunla söhbətə vaxt ayırım. Qısası, biz həmin gün xeyli dərdləşdik. Sən təsəvvür edə bilməzsən ki, gənc aktyorlarımız sənin üçün nə qədər darıxıblar. Səni hər gün məndən soruşurlar, salam göndərirlər. Xahiş edirlər sənə çatdırım ki, tez gələsən. Yolunu səbirsizliklə gözləyirlər. Sən görərdin Moskvadan qayıdanda onlar mənim üstümə necə düşdülər... Qısası, onlar səni çox seviryolunu gözləyirlər. Bütün kollektivin sənə salamı var. Hələlik bu qədər. Məktubunu gözləyirəm. Mənə görə narahat olma, tez-tez nənəgildə oluram. Öpürəm. Vəfa.

Beləcə, teatra ilk addımını Vəfa 1970-ci ildə İlyas Əfəndiyevin Məhv olmuş gündəliklər əsərində Fəridə ilə atdı. Fəridə onun taleyini birdəfəlik teatra bağladı.

Tamaşa müvəffəqiyyətlə keçirdi. Vəfanın səhnədəki hər bir hərəkəti, hər bir jesti, hər bir kəlməsi salonda tamaşaçılar arasında oturan Hökümə xanımda reaksiya doğururdu. O, özü oynayırmış kimi yerində sakit otura bilmirdi. Özündə səhnə həyatı üçün heç bir qabiliyyət görməyən və yalnız anasının istəyinə zidd getməmək üçün belə bir addım atan qızının bu seçimində yanılmamasına onun da əmin olmasını arzulayırdı, Hökümə xanım. Vəfa anasının səhv etmədiyini, onu öz yerinə layiqli davamçı bildiyini başa düşməli, ona inanmalıydı. Vəfanın gələcək səhnə həyatının taleyi indi Fəridədən asılı idi. Bu rol, doğrudan da, onun ürəyincə olmuşdu. Sevə-sevə yaratmışdı onu.

Məhəbbət əfsanəsində Şirini oynadı. Nazim Hikmətin bu əsərindəki Şirin, həqiqətən, onun xarakterinə çox yaxın qadın idiona görə də rol çox maraqlı alınmışdı.

Sən yanmasan, Göz həkimi, Heç nədən hay-küy, İblis tamaşalarında yaratdığı xaraktercə bir-birindən fərqli rolları ona böyük şöhrət gətirmişdi.

Televiziya tamaşalarında da onun çox qiymətli rolları vardır. Alov, Göz həkimi tamaşalarını xüsusi olaraq qeyd etmək lazımdır.

Vəfa xanım yaradıcılığının çiçəkləndiyi bir dövrdə həyatdan köçdü. Ancaq arzuları çox böyük idi. Dünya və Azərbaycan klassiklərinin bir çoxunun əsərlərində rollar oynamaq barədə düşünürdü. Amma bütün arzuları yarımçıq qaldı.

Azərbaycanın əməkdar aktrisası, Dövlət mükafatı laureatı Vəfa xanım Fətullayevanı xalqımız həmişə xoş xatirələrlə yad edəcək. Bu yaxınlarda Vəfa xanım haqqında bir radio verilişini dinlədim. Onunla birgə çalışan sənət dostları bu aktrisa haqqında necə yanğı ilə danışırdılar. Ətrafında olan dostları itirmək böyük faciədir. Hər halda, Vəfa xanımın yeri həmişə görünəcək. Vəfa xanımın yarımçıq qalmış sənət simfoniyası sənətsevərlərin qəlbində hər zaman səslənəcək.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2015.- 8 fevral.- S.7.