Ay Zəlimxan,

yaxşı sarıl qələmə

 

Bugünlərdə anadan olmasının 65 illiyi ölkəmizdə geniş qeyd edilən Xalq şairi Zəlimxan Yaqub oxucularla növbəti görüşə poetik yaradıcılığının son dövrünü əhatə edən Mənə ümid kimi bax və onun ədəbi irsindən bəhs edən Sözün Zəlimxan zirvəsi kitabları ilə gəlmişdir.

 

M. F. Axundov adına Milli Kitabxanada yubilyarın iştirakı ilə keçirilən təqdimat mərasimində xalq şairinin zəngin ömür yolu və bənzərsiz poeziyası fonunda hər iki nəşrin ədəbi- bədii və elmi-nəzəri özəllikləri incələndi.

Toplantını giriş sözü ilə açan Milli Kitabxananın direktoru Kərim Tahirli 65 illik həyatında elə bu qədər də kitabı çapdan çıxmış Zəlimxan Yaqubun nadir yaddaşının milli ədəbiyyatımızın ən yaxşı nümunələrindən ibarət bütöv bir kitabxanaya bərabər olduğunu söylədi. Ev sahibi yeni 2 kitabın yubilyarın ədəbi- bədii yaradıcılıq hesabatı və sevimli oxucularına layiqli sənət töhfəsi olduğunu vurğuladı.

Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev çağdaş milli poeziyamızın görkəmli nümayəndəsi Zəlimxan Yaqubun milli varlığımız və ictimai mühitimizlə dərindən bağlı olan yaradıcılığının xalq sevgisindən, sənətkar məsuliyyətindən qaynaqlandığını, onun yaradıcılığının sağlığında ölməzlik qazandığını bildirdi. Tanınmış nasir şair dostunu yeni kitabların işıq üzü görməsi, əlamətdar yubiley münasibətilə təmsil etdiyi qurum və ədəbi ictimaiyyət adından təbrik etdi.

Ədəbiyyatşünas professorlar Qəzənfər Paşayev, Nizaməddin Şəmsizadə, Asif Rüstəmli, Mədət Çobanov, dilçi professor Buludxan Xəlilov, Xalq yazıçısı Mövlud Süleymanlı, tənqidçi Əsəd Cahangir Zəlimxan Yaqubun milli poeziyamızı zənginləşdirən, şifahiklassik söz sənətimizlə çağdaş şeirimiz arasında canlı vəsilə yaradan irsinin önəmli cəhətlərindən söhbət açdılar. Natiqlər səhhətində yaranmış ciddi problemin söz ustasının yaradıcılığının məhsuldarlığına və yetkinliyinə təsir etmədiyini söylədilər, Xalq şairinə möhkəm cansağlığı, uzun ömür, yeni yaradıcılıq uğurları arzuladılar.

Sözün Zəlimxan zirvəsi kitabının müəllifi və şairin son dövrdə yazdığı şeirləri çapa hazırlayan Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu Zəlimxan Yaqubun xalq ruhunun tərcümanı olan yaradıcılğının vaxtında və bütünlüklə oxuculara çatdırılması kimi gərəkli işə bundan sonra da məmnunluqla kömək göstərəcəyini bildirdi.

Mərasimin sonunda sözünə

Yox, mənimlə getməyəcək

bu dünya!

Mən getsəm də, nələr,

nələr qalacaq...

Ay Zəlimxan, yaxşı

sarıl qələmə!

Qalsa, yenə bu nəğmələr

qalacaq,

misraları ilə başlayan Xalq şairi Zəlimxan Yaqub mərasimin təşkilinə görə kitabxananın kollektivinə, söylənən dəyərli mülahizələr, təbrik və xoş arzular üçün söz xiridarlarına təşəkkürünü bildirdi, qədirbilən oxucularına sevgi- sayğılarını çatdırdı.

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2015.- 14 fevral.- S.6.