Azərbaycan: sabitlik adası, inkişaf məkanı

 

Ölkədə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə yeni bir modeli — Azərbaycan modeli formalaşmışdır

 

(əvvəli qəzetin ötən nömrəsində)

 

Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosialyönümlü iqtisadi siyasət insan amilini nəzərdə tutan liberal bazar iqtisadiyyatı xəttini əsas götürür. Ölkənin iqtisadi inkişafından, neft strategiyasının səmərəli nəticələrindən əldə edilən dividendlər insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir. Ölkəmizin sosialyönümlü iqtisadi siyasətinin ən parlaq göstəricilərindən biri də yeni iş yerlərinin açılması, ciddi sosial bəla kimi özünü göstərən işsizlik probleminin əhəmiyyətli dərəcədə aradan qalxması, habelə yoxsulluq həddinin kəskin aşağı enməsidir. Gənc ailələrin mənzillə təmin edilməsi üçün ipoteka sisteminin yaradılması, eləcə də dövlət büdcəsindən maliyyələşən strukturlarda məvaciblərin mütəmadi olaraq qaldırılması da bu istiqamətdə görülən mühüm tədbirlər sırasındadır. Sosialyönümlü dövlətin əsasını insan ləyaqəti, ədalət, məsuliyyət, fərdin maddi statusunun kəskin fərqliliyini aradan qaldırmaq məqsədləri təşkil edir. Bu, ictimai həyatı humanistləşdirmək, cəmiyyətdə qarşıdurmanın azalması, vətəndaş həmrəyliyinin formalaşması, bütün sosial qrup və fərdlərin mənəviyyatının artmasının labüd yoludur. Qərbin sosial məsələlərə geniş yer verən bir sıra ölkələrinin inkişaf təcrübəsi bazar azadlığı və dövlətin iqtisadiyyata təsiri arasındakı balansın nə qədər çətinliklə əldə olunduğunu göstərir. Yüksək sosial xərclərin təmin olunması bəzən vergilərin qalxmasına gətirib çıxarır, bu isə istehsal sahələri üçün maneə yaradır. Hökumət belə hallarda sosial proqramları müvəqqəti azaltmağa məcbur olur. Yəni ən inkişaf etmiş dövlətlərin təcrübəsində də sosial-iqtisadi və mədəni hüquqların təmin edilməsi ilə bağlı böyük çətinliklər yaranır. Azərbaycanın milli inkişaf modeli isə elə uzaqgörənliklə düşünülmüşdür ki, dövlətin sosialyönümlü siyasəti azad bazar iqtisadiyyatının tələbləri ilə kəskin ziddiyyətlər doğurmur.

Xüsusi vurğulamaq lazımdır ki, insana qayğı və hörmət prinsipinə əsaslanan liberal siyasət nəticəsində bu gün hər bir vətəndaşın əmək hüququ da yüksək səviyyədə qorunur. Prezident İlham Əliyev demişdir: “Əgər biz 2004-cü ilə nəzər salsaq görərik ki, son 11 il ərzində Azərbaycan dünya miqyasında iqtisadi və sosial baxımdan ən sürətlə inkişaf edən ölkə olmuşdur. Bütün göstəricilər bunu təsdiq edir. Sadəcə olaraq bəzi rəqəmləri qeyd etmək istərdim. 2004-cü ildən bu günə qədər ümumi daxili məhsulumuz 3,4 dəfə artmışdır. Bu, dünya miqyasında rekord göstəricidir. Sənaye istehsalı 2,7 dəfə artmışdır. On bir il ərzində ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya qoyulmuşdur. 2004-cü ildə bizim valyuta ehtiyatlarımız 1,8 milyard dollar idisə, bu gün 50 milyard dollardan çoxdur. Görün, biz nə qədər ehtiyat yığmışıq. Baxmayaraq ki, bizim son illərdəki investisiya proqramlarımız çox genişmiqyaslıdır. Ancaq biz valyuta ehtiyatlarımızı ildən-ilə artırmışıq ki, ilk növbədə bu, bizə böyük inam verir, eyni zamanda, kredit reytinqlərimizi artırır və bununla bərabər bu, bir sığortadır, istənilən xoşagəlməz hadisəyə qarşı ciddi sığortadır. Bu gün bizim valyuta ehtiyatlarımız xidmət edir. Bu, sadəcə olaraq mücərrəd anlayış deyil. Hər bir insan bunu öz gündəlik həyatında hiss edir. Çünki manatın məzənnəsi sabit olaraq qalır. Baxmayaraq ki, neftin qiyməti düşüb, böyük valyuta ehtiyatlarımız, düşünülmüş makroiqtisadi siyasət imkan verir ki, Azərbaycan vətəndaşları bu böhranı hiss etməsinlər”.

Diqqətçəkən məqamlardan biri də ölkədə inflyasiyanın aşağı səviyyədə olmasıdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ildə 2013-cü ilə nisbətən Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri cəmi 1,4 faiz bahalaşmışdır. Sözsüz ki, bu, əhalinin hər nəfərinə düşən gəlirlərin 3,5 faizlik artımı fonunda elə də böyük rəqəm deyil.

Həm də elə bu səbəbdəndir ki, əhalinin banklardakı əmanətlərinin məbləği davamlı olaraq artır. Ötən ilin yanvar-noyabr aylarının məlumatına görə, əhalinin banklara qoyduğu əmanətlərin məbləği 10,4 faiz artaraq 7,1 milyard manata çatmışdır. Onu da qeyd edək ki, dünyada bir çox ölkələrin milli valyutalarının qiymətdən düşdüyü bir vaxtda ölkə əhalisi banklara manatla əmanət qoymağa üstünlük verir (əmanətlərin 62,3 faizi milli valyuta ilə qoyulmuşdur) və bu, sözsüz ki, ilk növbədə Azərbaycan manatının məzənnəsinin sabitliyi ilə əlaqədardır.

Son illər ərzində iqtisadiyyata kapital qoyuluşu da ildən-ilə artır. Bunun nəticəsidir ki, ilbəil yeni sənaye, emal, nəqliyyat, energetika, xidmət, turizm və sosial obyektlərin tikintisi sürətlənir. Təkcə 2014-cü ildə yatırılan sərmayələr hesabına 230-dan çox sənaye müəssisəsi fəaliyyətə başlamışdır. Yeni müəssisələr isə həm də yeni iş yerləri deməkdir. Yeri gəlmişkən qeyd edək ki, ötən il ölkə üzrə 123 min yeni iş yeri açılmışdır. Bu da əhalinin sosial rifahının yaxşılaşmasında əhəmiyyətli rol oynayan amildir.

Dövlət başçısı İlham Əliyev çıxışlarında dəfələrlə vurğulamışdır ki, ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün daxili və xarici kapitaldan istifadə olunmalıdır. Bu məqsədlə Azərbaycanda münbit investisiya mühiti yaradılmışdır. Xarici investorlar bu səbəbdən Azərbaycan iqtisadiyyatına kapital qoymaqdan çəkinmirlər.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında iqtisadiyyata kapital qoyuluşunun böyük əhəmiyyətini qeyd edərək demişdir: “Ölkə iqtisadiyyatına 27 milyard dollar investisiya qoyulmuşdur. Onlardan 16 milyardı daxili sərmayədir. Bu da çox sevindirici haldır. Son illər ərzində daxili sərmayələr qoyulan investisiyaların həcmində üstünlük təşkil edir. Eyni zamanda, qoyulan 11 milyard dollar xarici sərmayə göstərir ki, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi qalır. İndiki şəraitdə, dünyada və bölgədə müşahidə olunan çox ağır vəziyyəti nəzərə alaraq 11 milyard dollar xarici investisiyaları cəlb etmək böyük uğurumuzdur. Əlbəttə ki, bu uğurun təməlində son illərdə aparılan siyasət dayanır. Əgər bu siyasət, investorların Azərbaycanın sabitliyinə, gələcəyinə inamı olmasaydı, heç kim Azərbaycana vəsait qoymazdı. 27 milyard dollar həcmində investisiya qoyuluşu və bunun müqabilində 1,4 faizlik inflyasiya Azərbaycanın uğurlu inkişafının ən gözəl göstəricisidir. Çünki həm pensiyalar, maaşlar, həm də əhalinin pul gəlirləri artmışdır, böyük həcmdə investisiya qoyulmuşdur, inflyasiya ən aşağı səviyyədədir”.

Dövlət başçısının  qeyd etdiyi kimi, Azərbaycanın münbit investisiya mühiti həmişə xarici sahibkarları özünə cəlb etmişdir. Bunun nəticəsidir ki, ötən illər ərzində Azərbaycan iqtisadiyyatına xarici sərmayənin qoyuluşu davam etmişdir. Təkcə keçən il xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala 4484,2 milyon manat investisiya qoyulmuşdur. Böyük Britaniya, Norveç, Türkiyə, ABŞ, Fransa, İran, Rusiya və Yaponiya sərmayədarları kapital qoyuluşunda üstün mövqeyə malik olmuşlar.

Ötən il ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilən sərmayənin 75,4 faizindən tikinti-quraşdırma işlərinin yerinə yetirilməsində istifadə edilmişdir. Əvvəlki illə müqayisədə tikinti-quraşdırma işlərinə sərf edilən vəsaitin həcmi 11,8 faiz artmışdır. Bu dövrdə məhsul istehsalı obyektlərinin inşasına 11255,2 milyon, xidmət sahələri üzrə obyektlərin tikintisinə 6360,6 milyon manat vəsait yönəldilmişdir. Ümumi sərmayənin 48,2 faizi dövlət, 51,8 faizi isə qeyri-dövlət müəssisələrinin payına düşmüşdür. Rəqəmlərdən də aydın görünür ki, daha çox kapital məhsul istehsal obyektlərinin tikintisinə sərf edilmişdir.

Son bir neçə ildə daxili sərmayələr xarici sərmayələri üstələyir ki, bu da dövlətin apardığı iqtisadi siyasətin nəticəsidir. Ötən il daxili mənbələrdən əsas kapitala yönəldilən vəsaitin həcmi ümumi sərmayənin 72,3 faizini təşkil etmişdir ki, onun da 63,4 faizi dövlət bölməsinin payına düşmüşdür.

Əsas kapitala yönəldilən sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaiti 9654 milyon manat, bank kreditləri 540,9 milyon manat, büdcə vəsaitləri 6452,2 milyon manat, büdcədənkənar fondların vəsaitləri 324,6 milyon manat, əhalinin şəxsi vəsaitləri 566,9 milyon manat və digər vəsaitlər 77,2 milyon manat təşkil etmişdir.

Bu vəsaitlər hesabına ötən il respublika ərazisində müxtəlif təyinatlı bir sıra obyektlər  tikilib istifadəyə verilmişdir.  Ölkədə tikintinin həcmi artdıqca bu sektorda çalışanların sayı və əməkhaqları da çoxalır. Belə ki, keçən ilin yanvar-noyabr aylarında inşaat bölməsində çalışan işçilərin orta siyahı sayı 99,2 min nəfər olmuş və onların orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,3 faiz artaraq 626,7 manat təşkil etmişdir. İxtisaslaşdırılmış tikinti işlərində çalışan işçilərin əməkhaqları isə 22,1 faiz artmışdır.

Azərbaycan Respublikası vətəndaşlarının əmək hüquqlarının qorunması, əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi, işçilərin maddi, sosial, mənəvi və digər həyati tələbatlarının ödənilməsi ölkədə aparılan sosial-iqtisadi siyasətin prioritet istiqamətini təşkil edir.

Dövlətin iqtisadi islahatlar mexanizminin nə dərəcədə cəld, təsirli və faydalı olmasını statistik rəqəmlər də sübut edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ildə əhalinin gəlirləri əvvəlki illə müqayisədə 4,8 faiz artaraq 39,4 milyard, əhalinin hər nəfərinə düşən gəlirlərin illik həcmi orta hesabla 4180,5, aylıq həcmi isə 348,4 manata çatmışdır. Gəlirlərin 68,8 faizi son istehlaka, 8,7 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 2,5 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 20 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilmişdir. Beləliklə, 2014-cü ildə əhalinin sərəncamında qalan gəlir 35,9 milyard manat təşkil edərək əvvəlki ildəkinə nisbətən 5,1 faiz artmışdır.

İslahatların minlərlə sıravi vətəndaşın maraqlarına xidmət edən, lakin statistik rəqəmlərdə əksini tapmayan, o qədər də nəzərə çarpmayan tərəfləri də mövcuddur. Bu sırada ən vacib tədbirlərdən biri kimi dövlətin bütün özəl şirkətləri və sahibkarları işçilərlə əmək müqaviləsini bağlamağa çağırmasını bu sahədə nəzarətin ciddiləşdirməsini və cərimələri sərtləşdirməsini qeyd etmək olar. Dövlətin işəgötürənlərlə işə götürülənlər arasında seçim etmədən ikinci tərəfin maraqlarının qorunmasına üstünlük verməsi həm də “kölgə iqtisadiyyatı”nın qarşısının alınmasına, müasir biznesdə şəffaflığın təminatına xidmət edən vacib amildir.

Digər bir maraqlı məqam isə son illər ölkədə əmək qabiliyyətli yaşda olan əhalinin sayının artmasıdır. Əgər bu rəqəm 1990-cı ildə təxminən 3,8 milyon idisə, 1995-də 4,06 milyona, 2000-ci ildə 4,5 milyona, 2005-ci ildə 5,3 milyona, 2010-cu ildə 5,9 milyona, 2013-cü ildə isə 6,1 milyona çatmışdır. Bu göstəricilər əhalinin sayının artması ilə mütənasiblik təşkil edir. Lakin inkişaf etmiş ölkələrdə fərqli və bir qədər də bədbin proseslər gedir, əhalinin ümumi sayında cüzi artım fonunda pensiyaçıların sayının sürətlə artması baş verir. Yəni  əmək qabiliyyətli işçi qüvvəsinin sayı azalır. Bu amil meqaiqtisadiyyata mənfi təsir edir, bir sıra problemlər yaradır.

Azərbaycanda isə iqtisadiyyatda çalışan əmək qabiliyyətli yaşdan yuxarı olan şəxslərin ümumi sayı azalır. Yəni  işçilərin orta yaş həddi getdikcə aşağı düşür, bir növ cavanlaşma baş verir. Digər maraqlı bir fakt iqtisadiyyatda məşğul olan yeniyetmələrin sayının 1990-cı ildən 2010-cu ilədək 11,6 min nəfərdən 6 min nəfərə qədər aşağı düşməsidir. 2012-ci ildən isə bu rəqəmin sıfıra enməsini ölkə iqtisadiyyatında yaddaqalan bir dönüş kimi qeyd etmək olar. Bu, o deməkdir ki, artıq dördüncü ildir Azərbaycanda yeniyetmələrin istismarına yol verilmir. Müasir dünyanın tələbləri ilə uzlaşan iqtisadiyyatın belə qurulması onun intellektual tutumunun möhkəmlənməsinə dəlalət edir.

2015-ci il yanvarın 1-nə olan məlumata görə, ölkədə iqtisadi fəal əhalinin sayı 4,84 milyon nəfərdir və onun 4,6 milyon nəfəri əmək fəaliyyəti ilə məşğuldur. 2014-cü il dekabrın 1-i vəziyyətinə görə isə muzdla çalışan işçilərin sayı 1,5 milyondan artıq olmuş və onların 883,7 min nəfəri iqtisadiyyatın dövlət, 624 min nəfəri qeyri-dövlət bölmələrində fəaliyyət göstərmişdir. Muzdla işləyənlərin 22,5 faizi təhsildə, 18,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,3 faizi sənayedə, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,8 faizi tikintidə, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,8 faizi informasiya və rabitədə, 17,4 faizi iqtisadiyyatın digər bölmələrində məşğul olmuşlar.

2014-cü ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 442,1 manat təşkil etmişdir. 2004-cü ildə Azərbaycanda orta aylıq əməkhaqqı 100 dollar idisə, hazırda bu rəqəm 565 dollardır. Orta aylıq pensiya isə 24 dollardan 221 dollara çatmışdır.

İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə,  elmi-texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əməkhaqqı daha yüksəkdir. Həmçinin, özəl sektorda yüksək maaş alan minlərlə ixtisas sahiblərini xüsusi qeyd etmək lazımdır. Dünyanın ən məşhur təhsil müəssisələrində müasir ixtisaslara yiyələnən gənclərimiz ölkəyə dönür, xarici mütəxəssisləri əvəz edir, iqtisadiyyatımızın inkişafına təkan verirlər.

Rəsmi statistik məlumatlarda göstərilir ki, 2015-ci il yanvarın 1-nə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 28,7 min nəfərdir. İşsizliyə görə orta müavinətin məbləği isə 289,2 manatdır. Əlbəttə, qlobal dünya böhranında inkişaf etmiş ölkələrdə yüz minlərlə iş yerinin ixtisara salınması, şirkətlərin və nəhəng korporasiyaların çökməsi fonunda bizim uğurlarımız sanballı görünür. Dünyanın aparıcı kredit reytinq agentliklərinin Azərbaycanın suveren reytinqlərini artırması, Davos Dünya İqtisadi Forumunun ölkəmizi iqtisadi sahədə rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görməsi, manatın ildən-ilə öz dəyərini artırması əsas makroiqtisadi göstəricilərimizdir. Azərbaycan Prezidenti İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında bu məsələyə də toxunmuşdur: “Bu statistik rəqəmlərə baxdıqda hər kəs görə bilər ki, biz nə qədər böyük yol keçmişik. Deyə bilərəm ki, heç kim bizə kömək etməmişdir. İndi dünyanın hətta inkişaf etmiş ölkələri xarici yardımdan bəhrələnmək istəyirlər. Xarici yardım olmadan o iqtisadiyyatlar çökür, defolt vəziyyətinə düşür. Qapı-qapı gəzirlər, yalvarırlar ki, onlara vəsait ayırsınlar. İndi yəqin ki, özlərini bir növ o qədər də rahat hiss etmirlər”.

Qlobal böhran, əslində, meqaiqtisadiyyatda baş verən qlobal yeniliklərdir. Bir sıra dövlətlərin iqtisadiyyatı çökür, digərlərininki isə dirçəlir. Bir regionda tənəzzül varsa, mütləq digərində intibah baş verir. Odur ki, belə vəziyyətdə dünyada gedən proseslərdən  düzgün nəticə çıxaran, qabaqlayıcı tədbirlər görməyi bacaran ağıllı, iradəli, müdrik liderə ehtiyac duyulur. Bu  mənada Azərbaycan xalqının bəxti  gətirmişdir.  Onun İlham Əliyev  kimi güclü iradəli,  müdrik lideri vardır. Məhz belə  güclü liderin qətiyyəti sayəsində Xəzər regionundan Avropaya qaz nəqlini təmin edəcək infrastrukturun yaradılması tezliklə gerçəkləşəcək və bu infrastruktur başqa ölkələr üçün də əlyetərli olacaqdır. “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi ilə bağlı əsas işlər cari ildə və yaxın üç ildə aparılacaq. “Şahdəniz” yatağından hasil edilən qaz ilk növbədə Avropa bazarına daxil olacaq. Yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qaz Cənubi Qafqaz qaz kəmərinin genişlənməsi, Transatlantik qaz kəmərinin (TANAP) və Transadriatik qaz kəmərinin (TAP) inşa edilməsi yolu ilə Türkiyəyə (ildə 6 milyard kubmetr), habelə İtaliya, Yunanıstan və Bolqarıstan bazarlarına (25 il müddətində hər il 10 milyard kubmetr) ixrac ediləcək.

Bu layihə üzrə son investisiya qərarı 2013-cü il dekabrın 17-də Bakıda qəbul edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev qeyd etmişdir ki, bu layihə Azərbaycana həm iqtisadi, həm də siyasi xarakterli böyük dividendlər gətirəcəkdir.

Avropa Komissiyasının sabiq prezidenti Joze Manuel Barrozunun sözləri ilə desək, “bu sazişin imzalanması bir daha təsdiq etdi ki, 2019-cu ilin sonundan başlayaraq Avropa bu layihə çərçivəsində ildə 10 milyard kubmetr qaz alacaq. Bu qərar Avropanın enerji təhlükəsizliyini daha da gücləndirməyə yol açan strateji addımdır. Avropanın enerji təchizatının şaxələndirilməsi yolunda bu mühüm mərhələ istehlakçılar və müəssisələrin rifahına xidmət edəcək”.

Ölkəmizdə iqtisadi inkişafla bağlı məsələlər uğurla icra edilir. Təsadüfi deyil ki, beynəlxalq maliyyə qurumları tərəfindən ölkəmizdə sosial-iqtisadi sahələrdə aparılan islahatlar çox yüksək qiymətləndirilir, respublikamızın kredit reytinqləri artırılır. İndiki böhranlı dövrdə inkişaf etmiş ölkələrin kredit reytinqləri azaldığı bir vaxtda Azərbaycanın kredit reytinqləri artmaqdadır.

Bu günlərdə  “Standard ənd Purz” (Standard & Poor’s) reytinq agentliyi Azərbaycanın beynəlxalq kredit reytinqini investisiya səviyyəsində “BBB” saxladığını  təsdiq etmişdir.

Aparıcı üç beynəlxalq kredit reytinq agentliyindən biri olan “Standard ənd Purz”un yayımladığı hesabatda reytinqin təsdiq edilməsi Azərbaycanın çox möhkəm fiskal və xarici mövqeyə (aktivlərə) sahib ölkə kimi xarici borc səviyyəsinin xeyli aşağı olması ilə əsaslandırılır. Agentliyin mətbuat üçün məlumatında qeyd olunur ki, dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsinə baxmayaraq, Azərbaycan növbəti illər ərzində də möhkəm xarici mövqeyini qoruyacaq. Karbohidrogen ehtiyatları satışının böyük payı olduğu cari əməliyyatlar (current account) hesabında azalma ehtimalı olsa da, o, nəticə etibarilə müsbət səviyyədə qalacaqdır.

Orta müddətdə neft hasilatının sabitləşməsi ərəfəsində “Cənub” qaz dəhlizi boru kəmərinin və “Şahdəniz-2" qaz yatağının işə salınması iqtisadi inkişafı və xarici valyuta gəlirlərinin artımını təmin edəcəkdir.

Eyni zamanda, reytinq üzrə proqnoz sabit səviyyədən mənfiyə endirilmişdir. Reytinq agentliyi bunu dünyada neftin qiymətlərinin kəskin enməsinin Azərbaycanın mövcud fiskal və xarici mövqeyinin qabaqlayıcı tədbirlər atmayacağı təqdirdə, mümkün zəifləməsinə gətirib çıxara biləcəyi ilə izah edir.

Bu gün Avropa və bir sıra digər ölkələrdə davam edən maliyyə və iqtisadi tənəzzül, habelə neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, “Standard ənd Purz” tərəfindən Azərbaycan Respublikasına əvvəllər daha münbit iqtisadi şəraitdə verilmiş investisiya səviyyəli “BBB”da saxlaması ölkə iqtisadiyyatının dayanıqlılıq potensialını nümayiş etdirir.

Eyni zamanda, Azərbaycan MDB məkanında “Standard ənd Purz”un investisiya kredit reytinqini qorumuş iki ölkədən biri olaraq qalır. Bundan başqa, ölkəmiz “Mudiz” (Moody’s) və “Fitç Reytinqz” (Fitch Ratings) beynəlxalq kredit reytinq agentliklərindən də investisiya səviyyəli kredit reytinqlərinə malikdir.

Son illər ölkəmizin iqtisadi inkişafında baş verən müsbət dəyişikliklər insanların yaşayış səviyyəsinə də təsirini göstərir.

Azərbaycan Prezidentinin 2011-ci il 15 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı” əhalinin məşğulluğu sahəsində dövlət siyasətinin ardıcıllığını təmin edərək, dövlət başçısının 2005-ci il 26 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)”in ikinci mərhələsinin reallaşdırılmasına yönəldilmişdir. Bu proqram işçi qüvvəsinə tələbatın stimullaşdırılmasını, səmərəli işgüzarlıq mühitinin formalaşmasını, struktur islahatlarının dərinləşdirilməsini, investisiya fəallığının daha da artırılmasını və insan kapitalının yüksək inkişaf səviyyəsinin təmin edilməsini nəzərdə tutur.

Adıçəkilən Dövlət Proqramı ilə qarşıya bir sıra vəzifələr də qoyulmuşdur. Proqramda makroiqtisadi siyasət və sahibkarlığın inkişafı sahəsində ölkədə makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi, inflyasiyanın məqbul səviyyədə saxlanması, yerli sənaye məhsullarının dünya bazarında rəqabət qabiliyyətinin yüksəldilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi, regional iqtisadi əlaqələrin genişləndirilməsi, neft ixracından əldə olunan gəlirlərin bir hissəsinin insan amilinin inkişafına istiqamətləndirilməsinin diqqət mərkəzində saxlanılması nəzərdə tutulur.

Son illərdə regionların, qeyri-neft sektorunun inkişafı məsələsi dövlət büdcəsinin formalaşdırılması prosesində də diqqət mərkəzində saxlanılır. Mütəxəssislərin fikrincə, dövlət əsaslı vəsait qoyuluşu xərclərinin artırılması hazırkı mərhələdə sosial tələbat kimi ortaya çıxmışdır. Belə ki, müasir tələblərə cavab verən infrastruktur yaratmadan sahibkarlığın, turizmin, qeyri-neft sektorunun inkişafından, mədəni-intellektual inkişafdan danışmaq qeyri-mümkündür. Dövlət investisiyaları hesabına əhəmiyyətli infrastruktur, kommunal və sosial obyektlərin inşası, yenidən qurulması da məhz qeyd olunan məqsədlərin gerçəkləşdirilməsi baxımından vacibdir.

Dünyanın inkişaf etmiş dövlətləri sırasında yer tutmağa çalışan ölkəmizdə Prezident İlham Əliyevin müəyyən etdiyi vəzifəyə uyğun olaraq müasir yanaşma və nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində bütün sahələrdə, o cümlədən əmək və əhalinin sosial müdafiəsi sahəsində uğurlu islahatlar aparılır.

Sahibkarlığın inkişafı istiqamətində dövlətin fiskal siyasəti, o cümlədən güzəştli kreditlərin verilməsi, investisiya fəaliyyətinin gücləndirilməsi, iqtisadi fəaliyyət iştirakçılarına sağlam rəqabət şəraitinin yaradılması, antiinhisar tədbirləri və digər iqtisadi münasibətlərin tənzimlənməsi uğurlu nəticələrini verir. Son 10 il ərzində ölkəmizdə 1 milyon 200 mindən artıq yeni iş yeri açılmışdır. Bu müddətdə Azərbaycanda işsizliyin səviyyəsi 10,6 faizdən 5 faizədək, yoxsulluğun səviyyəsi isə 44,7 faizdən 5,3 faizədək azalmışdır.

“Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”nın, digər sosial yönümlü dövlət proqramlarının uğurlu icrası sayəsində işsizlik səviyyəsinin nəzərəçarpacaq dərəcədə azaldılmasına, işsizlərin, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsinə nail olunmuşdur. Əmək bazarının təkmilləşdirilməsi, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşması və rəqabət qabiliyyətinin artırılması, iqtisadi fəallığın yüksəldilməsi üçün əlverişli şəraitin yaradılması, bütövlükdə insan kapitalının yüksək inkişaf səviyyəsinin təmin edilməsi istiqamətində aidiyyəti dövlət orqanları ilə birgə müvafiq tədbirlər həyata keçirilir. Tədbirlərin digər istiqaməti isə qeyri-qanuni məşğulluq hallarının aradan qaldırılması və əmək münasibətinin leqallaşdırılması, əmək haqlarının vergidən və sosial sığorta ödəmələrindən yayındırılması hallarının qarşısının alınması, eyni zamanda, işçi vətəndaşın gələcək sosial təminat hüququna malik olmasına əsas yaradılmasıdır.

Əsas fəaliyyət sahələrindən olan ünvanlı dövlət sosial yardımı proqramından hazırda 130 mindən artıq ailə faydalanır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrində aparılan islahatlar prosesində nüfuzlu beynəlxalq təşkilatlarla, xarici ölkələrin müvafiq dövlət qurumları ilə fəal əməkdaşlıqlar həyata keçirilir. Belə ki, dünyanın 20-dən artıq ölkəsinin, o cümlədən Almaniya, Avstriya, Niderland, İsveç, Türkiyə və digər ölkələrin aidiyyəti qurumları ilə ikitərəfli əlaqələr qurulmuşdur və əməkdaşlıq inkişaf etdirilir.

 

Ayaz ORUCOV,

Milli Məclisin deputatı,

iqtisad üzrə elmlər doktoru

 

(ardı var)

 

Xalq qəzeti.- 2015.- 14 fevral.- S.3.