2014-cü ildə ölkənin sosial-iqtisadi inkişafı

 

2014-cü ilə ölkə iqtisadiyyatının inamlı inkişafı davam etmiş, əhalinin rifah halının daha da yüksəlməsi, dövlət tərəfindən bütün sosial və iqtisadi öhdəliklərin tam yerinə yetirilməsi, infrastrukturun təkmilləşdirilməsi, yeni iş yerlərinin yaradılması sayəsində işsiz və yoxsul əhalinin sayının azalması, əmək haqlarının və pensiyaların artırılması və digər amillər onu deməyə əsas verir ki, ölkənin iqtisadi və sosial həyatında son illər müşahidə olunan dinamik inkişaf davamlı xarakter almış və bunun nəticəsidir ki, dünyanın aparıcı iqtisadi müzakirə mərkəzi olan Davos Dünya İqtisadi Forumu rəqabət qabiliyyətinə görə ölkəmizi 38-ci yerə layiq görmüşdür.

 

İlkin məlumatlara görə 2014-cü il ərzində ölkədə  59,0 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 2,8 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. ÜDM-in hər nəfərə düşən həcmi 6264,2 manat, yaxud   7985,9 ABŞ dolları təşkil etmiş və 2013-cü ilə nisbətən 1,5 faiz artmışdır.

Yola saldığımız ildə iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər 7,0 faiz artmış, onun ÜDM-də xüsusi çəkisi 61,0 faizədək yüksəlmişdir. Ümumi daxili məhsulun 39,0 faizi neft-qaz sektorunun payına düşmüş və əvvəlki ilə nisbətən 2,9 faiz azalmışdır.

Bu dövrdə sənayedə 24,5 milyard manatlıq, yaxud ümumi daxili məhsulun 41,5 faizi qədər, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 3,1 milyard manatlıq (müvafiq olaraq 5,3 faiz), tikintidə 7,4 milyard manatlıq (12,5 faiz) əlavə dəyər yaradılmışdır. ÜDM istehsalının 33,4 faizi xidmət sahələrinin, o cümlədən 7,9 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlərin, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatının, 2,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsinin, 1,8 faizi informasiya və rabitə xidmətlərinin, 17,0 faizi isə sosial və digər xidmət sahələrinin payına düşmüşdür.

2014-cü ildə ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 31,9 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. Sənayenin qeyri-neft bölməsində əvvəlki illə müqayisədə 6,9 faizlik artım müşahidə olunmuşdur. Sənaye məhsulunun 69,6 faizi mədənçıxarma, 24,0 faizi emal, 5,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində istehsal olunmuşdur.

Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 79,5 faizini təşkil etmiş, ümumi istehsalın 92,4 faizi sənaye mallarının (əmtəələrin) istehsalı, 7,6 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır.

 Mədənçıxarma bölməsində 22,2 milyard manatlıq məhsul istehsal olunmuş, sahənin əsas məhsulu olan xam neft hasilatı 41,9 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 18,7 milyard kubmetr təşkil etmişdir. Qaz hasilatı 4,9 faiz artmış, neft hasilatı isə 2,8 faiz azalmışdır.          Mədənçıxarma bölməsində fəaliyyət göstərən sahibkarlar tərəfindən 76,5 min ton bentonit, 415,9 min ton inşaat üçün əhəng daşı, 1,9 ton qızıl, 239 kq gümüş və s. istehsal edilmişdir.

Emal bölməsinin müəssisələri və fərdi sahibkarları (ev təsərrüfatlarının sənaye istehsalı da nəzərə alınmaqla) tərəfindən 7,6 milyard manat dəyərində və ya əvvəlki ilə nisbətən 2,2 faiz çox məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilmişdir.

Qida, içki və tütün məmulatlarının istehsalı müəssisələri tərəfindən 2,8 milyard manat həcmində məhsul istehsal edilmiş, əvvəlki illə müqayisədə qida məhsullarının istehsalında 2,0 faiz, içki istehsalında 10,1 faiz, tütün məmulatlarının istehsalında isə 1,7 dəfə artım müşahidə olunmuşdur. Əsas qida məhsullardan pendir və kəsmik istehsalı 1,4 faiz, duru bitki yağlarının istehsalı 3,7 faiz, marqarin 19,5 faiz, kərə yağı 6,5 faiz artmışdır.

Toxuculuq, geyim, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı müəssisələri tərəfindən 97,7 milyon manat həcmində məhsul istehsal edilmiş, əvvəlki illə müqayisədə geyim istehsalında 34,5 faiz, toxuculuq sənayesində 5,2 faiz artım, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalında isə 41,0 faiz azalma  müşahidə olunmuşdur. Əsas məhsullardan 13,4 min ton pambıq lifi, 11,4 min ton pambıq iplik, 0,5 min kvadratmetr xalça və xalça məmulatları, kişi və oğlanlar üçün 123,8 min ədəd trikotaj palto, gödəkçə və plaşlar, 632,0 min kvadrametr pambıq parçalar və s. məhsullar istehsal edilmişdir.

Neft məhsullarının istehsalı müəssisələrində istehsalın həcmi 6,1 faiz azalmışdır. Sürtkü yağlarının istehsalı 13,9 faiz, dizel yanacağının istehsalı 16,1 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı isə 75,5 faiz artmışdır. Bununla yanaşı, avtomobil benzininin istehsalı 14,2 faiz, ağ neftin istehsalı 0,9 faiz, yanacaq mazutunun istehsalı 27,4 faiz azalmışdır.

Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastmas məmulatların istehsalı müəssisələri tərəfindən 336,6 milyon manatlıq məhsul istehsal edilmişdir. Əvvəlki illə müqayisədə kimya sənayesində 28,9 faiz, əczaçılıq məhsullarının istehsalında 27,1 faiz artım, rezin və plastmas məmulatların istehsalında isə 30,3 faiz azalma müşahidə olunmuşdur. Əsas kimya məhsullarından  propilenin istehsalı 1,6 dəfə, azotun istehsalı 19,0 faiz və polietilenin istehsalı 32,8 faiz artmış, yuyucu maddələrin istehsalı 37,5 faiz, izopropil spirtinin istehsalı isə 23,5 faiz azalmışdır. Rezin və plastmas məmulatlarından liflə armaturlaşdırılmış sair bərk plastik boruların istehsalı 10,4 faiz artmış, bərk polietilen boruların istehsalı isə 34,9 faiz azalmışdır.

Tikinti materialları sənayesi müəssisələri tərəfindən istehsal edilmiş məhsulun həcmi 24,6 faiz artaraq 444,4 milyon manat təşkil etmiş, o cümlədən sement istehsalı 35,2 faiz, betondan yığma-tikinti konstruksiyaların istehsalı 22,1 faiz, hörmə üçün hazır beton qarışığı istehsalı 21,3 faiz, asfalt istehsalı 3,0 faiz artmışdır.

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı müəssisələrində 413,5 milyon manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmiş, istehsalın həcmi metallurgiya sənayesində 7,1 faiz, hazır metal məmulatlarının istehsalı sahəsində isə 4,0 faiz artmışdır. İl ərzində sahə üzrə 1,4 min ton çuqun tökmə, 324,1 min ton polad tökmə məhsulları, 35,9 min ton polad borular istehsal edilmişdir.

Kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahəsində məhsul istehsalının həcmi 225,6 milyon manat olmuşdur. Əvvəlki illə müqayisədə kompyuter və digər elektron avadanlıqlarının istehsalı 32,2 faiz azalmış, elektrik avadanlıqlarının istehsalı isə 12,4 faiz artmışdır. İl ərzində 166 ədəd güc transformatoru, 3,9 min ədəd məişət soyuducusu, 6,1 min ədəd televizor istehsal edilmişdir.

Maşın və avadanlıqların istehsalı, nəqliyyat vasitələri, avtomobil və qoşquların istehsalı sahəsində məhsul istehsalının həcmi 402,2 milyon manat olmuş, 284 ədəd yük avtomobili, 1,9 min ədəd minik avtomobili, 1265 ədəd traktor və s. məhsullar istehsal edilmişdir.    

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən il ərzində 1832,1 milyon manat həcmində məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. Əvvəlki illə müqayisədə sahədə 6,2 faizlik artım əldə olunmuşdur. Ölkədə 22,0 milyard kVt-saat və ya ötən illə müqayisədə 6,4 faiz çox elektrik enerjisi istehsal olunmuş, onun 5,6 faizi su elektrik stansiyalarının, 94,4 faizi isə istilik elektrik stansiyalarının payına düşmüşdür.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin müəssisələri tərəfindən istehsal edilmiş məhsulların həcmi 6,6 faiz artaraq 230,8 milyon manat təşkil etmişdir.

Ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün 2014-cü ildə bütün maliyyə mənbələrindən əsas vəsaitlərə 17615,8 milyon manat investisiya yönəldilmiş, onun 75,4 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki illə müqayisədə tikinti-quraşdırma işlərinə sərf edilmiş investisiyanın həcmi 11,8 faiz artmışdır. Məhsul istehsalı obyektlərinin inşasına 11255,2 milyon manat, xidmət sahələri üzrə obyektlərin tikintisinə 6360,6 milyon manat investisiya yönəldilmiş, ümumi sərmayənin 48,2 faizi dövlət, 51,8 faizi isə qeyri-dövlət müəssisələrinin payına düşmüşdür. Daxili mənbələrdən əsas vəsaitlərə yönəldilmiş investisiyanın həcmi ümumi sərmayənin 72,3 faizini təşkil etmiş, onun 63,4 faizi dövlət bölməsinin payına düşmüşdür.

Əsas vəsaitlərə yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 9654,0 milyon manat, bank kreditləri 540,9 milyon manat, büdcə vəsaitləri 6452,2 milyon manat, büdcədənkənar fondların vəsaitləri 324,6 milyon manat, əhalinin şəxsi vəsaitləri 566,9 milyon manat, sair vəsaitlər 77,2 milyon manat təşkil etmişdir.

2014-cü ildə əsas vəsaitlərə yönəldilmiş ümumi investisiyanın 41,4 faizi sənaye sahələrinin inkişafına, 20,8 faizi tikintiyə, 7,4 faizi istirahət, əyləncə və incəsənətə, hər birində 7,0 faiz olmaqla nəqliyyat və anbar təsərrüfatına,  dövlət idarəetməsinə, 4,9 faizi ticarətə, 2,8 faizi təhsilə, 2,3 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsinə, 2,1 faizi səhiyyəyə, 1,7 faizi kənd təsərrüfatına, 1,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşəyə, 0,8 faizi informasiya və rabitəyə, 0,3 faizi digər sahələrdə xidmətlərin göstərilməsinə, 0,2 faizi peşə, elmi və texniki fəaliyyətə, hər birində 0,1 faiz olmaqla maliyyə və sığorta fəaliyyətinə, daşınmaz əmlakla əlaqədar əməliyyatlara sərf edilmişdir.

2014-cü ildə neft bölməsinə 5964,2 milyon manat həcmində investisiya yönəldilmişdir. Qeyri-neft bölməsinin inkişafına sərf edilmiş investisiyanın həcmi 11651,6 milyon manat təşkil etmiş, o cümlədən 1325,7 milyon manat qeyri-neft sənaye bölməsinin inkişafında istifadə edilmişdir. Qeyri-neft bölməsinə yönəldilmiş investisiyanın 63,8 faizi dövlət müəssisə və təşkilatlarının payına düşmüşdür.

2014-cü ildə xarici mənbələrdən əsas vəsaitlərə 4880,4 milyon manat investisiya yönəldilmişdir.

Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas vəsaitlərə yönəldilmiş investisiyanın 4484,2  milyon manatı (91,9 faizi) Böyük Britaniya, Norveç, Türkiyə, ABŞ, Fransa, İran, Rusiya və Yaponiya sərmayədarlarına məxsus olmuşdur.

Ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə malik olan yeni tikili və obyektlərin istifadəyə verilməsi davam etmişdir.

2014-cü ildə Bakı şəhərində “Norm” sement zavodu, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yeni Gəmi inşası zavodu, Asfalt zavodu, Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni Aerovağzal Kompleksi, Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalı, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binaları, Respublika İdman, Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun binası, Suraxanı Günəş Elektrik Stansiyası, Sağlamlıq Mərkəzi, Milli Gimnastika Kompleksi, müxtəlif səviyyəli yol qovşaqları, Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2" Su Elektrik Stansiyası, Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi, Gənclər Mərkəzi, Sumqayıt şəhərində Azərbaycan kağız və karton istehsalat kombinatı, Yağ fabriki, Mis emalı zavodu, Gəncə şəhərində Metaltökmə və fasiləsiz yayma zavodu, Təzyiqlə emal və boyama  zavodu, Şirvan şəhərində  Kür çayı üzərində körpü, Naftalan şəhərində ”Qarabağ SPA and Resort" Otel Kompleksi, Abşeron rayonunda Şahmat və Musiqi məktəbləri, Stadion, Ağdaş rayonunda Yem zavodu və Meyvə emalı zavodu, “Ağdaş” Elektrik yarımstansiyası, Beyləqan rayonunda  Şahmat məktəbi, Şəhər stadionu, Birinci Şahsevən - Əhmədli - Dünyamalılar kəndlərarası avtomobil yolu, Daşkəsən rayonunda Avtovağzal Kompleksi, Füzuli rayonunda Tikiş fabriki, Əhmədalılar - Mollaməhərrəmli - Arayatlı - Babı  kəndlərarası avtomobil yolu, Goranboy rayonunda Goranboy-Yuxarı Ağcakənd avtomobil yolu, Göygöl rayonunda Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, İmişli rayonunda  Hacıqabul - Bəhrəmtəpə avtomobil yolunun Bulaqlı-Bəhrəmtəpə hissəsi, İsmayıllı rayonunda Çörək istehsalı zavodu, Qəbələ rayonunda “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi, “Qafqaz Yengicə Termal Hotel və SPA” otel kompleksi, Lənkəran rayonunda Çörək istehsalı zavodu, Şamaxı rayonunda “Şamaxı Palace Platinum By Rixos” oteli, Şəmkir rayonunda Çörək zavodu, Şəmkirçay üzərində  Su anbarı və Su Elektrik Stansiyası, bütün maliyyə mənbələri hesabına ölkədə ümumi sahəsi 1978,3 min kvadratmetr olan yeni yaşayış evləri, 280 çarpayılıq xəstəxanalar, növbədə 251 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisələri, 29230 şagird yerlik ümumtəhsil məktəbləri, 1332 yerlik məktəbəqədər təhsil müəssisələri, 294 yerlik klub və s. obyektlər istifadəyə verilmişdir.

İlkin məlumatlara görə, 2014-cü il ərzində iqtisadiyyatın inkişafına, müxtəlif sosial və infrastruktur layihələrinin həyata keçirilməsinə 21,8 milyard manat (27,7 milyard ABŞ dolları) həcmində investisiya yönəldilmişdir. İnvestisiyaların 58,5 faizi daxili mənbələr hesabına maliyyələşdirilmiş, 41,5 faizi isə xaricdən cəlb edilmişdir.

Bu dövr ərzində istifadə olunmuş investisiya vəsaitlərinin 6,5 milyard manatı (8,2 milyard ABŞ dolları) neft-qaz sektorunun inkişafına, 15,3 milyard manatı (19.5 milyard ABŞ dolları) iqtisadiyyatın qeyri-neft sahələrinin və maliyyə bazarının inkişaf etdirilməsinə yönəldilmişdir.

Əvvəlki illə müqayisədə ölkədə ümumi investisiya qoyuluşlarının həcmi  1,4 faiz artmışdır. Son 10 ildə ölkə iqtisadiyyatına bütün mənbələrdən 176,8 milyard dollar investisiya qoyulmuş və qeyri-neft sektoruna yönəldilən sərmayələr 30,8 faiz artmışdır.

2014-cü ildə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 5225,8 milyon manat təşkil etmişdir. Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq kənd təsərrüfatı məhsulu 2013-cü ilə nisbətən 2,6 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə  8,3 faiz azalmış, heyvandarlıq məhsulları üzrə isə 3,0 faiz artım müşahidə olunmuşdur.

Bitkiçilik. İlkin məlumatlara görə 2014-cü ildə 955,1 min hektar payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin sahəsi (qarğıdalısız) biçilib döyülmüş və hər hektardan orta hesabla 22,8 sentner olmaqla 2179,7 min ton məhsul götürülmüşdür. Bundan başqa, hesabat dövründə 37,6 min hektar qarğıdalı sahəsindən qıçaları quru dənə çevirməklə 203,6 min ton məhsul toplanmış, hər hektardan orta hesabla  54,2 sentner  qarğıdalı dəni götürülmüşdür. Qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə 992,7 min hektar dənli və dənli paxlalı bitki sahələrindən ilkin çəkidə 2383,3 min ton taxıl məhsulu toplanmış, orta məhsuldarlıq 24,0 sentner olmuşdur.

Dənli və dənli paxlalıların tərkibində payızlıq və yazlıq buğda əsas yer tutur. İstehsal olunmuş taxıl məhsulunun 60,8 faizini (1449,1 min ton) buğda, 8,5 faizini (203,6 min ton) qarğıdalı təşkil etmişdir.

2014-cü ildə 41,0 min ton xam pambıq, 20,3 min ton dən üçün günəbaxan və 2,9 min ton tütün istehsal edilmişdir.

Ölkədə ötən il 5706 hektar sahədə emal üçün şəkər çuğundurunun əkini aparılmış, 5606 hektardan 175,1 min ton məhsul götürülmüşdür.

Sahələrdən 819,3 min ton kartof, 1187,7 min ton tərəvəz, 440,9 min ton bostan məhsulları toplanmışdır. 2013-cü ilə nisbətən kartof istehsalı 17,5 faiz, tərəvəz istehsalı 3,9 faiz azalmış, bostan məhsullarının istehsalı isə 2,6 faiz artmışdır. Hektarın orta məhsuldarlığı kartof üzrə 133 sentner, tərəvəz üzrə 152 sentner, bostan məhsulları üzrə isə 157 sentner olmuşdur.

2014-cü ildə 849,9 min ton meyvə və giləmeyvə, 147,7 min ton üzüm və 474,2 ton yaşıl çay yarpağı məhsulu toplanmışdır.

Heyvandarlıq. Heyvandarlıq kənd təsərrüfatının vacib sahələrindən biridir və son illərdə dövlətin dəstəyi ilə ölkəyə cins mal-qaranın gətirilməsi və təsərrüfatlarda süni mayalanmaya üstünlük verilməsi nəticəsində mal-qaranın baş sayının sabitləşdirilməsinə səbəb olmaqla yanaşı, məhsul istehsalına da öz müsbət təsirini göstərmişdir. Belə ki, 2014-cü ildə diri çəkidə 505,5 min ton ət, 1855,8 min ton süd, 1562,7 milyon ədəd yumurta və 16,8 min ton yun istehsal edilmişdir. Ət istehsalı 2013-cü illə müqayisədə 8,3 min ton və ya 1,7 faiz, süd istehsalı 59,1 min ton və ya 3,3 faiz, yumurta istehsalı 161,3 milyon ədəd və ya 11,5 faiz, yun istehsalı isə 263 ton və ya 1,6 faiz artmışdır.

İlkin məlumatlara görə 2015-ci il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 2706,9 min baş iribuynuzlu mal-qara, o cümlədən 1303,5 min baş inək və camış, 8686,7 min baş qoyun və keçi mövcud olmuşdur. Son bir ildə iribuynuzlu mal-qaranın sayı 3,6 min baş (0,1 faiz), o cümlədən inək və camışların sayı 2,0 min baş (0,2 faiz), qoyun və keçilərin sayı 56,1 min baş (0,7 faiz) artmışdır. Qaramal naxırının 48,2 faizini inək və camışlar təşkil etmişdir.

Ötən il quşçuluq fabriklərində diri çəkidə  85,3 min ton (keçən il 73,3 min ton) quş əti, 703,3 milyon ədəd (keçən il 561,0 milyon ədəd) yumurta istehsal olunmuşdur. Ümumilikdə fabriklər üzrə cəmi quşların sayı 41,1 faiz artaraq 11,6 milyonu keçmiş, hər toyuqdan orta hesabla 227 ədəd yumurta alınmışdır.

Ölkə iqtisadiyyatının əsas infrastrukturlarından biri olan nəqliyyat sektoru da dayanıqlı inkişaf edir. Əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də nəqliyyat sektoruna investisiyaların yönəldilməsi, dəmir yolunun, hava nəqliyyatının yenilənməsi, yeni avtomobil yollarının çəkilişi, yenidənqurulması, iri layihələrin icrası sahənin inkişafına öz müsbət təsirini göstərmişdir.

Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 2014-cü ildə  222,0  milyon ton yük daşınmış və 1,9 faiz artmışdır. Qeyri-neft yüklərinin həcmi 3,4 faiz artaraq 159,0 milyon tona çatmışdır. Nəqliyyat vasitələri ilə daşınmış yüklərin 58,0 faizi avtonəqliyyat, 27,7 faizi boru kəməri, 9,8 faizi dəmir yolu, 4,5 faizi dəniz nəqliyyatı vasitələri ilə həyata keçirilmişdir.

Qeyri-dövlət bölməsində yük daşınması 3,5 faiz artmış, bu bölməyə məxsus nəqliyyat vasitələri ilə yük daşınmasının payı nəqliyyat sektorunda 76,4 faiz təşkil etmişdir.

İl ərzində nəqliyyatçılar 1,8 milyard nəfərə və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz çox sərnişinə xidmət göstərmişdir. Sərnişinlərin 88,0 faizi avtomobil, 11,8 faizi metro nəqliyyatının xidmətlərindən istifadə etmişdir.

Dəmir yolu nəqliyyatı ilə yük daşınması cari ildə  21,8 milyon ton olmuşdur. Orta hesabla sutkada 592 vaqon yüklənmiş, 608 vaqon boşaldılmışdır.

Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 22,0 min ton, Qərb istiqaməti üzrə 6,8 min ton və Cənub istiqaməti üzrə 5,4 min ton yüklənmə işi yerinə yetirilmişdir.

Dəniz nəqliyyatında daşınmış yüklərin həcmi 9,9 milyon ton təşkil etmişdir. Yüklərin 56,1 faizini neft yükləri, 43,9 faizini isə quru yüklər təşkil etmiş və bütün daşımalar xarici əlaqə üzrə həyata keçirilmişdir. Dəniz limanlarında 12,0 milyon ton yükləmə-boşaltma işləri həyata keçirilmişdir. İşlənmiş yüklərin 86,9 faizini beynəlxalq tranzit yüklər təşkil etmişdir. 2015-ci ilin yanvar ayının 1-i vəziyyətinə limanlarda göndərilmək üçün 167,8 min ton idxal yüklərin qalığı olmuşdur.

Nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik olan avtomobil nəqliyyatı ilə 128,6 milyon ton yük, 1,6 milyard sərnişin daşınmış və əvvəlki  ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,7 faiz və 4,8 faiz artım qeydə alınmışdır. Sərnişinlərin 96,3 faizi avtobus, 3,7 faizi isə minik taksilərinin xidmətlərindən istifadə etmişlər. Yük dövriyyəsi 2,8 faiz, sərnişin dövriyyəsi isə 5,1 faiz artmışdır.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 4,3 faiz artaraq 215,5 milyon nəfər olmuşdur.

Hava nəqliyyatı ilə 1,8 mlyon və ya 7,6 faiz çox sərnişin daşınmış, daşınmanın 99,6 faizi dövlət, 0,4 faizi isə özəl müəssisələrə məxsus hava gəmiləri ilə həyata keçirilmişdir.

Bu nəqliyyat növü ilə daşınmış yüklərin həcmi 123,8 min tona çatmışdır.

Magistral neft kəmərləri ilə 45,8 milyon ton neft nəql edilmiş və 5,1 faiz artım müşahidə olunmuşdur. Nəqletmənin dörddə üç hissəsi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilmiş və il ərzində bu kəmər vasitəsilə 34,6 milyon ton neft ötürülmüşdür. Gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 5,6 milyon ton tranzit Türkmənistan nefti nəql edilmişdir.

Magistral qaz kəmərləri ilə 21,9 milyard kub-metr və ya 9,4 faiz çox qaz nəql edilmişdir. Nəql edilmiş qazın 29,9 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilmiş və 6,5 milyard kub-metr qaz ötürülmüşdür.

“İpək yolu” nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 58,2 milyon ton yük, 307,3 milyon nəfər və ya 7,8 faiz çox sərnişin daşınmışdır. Yüklərin 29,0 milyon tonu və ya 49,8 faizi avtomobil nəqliyyatı, 19,9 milyon tonu və ya 34,2 faizi dəmir yolu nəqliyyatı, 9,3 milyon tonu və ya 16,0 faizi dəniz nəqliyyatı ilə daşınmışdır.

Yük daşımaları fəaliyyətindən 531,0 milyon manat, sərnişin daşınmasından isə 120,4 milyon manat gəlir əldə olunmuş və müvafiq olaraq 11,5 faiz və 13,1 faiz artmışdır.

İnformasiya və rabitə sektoru öz inkişaf sürətinə görə iqtisadiyyatın digər sahələrini qabaqlamışdır. İnformasiya və rabitə sektorunda 2014-cü ildə təsərrüfat subyektlərinə və əhaliyə 1,6 milyard manatlıq və ya 15,1 faiz çox xidmət göstərilmişdir. Əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,5 faiz təşkil etmişdir.

Xidmətlərdən əldə olunmuş gəlirlərin 56,5 faizi mobil telefon rabitəsindən yaranmış və 2013-cü illə müqayisədə bu xidmətlərin həcmi 6,8 faiz artaraq 914,6 milyon manat təşkil etmişdir.

2014-cü ildə əmtəə bazarının dinamik inkişafı davam etmiş, əhaliyə  22,0 milyard manatlıq istehlak malları satılmış və 10,0 faiz artmışdır.

İstehlak bazarından alınmış məhsulların 50,1 faizini ərzaq məhsulları, 49,9 faizini qeyri-ərzaq malları təşkil etmiş, ərzaq məhsullarının satışı 3,9 faiz, qeyri-ərzaq mallarının satışı isə 16,2 faiz artmışdır. İstehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədikləri vəsaitin 48,4 faizi qida məhsulları və içkilərin, 1,7 faizi tütün məmulatlarının, 18,7 faizi toxuculuq malları, geyim və ayaqqabının, 4,7 faizi elektrik malları və mebelin, 0,6 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və digər məmulatların, 1,4 faizi əczaçılıq və tibb mallarının, 7,1 faizi avtomobil yanacaqlarının, 17,4 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına  sərf olunmuşdur.

2014-cü il ərzində əhalinin  alıcılıq qabiliyyətinin yüksəlməsi müşahidə olunmuş,  ölkənin hər bir sakini ticarət şəbəkəsindən orta hesabla 2336,8 manatlıq və ya 2013-cü illə müqayisədə 222,5 manat çox müxtəlif istehlak malları almışdır.

Əmtəə dövriyyəsinin ümumi həcmində qeyri-ərzaq mallarının xüsusi çəkisi artaraq 2013-cü illə müqayisədə 46,6 faizdən 49,9 faizədək yüksəlmişdir. Pərakəndə şəbəkədə satılmış qeyri-ərzaq mallarının həcmi 16,2 faiz artaraq 11,0 milyard manata çatmış, əmtəə dövriyyəsi üzrə real artımın 78,4 faizi qeyri-ərzaq mallarının satışı hesabına təmin edilmişdir. Qida məhsulları, içkilər və tütün məmulatları üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 2013-cü ilin səviyyəsini 3,9 faiz üstələmişdir.

Hər bir istehlakçı fərdi istehlak məqsədi ilə pərakəndə ticarət müəssisələrində orta hesabla ayda 97,5 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 97,2 manatlıq qeyri-ərzaq malları almışdır. 2013-cü ilin müvafiq göstəricisi ilə müqayisədə istehlakçılar tərəfindən qeyri-ərzaq mallarının alınmasına 15,2 manat daha çox vəsait xərcləndiyi halda, qida məhsulları, içkilər və tütün məmulatları üzrə bu məbləğ 3,3 manata bərabər olmuşdur.

2014-cü ildə elektron ticarət şəbəkəsində istehlakçılara 6,4 milyon manatlıq və ya 2,4 dəfə çox istehlak malları satılmışdır. Elektron ticarət dövriyyəsinin 94,6 faizini  təşkil  edən  qeyri-ərzaq mallarının  satışı əvvəlki ilin  səviyyəsini  2,5 dəfə üstələyərək 6,1 milyon manata bərabər olmuşdur.

Elektron ticarəti üzrə istehlak mallarının satışının 91,3 faizi hüquqi şəxslərin, 8,7 faizi isə fərdi sahibkarların ticarət subyektləri tərəfindən həyata keçirilmişdir.

İctimai iaşə dövriyyəsinin həcmi 2013-cü illə müqayisədə 18,2 faiz artaraq 956,0 milyon manat olmuşdur.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 46,1 faizi hüquqi şəxs statuslu müəssisələrin, 53,9 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyənin həcmi 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 15,2 faiz artaraq 433,6 milyon manat təşkil etmişdir.

Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2013-cü illə müqayisədə 7,2 faiz artaraq 7,0 milyard manat olmuşdur. Artımın 59,2 faizi hüquqi şəxslərdə yaranmış və bu müəssisələrdə əhaliyə 5,2 milyard manatlıq və ya 5,7 faiz çox pullu xidmətlər göstərilmişdir.  Hesabat dövründə hər bir ölkə sakini hər ay orta hesabla 62,1 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 manat çox müxtəlif pullu xidmətlərdən istifadə etmişdir.

2014-cü ildə Azərbaycan Respublikasının rezidentləri dünyanın 150 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 110 ölkəyə əmtəə ixrac olunmuş, 137 ölkədən idxal olunmuşdur.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən 2014-cü ildə xarici ölkələrlə 31,0 milyard ABŞ dolları məbləğində ticarət, o cümlədən 21,8 milyard dollarlıq ixrac 9,2 milyard dollarlıq idxal əməliyyatları aparılmış, 12,6 milyard dollarlıq müsbət saldo yaranmışdır. 2013-cü ilə nisbətən əmtəə mübadiləsinin dəyəri müqayisəli qiymətlərlə 5,9 faiz, o cümlədən ixracın həcmi 2,0 faiz, idxalın həcmi isə 14,6 faiz azalmışdır.

Xarici ticarət dövriyyəsinin beşdə dörd hissəsindən çoxu (84,8 faizi) İtaliya, Almaniya, İndoneziya, Rusiya, İsrail, Türkiyə, Fransa, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Tailand, İspaniya, Hindistan, Çin, Çexiya, Gürcüstan, Portuqaliya, Ukrayna, Tayvan, Avstriya və Tunis dövlətlərinin hesabına formalaşmışdır.

Ölkəmizə idxal olunmuş malların ümumi həcminin 14,3 faizi Rusiyanın, 14,0 faizi Türkiyənin, 10,6 faizi Böyük Britaniyanın, 7,7 faizi Almaniyanın, 7,6 faizi Çinin, 6,1 faizi Amerika Birləşmiş Ştatlarının, 4,6 faizi Ukraynanın, 3,0 faizi  İtaliyanın, 2,6 faizi Yaponiyanın, hər birində 2,4 faiz olmaqla Braziliya və Qazaxıstanın, 2,1 faizi Niderlandın, 2,0 faizi Koreyanın, 1,7 faizi Fransanın, 1,6 faizi İranın, 1,1 faizi Belçikanın, 16,2 faizi isə digər ölkələrin payına düşür.

İxrac  olunmuş  malların 22,0 faizi İtaliyaya, 9,2 faizi  İndoneziyaya, 8,8 faizi Almaniyaya, 8,1 faizi İsrailə, 7,0 faizi Fransaya, 3,8 faizi Tailanda, hər birində 3,6 faiz olmaqla İspaniya və Hindistana, 3,4 faizi Amerika Birləşmiş Ştatlarına, 2,9 faizi Rusiyaya, 2,7 faizi Çexiyaya, 2,5 faizi Portuqaliyaya, 2,4 faizi  Gürcüstana, 2,3 faizi Türkiyəyə, 2,0 faizi Tayvana, 1,9 faizi Tunisə, 1,6 faizi Avstriyaya, 1,4 faizi Xorvatiyaya, 1,3 faizi Əfqanıstana, qalan 9,5 faizi isə digər ölkələrə göndərilmişdir.    İxrac olunmuş, lakin 2014-cü ildə məlumatları rəsmiləşdirilməyən  xam neft və təbii qazın həcmi də nəzərə alınmaqla, statistik məlumatlara əsasən xarici ticarət dövriyyəsinin həcmi 39,5 milyard ABŞ dollarına bərabər olmuş və 2013-cü illə müqayisədə 4,2 faiz azalmışdır. Əmtəə dövriyyəsinin ümumi həcminin 76,7 faizini, yaxud 30,3 milyard dollarını ölkədən ixrac olunmuş mallar təşkil etmişdir. Xarici ticarət dövriyyəsinin 36,5 milyard dolları, yaxud 92,6 faizi, o cümlədən ixracın 29,4 milyard dolları (97,2 faizi) MDB üzvü dövlətləri istisna olmaqla digər dövlətlərin payına düşmüşdür. Bu ölkələrlə ticarət dövriyyəsi 2,0 faiz azalmış, ixrac olunan malların həcmi isə 1,0 faiz artmışdır. Qeyri-neft məhsullarının ixracı 2014-cü ildə 1,7 milyard dollar olmuşdur.

2014-2018-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafının üçüncü Dövlət Proqramının birinci ildəki icrası nəticəsində ölkədə 127,3 min yeni, o cümlədən 105,1 min daimi iş yeri açılmışdır. Ümumilikdə isə 2003-2014-cü illər ərzində  1364,6  min, o cümlədən 1010,9 min daimi iş yerləri yaradılmışdır ki, bu da işsizlik və yoxsulluq səviyyəsinin aşağı salınmasını şərtləndirən əsas amillərdən biridir. Belə ki, işsiz əhalinin sayı 0,1 faiz bəndi azalaraq 4,9 faizə, yoxsul əhalinin sayı isə 0,3 faiz bəndi azalaraq 5,0 faizə enmişdir.

2014-cü ildə dövlət büdcəsinin gəlirləri 18,4 milyard manat, xərcləri  18,7 milyard manat olmuş, büdcənin icrasında yaranmış 298,8 milyon manatlıq kəsir ümumi daxili məhsulun 0,5 faizini təşkil etmişdir.

Büdcə gəlirlərinin 7,1 milyard manatı (38,9 faizi) Vergilər Nazirliyi, 1,5 milyard manatı (8,0 faizi) Dövlət Gömrük Komitəsi tərəfindən daxil edilmiş, 9,8 milyard manatı  (53,1 faizi) digər mənbələr hesabına təmin olunmuşdur.

Büdcə vəsaitlərinin 7,6 milyard manatı (40,6 faizi) iqtisadiyyatın inkişaf etdirilməsinə, 2,0 milyard manatı (10,5 faizi) əhalinin sosial müdafiəsi və sosial təminatına, 1,6 milyard manatı (8,3 faizi) təhsilin, 665,3 milyon manatı (3,6 faizi) isə səhiyyənin maliyyələşdirilməsinə xərclənmişdir.

2015-ci il yanvarın 1-i vəziyyətinə ölkənin bank-kredit təşkilatları tərəfindən 18,5 milyard manat həcmində və ya il ərzində 20,2 faiz çox kreditlər verilmişdir. Qüvvədə olan kreditlərin 33,1 faizi dövlət, 64,0 faizi özəl banklar, 2,9 faizi bank olmayan kredit təşkilatlarının payına düşmüşdür. Ümumi kredit portfelinin 78,8 faizini uzunmüddətli kreditlər təşkil etmiş, 5,3 faizinin ödənilmə vaxtı keçmişdir.

2015-ci il yanvarın 1-nə əhalinin banklardakı əmanətlərinin həcmi 12,4 faiz artaraq 7,2 milyard manata çatmışdır. Əmanətlərin 4,4 milyard manatı və ya 61,5 faizi milli, 2,8 milyard manatı xarici valyuta şəklində qoyulmuş və əvvəlki ildəkinə nisbətən müvafiq olaraq 13,7 və 10,3 faiz artmışdır.

2014-cü ildə istehlak mallarının qiymətləri və xidmət tarifləri 2013-cü ilə nisbətən 1,4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,0 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,2 faiz, pullu xidmətlərin qiymət və tarifləri isə 0,3 faiz bahalaşmışdır.

Ərzaq məhsullarından “Meyvələr” qrupu məhsullarının qiymətləri 2,2 faiz, “Tərəvəzlər” qrupu məhsullarının qiymətləri 5,7 faiz ucuzlaşmış, “Çörək məmulatları və yarmalar” qrupu məhsullarının qiymətləri 0,9 faiz, “Ət məhsulları” qrupu 0,3 faiz, “Balıq məhsulları” qrupu 14,2 faiz, “Süd məhsulları, pendir və yumurta” qrupu 1,5 faiz, “Yağ və piylər” qrupu 2,6 faiz, “Qənd, cem, bal, şokolad və konfetlər” qrupu 0,1 faiz, “Qəhvə, çay və kakao” qrupu 2,3 faiz, “Mineral sular, sərinləşdirici içkilər və şirələr" qrupu 0,8 faiz, “Spirtli içkilər” qrupu 0,6 faiz, “Tütün məmulatları” qrupu məhsullarının qiymətləri isə 13,6 faiz bahalaşmışdır.

Qeyri-ərzaq mallarından “Parçalar” qrupu mallarının qiymətləri 0,3 faiz, “İri alət və avadanlıqlar” qrupu 2,0 faiz, “Minik avtomobilləri” qrupu 2,7 faiz, “Telefon aparatları” qrupu 2,1 faiz, “Fotoqrafiya, kinematoqrafiya avadanlıqları və optik cihazlar” qrupu 1,3 faiz, “Səs və təsvir yazılışı üçün daşıyıcılar” qrupu 2,3 faiz, “Zərgərlik məmulatları” qrupu mallarının qiymətləri 1,3 faiz ucuzlaşmış, “Geyim” qrupu 0,8 faiz, “Ayaqqabı” qrupu 0,2 faiz, “İnşaat materialları” qrupu 0,9 faiz, “Duru yanacaq” qrupu 11,1 faiz, “Mebel və ev əşyaları” qrupu 1,1 faiz, “Xalça və digər döşəmə örtükləri” qrupu 0,9 faiz, “Məişət cihazları” qrupu 0,3 faiz, “Kiçik alət və avadanlıqlar” qrupu 0,2 faiz, “Şüşə məmulatları, yemək qabları və əşyaları” qrupu 1,4 faiz, “Dərmanlar” qrupu 0,1 faiz, “Minik avtomobilləri üçün ehtiyat hissələri” qrupu 0,3 faiz, “Oyuncaqlar” qrupu 0,2 faiz, “Yanacaq və sürtkü materialları” qrupu mallarının qiymətləri isə 29,8 faiz bahalaşmışdır.

2014-cü ildə “Kompleks istirahətin təşkili” qrupu 2,2 faiz, “Dəniz və çay sərnişindaşıma nəqliyyatı” tarifləri 11,5 faiz, “Telefon rabitəsi xidmətləri” qrupu tarifləri 13,2 faiz ucuzlaşmış, “Paltarların təmizlənməsi, təmiri və kirayəsi” qrupu 2,0 faiz, “Ayaqqabıların təmiri” qrupu 0,7 faiz, “Məişət cihazlarının təmiri” qrupu 1,1 faiz, “Tibbi xidmət” qrupu 2,2 faiz, “Mehmanxana xidməti” qrupu 2,2 faiz,  “Dəmiryol sərnişindaşıma nəqliyyatı” qrupu 7,3 faiz,  “Ali təhsil” qrupu 4,8 faiz, “Hava sərnişindaşıma nəqliyyatı” qrupu 8,8 faiz, “Restoranlar və kafelər” qrupu 1,1 faiz, “Bərbərxana və kosmetik xidmətlər” qrupu tarifləri isə 1,8 faiz bahalaşmışdır.

2014-cü il ərzində Statistik vahidlərin Dövlət registrində müəssisə və təşkilatların sayı 9,9 faiz artaraq, 2015-ci il yanvarın 1-i vəziyyətinə 94563 vahid olmuşdur.

Artım əsasən fəaliyyət növlərinin “Digər sahələrdə xidmətlərin göstərilməsi”, “Daşınmaz əmlakla əlaqədar əməliyyatlar”, “Peşə, elmi və texniki fəaliyyət”, “İnformasiya və rabitə” bölmələrində daha nəzərəçarpacaq dərəcədə olmuşdur.

“Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Digər sahələrdə xidmətlərin göstərilməsi”, “Tikinti”, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” və “Peşə, elmi və texniki fəaliyyət” bölmələrində müəssisə və təşkilatların Dövlət registrindəki xüsusi çəkisi daha yüksək olmuşdur.

Xüsusi mülkiyyətə aid olan müəssisə və təşkilatların əsas hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (29,2%), “Digər sahələrdə xidmətlərin göstərilməsi” (18,0%), Tikinti" (11,8%), “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” (10,6%), “Peşə, elmi və texniki fəaliyyət” (6,5%) və “Emal sənayesi” (6,4%) bölmələrinin payına düşür.

Statistik vahidlərin Dövlət registrində qeydiyyatdan keçmiş tam xarici investisiyalı və birgə müəssisələr əsasən Türkiyə (30,4%), Böyük Britaniya (8,6%), Rusiya (6,5%), İran (5,1%), ABŞ (3,7%), Almaniya (1,9%) və digər ölkələrin (43,7%) sahibkarları tərəfindən yaradılmışdır.

2015-ci il yanvarın 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 519 mindən çox olmuşdur.

Fərdi sahibkarların çox hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (36,8%), “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” (16,2%), “Nəqliyyat və anbar təsərrüfatı” (13,5%) və “Digər sahələrdə xidmətlərin göstərilməsi” (13,3%) bölmələrində qeydiyyatdan keçmişdir.

Sahibkarlıqla məşğul olan fərdi sahibkarların 81,0 faizini kişilər, 19,0 faizini isə qadınlar təşkil etmişdir. Qadınlar “Ticarət; nəqliyyat vasitələrinin təmiri” fəaliyyəti sahəsində fərdi sahibkarların 39,6 faizini, “Digər sahələrdə xidmətlərin göstərilməsi”ndə 20,2 faizini, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”da 17,7 faizini təşkil edir.

2014-cü ildə  əhalinin gəlirləri əvvəlki ilə nisbətən 4,8 faiz artaraq 39,4 milyard manata çatmış, onun hər nəfərə düşən həcmi 4180,5 manat və ya ayda orta hesabla 348,4 manat təşkil etmişdir. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 2,1 faiz bəndi üstələyərək 3,5 faiz olmuşdur.

Bu dövr ərzində gəlirlərin 68,8 faizi son istehlaka, 8,7 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 2,5 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 20,0 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilmişdir.

Əhalinin sərəncamında qalan 35,9 milyard manatlıq gəlir əvvəlki ildəki ilə müqayisədə 5,1 faiz çox olmuşdur.

2014-cü ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilə nisbətən 4,5 faiz artaraq  444,3 manat, neft sektorunda 1759,6 manat, qeyri-neft sektorunda 411,3 manat, dövlət bölməsində  357,2 manat, özəl bölmədə 570,5 manat təşkil etmişdir.

 Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əmək haqqı daha yüksək olmuşdur.

2014-cü ildə də əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ölkədə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri olmuşdur.

2006-cı il yanvar ayının 1-dən tətbiq edilən sığorta-pensiya sistemi əmək pensiyalarının baza hissəsinin istehlak qiymətləri indeksi nəzərə alınmaqla bütün pensiyaçılar üzrə bərabər məbləğdə artırılmasını və sığorta hissəsinin indeksləşdirilməsini nəzərdə tutur ki, bu da bazar iqtisadiyyatı mühitində vətəndaş-ların pensiya təminatı hüququnun etibarlı müdafiəsini təmin edir.

İlkin məlumatlara əsasən, 2015-ci ilin əvvəlinə ölkədə pensiyaçıların sayı 1290,0 min nəfər olmaqla ölkə əhalisinin  13,6 faizini təşkil etmişdir. Təyin olunmuş aylıq pensiyaların orta məbləği 173,4 manata çataraq orta aylıq əmək haqqının                     39,1 faizini təşkil etmişdir.    

 2015-ci ilin əvvəlinə 338,2 min nəfər sosial müavinət, 51,6 min nəfər Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlərə görə təqaüd və 94,8 min ailənin 415,2 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı almışdır. 2014-cü il ərzində birdəfəlik müavinət alanların sayı 116,2 min nəfər olmuşdur.              Pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması və uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 4 noyabr tarixli sərəncamı ilə “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası” təsdiq edilmışdir.

Ölkədə səhiyyə sistemində həyata keçirilən mühüm islahatlar nəticəsində dövlət büdcəsində səhiyyənin inkişafına ayrılan vəsaitin məbləği ilbəil artır, yeni müasir müalicə ocaqları inşa edilir və yenidən qurulur.

2013-  illə müqayisədə 2014-cü ildə büdcədən səhiyyə xərcləri 7,5 faiz artaraq 665,3 milyon manat təşkil etmişdir. 2015-ci il üçün büdcə vəsaiti 777,7 milyon manata çatdırılmışdır.

“Azərbaycan Respublikası regionlarının  2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, ölkədə aparıcı texnologiyalarla, müasir tibbi avadanlıqlarla təchiz olunmuş yeni tibb mərkəzlərinin yaradılması işi davam etdirilmişdir.

Ən müasir səviyyədə inşa olunmuş və tibbi avadanlıqlarla təchiz edilmiş Bakı Sağlamlıq Mərkəzi və İsmayıllı Rayon Mərkəzi Xəstəxanası istifadəyə verilmişdir. 2014-cü ilin sonunda “Elektron Azərbaycan  Dövlət Proqramı çərçivəsində ən müasir standartlara cavab verən “Elektron Səhiyyə” xidməti vətəndaşların istifadəsinə verilmişdir. Səhiyyə idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi, modern, çevik, dövlət orqanının fəaliyyətində şəffaflığın artırılması, əhaliyə vaxt itkisinə yol vermədən müraciətlərinin həlli baxımından elektron xidmətin yaradılması mühüm məsələlərdəndir.

Səhiyyənin prioritet sahələri olan ana və uşaqların sağlamlığı, şəkərli diabet, irsi qan xəstəlikləri, qan xidməti, xroniki böyrək çatışmazlığı, vərəm, yoluxucu xəstəliklərin  immunoprofilaktikası üzrə  həyata keçirilən tədbirlər nəticəsində xəstələrə göstərilən tibbi xidmətin səviyyəsi xeyli yüksəlmiş, bu xəstəliklər üzrə müayinələrin sayı artırılmış, xəstələrin dərmanla təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.

Uşaqların sağlamlığının qorunması işinin dövlət siyasətinin ən prioritet istiqamətlərindən olduğunu bir daha sübut edən  “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu, “Uşaqların icbari dispanserizasiyadan  keçirilməsinə dair”, “Ana və uşaqların sağlamlığının qorunması üzrə” Dövlət Proqramları qəbul edilmişdir.

Bu sənədlər uşaqlar arasında xəstələnmə, sağlamlıq imkanlarının məhdudluğunun və ölümün səviyyəsinin azaldılmasına, perinatal yardım islahatlarının davam etdirilməsinə, gənclərə göstərilən reproduktiv sağlamlıq və ailə planlaşdırılması xidmətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir.

İlkin məlumatlara əsasən, 2015-ci ilin əvvəlinə ölkədə  32,9 min həkim və 57,9 min orta tibb işçisinin çalışdığı  567 xəstəxana və 1763 ambulatoriya-poliklinika müəssisəsi fəaliyyət göstərir və əhalinin hər 10 min nəfərinə orta hesabla  35 həkim və 61 orta tibb işçisi düşür.

Ötən il qeydə alınmış xəstəliklər arasında tənəffüs, əsəb sistemi və hissiyyat orqanlarının, həzm orqanlarının, qan dövranı sisteminin xəstəlikləri, eləcə də yoluxucu və parazitar xəstəliklər üstünlük təşkil etmişdir. 

Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2014-cü ildə 2013-cü illə müqayisədə ölkədə bakterial dizenteriya ilə - 47,8 faiz, pedikulyoz ilə - 37,8 faiz, qoturluq ilə - 32,7 faiz,  viruslu hepatit ilə xəstələnmə halları 18,2 faiz, epidemik parotit ilə xəstələnmə halları isə 8 dəfə  azalmışdır.

Kəskin poliomielit, tulyaremiya, məxmərək, anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus, qızılca, göy öskürək və malyariya xəstəlikləri qeydə alınmamışdır.

 Bununla yanaşı, tetanus, suçiçəyi, brusellyoz, skarlatina ilə xəstələnənlərin sayı bir qədər artmışdır.

Ətraf mühitin mühafizəsi, ölkə vətəndaşlarının təhlükəsiz və sağlam mühitdə yaşamasının təmin edilməsi, təbii sərvətlərdən xalqın rifahının yaxşılaşdırılması üçün səmərəli istifadə edilməsi, ekoloji problemlərin aradan qaldırılması istiqamətindəki işlər ötən ildə də davam etdirilmişdir.

Ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi, bioloji müxtəlifliyin qorunub saxlanılması və təbiətdən istifadənin səmərəli təşkili istiqamətində görülən işlər ötən ildə də müvəffəqiyyətlə aparılmışdır.

2015-ci ilin əvvəlinə flora və faunanın qorunub saxlanması və təkrar istehsalı üçün ölkədə ümumi sahəsi 209,1 min hektar olan 11 dövlət təbiət qoruğu, sahəsi 322,3 min hektar olan 9 milli park və sahəsi 361,2 min hektar olan 24 dövlət təbiət yasaqlığı mövcuddur. Xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq xidmətləri tərəfindən 2014-cü ildə 1573 müəssisədə müvafiq müayinələr aparılmış və nəticədə su hövzələrinin çirkləndirilməsi üzrə tədqiq olunmuş hər üç müəssisədən birində və atmosfer havasının çirkləndirilməsi üzrə müayinəyə cəlb olunmuş hər dörd müəssisədən birində atılan tullantıların icazə verilən həddən artıq olması qeydə alınmışdır. Təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə ötən il inzibati məsuliyyətə cəlb olunmuş 727 nəfər vəzifəli şəxslərdən və vətəndaşlardan 463,4 min manat məbləğində cərimə tutulmuşdur.

Azərbaycan Respublikasında təhsil sistemi milli, mənəvi ümumbəşəri dəyərlərə əsaslanaraq və Boloniya prosesində yaxından iştirak etməklə ümumdünya təhsil sisteminə inteqrasiya yolu ilə inkişaf etməkdədir.

Aparılan uğurlu islahatlar nəticəsində əhalinin təhsil səviyyəsi ilbəil artır və bu gün 15 və yuxarı yaşlı əhalinin hər 1000 nəfərindən 971-i ali, orta ixtisas və orta təhsilə malikdir.

İlkin məlumatlara əsasən, 2015-ci il yanvar ayının 1-i vəziyyətinə ölkədə fəaliyyət göstərən 1639 dövlət və 41 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 108 min uşaq və ya 1-5 yaşlı uşaqların 13,5 faizi tərbiyə alır.

2014/2015-ci tədris ilinin əvvəlinə ölkənin 4455 dövlət və  20 qeyri-dövlət əyani ümumi təhsil müəssisələrində 1,3 milyon şagird təhsil almışdır. Bundan əlavə, sağlamlıq imkanları məhdud olan 6127 uşağın təhsil aldığı 16 xüsusi məktəb və ya ümumi təhsil müəssisələrində xüsusi siniflər fəaliyyət göstərmişdir.

Son illər ikinci və üçüncü növbələrdə təhsil alan şagirdlərin xüsusi çəkisinin azalması müşahidə olunur. Belə ki, 2013-cü ildə ümumi təhsil müəssisələrində bu göstərici 15,1 faiz olmuş, 2014-cü ildə isə 14,9 faizə düşmüşdür.

 

(ardı var)

 

Dövlət Statistika Komitəsi

 

Xalq qəzeti.- 2015.- 17 fevral.- S.3-4