2014-cü ildə ölkənin sosial-iqtisadi inkişafı

 (əvvəli qəzetin 17 fevral 2015-ci il tarixli sayında)

 2014-2015-ci tədris ilinin əvvəlinə şagirdlərinin sayı 52,7 min nəfərdən artıq olan 89 dövlət liseyi və gimnaziyası fəaliyyət göstərmişdir.

Dövlət müəssisələrinin ümumi sayında məcburi köçkün uşaqlar üçün 612 əyani ümumi təhsil müəssisəsi fəaliyyət göstərir və burada 81,3 min nəfər şagird təhsil alır.

2014-cü ildə əyani ümumi təhsil müəssisələrini bitirən 83,9 min nəfər məzundan 83,4 min nəfəri və ya 99,4 faizi tam orta təhsil haqqında attestat almışdır.

Dövlət Statistika Komitəsi tərəfindən 2014-cü ilin sentyabr ayında dövlət əyani ümumi təhsil müəssisələrində keçirilmiş statistik müayinənin nəticələrinə görə, məktəblərin 93,1 faizi, o cümlədən şəhər yerlərində 99,5 faizi, kənd yerlərində isə           90,9 faizi kompyuterlərlə təmin olunmuşdur.

Əvvəlki illə müqayisədə kompyuterlərin sayı 6,4 min ədəd və ya 12,3 faiz artaraq, 58,0 minə çatmışdır. Hazırda hər 22 şagirdə orta hesabla bir kompyuter düşür, halbuki 8 il əvvəl 101 şagirdə bir kompyuter düşürdü.

Cari tədris ilinin əvvəlinə 84,8 faiz şəhər, 38,4 faiz kənd ümümi təhsil müəssisələrinin internetə çıxışı, 43,9 faiz şəhər, 7 faiz kənd ümümi təhsil müəssisələrinin isə elektron poçt ünvanı olmuşdur.

Məktəb rəhbərlərinin məlumatlarına görə, cari tədris ilinin əvvəlinə bütün sinif otaqlarında istilik sistemi mövcuddur və onların 9,6 faizi mərkəzləşdirilmiş istilik sisteminə, qalanları isə fərdi istilik sisteminə qoşulmuşdur. Şəhər yerləri üzrə təhsil müəssisələrinin 78 faizi, kənd yerlərində isə 94,8 faizi fərdi istilik sisteminə malikdir. Fərdi istilik sisteminə malik təhsil müəssisələrinin qızdırılması üçün şəhər məktəblərinin 61 faizində qazdan, hər biri üzrə 11,3 faiz olmaqla maye və bərk yanacaqdan istifadə edilir. Kənd məktəblərinin 53,2 faizi bərk yanacaqdan, 29,6 faizi maye yanacaqdan və 14,9 faizi isə qazdan istifadə edilməklə qızdırılır. Eyni zamanda, fərdi istilik sistemi vasitəsilə qızdırılan təhsil müəssisələrinin 7,6 faizində elektrik qızdırıcılarından istifadə edilir.

2014-2015-ci tədris ilinin əvvəlinə ölkədə fəaliyyət göstərən 61 orta ixtisas təhsil müəssisəsində 60478 tələbə təhsil almış, onların üçdə iki hissəsini qadınlar təşkil etmişdir.

Azərbaycanda bakalavr və magistrlərin hazırlanmasını həyata keçirən 39 dövlət və 14 qeyri-dövlət ali təhsil müəssisəsində təhsil alanların sayı 158212 nəfər olmuşdur ki, onların da 48,5 faizini qadınlar təşkil edir.

2014-cü ildə ölkənin ali təhsil müəssisələrinə 35,8 min nəfər tələbə qəbul olunmuş və qəbul geniş profilli ixtisas siyahısına uyğun olaraq həyata keçirilmişdir. Boloniya Deklarasiyasının tələblərinə tam cavab verən bu yeni siyahının təsdiq olunması Azərbaycan ali təhsil sisteminin Avropa təhsil sisteminə inteqrasiyası yolunda atılan mühüm addımlardan biridir.

Bakalavriata qəbul olunan tələbələrin ümumi sayında ödənişli əsaslarla təhsilə qəbul olunanların xüsusi çəkisi 63,8 faiz olmuşdur ki, onların da 80,9 faizi dövlət ali təhsil müəssisələrinin payına düşür.

Hazırda dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində oxuyan tələbələrin 38,4 faizi təqaüd alır. Tələbələrin aldığı təqaüdün orta məbləği bakalavr səviyyəsi üzrə 71 manat 50 qəpik, magistratura səviyyəsi üzrə 77 manat, əlaçılığa görə müvafiq olaraq 88 manat və 93 manat 50 qəpik olmuşdur.

 

Ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə birgə 58 xarici ölkənin 4189 nəfər vətəndaşı da təhsil alır. Əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Rusiya, Türkmənistan, Gürcüstan, İraq   Çin Xalq Respublikası vətəndaşları üstünlük təşkil edirlər.

 2014-2015-ci  tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 2911 nəfər təşkil etmişdir. Xaricdə təhsil alan gənclərin 63,9 faizi Bakı, 36,1 faizi isə Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır. Tələbələrin əksəriyyəti Türkiyə, Birləşmiş Krallıq, Almaniya və Rusiyanın ali təhsil müəssisələrində təhsil alır.

Ölkədə elmin inkişafına dövlət tərəfindən xüsusi diqqət və dəstək göstərilir və Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycanda 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” uğurla həyata keçirilir.

2015-ci ilin əvvəlinə ölkədə müxtəlif elmi-texniki xidmətləri həyata keçirən 140 elmi təşkilat və müəssisə fəaliyyət göstərmişdir. Bu elm ocaqlarında elmi tədqiqat və işləmələrlə 22,4 minə yaxın mütəxəssis məşğul olur, onların da 70,6 faizi tədqiqatçılardır. Mütəxəssislərin hər üç nəfərindən birinin elmlər doktoru və fəlsəfə doktoru alimlik dərəcəsi vardır.

Bundan əlavə, elmi-tədqiqat bölmələrində ştatda olmayan və ali təhsil müəssisələrində çalışan 10 min nəfər elmi pedaqoji işçi elmi-tədqiqat bölmələrində tədqiqat və işləmələri yerinə yetirirlər. Onların da yarıdan çoxu elmlər doktoru və fəlsəfə doktoru alimlik dərəcəsinə malikdirlər.

2015-ci ilin əvvəlinə Milli Elmlər Akademiyasının 49 akademiki və 97 müxbir üzvü vardır.

Hazırda ölkədə mədəniyyət sahəsinin inkişafı ilə əlaqədar bir sıra əhəmiyyətli layihələr həyata keçirilmiş, milli mədəniyyətimizin dünyada tanıdılması, ölkəmizin dünyanın mədəniyyət məkanına uğurla inteqrasiya olunması, milli mədəni irsimizin, dəyər və sərvətlərimizin qorunub saxlanması, inkişaf etdirilməsi istiqamətində mühüm nəticələrə nail olunmuşdur.

Dövlət siyasətinin əsas prioritetlərindən biri də mədəniyyət ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin qorunub saxlanmasından ibarətdir.

Bu gün Azərbaycanda 34 milyon kitabxana fondu olan  3320 kütləvi kitabxana, 2731 klub müəssisəsi, 228 muzey, 28 peşəkar teatr və 346 mədəniyyət və istirahət parkı əhaliyə xidmət göstərir.

2014-cü ildə muzeylərə gələnlərin sayı 2,2 milyon nəfər, teatrlara gələnlərin sayı 0,7 milyon nəfər olmuşdur. Teatrlarda repertuar müntəzəm olaraq təzələnir və tamaşalar azərbaycan dili ilə yanaşı, rus və ləzgi dillərində də göstərilir.

Hazırda Azərbaycanda dövlət əhəmiyyətli tarix, mədəniyyət, memarlıq, bədii və etnoqrafiya qoruqlarının sayı 28-ə çatmışdır.

2014-cü il Azərbaycan idmanı üçün uğurlu olmuşdur. Belə ki, müxtəlif  beynəlxalq yarışlarda qazanılmış  805 medalın 275-i qızıl, 255-i gümüş, 275-i isə bürünc əyarlıdır. Olimpiya  idman  növləri üzrə qazanılan medalların sayı  278-dir.

Azərbaycanda mütəmadi qaydada beynəlxalq yarışlar, dünya və Avropa çempionatları keçirilir. Müstəqillik dövründə  ölkənin şəhər və rayonlarında 39 Olimpiya İdman Kompleksi tikilib istifadəyə verilmişdir ki, bunlardan biri də 2014-cü ilin payına düşür. Abşeron, Ağcabədi, Neftçala, Goranboy, Tərtər, Yevlax rayonlarında, Bakı şəhərinin Xəzər rayonunda Olimpiya İdman Komplekslərinin, Yardımlı rayonunda İdman Kompleksinin tikintisi və Lənkəran rayonunun Olimpiya İdman Kompleksinin yenidən qurulması işləri davam etdirilir.

İlkin məlumatlara görə, 2015-ci ilin əvvəlinə ölkədə idman qurğularının sayı 10,8 minə çatmışdır və idmanla məşğul olanların sayı müntəzəm olaraq artmaqdadır. Əhali arasında futbol, voleybol, şahmat, yüngül atletika, dama, basketbol, sərbəst güləş, cüdo və stolüstü tennis kimi idman növlərinə daha çox maraq göstərilir.

2014-cü il Avropa Oyunlarına hazırlıq üçün həlledici il olmuşdur. Hazırda Bakıda 65 minlik tamaşaçı tutumu olan Olimpiya Stadionu, Böyük Su İdman Növləri Sarayı, Stend Atıcılığı Mərkəzi tikilir. 2014-cü ildə Milli Gimnastika Arenası istifadəyə verilmişdir. Eyni zamanda, Əl Oyunları Sarayında, Heydər Əliyev İdman Mərkəzində əsaslı təmir işləri aparılır.

Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi dövlətimiz və xalqımız üçün böyük uğurdur. 2015-ci ilin iyun ayında Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək və bir çox innovativ idman növünü özündə cəmləşdirən Avropa Oyunlarında 49 ölkədən 20 idman növü üzrə 6 mindən çox idmançının yarışacağı gözlənilir.

2015-ci il yanvar ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 9593,0 min nəfərə çataraq, keçən ilin əvvəlindən 115,9 min nəfər və ya 1,2 faiz artmışdır. Əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfər olmuşdur. Hazırda hər 1000 nəfər kişiyə 1009 nəfər qadın düşür. Əhalinin ümumi sayının 53,1 faizini şəhər, 46,9 faizini kənd sakinləri təşkil edir.

Son illər doğum səviyyəsi yüksək olaraq qalmaqdadır. Belə ki, 2014-cü il ərzində ölkədə 170,5 min körpə doğulmuş və əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 18,1 təşkil etmişdir. Doğulan körpələrin 53,6 faizi oğlan, 46,4 faizi isə qız uşaqlarından ibarət olmuşdur.

2014-cü ildə ölkədə 55,6 min ölüm halı qeydə alınmış və əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 5,9  təşkil etmişdir.

Ölkədə rəsmi orqanlar tərəfindən 84,9 min nikah və 12,1 min boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 9,0, boşanmaların sayı isə 1,3 olmuşdur.

Ötən il Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1859 nəfər gələn və 795 nəfər ölkədən gedən qeydə alınmışdır.

Dövlət Statistika Komitəsi

Xalq qəzeti.- 2015.- 18 fevral.- S.18.