Sabaha böyük ümidlə

 

Qubadlı Rayon İcra Hakimiyyətində ötən ilin yekunları müzakirə olundu

 

22 ilə yaxındır ki, öz doğma yurd-yuvalarından  didərgin düşmüş Qubadlı məcburi köçkünləri  o torpaqlara qayıdacaqları  günü  böyük səbrsizliklə  gözləyirlər.

 

Azərbaycanın müxtəlif  guşələrində məskunlaşmış bu insanlara  dövlətimiz tərəfindən həmişə yüksək  qayğı və diqqət  göstərilib. İllər bir-birini əvəz etdikcə  dövlətimizin artan iqtisadi  qüdrəti onların da sosial vəziyyətlərinin yaxşılaşmasına imkan yaradıb. Elə ötən ilrayon sakinlərinin  sosial durumu əsaslı şəkildə yaxşılaşmış, görülmüş tədbirlər nəticəsində mühüm uğurlar qazanılmışdır. Rayon icra hakimiyyətinin ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında   bu barədə ətraflı söhbət açılmışdır.

İclasda  geniş məruzə ilə  çıxış edən rayon icra hakimiyyətinin başçısı  Malik İsaqov ilkin olaraq  diqqəti Nazirlər Kabinetinin  2014-cü ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin  çıxışındakı  əsas məqamlara  yönəltmişdir.

Məruzədə ötən il rayon əhalisinin  sosial  vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı  bəhs olunmuşdur. Qeyd edilmişdir ki, ötən il ərzində rayon icra hakimiyyətinin köməkliyi ilə  Sumqayıt şəhərində köçkünlərin sıx məskunlaşdığı “Şəfa” sanatoriyasında, 42-ci məhəllədəki 10 saylı  peşə liseyində, “İnşaatçılar” qəsəbəsindəki 1 və 8 saylı peşə liseylərində əsaslı təmir işləri aparılmışdır. Bunlardan əlavə, il ərzində Sumqayıt şəhərində müxtəlif ünvanlarda məskunlaşmış 7 ailənin mənzilinin, 11-ci və 16-cı mikrorayonlarda, 40-cı məhəllədə, Sarıqaya ərazisində yerləşən Göz xəstəxanasında, İnşaatçılar stadionunda ümumilikdə 5000 kvadratmetr sahədə dam örtükləri yumşaq dam örtüyü materialı ilə əvəz edilmişdir.

Əhalinin istirahəti üçün yeni guşələr düzəldilmiş, şəhid ailələrinə yardımlar edilmiş, bir  müharibə veteranının mənzillə təmin olunmasına köməklik göstərilmişdir. Həmzəli və Dondarlı ərazi nümayəndəliklərindən hər birindən 2 ailə olmaqla cəmi 4 ailə Yasamal rayonundakı “Qanlı göl” ərazisindən köçürülərək Bakı şəhərində tikilmiş yeni binada, Bərdə rayonunda  Başarat ərazi nümayəndəliyindən olan 4 ailə, Muradxanlı və Xocahan ərazi nümayəndəliyinin hər birindən 1 ailə olmaqla, cəmi 6 ailə yeni mənzillə təmin edilmişdir. Ümumiyyətlə, 2014-cü il ərzində rayon üzrə 86 ailə yeni mənzillə təmin edilmiş, 6 ailəyə də Sumqayıt şəhərindəki “Şəfa” sanatoriyasında mənzil verilmişdir.

Bundan əlavə, il ərzində yüzlərlə ailənin məişət şəraitinin buya digər dərəcədə yaxşılaşdırılmasına nail olunmuşdur. 2014-cü il rayonumuz üçün həm də kədərli olan bir hadisə ilə də yadda qalmışdır. Belə ki, ötən ildə Xırdalan şəhərində köçkünlərin məskunlaşdığı binada baş vermiş qəza nəticəsində ölüm hadisəsi baş vermiş, dördmərtəbəli binanın bir blokunda olan mənzillər tamamilə dağılmışdır. Rayon icra hakimiyyəti digər dövlət qrumları ilə birgə faciənin nəticələrinin aradan qaldırılmasında yaxından iştirak etmişdir.

Məruzəçi  bildirmişdir ki, məcburi köçkünlərin mənzil məsələsi hələ də tam həllini tapmamışdır. Doğrudur, rayonlarda məskunlaşan köçkünlərimizin demək olar ki, əksəriyyəti yeni mənzillə təmin olunublar. Mingəçevir və Şirvan şəhərlərində, Saatlı, Bərdə rayonlarında məskunlaşan və mənzillə təmin olunmayan köçkünlərimizin də cari ildə mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. 23 minədək sakinimizin məskunlaşdığı Sumqayıt şəhərində mənzil sahəsində olan çətinliklər illərlə həll olunmamış qalırdı. İndi demək olar ki, artıq bu məsələ öz həllini tapmışdır. Belə ki, Sumqayıt şəhəri yaxınlığında köçkünlər üçün yeni şəhərciyin salınması ilə bağlı  ötən ilin axırlarında Nazirlər Kabineti tərəfindən qərar qəbul edilmişdir. Həmin qərara əsasən 60 ədəd hündürmərtəbəli binanın tikilməsi və orada 3 min ailənin yerləşdirilməsi nəzərdə tutulmuşdur ki, bu proqram başa çatanda demək olar ki, Sumqayıt şəhərində məktəb yataqxanalarında, mehmanxanasanatoriya binalarında, bağçalarda, yaşayış üçün nəzərdə tutulmayan digər yerlərdə məskunlaşan bütün köçkünlərimizin mənzil məsələsi öz həllini tapacaqdır. Malik müəllim bütün bunlara görə dövlətimizin başçısı cənab İlham Əliyevə və problemlərin aradan qaldırılmasında daim rayon icra hakimiyyətinə yardımçı olan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova bütün rayon sakinləri adından minnətdarlığını bildirmişdir.

Rayonda sahibkarlığın inkişafına dəstək vermək məqsədi ilə ötən ilin fevral ayının 27-də rayon icra hakimiyyəti tərəfindən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun da iştirak etdiyi nümayəndə heyəti ilə rayondan olan 160-dan çox sahibkarın görüşünün təşkili təmin edilmişdir. Həmin görüş zamanı 11 sahibkara 150 min manat kredit verilmişdir.

Ötən ildə Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 319 ailənin 1209 ailə üzvünə ünvanlı sosial yardım təyinatı aparılmış, hər bir ailəyə hər ay orta hesabla 128 manat yardım ödənilmişdir. İl ərzində 17 nəfər imtiyazlı şəxs pulsuz avtomaşınla təmin edilmiş, 5 nəfər isə maşın növbəsinə götürülmüşdür.

Rayonun Təhsil şöbəsinin maddi-texniki bazasının yaxşılaşması üçün xeyli işlər görülmüşdür. Ötən illər ərzində fəaliyyət göstərən 32 ümumtəhsil məktəbinin 10- u üçün yeni bina tikilmiş, qalan məktəblər isə əsaslı təmir edilərək, demək olar ki, yenidən qurulmuşdur. Xocahan və İşıqlı tam orta məktəblərində əsaslı təmir işləri aparılmış, Kavdadıq kənd tam orta məktəbində isə istilik sistemi quraşdırılmışdır. Hazırda Bakı şəhərində fəaliyyət göstərən Xanlıq orta məktəbi üçün müasir tələblərə cavab verən binanın tikintisi davam etdirilir. Sumqayıt şəhərində fəaliyyət göstərən Xələc kənd tam orta məktəbi üçün yeni binanın tikintisinə hazırlıq işləri aparılır.

Dərs ilinin yekun nəticələrinə görə 7212 nəfər şagird  ümumtəhsil məktəblərinin müxtəlif siniflərini bitirmişdir. Müvəffəqiyyət faizi 99,8 faiz olmuşdur. Tam orta təhsil pilləsini bitirən 355 nəfər məzunun 281 nəfəri qəbul imtahanlarında iştirak etmişdir. Onlardan 170 nəfəri müxtəlif ali məktəblərə qəbul olunmuşlar. Rayon üzrə ali məktəblərə qəbul 2013-cü ildə 55,7 faiz olmuşdursa, bu göstərici 2014-cü ildə 4,8 faiz artaraq 60,5 faiz təşkil etmişdir.

Məruzəçi  çıxışının  sonunda  bildirdi ki, 2014-cü ilin yekunları ilə əlaqədar Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyevin proqram xarakterli çıxışında qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində Qubadlı məcburi köçkünləri də öz imkanlarını səfərbər  edəcəklər.

 Məruzə ətrafında rayon təhsil şöbəsinin müdiri  Afət Allahverdiyeva, Mədəniyyət və turizm şöbəsinin müdiri  İlham Əhmədov,  Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Fazil Nərimanov, Gənclər və  idman idarəsinin  rəisi  Natiq Abbasov, RİH başçısının  Zilanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi  Telman  Cabbarov, Milli Məclisin deputatı İmamverdi İsmayılov və Prezident Administrasiyasının məsul işçisi Aqşin Əliyev çıxış edərək ölkəmizdə həyata keçirilən genişmiqyaslı layihələrdən, rayonda  reallaşdırılan tədbirlərdən, qubadlıların  sosial durumlarının yaxşılasdırılması istiqamətində görülən işlərdən ətraflı bəhs etmişlər.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2015.- 19 fevral.- S.5.