Azərbaycan bu gün dünyada

həm idman ölkəsi kimi tanınır

 

I Avropa Oyunlarının ölkəmizdə

keçirilməsi bunu bir daha təsdiq edir

 

Son illərdə böyük inkişaf yolu keçən respublikamız bir çox sahələrdə mühüm uğurlara imza atmışdır. Ulu öndər Heydər Əliyevin sayəsində siyasi sabitliyin əbədi olaraq bərqərar edildiyi Azərbaycan bu gün Prezident İlham

Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edir və bu yüksəlişdən, eləcə də dünyanın enerji təhlükəsizliyinə, sülhün qorunmasına verdiyi böyük töhfələrdən irəli gələrək beynəlxalq mövqelərini möhkəmləndirir.

 

Təbii ki, hər bir ölkəni çağdaş dövrümüzdə dünya nizamı üçün əhəmiyyətli edən meyarlardan biri məhz onun beynəlxalq imicidir. Bu kontekstdən çıxış edən beynəlxalq təşkilatlar da hansısa ölkədə öz tədbirlərini keçirərkən onun imkanları və resursları ilə yanaşı, qlobal miqyasda mövqelərini də nəzərə alırlar. İndiyədək Azərbaycanda beynəlxalq təşkilatların çoxlu sayda siyasi, iqtisadi tədbirləri keçirilmişdir.

Eyni fikirləri  idman yarışları barədə də demək olar. Bu sıraya müxtəlif mövzulu beynəlxalq konfransları, simpoziumları da aid etmək olar. Bunun özu göstərir ki, bütövlükdə Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi bir məkandır. Araşdırsaq görərik ki, işğalçı Ermənistan indiyədək cəmi bir neçə belə tədbir keçirib ki, onlarda da məhdud sayda insan iştirak etmişdir.

Çoxsaylı siyasi, mədəni  digər səpkili beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən respublikamız növbəti möhtəşəm tədbir ərəfəsindədir. Bu, cari ilin iyununda   Bakıda keçiriləcək I Avropa  Oyunlarıdır. Avropa Oyunlarının keçirilməsi sadəcə olaraq bir idman tədbiri deyil. Bu tədbirdə iştirak edəcək idmançılar, qonaqlar Azərbaycanla tanış olacaqlar və Azərbaycanın uğurlu inkişaf modelini görəcəklər.

Bir çox  xalqların  bir araya gələcəyi, bütün Avropanın yaxından izləyəcəyi bu idman yarışmasına Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına mühüm töhfələr verəcək, sivil dünyanın ayrılmaz hissəsi olan ölkəmizin mütərəqqi bəşəri dəyərlərə malik olduğunu bir daha bütün dünyaya nümayiş etdirəcək.

I Avropa  Oyunlarının Azərbaycanda keçirilməsi bir daha qeyd edək ki, təsadüfi deyil. Xatırladım ki, ölkə Prezidenti cənab  İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbərliyi müddətində ölkədə nəhəng idman infrastrukturu yaradılmış və bu proses respublikamızın bütün regionlarını əhatə etmişdir. Bədən tərbiyəsi və idmanın geniş vüsət alması nəticəsində Azərbaycan beynəlxalq olimpiya hərəkatına qoşulmuş, bu sahədə sistemli şəkildə qlobal layihələr reallaşdırılmışdır.  Milli Məclis tərəfindən 1997-ci ildə “Bədən tərbiyəsi və idman haqqında” Qanun qəbul edilmişdir. Həmin qanunla idmanın inkişaf etdirilməsinin hüquqi əsasları müəyyənləşdirilmiş, dövlətin idman siyasəti formalaşdırılmışdır.

Bununla yanaşı, diqqəti ölkə rəhbərinin Milli Olimpiya Komitəsinə prezident seçildiyi vaxtdan ötən müddətdə qazanılan uğurlara yönəltmək istərdim. 2000-ci ildə Azərbaycan idmançıları tərəfindən Sidney Yay Olimpiya Oyunlarında ilk böyük uğur-31 idmançı tərəfindən 2 qızıl və 1 bürünc medal əldə olundu. Afinada (2004-cü il) 38 idmançı ilə biri qızıl olmaqla 5, Pekində (2008-ci il) 44 iştirakçı ilə yenə biri ən yüksək əyarlı olmaqla 7 medal qazanıldı.

2012-ci il London Yay Olimpiya Oyunlarında isə  Azərbaycan idmançıları Vətənə rekord sayda - 2-si qızıl, 2-si gümüş və 6-sı bürünc olmaqla 10 medalla qayıtdılar. Olimpiya komandamız bu göstərici ilə 205 ölkə arasında 30-cu yeri tutdu. Millimiz Avropa ölkələri sırasında 15-ci, MDB dövlətləri arasında 5-ci, müsəlman ölkələri arasında 3-cü yerdə qərarlaşdı. Yaxud, başqa bir fakt. 1992-ci ildə cəmi 23 (olimpiya növləri üzrə 7) medal qazanılmışdısa, 2002-ci ildə bu rəqəm 175 (olimpiya növləri üzrə 63) idi.

Sonrakı illərdə idman uğurlarının həm medal sayı, həm də növ çeşidi artan templə davam etmişdir. Ötən il isə mötəbər yarışlarda 782 medal qazanılmış və onlardan 280-i qızıl əyarlı olmuşdur. Bəli, bütün bu uğurlar  Prezident İlham Əliyevin, eyni zamanda, Milli Olimpiya Komitəsinin rəhbəri kimi Azərbaycan idmanına göstərdiyi diqqət və qayğının nəticəsidir.

Ümumiyyətlə, Azərbaycanın  son illərdəki  idman uğurları barədə  geniş söhbət açmaq olar. Lakin burada bir məqamı xüsusi vurğulamaq istərdim. Bu da ölkəmizin bir sıra beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi ilə bağlıdır. Bu, bir tərəfdən respublikamızın  sosial-iqtisadi tərəqqisini sürətləndirmiş, digər tərəfdən turizm potensialının inkişafına güclü təsir göstərmişdir. Fikrimin təsdiqi kimi, bir fakta nəzər salaq. Təkcə son iki il ərzində milli idman federasiyaları ilə birlikdə  140-dan çox  respublika, 50-dən çox  beynəlxalq səviyyəli yarış keçirilmiş, 100-ə yaxın  beynəlxalq yarışda ölkə yığma komandalarının iştirakı təmin olunmuşdur.

Azərbaycanda idmana xüsusi diqqət yetirilməsindən danışarkən bir tarixi hadisəni də xatırlatmaq istərdim. Prezident İlham Əliyevin sərəncamı ilə “İdman ili” elan edilən 2012-ci ildə Azərbaycanın idman sahəsində bir sıra mühüm uğurlar qazanılmışdır. Həmin ilin sonunda isə Avropa Olimpiya Komitəsi ilk dəfə 2015-ci ildə qitənin ən böyük yarışının - I Avropa Oyunlarının keçirilmə hüququnu Azərbaycana vermişdir.

Yeri gəlmişkən, burada haşiyə çıxıb deyə bilərəm ki, dünya təcrübəsində  bir qayda olaraq, olimpiya oyunları kimi məsuliyyətli və çoxşaxəli idman tədbirinə hazırlıq üçün 6-7 il vaxt tələb olunur. Lakin Azərbaycanda quruculuq işlərinin vüsəti, iqtisadi potensialın ildən-ilə yüksəlməsi ölkəmizə olan inamı xeyli artırmışdır. Azərbaycanın bu gün idmanda ən yaxşı tərəfdaş kimi tanınması, yarış təşkilatçılığında hökumətin verdiyi vədlərə əməl etməsi həm də ölkəmizin beynəlxalq nüfuzunun güclənməsi baxımından mühüm önəm daşıyır.

Hazırda respublikamız bu möhtəşəm idman bayramına ciddi hazırlaşır. Ölkə başçısının müvafiq fərmanı ilə I Avropa  Oyunlarını yüksək səviyyədə keçirmək məqsədilə Heydər Əliyev Fondunun prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü Mehriban xanım Əliyevanın sədrliyi ilə Təşkilat Komitəsi yaradılmışdır. Komitənin həyata keçirdiyi genişmiqyaslı tədbirlər deməyə əsas verir ki, bu tədbirə hazırlıq işləri nəzərdə tutulan vaxtda başa çatacaqdır.

I Avropa  Oyunlarının  Azərbaycanda keçirilməsi, necə deyərlər,  ölkəmizin öz halal haqqıdır. Son illər bir sıra beynəlxalq əhəmiyyətli mühüm tədbirlərə yüksək səviyyədə ev sahibliyi etmək sahəsində zəngin təcrübə toplamış ölkəmizdə Avropa  Oyunlarının  da əsl idman  bayramının təntənəsinə çevrilməsi  üçün aparılan genişmiqyaslı hazırlıq işləri artıq başa çatmaq üzrədir.

Azərbaycanda ilk Avropa Oyunları üçün aparılan hazırlıq işləri yüksək səviyyədə həyata keçirilir. Yarışın yüksək səviyyədə təşkili üçün bütün infrastruktur tamamlanmaq üzrədir. Təşkilatçılar nəzərdə tutulan vaxtda hazırlıq işlərini tamamlamağa çalışırlar. Yarışda iştirak edəcək hər bir şəxs, o cümlədən idmançılar və məşqçilər üçün yaradılmış şərait təqdirəlayiqdir.

Doğrudan da Bakıda sözügedə yarışın keçirilməsi ilə bağlı qısa müddətdə genişmiqyaslı işlər görülmüşdür. Milli Stadion artıq var qüvvə ilə açılış mərasiminə hazırlaşır, Su İdmanı Sarayında hovuz su ilə doldurulub, heyrətamiz atıcılıq kompleksinin dəhlizlərində isə bəzi yerlərdə artıq güllər düzülüb. Dəniz idman növləri və “3x3” basketbol üzrə yarışların keçiriləcəyi kompleksində metal konstruksiyalar hələ ki, gözə dəysə də inşaatçıların burada çox qalmayacaqlarına şübhə yoxdur. Avropa Oyunları üçün yenilənmiş Heydər Əliyev adına Arena isə tamaşaçıları və atletləri qəbul etməyə tam hazırdır.

Azərbaycanın nəqliyyat sektoru da artıq birinci Avropa Oyunlarına ev sahibliyi etməyə tam hazırdır. Könüllülərin və texniki işçilərin uniformalarının təqdim olunması, idman obyektlərində həyata keçirilən işlər, nəqliyyat sistemi sahəsində əldə edilən irəliləyişlər Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə getdiyindən xəbər verir.

Onu da vurğulayım ki, birinci Avropa Oyunları ərəfəsində avtomobil yolları, avtomobil nəqliyyatı, dəmir yolu, eləcə də Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə bağlı görülmüş konkret işlər barədə aidiyyəti qurumların rəhbər işçilərinin hesabatları dinlənilib, nəqliyyatın işinin təşkili, daşımaların təhlükəsizliyinin təmin edilməsi, nəqliyyat əməliyyatlarının koordinasiyası, əsas fəaliyyət istiqamətləri və digər təşkilati məsələlər müzakirə olunub.

Birinci Avropa Oyunları ilə əlaqədar plana əsasən, nəqliyyat-yol kompleksinin müxtəlif istiqamətləri üzrə konkret vəzifələr, görüləcək işlər müəyyənləşdirilib. Bura istər dəmir yolunun yenidən qurulması, istər avtomobil yollarının bərpası, istərsə də avtomobil nəqliyyatı xidməti vasitəsilə həyata keçirilən işlər aiddir.

Nəqliyyat-yol kompleksi üzrə Tədbirlər Planına əsasən Biləcəri, Lökbatan,  Sumqayıt dəmir yolu vağzallarında sərnişinlər üçün lazımi şərait yaradılıb. Balakən dəmir yolu vağzalının dam örtüyü tam, Gəncə vağzalı isə əsaslı təmir edilib. Digər vağzallarda da yenidənqurma işlərinin aparılması planlaşdırılıb.

Bakı Sumqayıt sərnişin stansiyalarında, eyni zamanda, Gəncə vağzalında səsli məlumatların yayılması üçün hazırlıq işləri də görülüb. Oyunların keçiriləcəyi müddətdə həmin məlumatların Azərbaycan, rus və ingilis dillərində səsləndirilməsi təmin olunacaq.

Artıq dəmir yolu nəqliyyatında xidmət səviyyəsinin yüksəldilməsi, sərnişinlərə göstərilən xidmətlərin ən müasir standartlara cavab verməsi üçün bütün istiqamətlərə hərəkət edən sərnişin qatarlarına bilet satışı elektronlaşdırılaraq “onlayn” vasitəsilə təmin edilib. Respublika ərazisində bilet satışı kassalarda tam kompyuterləşdirilib, sərnişinlərin rahat və maneəsiz bilet əldə etmələri üçün bütün lazımi tədbirlər görülüb.

Bakı sərnişin stansiyasının kassalarında POS-terminal aparatları da quraşdırılıb. Digər bilet kassalarında da POS- terminal aparatlarının quraşdırılması istiqamətində işlər aparılır. Bakı sərnişin stansiyasında və digər bilet satışı aparan kassalarda respublika daxili bilet satışının hər iki istiqamətə (gediş və gəliş), 2 nömrəli bilet kassasında isə Rusiya və Ukrayna dövlətlərinin ərazisində hərəkət edən sərnişin qatarlarına və geriyə bilet satışının təşkili təmin olunub.

Hazırda  Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi Azərbaycanın Nəqliyyat Nazirliyi ilə birlikdə sürücülərin nəqliyyat vasitələrini təhlükəsiz və səmərəli idarə etmələri üçün lazımi bacarıqlara yiyələnmələrinin təmin olunması istiqamətində iş aparır. Bu məqsədlə 800 avtobus sürücüsü daxil olmaqla ümumilikdə 2100 iştirakçı gələcəkdə nəzəri məşğələlər, yeni nəqliyyat vasitələri ilə praktik tanışlıq, eləcə də ”Bakı-2015” Avropa Oyunlarının idman obyektləri və marşrutları ilə tanışlıqdan ibarət üç mərhələli kurs keçir.

Bundan başqa, birinci Avropa Oyunları ilə əlaqədar respublikamızın səfalı guşələrinə turist səfərlərinin artacağını nəzərə alaraq paytaxtdan turizm potensialı olan rayonlara gedən sərnişin avtobusları yeniləri ilə əvəzlənəcək.

Tədbirlər Planı çərçivəsində Nəqliyyat Nazirliyinin ən böyük layihələri   artıq yerinə yetirilib. Bunların arasında Ziya Bünyadov prospektinin yenidən qurulması əsas yer tuturdu.  Birinci Avropa Oyunlarının əsas marşrut xətlərindən biri bu prospektdən keçir. Eyni zamanda, hazırda Bakı-Sumqayıt yolunun genişləndirilməsi işləri davam etdirilir. Bundan başqa, sərnişindaşıma üzrə də müvafiq addımlar atılıb. Artıq paytaxta 50 ədəd yeni sərnişin avtobusu, o cümlədən 200 ədəd London taksisi gətirilib və bu proses davam etdiriləcək.

Sərnişin avtobuslarında kart-ödəniş sisteminin tətbiqinin mart ayınadək reallaşacaq.  Birinci Avropa Oyunlarının əsas marşrut xətləri üzərindəki dayanacaqlarda wi-fi sisteminin quraşdırılması ilə bağlı texniki məsələlər də öz həllini tapmalıdır. Həmçinin yaxın aylarda yol cizgiləri xətlərinin, piyada keçidlərinin, yol göstərici xətlərin yenidən rənglənməsi, nişanların qoyulması kimi işlər həyata keçiriləcək.  “Bakı-2015”in brendi, loqosu və idman təsvirləri artıq  Oyunların rəsmi tərəfdaşı olan “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəyə minik talonlarının üzərində əks olunub.  Brendin əksi olan minik talonları Heydər Əliyev Beynəlxalq Aeroportundan, eyni zamanda, Naxçıvan və Gəncə hava limanlarından həm yerli, həm də beynəlxalq, o cümlədən London, Milan, Roma, Pekin, Nyu-York və s. istiqamətlər üzrə həyata keçirilən uçuşlarda istifadə olunur.

Azərbaycan Hava Yolları  ilk Avropa oyunlarının rəsmi tərəfdaşıdır. Beynəlxalq auditoriyada Oyunlar barədə məlumatlılığın artırılmasına kömək məqsədilə Avropa Oyunlarına dair informasiya təyyarənin göyərtəsində göstərilən filmlərdə və təqdim olunan jurnallarda əks etdiriləcək.

Bəli, bu il ilk dəfə təşkil olunacaq birinci Avropa Oyunları ilə qitənin idman tarixində yeni səhifə açılacaq. Şübhəsiz ki,  bu mötəbər turnirdən sonra Azərbaycanın idman ölkəsi kimi nüfuzu qitənin sərhədlərini də aşaraq dünyada ikiqat artacaq. Azərbaycan yarışların beynəlxalq standartlara uyğun şəkildə təşkili ilə bir daha dünyaya bəyan edəcək ki, onun imkanlarına inananlar tamamilə haqlıdırlar.

Hazırda  Bakı-2015” Avropa Oyunlarının qitənin aparıcı şəhərlərində təqdimatı davam edir. Növbəti təqdimat Davos İqtisadi Forumu çərçivəsində keçirilmişdir. Bu  mərasimə İsveçrənin ictimai-siyasi dairələrinin, beynəlxalq idman ictimaiyyətinin nümayəndələri, Dünya İqtisadi Forumunda iştirak edən xarici ölkələrin təmsilçiləri qatılmışdılar.

Təqdimatda çıxış edərkən Avropa Olimpiya Komitəsinin bu qərarının qəbul edilməsində əsas səbəb olan amillərə toxunan Prezident İlham Əliyev ölkəmizin bu tədbiri yüksək səviyyədə keçirəcəyini bildirmişdir: “Fikrimcə, bu oyunların Bakıda keçirilməsi haqqında qəbul edilmiş qərarın bir səbəbi də atletlərimizin nailiyyətləri ilə bağlıdır... Digər səbəb Azərbaycanın sürətli inkişafı ilə bağlıdır. Müstəqillik illəri, xüsusən də son on il ərzində iqtisadiyyatımız üç dəfədən çox artıb. Davos Dünya İqtisadi Forumu qlobal rəqabətlilik reytinqinə görə Azərbaycanı 38-ci yerdə qərarlaşdırır. İqtisadi inkişaf və müasir infrastruktur Oyunların Bakıda keçirilməsi barədə qərarın qəbulunda rol oynadı”.

Prezident İlham Əliyev ilk Avropa Oyunlarının Avropanın idman tarixində yeni səhifə açacağını, gələcək oyunların səviyyəsini, standartlarını müəyyən edəcəyini demişdir: “Ümidvarıq ki, bütün ölkələr bu oyunlara güclü atletlərini göndərəcəklər. Çünki Avropa Oyunlarının standartları müəyyən dərəcədə məhz Bakıda müəyyənləşdiriləcək. Oyunların təşkil edilməsi forması ola bilsin ki, digər şəhərlər üçün də örnək olacaq”.

Yeri gəlmişkən, burada bir məqamı da vurğulamaq istərdim. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə qısqanclıqla yanaşanlar da az olmamışdır. Lakin bu, əbəsdir. Diqqəti  “The Washington Post” qəzetində birinci Avropa Oyunları ilə bağlı bir müddət bundan əvvəl dərc edilən “Təşkilatçılar: Biz Avropa Oyunlarına şübhə ilə yanaşanlara sübut etdik ki, onlar yanılırlar” sərlövhəli məqalədə deyilənlərə yönəltmək istərdim. Adıçəkilən yazıda bu il iyunun 12-28-də Bakının birinci Avropa Oyunlarına ev sahibliyi edəcəyi diqqətə çatdırılmışdır.

Məqalədə Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikkinin bu fikirlərinə yer verilmişdir: “Altı-yeddi ay əvvəl bu Oyunların texniki əsaslandırılmasını həyata keçirmək üçün icazə alanda bir çoxları buna inamsız yanaşırdılar. Lakin biz buna nail olduq və artıq son mərhələdəyik. Beləliklə, biz bu Oyunların keçirilməsinin vacibliyinə skeptik yanaşanlara yanıldıqlarını sübut edə bildik”.

“The Washington Post” qəzetində “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin fikirləri də oxucuların diqqətinə çatdırılmışdır: “Başlanğıcda bu Oyunların baş tutacağı ilə bağlı şübhələr var idi. Lakin indi Avropanın 50-dən çox Milli Olimpiya Komitəsi bu tədbirə ruh yüksəkliyi ilə baxır. Bu gün də ilk Avropa Oyunları ilə bağlı bəzi bədbinlər var. Lakin onlar bu yarışların miqyasının necə geniş olacağını gördükdən sonra səhv etdiklərini anlayacaqlar”.

Xatırladaq ki,  ilk Avropa Oyunlarında 50 ölkədən 6 mindən çox atlet idmanın 20 növü üzrə 253 dəst medal uğrunda mübarizə aparacaq. İdman növlərindən 11-i üzrə 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunlarına lisenziya qazanmaq imkanı olacaq.

Bəli, Azərbaycan bu gün I Avropa Oyunları ərəfəsindədir. Bundan sonra isə paytaxtımız  Avro-2020-yə gedən yola çıxacaq. Bütün bunlar isə sonda respublikamızın nüfuzunu daha da gücləndirəcək, Azərbaycanı  bölgədə hər zaman sülhün, əmin-amanlığın tərəfdarı olacağını sübut edəcəkdir.

 

Məhərrəm MƏMMƏDOV,

fəxri dəmiryolçu,

iqtisadçı-ekspert

 

Xalq qəzeti.- 2015.- 20 fevral.- S.3.