İmişli: İnsanın torpaq

sevgisindən xariqələr yaranır

 

İmişlini nahaq yerə Muğanın mərkəzi və “döyünən ürəyi” adlandırmırlar. Bu torpağın adamları həmişə öz qonaqpərvərlikləri, mehribanlıqları və ən nəhayət, zəhmətsevərlikləri ilə fərqləniblər. Torpağın da bərəkətinə söz ola bilməz. Burada torpaq bir aldığının əvəzini beşqat ödəyib. Son illər rayonda abadlıq-quruculuq sahəsində görülən işlər, sözün əsil mənasında, ölçüyəgəlməzdir.

 

İndi İmişli ölkəmizin ən baxımlı, səliqə-səhmanlı rayonlarından biridir, abadlığı ilə göz oxşayır. Yəqin ki, bu müqəddimədən sonra rayonun 2014-cü ili necə yola salması ilə bağlı sualın cavabı da aydındır:  sanballı uğurlarla.

Bəri başdanca qeyd edək ki, ötən il rayonunun sosial-iqtisadi inkişafında yaxşı nəticələr əldə olunmuşdur. Belə ki, iqtisadiyyatın əsas sahələri üzrə 380.701.000 manatlıq məhsul istehsal edilmiş və ya xidmət göstərilmişdir ki, onun 164.706.100 manatı və ya 43,3 faizi sənaye, 101.186.400 manatı və ya 26,6 faizi kənd təsərrüfatı, 34.223.900 manatı və ya 15,4 faizi tikinti, 47.356.000 manatı və 12,4 faizi ticarət və iaşə, 7.953.400 manatı və ya 2,1 faizi nəqliyyat, 694.000 manatı və ya 0,2 faizi rabitə müəssisələrinin payına düşür. Göründüyü kimi, rayon iqtisadiyyatında əsas yeri - 70 faizi sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı tutur.

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı 2014-cü ildə 180 şagird yerlik Ölcələr kənd tam orta məktəbinin və 40 yerlik Məzrəli kənd uşaq bağçasının tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir. Bundan əlavə, rayonun Xəlfəli, Hacırüstəmli, Məzrəli, Qaraqaşlı kənd, şəhər 1 saylı, 6 saylı və 8 saylı tam orta məktəblərində təmir işləri görülmüşdür.

Son illər rayonda emal sənayesinin inkişafı üçün bir sıra işlər görülmüş, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin Kəllə qənd, Qarışıq Yem, Bitki Yağları, Spirt emalı, Çuğundur yemqurutma zavodları, Bəhrəmtəpə qəsəbəsində 50 min tonluq taxıl anbarı, Qaragüvəndikli kəndində damazlıq yumurta istehsal edən “Araz Damazlıq Quşçuluq” MMC istifadəyə verilmişdir.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İmişli şəhərində 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasında tikinti işləri tamamlanmaq üzrədir. Həmçinin, rayonda bu təbəqədən olan insanlar üçün növbəti, ikinci 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasının tikintisi nəzərdə tutulmuşdur.

2014-cü il ərzində aparılmış abadlıq və quruculuq işləri nəticəsində İmişli şəhərinin siması tamamilə dəyişmiş, şəhər son dərəcə müasirləşmişdir. Bu sahədə işlər davam etdirilir. Şəhər, demək olar ki, tamamilə yenidən qurulur. İnşası davam etdirilən binalar sırasında İmişli Rayon Məhkəməsinin inzibati binasını da qeyd etmək lazımdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin inzibati binasının tikintisi nəzərdə tutulmuşdur.

Sarıxanlı-Boşçalılar, Cəfərli-Əliqulular, Muradxanlı kəndlərini birləşdirən 23 kilometr asfalt-beton yol əsaslı təmir olunaraq başa çatdırılmışdır. Xoşçobanlı-Murğuzalılı istiqamətində 6 km-lik, Xəlfəli istiqamətidə 6 km-lik, Qulubəylidə 3 kilometr, Qızılkənddə 2 kilometr, Aranlıda  2 kilometr avtomobil yollarında da təmir işləri başa çatdırılmış və əhalinin istifadəsinə verilmişdir. Bununla bərabər, İmişli dairəvi yolunun və 7 km uzunluqda İmişliyə Çahar istiqamətindən giriş yolunda təmir işlərinə başlanılmışdır. Abadlıq işləri və kənddaxili yolların çəkilməsi davam etdirilir.

Qeyd olunduğu kimi, 2014-cü ildə rayon üzrə sənaye məhsullarının həcmi 164.706.100 manat olmuşdur. İstehsal olunan sənaye məhsullarının 91,8 faizi qeyri-dövlət  sektorunun payına düşür. Muradxanlı İriləşdirilmiş Neft Mədəni 19 min ton neft məhsulu istehsal etmiş, dövlət sektorunu əhatə etməklə ümumi həcmdə məhsul istehsalının 0,8 faizini təşkil etmişdir. İmişli Şəkər Zavodu 2014-cü ildə 403.357,7 ton şəkər tozu istehsal etmişdir, o cümlədən, başqa sifarişçiyə məxsus xammaldan 186.385,3 ton şəkər tozu emal olunmuşdur. Ümumiyyətlə İmişli Şəkər Zavodu 2014-cü ildə 136.792.300 manatlıq məhsul istehsal etmiş və xidmətlər göstərmişdir ki, bu da həm sənaye məhsulunun, həm də rayon üzrə ümumi məhsul buraxılışının əsasını təşkil edir.

2014-cü ildə heyvandarlıq və quşçuluq sahələrinin inkişafı təmin edilmiş, rayon üzrə mal-qaranın sayı 92084 başa, qoyunların sayı 246828 başa, quşların sayı isə 1425965 başa çatmış, ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qara 1271 baş, qoyunlar 3604 baş, quşlar isə 149734 baş artmışdır. Ət istehsalı (diri çəkidə) 13759,1 ton, süd istehsalı 48373 ton, yumurta istehsalı 78134 min ədəd, yun istehsalı isə 366,8 ton olmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün heyvandarlıq məhsullarının istehsalı artmışdır. Həmçinin 2014-cü ildə 11652 hektar sahədə buğda, 5558 hektar sahədə arpa, 292 hektar sahədə kartof, 401 hektar sahədə bostan, 316 hektar sahədə tərəvəz, 180 hektar sahədə dən qarğıdalı, 3011 hektar sahədə pambıq, 620 hektar sahədə isə şəkər çuğunduru əkilmişdir. İlin ərzində 15002 ton arpa, 35541 ton buğda məhsulu istehsal edilmiş və məhsuldarlıq 29,4 sentiner olmuşdur. Həmçinin 12 ay ərzində 2873 ton kartof, 3674 ton tərəvəz, 1001 ton qarğıdalı, 18600 ton şəkər çuğunduru, 5456 ton pambıq tədarük edilmişdir. 2015-ci ilin məhsulu üçün 11263 hektar sahədə buğda, 6392 sahədə isə arpa əkilmişdir.

İlin bütün fəsillərində əhalini təzə tərəvəz məhsulları ilə təmin etmək üçün Rayon Telestudiyasının yaxınlığındakı 10 hektar ərazidə yeni istixanaların inşa olunmasına başlanılmışdır. Taxılçılğın inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması məqsədilə xarici investorları cəlb etməklə dövlət fondu torpaqlarından 4000 hektar torpaq sahəsinin ayrılması nəzərdə tutulmuş, həmçinin, kənd təsərrüfatı məhsulları istehsalının artırılması üçün “MKT” MMC-yə 3813 hektar torpaq sahəsi verilmişdir.

2014-cü ildə bütün maliyyə mənbələri hesabına rayon iqtisadiyyatının və sosial sahənin inkişafı üçün 67.009.200 manat vəsait yönəldilmiş, onun 87,7 faizi və ya 58.805.100 manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir.

Əvvəlki illərdə olduğu kimi, keçən il də rayonda sahibkarlığın inkişafı üçün hər cür şərait yaradılmış, iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışında qeyri-dövlət sektorunun payı 91,8 faiz təşkil etmişdir. 2014-cü ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 270 layihə üzrə 16.077.800 manat məbləğində müxtəlif növ uzunmüddətli kreditlər verilmişdir ki, bu da 892 yeni iş yeri açılmasına səbəb olmuşdur. Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında rayondan olan sahibkarların iştirakı təmin edilmişdir. Əhalinin məşğulluğunu təmin etmək məqsədilə 25 iyul 2014-cü ildə keçirilmiş “Əmək yarmarkası”na 345 boş iş yeri çıxarılmış, 65 nəfər münasib işlə təmin olunmuş, 31 nəfəri peşə hazırlığı kurslarına göndərilmişdir. İl ərzində 345 nəfər öz peşə və ixtisaslarına uyğun işlə təmin olunmuşdur. Ümumilikdə il ərzində rayonda 1445 yeni iş yeri açılmışdır.

2014-cü ildə gəlirləri ehtiyac meyarından aşağı olan 1530 ailəyə ünvanlı sosial yardım təyin edilmişdir. Əhalinin həyat səviyyəsinin yüksəlməsini səciyyələndirən orta aylıq nominal əmək haqqı rayon üzrə 2014-cü ildə 335,4 manat olmuşdur ki, bu da 2013-cü ilə nisbətən 30 manat və ya 9,9 faiz çoxdur. Rayon üzrə ən yüksək orta aylıq nominal əmək haqqı maliyyə vasitəçiliyi, mədənçıxarma sənayesi və emal sənayesi sahələri üzrə olmuşdur ki, həmin sahələrdə işçilərin orta aylıq əmək haqqı 700 manat təşkil etmişdir.

İmişli şəhərində elektrik veriliş xətlərinin SİP kabeli ilə əvəz olunması, qabaqcadan ödənişli 8500 ədəd SMART-kart tipli sayğacların və elektrik dirəklərinin quraşdırılması işləri başa çatmışdır. 2014-cü ildə rayon ərazisində 34450 metr məsafəyə SİP kabeli, 39277 metr məsafəyə isə naqil xətlər çəkilmiş, 1964 ədəd elektron tipli enerqomer sayğaclar quraşdırılmışdır. İl ərzində 92 ədəd müxtəlif gücdə olan transformatorlar təmir edilmiş, 360 ədəd istismara yararsız dayaqlar yeniləri ilə əvəz olunmuşdur. Bununla bərabər, rayon ərazisində dayaqların dəyişdirilməsinə ehtiyac böyükdür. Hazırda Bəhrəmtəpə qəsəbəsində “Azenko” ASC tərəfindən smart-kart tipli sayğaclar quraşdırılmış, elektrik dirəkləri və xətləri dəyişdirilmişdir. Görülən işlər zamanı 13,5 km məsafədə fiziki cəhətdən köhnəlmiş 6 kv-luq kabel xətləri yenisi ilə əvəz olunmuşdur. Bu sahədə işlər davam ertdirilir.

Rayon Qaz İstismarı sahəsi tərəfindən 2014-cü ildə rayonun qazlaşdırılması işi davam etdirilərək 1537 evə təbii qaz xətti çəkilmiş, bununla da 9963 abonentin təbii qazdan istifadəsi təmin edilmişdir. Qeyri-əhali sektoru üzrə 71 abonentin də təbii qazdan istifadəsi təmin edilmişdir. Hazırda bu sahədə işlər davam etdirilir. Bundan əlavə, şəhər ərazisində korroziyaya uğramış müxtəlif diametrli dəmir borular təmir edilmişdir. 2014-cü ildə rayonun Ağaməmmədli kəndinə maye qazın verilişi təmin edilmiş, Otuziki  və Şahverdili kəndlərində isə qaz xəttinin çəkilməsi işlərinə başlanılmışdır.

İmişli şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması ilə əlaqədar “Milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə” çərçivəsində İmişli şəhər və Yalavac kəndləri ərazisində yaşayan əhaliyə xidmət göstərmək üçün layihədə nəzərdə tutulmuş 9320 ədəd öncədən ödəmə sistemli smart elektron su sayğaclarının  8320 ədədi evlərdə quraşdırılmışdır və bu sahədə işlər davam etdirilir. Quraşdırılmış su sayğaclarının 7782 ədədi aktivləşdirərək əhaliyə içməli su verilmişdir.

Rayonda 62 ümumtəhsil məktəbi, 15 məktəbəqədər, 4 məktəbdənkənar və 1 peşə təhsil müəssisəsi fəaliyyət göstərir. Ümumtəhsil məktəblərində təhsil alan 15223 şagirdin təlim-tərbiyəsi ilə 1473 nəfər müəllim məşğul olur ki, onların da 980 nəfərini və ya 67 faizini qadınlar təşkil edir. Pedaqoji sahədə çalışanların 1113 nəfərinin təhsili ali, 334 nəfərinin təhsili orta ixtisas, 24 nəfərinin təhsili isə ümumi ortadır. Ötən tədris ilində 36 ümumtəhsil məktəbində birnövbəli iş rejimi tətbiq olunmuşdur. 31 məktəbdə isə mərkəzləşdirilmiş istilik sistemi quraşdırılmışdır. Hazırda 62 təhsil müəssisəsindən 7 məktəbdə yeni tədris binasının tikintisinə, 8 məktəbdə isə əsaslı təmir işlərinin aparılmasına ehtiyac vardır. Bundan başqa, 15 məktəbəqədər tərbiyə müəssisəsindən 12-nin yenidən tikilməsinə və ya əsaslı təmirinə ehtiyac vardır.

2013-2014-cü tədris ilində ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının nəticələri təhlil edilərkən, əvvəlki illərlə müqayisədə bu sahədə müsbət irəliləyişlərin olduğu müəyyən edilmişdir. Belə ki, 2014-cü ildə tam orta təhsilini başa vurmuş 1154 nəfər məzundan 460 nəfəri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına sənəd vermiş, onlardan da 256 nəfəri və ya 55,6 faizi imtahanlarda uğurla iştirak edərək tələbə adını qazanmışdır. Bu göstərici ötən illə müqayisədə 51 nəfər çoxdur. 27 məzun 500-dən yuxarı, 7 məzun isə 600-dən yuxarı bal toplamışdır.

Rayonda 9 xəstəxana, 12 həkim məntəqəsi, 29 tibb məntəqəsi və 1 poliklinika, 2 gigiyena və epidemiologiya mərkəzi, 1 taun əleyhinə şöbə fəaliyyət göstərir ki, həmin müəssisələrdə də 108 nəfər həkim və 472 nəfər orta ixtisaslı tibb işçisi çalışır. Hazırda rayonun səhiyyə müəssisələrində ayrı-ayrı ixtisaslar üzrə 60 həkim və 97 orta ixtisaslı tibb işçisinə ciddi tələbat vardır. İl ərzində əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması və səhiyyə obyektlərinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində rayonda müəyyən işlər görülmüşdür. Belə ki, Muradxanlı kənd xəstəxanası əsaslı təmir edilmiş, Əliyetməzli və Ağaməmmədli kənd tibb məntəqələri üçün yeni binalar tikilmişdir, Qaragüvəndikli kənd tibb məntəqəsinin isə tikintisi davam etdirilir. Ötən ildə rayonda 1808 uşaq doğulmuşdur ki, onların da 97,7 faizi təqvim əsasında profilaktiki peyvəndlərə cəlb olunmuşdur.

2014-cü ildə İmişli-Bəhrəmtəpə, İmişliyə giriş yolunda, İmişli-Mirili-Qaravəlili avtomobil yolunun bəzi yerlərində təmir işləri aparılmış, 36 saylı yol istismarı idarəsi tərəfindən 825 min manat məbləğində iş həcmi yerinə yetirilmişdir. Türkiyənin “Kolin” şirkəti tərəfindən Hacıqabul-Bəhrəmtəpə respublika əhəmiyyətli avtomobil yolunda əsaslı təmir işləri aparılır və İmişli rayonu ərazisindən keçən 40 km məsafədə avtomobil yolu istifadəyə verilmişdir. Bu sahədə işlər davam etdirilir.

Rabitə xidməti sahəsində də il uğurlu olmuşdur. İl ərzində rayon üzrə 294 abonentə telefon xətti çəkilmişdir. Rayonun Qaravəlili kənd EATS-də 24 portluq genişzolaqlı internet quraşdırılıb əhalinin istifadəsinə verilmişdir. Əlavə olaraq Mərkəzi EATS-də 320, Bəhrəmtəpə EATS-də 64, Sarıxanlı EATS-də 96 nömrə, Qaradonlu EATS-də 64, Cəfərli EATS-də 64, Əlqulular EATS-də 48, Bəcirəvan EATS-də 64 portluq internet avadanlıqları quraşdırılıb əhalinin istifadəsinə verilmişdir. Genişzolaqlı internet istifadəçilərinin sayı 2762-yə, CDMA tipli simsiz telefonların sayı isə 440-a çatdırılmışdır.

Əhalinin  genişzolaqli internetə olan tələbatını ödəmək üçün DSLAM avadanlıqları olmayan EATS-də internet avadanlıqlarının quraşdırılması nəzərdə tutulmuşdur. “Azərpoçt” MMC-nin İmişli Regional Poçt filialı əhaliyə müxtəlif xidmətlər göstərir (poçt, bank xidmətləri,  siğorta haqlarının qəbulu və s). Müştəri xidmətləri şöbəsində əhalidən su pulu, qaz, enerji haqlarının qəbulu, eləcə də, kənd poçt şöbələrində elektrik enerjisi haqlarının qəbulu, Mərkəzi Bank Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi üzrə aparılması təmin olunmuşdur.

2014-cü ildə sosial-iqtisadi inkişafın yekunlarının təhlili göstərir ki, rayonda iqtisadiyyatın bir çox sahələrinin inkişafı təmin edilmiş, İmişli şəhərində abadlıq-quruculuq işləri yüksək zövqlə həyata keçirilmiş, qarşıya qoyulan vəzifələrin icrası istiqamətində yaxşı nəticələr əldə olunmuşdur.

Bütövlükdə, İmişlidə insanların torpağa sevgisi böyük xariqələr yaradılmasını təmin etmişdir.

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2015.- 21 fevral.- S.5.