Azad sözün və medianın tənasübü

 

Azad media sivil, demokratik cəmiyyətdə vətəndaşların ictimai forumuna çevrilir. Azad sözazad medianın düz tənasübü toplumun tərəqqisinə şərait yaradır, azad olmayan media isə inkişafa mane olur. Sivil, demokratik dəyərləri özünün priorteti  hesab edən müstəqil Azərbaycan dövləti, təbii ki, azad, demokratik medianın inkişafında maraqlıdır.

 

Fikir, söz, media azadlığı sivil cəmiyyətlərin tarixi inkişafları ərzində əldə etdikləri ən böyük dəyərlərdəndir. Bütün başqa bəşəri, humanist dəyərlər kimi, söz, düşüncə azadlığı, fikir plüralizminin mediada əks olunması hər bir toplumun tərəqqisi üçün olduqca vacibdir. Bu, sosial sifarişdir, tərəqqinin başqa yolu yoxdur.

Azad mediaya sahib olmayan cəmiyyətlərin davamlı  mənəvi, iqtisadi, siyasi inkişafı mümkün olmur. Bu həqiqəti çağdaş dünyada hər kəs qəbul edir və hətta ən avtoritar rejimlər belə, ən azı sözdə, media  azadlığına qarşı çıxmırlar. Lakin söz, fikir, düşüncə və media azadlığı yalnız cəmiyyət tərəfindən dərk olunduğu zaman fayda verir, süni, hibrid halda o, yalnız ziyan gətirir.

Azman ağaclar torpağın dərin qatlarına işləyən kökləri üzərində durduqları, “göydələnlər” möhkəm və etibarlı bünövrələrin üstündə bərqərar olduqları kimi, sivil millətlər də demokratiyanın məhək daşı sayılan azad mətbuata, daha geniş anlamda, azad mediaya mənəvi ehtiyac duyurlar. Təbii ki, ictimai-siyasi fəallığı ilə seçilən demokratik toplumlar azad medianın hüquqi bazasını qurmağadaim təkmilləşdirməyə  çalışırlar.

Azad media nəyə görə bu qədər vacibdir sualı ritorik xarakter daşımır. Belə ki, vətəndaş cəmiyyəti quruculuğunda azad media hər bir vətəndaşın fərdi imkanlarının cəmiyyətin xeyrinə realizə olunması üçün şərait yaradır. İctimai-siyasi həyatda öz layiqli yerini tutan vətəndaş da, son nəticədə cəmiyyət də qazanır.

Təbii ki, dünyanın heç bir ölkəsində azad medianın yaranması və  təşəkkülü prosesi asan olmayıb, əksər hallarda hətta çox çətin olub. O xalqlar ki, söz, fikir azadlığı, plüralizmə əsaslanan medianın azad, sərbəst fəaliyyət göstərməsinin ümumi mənafe üçün faydalı və alternativsiz olduğunu qəbul ediblər, təbii ki, onlar vətəndaş cəmiyyəti quruculuğunda daha üstün mövqelər qazana biliblər.

Azərbaycan xalqı o xoşbəxt xalqlardandır ki, söz, media azadlığını və tolerantlığı özünün mənəvi, əxlaqi və ictimai dəyərlərinə, həyat və düşüncə tərzinə çevirə bilib. Bu dəyər artıq bizim milli sərvətimizdir, onu qoruyub zənginləşdirmək, bütün cəmiyyətin, eləcə də jurnalistikamızın vətəndaşlıq və peşə borcudur.

Bu gün biz haqlı olaraq azad mediaya sahib olmağımızla fəxr edirik. Bu səviyyəyə çatana qədər milli mətbuatımız  çətin təkamül yolu keçib. Söz, düşüncə azadlığı bir mütərəqqi ideya olaraq, ilk öncə, ictimai-fəlsəfi fikirdə  intişar edib. Azərbaycanda ilk dəfə dahi mütəffəkkir M.F.Axundov söz və mətbuat azadlğının milli tərəqqi üçün vacib olduğunu söyləyib. Bu ideyanı real gücə çevirmək, mətbuatın millətin tərəqqisinə xidmət etməsi üçün xalqımızın fikir və qələm dühaları – H.Zərdabi, C.Məmmədquluzadə, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə. Rəsulzadə, Ü.Hacıbəyli və başqaları böyük fədakarlıq nümunələri göstəriblər. Sonrakı, sovetlər dönəmində azad sözə, mətbuata yasaq qoyulsa da,  o dövrün çox məhdud imkanları çərçivəsində belə mətbu  sözün dəyərini uca tutan, milli mətbuatımızın ən yaxşı ənənələrini davam etdirməyə çalışan jurnalistlərimiz az  olmayıb.

Azərbaycan ötən əsrin sonlarında ikinci dəfə öz istiqlalına qovuşanda, təbii ki, söz, fikirmedia azadlığı üçün real geniş üfüqlər açıldı. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qəbul edilmiş ölkə Konstitusiyanın 47-ci maddəsində hər kəsin fikir və söz azadlığı, 50-ci maddəsində məlumat azadlığı təminat altına alındı, hər kəsin istədiyi fikri ifadə etmək azadlığı ilə bərabər, istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq hüququnun olduğu da təsbit edildi.

Azərbaycan dövləti beynəlxalq birliyin üzvü olaraq söz və düşüncə azadlıqlarını təqdir edən bütün mühüm sənədləri imzalayıb və onların icra olunmasinı təmin edir. Belə ki, ölkəmiz Ümumdünya İnsan Hüquqları üzrə Bəyannaməni və “İnsan Hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasını və başqa vacib hüquqi-normativ sənədləri təsdiq edib. Azərbaycanda 1996-cı ildə “Mətbuat azadlığı haqqında”,  2003-cü ildə “İnformasiya azadlığı haqqında” qanunlar qəbul edilib. Bu tarixi sənədlər dövlət orqanlarını, o cümlədən özəl, fizikihüquqi şəxsləri “informasiya sahibihesab edir və onların üzərinə konkret vəzifələr qoyur.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə söz azadlığının daha da güclənməsi, medianın azad, sərbəst fəaliyyət göstərməsi üçün  davamlı işlər görülür. İndi dünyada həqiqətən çox az ölkə tapılar ki, azad media, onun maddi bazasının möhkəmləndirilməsi, jurnalistlərin öz peşə vəzifələrini sərbəst həyata keçirmələri, maddi-məişət şəraitlərinin yaxşılaşdırılması üçün Azərbaycanda olduğu qədər şərait yaradılsın.

Burada bir özəl məqamı da vurğulamaq istərdim. Söz, fikir və düşüncə azadlığı cəmiyyətin rifahı ilə harmonik inkişaf etməlidir. Əks halda, cəmiyyətdə radikallaşma baş verir. Azərbaycanda bir çox postsovet ölkələrindən fərqli olaraq demokratik proseslər iqtisadi islahatlarla paralel aparılıb. Ölkə vətəndaşlarının siyasi hüquq və vəzifələri onların cəmiyyətin iqtisadisiyasi idarəedilməsinə cəlb olunmaları ilə bərabər həyata keçirilib. Zaman bunun düzgün yanaşma olduğunu sübut edibbu, cəmiyyətdə vətəndaş həmrəyliyinin və tolerantlığın daha da güclənməsinə yol açıb.

Azərbaycan cəmiyyəti tolerant cəmiyyətdir. Xalqımız öz milli-mənəvi, əxlaqi dəyərlərinə sədaqət nümayiş etdirdiyi kimi, başqa dinlərə və mədəniyyətlərə də hörmətlə yanaşır. Yalnız böyük, azad, zəngin tarixə və mədəniyyətə sahib olan xalqlar fərqli mədəniyyətlərə dözümlü ola bilirlər. Son illər Bakıda ənənəvi keçirilən beynəlxalq humanitar forumlarda iştirak edən nüfuzlu siyasətçilər, görkəmli alim və mədəniyyət xadimləri Azərbaycanın regionda tolerantlıq nümunəsi göstərməsini xalqımızın böyük uğuru kimi dəyərləndiriblər. Yeri gəlmişkən, mediamızın bu sahədəki pozitiv rolunu qiymətləndirməmək insafsızlıq olardı.

Nəzərə almaq lazımdır ki, azad media cəmiyyətin əsas atributlarından biri olsa da, öz-özlüyündə son məqsəd deyildir. Hədəf bu demokratik institutlar vasitəsilə cəmiyyətin düzgün və ədalətli idarəolunmasına nail olmaqdır. Axı, medianın cəmiyyətdə konstruktiv rolu artdıqca, cəmiyyətin ədalətlə idarə olunması imkanları da genişlənir. Azad media bu mənada azad sözün, insan hüquqları və azaddlıqlarının həm də qoruyucusu rolunda çıxış edir. Bu, şərəfli missiyadır və cəmiyyət, öz növbəsində, jurnalistikaya adekvat diqqət və qayğı ilə cavab verir.

Lakin unutmaq olmaz ki, dünyanın heç bir yerində mütləq media azadlığı yoxdurbu, mümkündeyldir. Rusingilis dillərində bir çox müəllif proqramlarının aparıcısı, məşhur televiziya jurnalisti Vladimir Poznerin fikrincə, media hətta onun sərbəst fəaliyyəti üçün ideal şərait yaratdığını iddia edən Amerika Birləşmiş Ştatlarında belə tam azad deyil. Qərb mətbuatının bütün incəliklərinə yaxşı bələd olan bu təcrübəli televiziya aparısısı çağdaş medianı hər iki tərəfindən hündür hasar çəkilən uzun koridora bənzədib.

Lakin ədalətli söz, əsl həqiqət hər zaman ən çətin maneələri belə aşa bilir. Bu gün dünyanın ən nüfuzlu qəzet və jurnallarında, radio və televiziyalarında həqiqəti deməyə, göstərməyə cəsarəti çatan jurnalistlər çoxdur. Həyat və texnologiyalar inkişaf etdikcə, həqiqəti cəmiyyətə daha operativ ötürmək imkanları da artır. Hələ beş əsr yarım əvvəl Almaniada çap dəzgahının icad edilməsi, bir neçə onilliklər ötəndən sonra qəzet və jurnalların, təqribən bir əsrdən bir az əvvəl səsin, sonra da  təsvirin ötürülməsinin mümkün olması ictimai fikrə böyük təsir imkanları olan elektron medianı - radio və televiziyaları ortaya çıxardı. Son onilliklərdə isə texnologiyaların daha sürətli inkişafı baş verib və “Dövrümüzün möcüzəsi” olan internet peyda olub. İndi informasiya bir göz qırpımında dünyanın ən ucqar guşələrinə çatır. Beləcə, böyük bir planetkiçik kənd”ə çevrilib. İnternet milyonlarla insanı informasiyanın istehlakçılarından, onun daşıyıcılarına çevirib. Burada hər kəs öz fikrini azad, sərbəst ifadə edə bilir. Lakin informasiya bolluğu heç də həmişə sivil, humanist, bəşəri dəyərlərə xidmət etmir. Təəssüflər olsun ki, internetdən nifrət və təfriqə yaymaq üçün istifadə edənlər də çoxdur.

Hazırda dünyadaböyük güclər” arasında iqtisadisiyasi nüfuz dairələri uğrunda mübarizə daha da kəskinləşib. Belə bir çətin, mürəkkəb dönəmdə Azərbaycan vətəndaşlarına bölgədə və bütün dünyada baş verənlər barədə doğru, düzgün informasiyalar çatdırmaq olduqca vacibdir. Unutmaq olmaz ki, torpaqlarımızı işğal edən Ermənistan və onun himayədarları müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasını istəmirlər. Erməni lobbisi dünyanın böyük dövlətlərində xalqımıza qarşı yalan, böhtan, təxribat xarakterli hər cür informasiyalar yaymaqdan çəkinmir. Bu zaman ən çox da ölkəmizdə söz, fikirmedia azadlığına təhlükə yarandığını iddia edərək Azərbaycanı dünya ictimaiyyətinin gözündən salmağa cəhd edirlər. Acı təəssüf ki, bəzən içərimizdə düşmənə “sədaqətlə” qulluq edənlər də tapılır. Təbii ki, bütün bunlar əbəs cəhdlərdir. Azərbaycanın haqlı mövqeyi son nəticədə hər yerdə özünə yol açır və etibarlı tərəfdarlar qazanır.

Azərbaycan cəmiyyəti yüksək intellektə, geniş erudisiyaya malik olan sosiumdur. Ölkəmizdə və dünyada baş verənlər ölkə vətəndaşları üçün təkcə adi bir yenilik kimi maraq daşımır, həm də onların cəmiyyətin həyatında iştirak edərək düzgün qərar çıxarmaları üçünvacibdir. Bu mənada informasiyanın ən adi vətəndaşa əlçatan olması, azad sözlə azad medianın bir-birini tamamlaması, vəhdət təşkil etməsi zəruridir.

 

Məsaim ABDULLAYEV

 

Xalq qəzeti.- 2015.- 22 fevral.- S.5.