“Vicdanın hökmü”nə sürəkli alqışlar

 

Sumqayıt Dövlət Musiqili Dram Teatrında səhnəyə qoyulmuş

“Vicdanın hokmü” pyesinin premyerası barədə qeydlər

 

Tanınmış yazıçı-dramaturq Hüseynbala Mirələmovun milli mücadilə taleyimizin çeşidli səhifələrini ibrətamiz rakursdan göstərmək amalı ilə qələmə aldığı, Əməkdar artist Namis Şirməmmədovun təcrübəli rejissor fəhmi ilə səhnələşdirdiyi “Vicdanın hökmü  əsəri yaxın tariximizin olaylarını dəqiq qurulan mizanlarla ortaya qoyub. Bir qərinəlik məsafədən dünənə güzgü tutulması, milli yaddaşın ovxarda qalması, millətin, qeyrətin, heysiyyətin Qarabağ yarasına bilərəkdən “duz” səpilməsi  baxımından bu əsərin önəmi danılmazdır.

 

Təxminən saatyarımlıq vaxt çərçivəsində Sumqayıt teatrının sərgilədiyi tamaşanın başlıca üstünlüyü, fikrimcə, ondadır ki, əvvəlla hər birimizin susadığı bir mövzuya üz tutulub. İkincisi: istər konfliktin düyün (zavyazka) nöqtəsindən tutmuş yoxuş boyu zirvəyə (kulminasiya) qədər, istərsə də çözüm (razvyazka) boyunca ta final anlarınadək əsər izləyiciyə gözünü səhnədən çəkməyə imkan vermir, sanki onu da hadisələrin bilavasitə iştirakçısına çevirə bilir.

Başlıca ideya mayasını erməni xəyanətindən götürmüş faciələrin fonunda vətənpərvərlik hissləri aşılamaq, vətəndaş vicdanının səsinə daim qulaq asmaq məramıdır. Burada zamanın acı gerçəkləri də var, qəhrəmanların daxili saflaşma çabaları da, başa gələnləri dərk və görk eləmək məramları da. Sumqayıt teatrının səhnəyə çıxan 17 nəfərlik heyətinin “Vicdanın hökmü bir örnək kimi yüzlərlə seyrçinin hissinə, şüuruna yeridə bilməsi isə yaradıcı kollektivin növbəti uğuru sayıla bilər.

Əsərin baş qəhrəmanı – ziyalı Rəhim (aktyor Habil Xanlarov)  zamanın fəsadı sayılan dolanacaq təbəddülatı dalğalarında Rusiyaya gedərək bazarlarda çörək pulu qazanmağa məhkum olanlardandır. Amma o, bir çox hallarda məsxərəylə qarşılansa da, sevdiyi kitabları əlindən yerə qoymur. Vətən, ana, övlad sevgisiylə yaşayan Rəhimə Moskva bazarlarının birində reketlik edən Qara FedyaFirudin havadarlıq etmək istəyir. Aktyor Mətləb Səfərli Fedyanın xarakterini inandırıcı şəkildə canlandıra bilir. Lakin Qara Fedyaya “nökərçilik” edən erməni Aşot (aktyor Dağlar Rüstəmov) daxilində “Böyük Ermənistan” arzusu ilə yaşayan maskalanmış yaltaqdır. Himayədarına ziyan vura-vura varlanmaq, onun hesabına kişi olmaq üçün çevrəsindən aralanmır. Boşqab dibi yalayır. Hətta olmayan şəxsiyyətini alçaldan təhqirləri belə hamının gözü qarşısında pəh-pəhlə həzm eləyir. Doğma bacısını da bu niyyəti üçün vasitəyə çevirir. Fedyanın arvadı Güllü isə (aktrisa Kifayət Burziyeva) Rəhimin sevgilisi olub. Keçmiş aşiqlərin qarşılaşma səhnəsi təsirli notlardan xali deyil.

Vətən məfhumuna daim rişxəndlə yanaşan Fedya ad günündə Aşotun bacısına sarılaraq rəqs edir. Aşot da Güllünü rəqsə dəvət etmək istəyir. Güllününmurdar əlini mənə vurma” etirazına məhəl qoymaq istəmir. Bundan qəzəblənən Rəhim Aşotu yumruqla vurub yerə sərir. Əlbəyaxa davada Fedya Aşota qahmar çıxır və elə bu vaxt Rəhimin bıçağı təsadüfən Fedyanın köksünə saplanır. Güllünün ərinin cansız nəşi ortada qalır. “Bu da boş və mənasız keçən həyatın sonu”!

Rəhim Moskva milisinə təslim olmaq qərarına gələndə Bakıda elə Moskvanın qanlı əli ilə 20 Yanvar faciəsi törədilir. Təslim olmaq, yoxsa Vətənə qayıdıb azadlıq uğrunda savaşa qatılmaq? Bu dilemma  qarşısında qalan Rəhim daxili çəkişməsinin sonu olaraq ikinci yolu seçir. Məncə, seyrçilər də onun bu qərarına haqq qazandırır.

Tamaşanın quruluşçu rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı Anar Süleymanov səhnələrə rəvanlıq gətirən, inandırıcı atmosfer yaradan dekorasiyalardanmusiqi parçalarından məharətlə istifadə ediblər. Ön cəbhədə cərayan edən hadisələrə gərəkən rakurslardan güzgü tutulub. Səhnələrin konkretliyi, süjet xəttinin yığcamlığı diqqətdən yayınmır. Səhnələr dəyişir və bu fonda zaman-məkan keçidləri, olay  dəyişmələri təbii təsir bağışlayır. Dinamiklik gözlənilir. Budur, Rəhim döyüşlərdə yaralanıb və hospitalda müalicə alır.

Əsərin final səhnəsi xüsusilə yaddaqalandır. Burada Ana (aktrisa Ulduzə Nəsir) obrazı önə çıxaraq, səhnədəkilərin və tamaşa zalındakıların hamısının duyğu və düşüncələrini fəth edir. Şəhid Rəhimin dəfnində haray çəkən ananın fəryadı könülləri riqqətə gətirir. Ana qəddini düzəldərək oğlunun yapıncısını, avtomat silahını və Azərbaycan bayrağını götürür, Rəhimin əvəzinə qanlı döyüşlərə atılacağını, mənfur düşməndən qisas alacağını qətiyyətlə bəyan edir. Başqa sözlə, onu Rəhimsiz qoyan yağılara qarşı məhz rəhmsiz olacağını söyləyir. Zaldan eşidilən həzin hıçqırtı səslərini bir andaca sürəkli alqış sədaları əvəzləyir. Beləcə, silaha sarılan Ana hər kəsin Vətən eşqini coşdurur. Sonda mübaliğə etmədən vurğulamaq istəyirəm ki, təqdim olunan pyes aktual mövzulu,  cəmiyyətin ehtiyac duyduğu həyat həqiqətlərini əks etdirən müasir ruhlu bir əsər olması ilə dəyərlidir. Dramaturq-rejissor-aktyor üçbucağının hər bir tərəfi öhdəsinə düşən vəzifəni layiqli şəkildə yerinə yetirə bilib.

Uğurla keçən tamaşadan sonra ürək sözlərini söyləyənlərdən birinin – millət vəkili Musa Qasımlının bir fikri isə heç yadımdan çıxmır: “Səhnədə tonqal kimi alovlanan tamaşanın yerdə qalan “kül”ündən hər bir seyrçi özü üçün yetərincə od, köz götürə bildi”. Zənnimcə, “Vicdanın hökmüpyesinin, səhnə həyatı tapan tamaşanın əsas mahiyyəti, hədəflənən məramı da elə bundan ibarət idi.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2015.- 22 fevral.- S.7.