Xocalı qətliamı şahidlərin gözü ilə...

 

Azərbaycanın çağdaş tarixində unudulması mümkün olmayan, bütövlükdə xalqın şüurunda dərin iz salaraq onu daim milli özünüdərk ruhunda kökləyən faciəli hadisələr baş vermişdir. Ermənilərin faşist xislətini, gerçək mahiyyətini çılpaqlığı ilə açan Xocalı soyqırımı da məhz belə dəhşətli hadisələrdəndir. 23 il öncə—1992-ci il fevralın 25-dən 26-na keçən gecə amansız cinayətə əl atmış erməni cəlladları dünyanın əzazil, qəddar və qaniçən insanları olduqlarını, terroru dövlət siyasətinə çevirdiklərini bir daha təsdiq etmişlər.

 

Bu kütləvi və amansız soyqırımı aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürü olmaqla təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş bəşəri cinayətdir. Hüquqi baxımdan yanaşdıqda aydın görünür ki, erməni silahlı birləşmələrinin çirkin niyyəti Xocalı şəhərindəki azərbaycanlıları məhz milli-dini zəmində son nəfərədək qətlə yetirmək olub. Ermənilər hətta beynəlxalq hüquq normalarına görə də ən təhlükəli sayılan soyqırımı cinayətinə məqsədli şəkildə əl atmış, misli görünməmiş qətliam törətmişlər. Xocalı faciəsinin canlı şahidlərindən bir neçə nəfərin həmin müdhiş gecə ilə bağlı acı xatirləri də erməni vəhşiliklərini bir daha sübut edir:

Sevda Abbasova Xocalı köçkünüdür. Ermənilər onun 10-a yaxın qohumunu qətlə yetiriblər. O, ermənilərin günahsız azərbaycanlıların başına açdığı oyunları belə xatırlayır: —Ermənilər hər tərəfdən Xocalını mühasirəyə almışdılar. Qarqar çayından keçib, xilas olmaq istəyirdik. Beş-altı nəfər gözümüzün qabağında çayda boğuldu. Ermənilər bizi girov götürdülər. Əvvəlcə həyat yoldaşımı öldürdülər. Sonra isə 20 yaşlı qardaşımı güllələdilər. İki yaşlı oğlum isə atasının qucağında idi. Ermənilər həyat yoldaşıma güllə atanda qəlpə uşağın qulağının yarısını apardı. Bizimlə birlikdə əmim oğlanları da girov düşmüşdü. Onların üçünü də gözümüzün qabağında güllələdilər. Əynində əsgər forması olan adamlara daha ağır işgəncələr verirdilər. Balta ilə onların əllərini biləkdən kəsirdilər. Hamilə gəlinlərin qarnını yarıb, uşaqları çıxarırdılar. Gözümün qabağında bir neçə qadının döşünü kəsdilər. Ermənilər hətta meyitlərlə də vəhşicəsinə rəftar edir, ölülərin ağzındakı qızıl dişləri çıxarırdılar. Bir neçə meyitin dərisini soymuşdular. Qaynım musiqiçi idi. Onun əllərini isti sobaya basıb yandırdılar ki, bir də “Qarabağ şikəstəsi”ni çala bilməsin. 

Etibar Nəcəfov: —Atışma zamanı ratsiyada müxtəlif danışıqlar eşidilirdi. Danışıqların hamısı rus dilində aparılırdı. Həmin danışıqlardan yadımda bir söz dəqiq qalıb: “Sanya, mı naçinali operasiyu (Sanya, biz əməliyyata başladıq)”. Sonra isə ona rus dilində cavab verildi: “Mı qotovı (Biz hazırıq)”. Mən daha danışıqlara əhəmiyyət vermədim. Bizimlə olan İlyasov Əhməd bir qulduru güllə ilə başından vurdu. Yaxınlaşanda həmin quldurun zənci olduğunu gördük. Onun silahı və digər sursatı xaricdə  istehsal olunmuşdi, burnunda və qulağında sarı rəngli metaldan sırğa vardı. Saçları qıvrım idi. Əynindəki zireh də bizimkindən deyildi. Bu vaxt qarnımdan yaralanmışdım, məni qan aparırdı. Yoldaşlarım Əhməd və Soltana dedim ki, məni qoyub getsinlər. Lakin onlar məni atıb getmədilər, qoluma girib özləri ilə aparmağa başladılar. Biz anamgili tapdıq və Tofiq adlı döyüşçünün köməyilə mühasirədən çıxmağa çalışdıq. Biz körpünü keçəndən sonra artıq hava işıqlaşmaqda idi. Bu vaxt qarşıdan bir dəstə adamın bizə əl etdiyini görüb sevindik. Onlar Azərbaycan dilində danışırdılar. Yaxınlaşanda isə başımızın üstündən atəş açaraq bizi əsir aldılar. Onların çoxu Azərbaycan dilini bilirdi. Bizi söyməyə, əziyyət verməyə başladılar. Sonra bizi Həmid adlı adamın həyətinə gətirdilər. Onlardan biri yanımıza gəldi və dedi: “Xocalının alınması şərəfinə bir türk qurban kəsilməlidir”. Həmin erməni yerdə oturan ahıskalı Əhmədə qalxmağı işarə etdi. Əhməd ayağa qalxanda erməni əlindəki avtomatın qundağı ilə onun gicgahından vurdu. Əhmədin başı yarıldı, qan üzünə süzüldü. Sonra erməni bir də vurdu və Əhməd yıxıldı. Əhməd yıxılan kimi iki erməni onun ayaqlarının üstünə çıxdılar, üçüncüsü isə böyründən asdığı xəncərlə Əhmədin başını bədənindən ayırdı və qulağından tutaraq başı 1-2 metr aralıya tulladı. Bütün bunlar girov götürülmüş əhalinin gözləri qarşısında baş verdi. Əhmədin başı ilə bədəni bir-birindən aralı vəziyyətdə atılıb-düşürdü.

Xumar Səlimova: – 1992-ci ilin 25 fevralında Xocalı şəhəri güclü atəşə tutuldu. Qardaşlarım dedi ki, şəhərə ermənilər giriblər, qaçmaq lazımdır. Biz qaçan zaman yanımızda partlayan mərmi qardaşımın arvadını öldürdü. Mən isə çiynimdən və üzümdən yaralandım. Qonşularımızı da yarğanın içində gördüm. Mərmi və güllələrdən xilas olmaq üçün bir xəndəyə uzandıq. Səhər açılanda ermənilər bizi xəndəkdən çıxardılar. Quliyev Talehi güllə ilə ağzından vurdular, sonra da arvadının gözü qarşısında onun başını əzməyə başladılar. Arvadı Rəhilə Quliyeva qışqıranda onu da öldürdülər. Bir yaşlı Samir anasının cəsədi üstündə iməkləyib qışqırırdı. Bir erməni tüfəngin qundağı ilə uşağın başından vurdu. Zərbə çox güclü idi. Məni də döyə-döyə harasa aparırdılar. Biz yerdəki meyitlərin üstü ilə irəliləyirdik. Yaxınlıqda kimsə atəş açdı. Güllə əlimə dəydi. Məni aparan erməni atəş açılan tərəfə qaçdı. Mən isə ölülərin arasına süründüm. Elə uzandım ki, guya ölüyəm. Qaranlıq düşəndə mən meşə istiqamətində süründüm. Sonra  azərbaycanca danışıqlar eşidəndə “Ana!” deyə qışqırdım. Sonra heç nə xatırlamıram." Üç uşaq anası Sədaqət Ağayarova bircə saatın içində üç övladını itirdi: 10 yaşlı Nəbini və 7 yaşlı Sevinci  erməni cəlladları öldürdülər, 6 yaşlı Roman isə soyuqdan dondu.

Yavər Əliyev: – Evimizin işıqları söndü. Mən yata bilmirdim. Atışma başlayanda biz qonşunun zirzəmisinə endik. Bir müddət sonra isə meşəyə tərəf qaçmağa başladıq. Ermənilər bizi gördülər. Fin evlərinin yaxınlığında atəş altına düşdük. Hər kəs yerə yatdı. Erməni silahlıları bizi ayağa durmağı və sıraya düzülməyi əmr etdilər. Sonra uşaqları bir tərəfə, yaralı adamları isə başqa tərəfə apardılar. Bizi Xankəndinə apardılar və orada Əhməd dayının əvvəl əllərini, sonra da başını kəsdilər. Kəsilmiş başı isə top kimi oynatmağa başladılar. Xanım xalanı və 2 uşaq anası Natəvanı da güllələdilər.

...Xocalı soyqırımı ilə əlaqədar ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da  “Azərbaycanlıların soyqırımı haqqında” imzaladığı fərmanda deyilir: “Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə gizli qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar olaraq Azərbaycan xalqına müraciətində demişdir:  ” ... Xocalı faciəsi iki yüz ilə yaxın bir müddət ərzində erməni millətçilərinin və onların havadarlarının xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamı və qanlı səhifəsi idi. Bu mənfur siyasət xalqımıza saysız-hesabsız müsibətlər və əzab-əziyyətlər gətirmişdir... Xocalı faciəsi öz qəddarlığına, kütləviliyinə və törədilən cinayətin ağırlığına görə bəşəriyyətə qarşı ağır cinayətlər sırasına daxil olmuşdur.

Vətəndaşlarımız, soydaşlarımız unutmamalıdırlar ki, erməni millətçilərin anti-Azərbaycan təbliğatı getdikcə daha incə, daha mənfur formalarda davam etdirilir, ərazi iddialarını əsaslandırmaqdan ötrü yeni-yeni yalançı tezislər uydururlar. Buna görə də belə ideoloji təxribatlara qarşı ayıq olmalı, onları vaxtında ifşa etməliyik. Hazırda Azərbaycan dövləti, vətəndaşlarımız, xaricdəki soydaşlarımız Xocalı həqiqətlərinin dünyaya çatdırılması, onun əsl soyqırımı aktı kimi tanıdılması istiqamətində ardıcıl tədbirlər görürlər. Belə tədbirlər hər il daha əhatəli və peşəkar səviyyədə keçirilməli, xaricdəki soydaşlarımız isə öz fəallığını daha da artırmalıdırlar..."

Yeri gəlmişkən, hüquqşünaslarımızın fikrincə, Azərbaycan hökuməti Xocalı faciəsini soyqırımı kimi dəyərləndirərkən 9 dekabr 1948-ci ildə BMT Baş Assambleyası tərəfindən 260 saylı qətnamə ilə qəbul edilən “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəza” haqqında Konvensiyanı, keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının IV maddəsini, Ruanda üzrə Beynəlxalq Tribunalın Nizamnaməsinin I maddəsini, həmçinin “Xocalı Soyqırımı Günü haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 24 fevral 1994-cü il tarixli qərarını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü maddəsini əldə əsas tutur. Bu məsələdə Erməni silahlı birləşmələri tərəfindən Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərdə törədilən cinayət əməllərinin 2000-ci ildə qüvvəyə minmiş Azərbaycan Respublikası CM-nin 16-cı fəslində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə cinayətlərə aid olması, habelə Azərbaycan Respublikasında sülh və insanlıq əleyhinə cinayətlərə, soyqırımı və müharibə cinayətlərinə görə məsuliyyət nəzərdə tutan mövcud cinayət qanunvericiliyi normalarının tətbiqi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın və “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın müvafiq müddəalarına uyğunlaşdırmaq məqsədi ilə qəbul edilən Beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında Azərbaycan Respublikasının 12 may 2006-cı il tarixli Konstitusiya Qanunu əsas götürülmüşdür. Həmçinin sülh və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərə cinayət məsuliyyətinə cəlb etmə müddətinin tətbiq edilməməsi barədə Azərbaycan Respublikası CM-nin 75.5-ci maddəsində təsbit olunmuş müddəaları, bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələrin tətbiq edilməli olması nəzərə alınaraq, istintaq zamanı Azərbaycan Respublikasının 31 may 1996-cı il tarixli qanun ilə tərəfdar çıxdığı 9 dekabr 1948-ci ildə BMT Baş Assambleyası tərəfindən 260 saylı qətnamə ilə qəbul edilən “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəza” haqqında Konvensiyası, BMT Baş Məclisinin 239 saylı 26 noyabr 1968-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş və 11 noyabr 1970-ci il tarixdə qüvvəyə minmiş “Müddətin hərbi cinayətlərə və bəşəriyyətə qarşı cinayətlərə tətbiq edilməməsi haqqında” Konvensiyasına istinad olunur. Bu sırada BMT Baş Məclisinin 39/46 saylı 10 dekabr 1984-cü il tarixli qətnaməsi ilə qəbul edilmiş “İşgəncələrə və digər qəddar, insanlıqdan kənar, yaxud ləyaqəti alçaldan davranış və cəza növləri əleyhinə” Konvensiyası, “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyası, Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun 6-cı maddəsi, Azərbaycan Respubnlikasının 25 dekabr 2001-ci il tarixdən qoşulduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” 1950-ci il Konvensiyasının, “Hərbi əsirlər ilə rəftara dair 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyası”nın, Azərbaycan Respublikasının 22 iyul 1992-ci il tarixdə qoşulduğu BMT-nin Baş Assambleyasının “Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın” müddəaları əsas götürülmüşdür. Qeyd olunanlara əsasən Xocalıda törədilən əməl beynəlxalq hüquq normalarına müvafiq olaraq sülh və insanlıq əleyhinə cinayətlərə aiddir.

Xalqımız  dünya dövlətlərini, eləcə də bütün beynəlxalq təşnkilatları bəşəri cinayət olan Xocalı soyqırımını və Azərbaycana qarşı erməni ekstremistlərinin  təcavüzünə və vəhşiliklərinə biganə qalmamağa, Xocalı faciəsini insanlığa qarşı soyqırımı aktı kimi tanımağa çağırır. Dünya ictimaiyyəti də erməni ekstremistlərinin məkrli təbliğatına uymamalı, özgə torpaqlarına göz dikən terrorçu dövlətin insan əxlaqına, beynəlxalq hüquqa zidd olaraq törətdiyi qanlı qırğını öz adı ilə çağırmalıdır.

 

Camal ZEYNALOĞLU,

yazıçı-publisist

 

Xalq qəzeti.- 2015.- 26 fevral.- S.8.