Milli Kitabxanada Xocalı soyqırımı:

insanlığa qarşı cinayət adlı kitab sərgisi

 

Dünən M.F.Axundzadə adına Milli Kitabxanada Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş Xocalı soyqırımı: İnsanlığa qarşı cinayət adlı geniş kitab sərgisinin açılış mərasimi olmuşdur.

 

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq əvvəlcə Xocalı şəhidlərini, Qarabağ şəhidlərini, ümumilikdə Azərbaycanın müstəqilliyi uğrunda bütün şəhid olanları bir dəqiqəlik sükutla yad etmişdir. Sonra o, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinin işğalından, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdan ürək yanğısı ilə danışmışdır. O, faciə baş verən gecə 1275 nəfər dinc sakinin girov götürüldüyünü, onların 150-sinin taleyinin indi də məlum olmadığını bildirmişdir.

Bu faciənin Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biri olduğunu, bu soyqırımı zamanı Azərbaycan xalqının yüzlərlə şəhid verdiyini, Ermənistan hərbi birləşmələrinin 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdiyini, soyqırımı zamanı 613 nəfərin öldürüldüyünü, 1000 nəfər müxtəlif yaşlı dinc sakinin aldığı güllə yarasından əlil olduğunu, 8 ailənin tamamilə məhv edildiyini, 25 uşağın hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdiyini söyləmişdir.

Kərim Tahirov öz çıxışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Xocalıya ədalət kampaniyası çərçivəsində dünyanın bir çox ölkəsində müxtəlif tədbirlərin keçirildiyini bildirmişdir. Sonra söz Keçmişini unudan-gələcəyini itirər kitabının müəllifi professor Əsgər Abdullayevə verilmişdir. O öz çıxışında kitabın yazılma səbələrindən, kitabı böyük ürək ağrısı, ürək yanğısı ilə yazmasından danışmışdır. Milli Kitabxananın əməkdaşları, Azərbaycan Yazıçılar İttifaqının üzvləri Fəridə Hacıyeva və Səyyarə Məmmədli Xocalıya həsr etdikləri şeirlərini söylədilər.

 

M. MÜKƏRRƏMOGLU

 

Xalq qəzeti.- 2015.- 27 fevral.- S.7.