Azərbaycan tarixə qızıl imzasını yazdı

 

Azərbaycanın müstəqilliyinin yaşıdıyam! Şəxsiyyət vəsiqəmin lap yuxarısında böyük hərflərlə bütün ömrüm boyu qürur duyacağım bir kəlmə yazılıb: “AZƏRBAYCAN RESPUBLİKASI”. Bunu Tanrının mənim və yaşıdlarımın, eləcə də bizdən sonra doğulan həmvətənlərimin taleyinə yazdığı ən böyük xoşbəxtlik hesab edirəm. Çünki bizim nəsil MÜSTƏQİL AZƏRBAYCANın bağrından yetişib! Biz başımızın üstündə heç bir imperiyanın ağalığını görməmişik!..

İlk Avropa Oyunlarına möhtəşəm ev sahibliyi ilə də tarixə qızıl imzasını atan Azərbaycan bir daha hər birimizin qürur mənbəyinə çevrildi! 24 ildə qazanılan uğurların davamında  daha bir təntənə yaşatdı bizə Odlar yurdu!

 

“Qoy çırağımız sönməsin!..”

 

“...Qoy çaylarımız qurumasın! Qoy ağaclarımız kəsilməsin! Qoy çırağımız sönməsin!..” Ulu öndər Heydər Əliyevin arzusu idi bu. Və söyləndiyi gündən də bir dua kimi asıldı Azərbaycanın başı üstündən! Tanrı eşitdi bu duanı! Çaylarımız daha iti axdı, ağaclarımız bir boy da ucaldı, çırağımız daha gur yandı. Ümummilli lider müdrikcəsinə demişdi: “Azərbaycan dünyaya günəş kimi doğacaq!”

 

“Tanrı Azərbaycanı hər zaman qorusun!..”

 

Və bizim günlərdə “Azərbaycan dünyaya Günəş kimi” doğdu!..Əgər belə olmasaydı, bu gün dünya bu Günəşin ətrafına cəm olmazdı! Cəm olub da bu Günəşin alovundan od    almazdı! Bu Günəşin parlaqlığından gözləri qamaşmazdı! Bu Günəşin möhtəşəmliyini etiraf etməzdi!.. Və bütün bunların fonunda ürəkləri titrədən daha bir duanı eşitməzdi: “Tanrı Azərbaycanı hər zaman qorusun!..” I Avropa Oyunlarının açılış mərasimində səslənən, yalnız 68 minlik auditoriyanın deyil, dünyanın eşitdiyi bu dua tək mənim yox, milyonların gözünü yaşartdı, ruhunu silkələdi.

Azərbaycanın birinci xanımının bu alqışı ulu öndərin müqəddəs  diləyindən bu yana məmləkətimiz üçün eşitdiyim ən səmimi dua idi - Ana duası kimi... I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın “Sülhü, dostluğu və həmrəyliyi qeyd etmək üçün Bakıya, Azərbaycana xoş gəlmisiniz!” fikri isə ölkəmizin, xalqımızın xoş məramını, saf niyyətini, əmin- amanlıq istəyini bir daha dünyaya çatdırdı...

120 ölkədə canlı yayımlanan I Avropa Oyunlarının açılış mərasimini mən də öyünclə izlədim. Buna, sadəcə, “izləmək” demək insafsızlıq olardı. Çoxdandır, televiziya qarşısında hansısa proqramı, yaxud canlı yayımı bu cür nəfəs dərmədən, göz qırpmadan, böyük maraq və həyəcanla, sevinclə, qürurla, göz yaşı ilə izlədiyim ağlıma gəlmir. Hətta bütün dünyanı əhatə edən  Olimpiya oyunlarının açılış mərasimindən bu qədər zövq almamışdım.

Sonrakı günlər isə artıq qızıllarını saymağa başladın!.. Qızıl qızıl dalınca gəldi - özü də hər mənada!..

 

 “O sərvət hara, bu sərvət hara?..”

 

Və 17 günlük möhtəşəm zəfərinlə neçə müddətdir iş-gücləri Avropa Oyunlarına xərclənən pulları hesablamaq olan qərəzliləri, ağzıgöyçəkləri, səni gözügötürməyənləri susdurdun! Dünyaya yaşatdığın 17 şərəfli gün tutarlı cavab oldu onlara! Bəlkə, yenə də susmazdılar, amma həqiqətin qarşısında lal olmaqdan başqa çarələri qalmadı! Nə idi həqiqət?

Həqiqət o idi ki, xərclədiyin qızıllardan qat-qat artığını qazandın! Qazandığın bu qızıllar saya-hesaba gəlməz, kitab-dəftərə sığmaz!  I Avropa Oyunlarında idmançı övladların böyük inam və mübarizliklə 56 medal qazandı. Bu qələbənin bəxş etdiyi sevinci hansı pulla əvəz etmək olar?.. İndi siz deyin: “O sərvət hara, bu sərvət hara?..”

Bütün qızılların mübarək, mənim əziz yaşıdım, mənim qürurum, mənim fəxrim - Azərbaycanım! Sənin övladın olmaq xoşbəxtlikdir, fəxarətdir!..

 

“Azərbaycan, sağ ol!..”

 

Bu da möhtəşəm son. 17 gün ərzində dünyanın gündəmindən düşməyən I Avropa Oyunlarının bağlanış mərasimi - heyrətamiz sonluq. Yenə də öyünüləsi mənzərə. Prezident İlham Əliyevin fikri öz təsdiqini tapdı: “Bu, Avropada və bütün dünyada nadir hadisə olacaq.” Bəli, illər keçəcək, tarix səhnəsinə səndən çıxan, Avropa Oyunlarının ilk səhifəsini yazan, bu oyunlara qızıl “Azərbaycan” möhürünü vuran “Bakı- 2015" maraqlı məqamları, rəngarəng görüntüləri, sürprizləri, qələbə və məğlubiyyətləri ilə unudulmaz olacaq.

I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın bağlanış mərasimində dediyi kimi: “Belə bir idman və dostluq bayramı başa çatdığı zaman mən ölkəmizdən və xalqımızdan böyük qürur duyduğumu bəyan edirəm. Son 17 gün hər zaman xatirimizdə qalacaq. O, nəsillərə qalacaq, tariximizin yaddaqalan məqamı olacaq. ...Azərbaycan, sağ ol!..”

 

 “Əsl qalib siz idiniz”!..

 

“Qoy güclü qalib gəlsin!” dedi Prezidentimiz! Güclü sən oldun, Azərbaycanım! Bu millətlər, xalqlar yarışından qəhrəman kimi ayrıldın! Bu yarışda Azərbaycan gücünü- məharətini, Azərbaycan bayrağını, Azərbaycan himnini... qalib etdin! Sən bunu bacardın! Bu qələbə Azərbaycan dövlətinin, Azərbaycan insanının, Azərbaycan bayrağının, Azərbaycan himninin qələbəsidir! Bu, xalqla dövlətin birliyinin, həmrəyliyinin qələbəsidir!

I Avropa Oyunlarında da bu birliyin, bu həmrəyliyin sevincini yaşadıq! Bu millət, bu xalq bir olanda, həmrəy olanda necə əzəmətli, necə qüdrətli olur!.. Bu qələbə müstəqil Azərbaycanın müdrik və qətiyyətli Prezidentinin qələbəsidir! Sənin hər qələbənin arxasında Ali Baş Komandanımızın iradəsi dayanır, Azərbaycanım! 17 günün hər birində yaşadığımız qürur hissinə, misilsiz sevincə görə cənab PREZİDENTə borcluyuq!

Dövlət başçısı ilə yanaşı, bu şərəfli və çətin işi zərif çiyinlərinə götürən, I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya minnətdarıq! Qısa vaxtda bu böyük işlərin son dərəcə dəqiqlik və yüksək zövqlə görülməsində Azərbaycanın birinci xanımının payının nə qədər olduğu heç kimə sirr deyil! O, mükəmməl təşkilatçılıq bacarığını bir daha nümayiş etdirdi! Prezident İlham

Əliyevin dediyi kimi: “O, bu oyunların keçirilməsinə çox böyük töhfə vermişdir, deyə bilərəm ki, öz canını qoymuşdur bu oyunların bu səviyədə keçirilməsinə...”

Xalqın alqışı, xalqın sevgisi Sizə halaldır, cənab Prezident, əziz Mehriban xanım! Əsl qalib siz idiniz! Bu millətə, bu xalqa, Azərbaycana ən böyük qələbə sevincini yaşadan da siz olacaqsınız!.. Azərbaycana, bu bayrağa, bu millətə, bu xalqa yalnız qələbə yaraşır! Millətin, xalqın qürur, ləyaqət, şərəf hissini ifadə edən, onun birliyindən xəbər verən əzəmətli QƏLƏBƏ...

“Qoy çırağımız sönməsin!..”

“Qoy güclü qalib gəlsin!..”

“Tanrı Azərbaycanı hər zaman qorusun!..”

Bu dualar, bu alqışlar gücünə güc qatacaq, səni hər zaman qalib edəcək,

AZƏRBAYCANIM - MƏNİM SEVİMLİ YAŞIDIM!..

 

Sitarə CABBARLI,

YAP Gənclər Birliyinin Şura üzvü

 

Xalq qəzeti.- 2015.- 2 iyul.- S.3.