Uğurlu xarici siyasət sayəsində

Azərbaycan beynəlxalq aləmdə

özünəməxsus layiqli yer tutur

 

Dövlət müstəqilliyi qazandıqdan sonra Azərbaycanın sürətli inkişaf mərhələsinə qədəm qoyması beynəlxalq ictimaiyyətin diqqət mərkəzindən düşmür. SSRİ-nin dağılmasından sonra ictimai-siyasi həyatında mürəkkəb dövr yaşamış, işğal nəticəsində ərazisinin 20 faizini itirmiş və ciddi xarici təhdidlər qarşısında qalmış ölkənin qısa müddətdə mühüm uğurlara nail olması, əlbəttə ki, böyük maraq doğurmaya bilməz. Bütün bu uğurlarda ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu xarici siyasət kursunun mühüm rol oynaması heç kimə sirr deyil. Məhz milli maraqları əhatə edən və beynəlxalq qanunlara söykənən xarici siyasətin yürüdülməsi nəticəsində bu gün Azərbaycan regional müstəvidə özünəməxsus yerini tutur, dövlətlərarası münasibətlərə örnək davranış nümunəsi sərgiləyir.

 

Azərbaycanın geosiyasi əhəmiyyəti barədə çox danışılır, geniş müzakirələr aparılır. Belə marağın əsasında  coğrafi amillərin, zəngin karbohidrogen ehtiyatlarının və mütərəqqi ideyaların möhkəmlənməsinə göstərilən dövlət dəstəyi dayanır. Böyük dövlətlərin maraqlarının kəsişdiyi bölgədə yerləşməsi də Azərbaycanı öz müstəqilliyinin qorunub saxlanmasına və gücləndirilməsinə yönəlmiş xarici siyasət seçməyə sövq edir. Aydındır ki, “Odlar yurdu” mürəkkəb regionda yerləşir, bölgənin strateji əhəmiyyəti də böyükdür. Belə şəraitdə xarici siyasət kursunun müəyyənləşdirilməsində milli maraqların qorunması və regional müstəvidə aparıcı ölkə statusunun saxlanması böyük əhəmiyyət kəsb edir. Regiona maraq göstərən ölkələrlə münasibətlərdə milli mənafelərə zidd olmayan, bərabərhüquqlu əməkdaşlıq münasibətlərinin yaradılmasına imkan verən xarici siyasət istiqamətinin qorunub saxlanılmasının və inkişaf etdirilməsinin də vacibliyi böyükdür.

Bu gün bazar iqtisadiyyatı və qanunun aliliyinə əsaslanan plüralist demokratiyanın inkişafı, ərazi bütövlüyünün və suverenliyinin bərpası, dövlət müstəqilliyinə yönəlmiş təhdidlərin neytrallaşdırılması, qonşu ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi, Qərbin mütərəqqi siyasi və iqtisadi institutları ilə münasibətlərin inkişafı və inteqrasiya, regional təhlükəsizliyin və sabitliyin təmin olunmasına istiqamətlənmiş fəaliyyətin möhkəmləndirilməsi, strateji mövqedən yararlanmaqla ölkə iqtisadiyyatının müxtəlif sahələrinin inkişafına nail olunması kimi məsələlər xarici siyasətimizin əsas istiqamətlərini təşkil edir. Bu, bir aksiomadır ki, xarici siyasət daxili siyasətin davamıdır. Yəni iki siyasətin qarşılıqlı asılılığı var. Güclü daxili siyasət olmadan uğurlu xarici siyasətin yürüdülməsi mümkün deyil və ya çox çətindir. Bu mənada Azərbaycanın sosial-iqtisadi inkişafına yönəlmiş güclü daxili siyasətin yürüdülməsi nəticəsində son onilliklərdə ölkəmiz iqtisadi sahədə böyük uğurlara nail olmuşdur. Planlı təsərrüfat sistemindən azad bazar iqtisadiyyatına keçidin çətin dövrünü müvəffəqiyyətlə başa vuran Azərbaycan hökumətinin ölkədə möhkəm əsaslara dayanan sosial-iqtisadi mühit formalaşdırmağı bacarması məhz daxili-xarici siyasət asılılığının uğurlu olması ilə əlaqələndirilməlidir. Hazırda Azərbaycan bazar iqtisadiyyatı qanunlarının fəaliyyət göstərdiyi ölkədir və ötən müddət ərzində həyata keçirilmiş islahatlar nəticəsində ölkəmiz xarici kapitalın yatırıldığı məmləkətlərdən birinə çevrilmişdir.

Düzgün xarici siyasət yürüdülməsi nəticəsində regionun aparıcı dövləti statusunu qazanan Azərbaycan AvropaAsiya qitələri üçün mühüm əhəmiyyət kəsb edən enerji dialoqunun, yeni nəqliyyat dəhlizlərinin yaradılmasına da nail olmuşdur. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismara verilməsi Avropanın enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, Azərbaycan iqtisadiyyatının yaxın tarixində yeni inkişafın əsasını qoymuşdur. Cənubi Qafqaz regionunun böyük dövlətlərin diqqət mərkəzinə düşməsinə şərait yaradan bu iri layihələrin yerinə yetirilməsində önə çıxan ən vacib məqam da Azərbaycan dövlətinin yaxın-uzaq ölkələrlə münasibətlərində yürütdüyü düzgün xarici siyasətdir.

Xarici siyasətimizin uğurlu nəticələrindən birinin də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin olduğunu qeyd etmək yerinə düşərdi. Dövlətimizin seçdiyi strateji kursa uyğun olaraq meydana çıxan bu layihə haqqında danışıqlara 1993-cü ildə Türkiyə və Gürcüstan arasında nəqliyyat üzrə Qarışıq Komissiyasının Ankara şəhərində keçirilmiş iclasında başlanılmışdı. Sonradan bu layihə üzrə danışıqlar dayansa da, 2002-ci ildə yenidən gündəmə gəlmiş, yalnız Azərbaycanın diplomatik səylərini artırması nəticəsində real cizgilər almışdır. Azərbaycanı strateji müttəfiqi olan Türkiyə ilə birləşdirəcək bu dəmir yolunun reallaşması rəsmi Bakının regional müstəvidə çəkisinin artmasına və Qərb-Şərq nəqliyyat infrastrukturunda yeni dəhlizin açılmasına şərait yaradacaq. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Azərbaycanın regiondakı mövqeyini daha da gücləndirəcəyi və onun vacib tranzit ölkə statusunu möhkəmləndirəcəyi şübhə doğurmur.

Enerji və nəqliyyat infrastrukturlarının inkişafında oynadığı mühüm rol, beynəlxalq arenada artan nüfuzu Azərbaycana mötəbər təşkilatlarda da yüksək tribunalar qazanmasına şərait yaratmışdır. Ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi müstəqillik qazandıqdan sonra xarici siyasətdə qazandığımız mühüm nailiyyətlərdən biridir. Təbii ki, belə bir uğurun əldə olunması, ilk növbədə,  Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü fəal xarici siyasətin nəticəsidir. Yaxın-uzaq ölkələrlə münasibətlərin dinamik inkişaf etməsi, beynəlxalq təhlükəsizliyin təmin edilməsinə verdiyi töhfə Azərbaycanın BMT kimi təşkilatda mühüm söz sahibi olmasına imkan vermişdi.

2011-ci il oktyabrın 25-də yüksək rəqabətlilik şəraitində keçən səsvermədən sonra Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi xarici siyasət kursumuzun uğurla inkişaf etməsini bir daha təsdiqlədi. Səsvermə zamanı 155 ölkənin Azərbaycana dəstək nümayiş etdirməsi isə ölkəmizin beynəlxalq arenada artan nüfuzunun təntənəsi idi. Gənc dövlət üçün belə uğur əldə edilməsi, əlbəttə ki, böyük qələbədir və Azərbaycanın aktivinə yazılan mühüm beynəlxalq hadisə olmuşdu.

Təbii ki, xarici siyasətin uğurla inkişaf etdirilməsində diplomatik nümayəndəliklərin rolu əsasdır. Amma heç də hər ölkə arzuladığı qədər diplomatik nümayəndəliklər təsis edə bilmir. Azərbaycanda isə əldə edilən iqtisadi inkişafın yüksək səviyyəsi rəsmi Bakının xarici təmsilçiliklərinin sayını mütəmadi olaraq artırmağa imkan vermişdir. Dünyanın, demək olar, bütün regionlarında diplomatik təmsilçiliyini təsis etməklə Azərbaycan buya digər mühüm məsələlərin həllində çəkisi olan ölkələrlə münasibətləri inkişaf etdirmək və milli maraqların qorunmasına şərait yaradan əlaqələr qurmaq şansı qazanmışdır. Belə bir təmsilçilik sisteminin yaradılması Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli prosesində də mühüm rol oynayır. Xarici təmsilçiliklərin diaspor təşkilatları ilə qarşılıqlı əməkdaşlığı gücləndirməsi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır.

Azərbaycan transatlantik ölkələrlə səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasına imkan yaradacaq siyasətə üstünlük verir. Ölkəmizin Avropa Şurası Parlament Assambleyasına üzv olması, bu təşkilat daxilində milli maraqların qorunmasına yönəlik fəaliyyət göstərməsi və hətta Ermənistanın işğalçı dövlət kimi tanınmasını təsdiqləyən qətnamənin qəbul edilməsini xarici siyasət kursunun uğurları hesab etmək olar. Ötən illər ərzində Avropa İttifaqı ilə əməkdaşlıq əlaqələrinin iqtisadi, siyasisosial sahələrdə də genişləndiyini vurğulamaq yerinə düşərdi. İkitərəfli münasibətlərdə dialoqun inkişafı münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsinə imkan verir.

Əlbəttə, Azərbaycanın Qərblə münasibətləri təkcə siyasi əlaqələrin gücləndirilməsi məsələlərini əhatə etmir. Hər iki tərəfin münasibətlərində enerji təhlükəsizliyinin təmin edilməsi kimi vacib məsələ də böyük əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, enerji təhlükəsizliyi bu gün Avropa ilə ölkəmiz arasında aparılan danışıqların əsas mövzusudur: “Azərbaycan öz rolunu oynayır. Azərbaycan tərəfindən irəli sürülmüş layihələr Avropanın enerji xəritəsini dəyişdirir. Avropanın enerji təhlükəsizliyi gələcəkdə, həmçinin, Azərbaycanın hesabına təmin ediləcəkdir”.

Buna görə də, əminliklə demək olar ki, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, eləcə də, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası və TANAP qaz kəməri layihəsi Avropa üçün yeni və həyati əhəmiyyətli enerji mənbələrinin əsasını qoymuşdur və Azərbaycanın regionun aparıcı oyunçusu və beynəlxalq arenada əhəmiyyətli aktor olaraq imkanlarını artırmışdır.

Bir sözlə, regionun yeni nəqliyyat infrastrukturununenerji təhlükəsizliyinin memarı olan Azərbaycanın çoxspekrtli xarici siyasətində əldə edilmiş nailiyyətlər onun bölgədə və beynəlxalq arenada özünəməxsus yer tutmasına imkan verir. Mövqelərimizin möhkəmlənməsinə şərait yaradan xarici siyasət  Azərbaycanın dövlətlərarası münasibətlərdə sabit tərəfdaş kimi qəbul olunmasına gətirib çıxarmışdır. Azərbaycan dövlətinin yürütdüyü müstəqil xarici siyasət bundan sonra da milli maraqlara xidmət edəcək və beynəlxalq əlaqələrin güclənməsinə yönələcək.

 

Səbuhi MƏMMƏDOV

 

Xalq qəzeti.- 2015.- 11 iyul.- S.1.