Yazıçı-jurnalistin yeni kitabı milli

mətbuatımızın 140 illiyinə həsr olunub

 

Yazıçı-jurnalist, Ombudsman Aparatının mətbuat xidmətinin rəhbəri Zemfira Məhərrəmli bu günlərdə Ömür bitər, yol bitməz... kitabı ilə oxucuların görüşünə gəlib.

 

Tanınmış qələm sahibi, insan hüquqlarına, o cümlədən mənəvi problemlərə dair çoxsaylı yazıların müəllifi olan Z.Məhərrəmli bu kitabını Azərbaycan milli mətbuatının 140 illik yubileyinə həsr edib. Kitabın redaktoru AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi Nizami Cəfərov, ön sözün müəllifi isə Azərbaycan Mətbuat Şurasının sədri, əməkdar jurnalist Əflatun Amaşovdur.

Jurnalistin yol qeydləri silsiləsindən olan bu kitabda müəllifin publisistik yazıları toplanıb. Z. Məhərrəmli bu yazılarda dünyanın müxtəlif ölkələrinə səfərləri, qatıldığı mötəbər toplantılar, həmçinin ənənəvi media, onlayn jurnalistikanın, informasiya-kommunikasiya texnologiyalarının inkişafı, sosial şəbəkələrin yeni mediaya inteqrasiyası mövzularında iştirakçısı olduğu beynəlxalq konfranslar barədə təəssüratlarını oxucularla bölüşür.

Hazırda ölkəmizdə informasiya cəmiyyəti qurulmasının prioritet istiqamət olduğunun vurğulandığı kitabda dövlətimizin başçısı İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində mətbuatın Azərbaycan cəmiyyətində aşkarlığın, sərbəst və fərqli düşüncənin tribunası kimi özünü təsdiq etdiyi, son illərdə informasiya texnologiyalarının cəmiyyət həyatındakı rolunun xeyli artdığı qeyd edilir, yeni media mühüm platforma kimi dəyərləndirilir.

Müəllif taleyin hökmü, dövranın gərdişi ilə dünyanın ayrı-ayrı guşələrinə səpələnmiş soydaşlarımızla görüşlərdən, diasporumuzun nümayəndələrinin tarixi vətənə - Azərbaycana bağlılığından, bitib-tükənməyən Qarabağ dərdimizdən, ümid və arzularımızdan söz açır. O, həmvətənlərimizin həyat tərzi, dünyagörüşü, arzu və istəkləri barədə danışır, həm də öz doğma yurdunu təbliğ edir, məmləkəti ilə öyünür, Azərbaycan həqiqətlərini çatdırır.

Yazıçı-publisistin sayca onuncu olan bu kitabında onun jurnalist ömründən keçən, bir-birindən fərqli insan taleləri görüşür.

 

AZƏRTAC

 

Xalq qəzeti.- 2015.- 17 iyul.- S.10.