Fərhad HACIYEV: Azərbaycan gəncliyinin

kifayət qədər potensialı var idi ki,

Oyunlarda belə yüksək nəticə qazansın

 

Müsahibimiz Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru, I Avropa Oyunları Təşkilat Komitəsinin üzvü Fərhad Hacıyevdir

 

Dünya ən böyük tarixi hadisələrdən biri olan ilk Avropa Oyunlarına şahidlik etdi. Azərbaycanın yüksək təşkilatçılığı ilə keçirilən bu möhtəşəm Oyunlar tarixdə yeni səhifə açdı. Oyunların təşkilatçılığına böyük töhfələrini verən Azərbaycan gəncliyi yeni nümunə kimi diqqəti cəlb etdi. İlk Avropa Oyunlarında gənclərimizin bu qədər fəallığını şərtləndirən amillər hansılar idi?

– I Avropa Oyunları hər bir azərbaycanlının qürur mənbəyinə çevrildi, yaddaşlarda silinməyən izlər buraxdı. Belə bir ifadə var: “Xoşbəxt ulduz altında doğulub”. Görünür, bu bizə də aiddir. Xoşbəxt ulduz altında anadan olmuşuq ki, tarixi Oyunların müasiri olduq. İki dəfə də çox xoşbəxtik ki, biz gənclər bu Oyunların təşkilində yaxından iştirak etdik. Gənclərimiz bu mötəbər tədbirdə potensial bilik və bacarıqlarını nümayiş etdirdilər. Avropalılar Oyunlar zamanı gənclərimizlə yaxından tanış olarkən qarşılarında dünyanın ən inkişaf etmiş, yüksək intellektə malik, eyni zamanda, Vətənini sevən və onunla qürur duyan gənclik gördülər.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan gənclərini dünya həmyaşlarından fərqləndirən ən ali xüsusiyyət onun Vətənə, torpağa, dövlətə bağlılığıdır. Məhz, bu xüsusiyyət Oyunlarda ən yaddaqalan və görünən məqamlarda özünü əks etdirdi. Bunu Bakıya gələn bütün nümayəndə heyətlərinin üzvləri, Beynəlxalq və Avropa Olimpiya komitələrinin rəsmiləri, qonaqlar dönə-dönə qeyd etdilər. Onlar etiraf edirdilər ki, Azərbaycan gəncləri qədər Vətənini sevən, dövlətinə bağlı olan gənclik görməyiblər.

I Avropa Oyunlarında gənclərin fəal iştirakından danışarkən, könüllülərin fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Azərbaycan gəncliyinin kifayət qədər potensialı var idi ki, qısa müddət ərzində hazırlıq keçib, Oyunlarda yüksək nəticə qazansın. Qazandı da...

Azərbaycanda könüllülük ənənələri barədə nə deyə bilərsiniz? İlk Avropa Oyunlarına könüllülərin seçimi hansı prinsiplərə əsaslanırdı?

 – Beynəlxalq aləmdə bu hərəkatın böyük tarixi var. Azərbaycanda isə son 3-4 ildə bu sahə inkişaf etməyə başlayıb. Avropanın ən böyük musiqi müsabiqəsi – “Eurovizion-2012” zamanı könüllülərin fəal iştirakının şahidi olduq. Qərbdə, xüsusilə də Avropada könüllülərin yaş həddi 41-45-dir. Avropa Oyunlarında isə könüllülərimizin yaş həddi heç 25-ə çatmırdı. Nəzərə alaq ki, müstəqilliyimizin 24 yaşı var. Bu gənclərin böyük əksəriyyəti müstəqillik dövründə dünyaya gəlib. Şübhəsiz, Oyunlarda könüllülərin yüksək səviyyəli xidməti onların hərtərəfli inkişafından xəbər verməklə yanaşı, həm də dövlət tərəfindən onlara olan qayğıdan irəli gəlirdi. Məhz dövlət siyasətinin nəticəsi olaraq, bu cür güclü potensiala, böyük ürəyə, vətənpərvərlik hissinə sahib olan gənclik yetişdirmişik. Ulu öndər Heydər Əliyev çıxışlarında həmişə qeyd edirdi ki, əsl Azərbaycan gənci intellektli, dünyaya inteqrasiya etmiş gənc olmaqla yanaşı, eyni zamanda, vətənpərvər olmalı, onu sevməlidir. Könüllülərin simasında bu arzunun gerçəkləşməsini gördük. Prezident İlham Əliyevin və

I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın qeyd etdikləri kimi, könüllülər göstərdilər ki, Azərbaycan gəncləri ölkəmizin qürur mənbəyidir.

Bildiyiniz kimi, ilk Avropa Oyunlarına hazırlıq üçün vaxt çox az idi. İki il yarım ərzində Oyunlara hazırlıq tam başa çatmalı idi. Könüllülərlə təxminən 2014-cü ilin sentyabrından başlamışdı. Ondan öncə böyük bir sorğu keçirdik. Gənclərin könüllülüyə və Oyunlara münasibətini öyrəndik. Gənclərin 80 faizdən çoxu bu Oyunların bir hissəsi olmaq, onun təşkilində iştirak etmək istədiklərini bildirdilər. Sentyabrdan mart ayına qədər Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyinin köməyi ilə gənclərlə aparıldı, sənəd yığıldı. Mart, aprel, may aylarında onların hazırlıq prosesi başlandı. Könüllü olmaq üçün fiziki məhdudiyyətli şəxslər də müraciət etmişdilər. Onlar üçün xüsusi fəaliyyət ayrılmışdı. Onlara da xüsusi təşəkkürümü bildirmək istəyirəm.  Bu xidmətdə onların da böyük əməyi oldu. Bu idman tədbiri artıq ümumxalq bayramına çevrilmişdi. Burada arzu edən şəxs könüllü kimi fəaliyyət göstərib Oyunların təşkilatçılığına töhfələrini verə bilərdi. Burada hamı səfərbər olaraq, Oyunların yüksək səviyyədə keçirilməsini xidmət  etdi. Bakı şəhərində izdihamlı bir yürüş, könüllülərin və idmançıların paradı keçirildi. Bu, həyata keçirilən növbəti uğurlu bir layihə, həm də bir növ şəhər əhalisinin könüllülərə təşəkkürü idi.

– Könüllülərin potensialından yararlanmaq üçün daha hansı tədbirlər nəzərdə tutulur?

Prezident İlham Əliyev çıxışında könüllülərin bu Oyunlardan sonra cəmiyyətdə öz layiqli yerlərini tutacaqlarına əmin olduğunu bildirmişdir. Avropa Oyunları könüllülərin böyük potensialını üzə çıxardı. Dövlət qurumu olaraq çalışırıq ki, bu potensialdan maksimum yararlanaq. Növbəti illərdə bir sıra böyük tədbirlərə - “Formula-1", Şahmat Olimpiadası-2016, İslam Həmrəyliyi Oyunları və müxtəlif növlər üzrə bir çox dünya, Avropa çempionatlarına ev sahibliyi edəcəyik. Bundan başqa, dövlət tərəfindən açılmış geniş imkanlar var ki, könüllülər potensiallarını nümayiş etdirə bilərlər. Bu imkanlardan biri də Gənclər Fondudur. Gənclər Fondu adından deyə bilərəm ki, könüllülərə dair bu ilin ilk yarısı ərzində 35 layihə həyata keçirilmişdirilin sonuna qədər bir o qədər layihənin də həyata keçirilməsi nəzərdə tutulub. Bundan əlavə, “Asan xidmət”də gənclərimiz könüllü kimi çalışaraq təcrübə əldə edirlər. I Avropa Oyunlarının könüllülərinin bir çoxu da yarışlar bitdikdən sonra bu mərkəzə müraciət etmişlər. Proqramlar çoxdur. Müsbət hal bundan ibarətdir ki, təkliflərin əksəriyyəti gənclərdən gəlir. Biz də çalışırıq ki, onların təklifləri və ideyalarını həyata keçirək.

İlk Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı müəyyən qüvvələr tərəfindən qarayaxma kampaniyası aparıldı. Bir sıra gənclər təşkilatları bu çirkin kampaniyaya etirazlarını da bildirdilər.

Bu, birinci dəfə deyil. Azərbaycan hər dəfə irimiqyaslı tədbirə ev sahibliyi edəndə, ölkəmizə qarşı müəyyən qüvvələr bu cür kampaniyalara başlayırlar. Görünür, Azərbaycanın inkişafı onları narahat edir. Müsəlman dövlətinin bu cür sürətlə inkişaf etməsi, sözün həqiqi mənasında, dünyaya səs salması onların xoşuna gəlmir. Dövlətimiz çox güclüdür. Ölkəmizdə uğurların əsasını Azərbaycan Prezidenti cənab İlham Əliyevin düzgün daxilixarici siyasəti təşkil edir. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycan dünyada bəlkə də yeganə dövlətdir ki, vətəndaşla hakimiyyət arasında vəhdət, həmrəylik var. Oyunlardan əvvəl və sonra keçirilən sorğularda ölkənin 90 faizindən çoxu, məhz cənab Prezidenti dəstəklədiyini vurğulayıb.

Qarayaxma kampaniyasına gənclərin, ictimaiyyətin nümayəndələrinin münasibəti sərt oldu. Birmənalı olaraq, bu kampaniyanın yalan, ikili standartların, islamafobiyanın, qərəzli mövqeyin nümayişi olduğunu bildirdilər. Bununla bağlı beynəlxalq təşkilatlara, həmin dövlətlərin nümayəndələrinə müraciətlər olundu, məktublar yazıldı, internetdə kampaniyalar keçirildi ki, bu ədalətsizliyə son qoyulsun. Qarayaxma kampaniyası vüsət aldıqca, xalq iqtidarın, Prezident cənab İlham Əliyevin ətrafında daha sıx birləşdi. Təsəvvür edin. Bu vətənpərvərlik hissləri nə qədər güclü idi.

İdmançılarımız yalnız qələbə uğrunda mübarizə aparırdılar. Onlar hərtərəfli hazırlıqları ilə qüdrətli, güclü Azərbaycanın təmsilçiləri olduqlarını hər an sübut etmək istəyirdilər. Paralimpiyaçı İlham Zəkiyevin qalib gəldiyi an, mükafatlandırılma mərasimi və orada idmançının Prezident İlham Əliyevi fəxri kürsüyə dəvət etməsi, dövlət başçısı ilə yanaşı qürurla dayanması, sürəkli alqışların zalı titrətməsi, minlərlə tamaşaçının bir səslə Dövlət himnini ifa etməsi... çox təsirli anlar idi. İlk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi, bu Oyunlar Azərbaycanı dünyaya göstərdi, dünya artıq Azərbaycanın nəyə qadir olduğunu gördü. Azərbaycan xalqı bir komanda şəklində birləşmişdi, Prezident bu komandanın şərəfli kapitanı idi.

Bu müasir, müstəqil Azərbaycanın şanlı tarixidir. Azərbaycanın vahid komanda şəklində cənab Prezidentin rəhbərliyi altında tarixi uğura imza atması  güclü dövlətçilik ənənələrinin mövcudluğunu bir daha sübut etdi.

 

Müsahibəni apardı:

Leyla QURBANOVA

 

Xalq qəzeti.- 2015.- 24 iyul.- S.5.