Aktyor taleyinin

unudulmaz cizgiləri

 

İlk dəfə bu böyük sənətkarı O olmasın, bu olsun filmində Qoçu Əsgər rolunda görmüşdüm. Bu, çox qəribə bir obrazdır. Bilmirəm, Möhsün Sənani Bakı qoçularını görmüşdü, ya yox, amma onun filmdəki qəhrəmanı belə təəssürat yaradır ki, aktyor bu qoçuları yaxşı tanıyırmış və ona görə də obraz çox canlı və təbii alınmışdı. Əslində, onun bütün rolları insanda pozitiv hisslər doğurur. Çünki Möhsün Sənani nikbin insan idi bu xarakteri rollarına da sirayət etmişdi. Tamaşaçı onun rollarına baxanda istər-istəməz yüngülləşirdi, yumşaq komizmi yaratdığı rolların təsir gücünü artırır, tamaşaçıya qəribə bir yüngüllük gətirirdi. Bu, teatrda da, kinoda da belə idi.

Möhsün Sənani (Cəfərov) çox şərəfli bir həyat yolu keçmişdir. O, 1900-cü ildə Tiflisin Şeytanbazar məhəlləsində, ruhani ailəsində anadan olmuşdur. O, dövr Tiflisin mədəni mühiti yüzlərlə azərbaycanlı kimi, onun da taleyində əhəmiyyətli rol oynamışdır. Ata-anasını kiçik yaşlarında itirmiş balaca Möhsün nənəsinin himayəsində böyümüşdü. Nənəsi onu mədrəsəyə qoyub, gələcəkdə atası kimi mərsiyəxan eləmək istəyirdi. Lakin Möhsün nə mədrəsəni oxuyub başa çatdıra bilir, nə də ki, nənəsinin arzusunu yerinə yetirir. Nənəsi vəfat edəndən sonra xalası, Xalq artisti Əli Qurbanovun anası molla Zinyət onu öz himayəsinə götürür. Uşaqlığı çətinliklər içərisində keçsə də, bütün bu ağrılara dözür. Həyat isə davam edirdi.

Uşaqlıq yaşlarından onda səhnəyə, teatra böyük həvəs baş qaldırmışdı. Yerli teatrların və Tiflisə qastrola gələn artistlərin tamaşalarına böyük həvəslə baxırdı. Möhsün həm teatr aktyorlarının oyununa, həm də meydanlarda oxuyan dərvişlərin səsinə fikir verir və onları təqlid edirdi. Bu minvalla özünün oxumaq qabiliyyətini inkişaf etdirirdi. 1911-ci ildə Möhsün birinci dəfə geniş izdiham qarşısına çıxır. Böyük həyəcan keçirsə də, çıxışı dinləyicilərə, tamaşaçılara dərin təsir bağışlayır. Möhsün 1912-ci ildə kiçik həvəskarlar dərnəyinə qoşulurbu dərnəklərdə özünü birpərdəli povestlərdə sınamağa başlayır. Beləliklə, Mirzəxan Quliyev və Möhsünə tamaşa edən Mirzəli Abbasov, Mustafa Mərdanov, İbrahim İsfahanlı kimi Tiflis aktyorları onun istedadına umid edirlər. Bu ümid Möhsünün səhnəyə olan eşqini daha da artırır. Amma onun sənətinə paxıllıq edən və həvəsini söndurmək istəyənlər də vardı. Bunlar əsasən atası Molla Sadığın dostları idi. Bununla belə, Möhsünü sevənlər də çox idi.

Dövrünün ziyalı və tanınmış adamları Tiflisdə yaradılmış teatr dərnək və cəmiyyətlərinə yardım olaraq tez-tez müşavirələr keçirərdilər. Belə müşavirələr, adətən, Mustafa Mərdanovun atası Hacı Həşim Mərdanovun bəzzaz dükanında olurdu.

Gürcüstanın mütərəqqi fikirli xadimləri və maarifpərvər azərbaycanlı ziyalılar bu teatraaktyorlara bina xərclərini ödəmək və tamaşaları təşkil etmək işində səmərəli yardım göstərirdilər. Nəriman Nərimanov, Əli Tağızadə, Əşrəf Yüzbaşiyev, Həsənbəy Zərdabi, Üzeyir bəy Hacıbəyov, Səməd və Mustafa Mərdanov qardaşları teatr sənətinin tərəfdarları və təbliğatçıları olmuşlar.

1915 -ci ildə Möhsün Sənani, Mirzəli Abbasov, Mirseyfəddin Kirmanşahlı, Mirzəxan Quliyev, Mustafa Mərdanov və başqaları Tiflis truppasına cəlb edilirlər. Həmin ildə Hüseyn Ərəblinskinin iştirakı ilə hazırlanmış Kaveyi-Ahəngər tamaşasında Möhsünə dəmirçi Kavənin oğlunun rolunu tapşırırlar. O, bu rolu çox böyük ustalıqla ifa edir. Vəziyyətinin ağırlığına, maddi ehtiyac içərisində yaşamasına baxmayaraq bütün peşələrdən əl çəkir, ancaq aktyorluqla məşğul olur. Bu dövrdə Tiflis teatr truppasında çox məşhur sənətkarlar fəaliyyət göstərirdi. Bunlardan Mirzəli Abbasov, Mirzəxan Quliyev, Əşrəf Yüzbaşıyev, Mirseyfəddin Kirmanşahlı, İbrahim İsfahanlı, Tərlan xanım, Əli Əskərov, Həsən Səbri, Paşa Mahmudov, Kaftaradze, Panfiliya Tanailidi, Əli Qurbanovu və başqalarını göstərmək olar. Möhsün Sənani onların arasında ən gənc aktyor idi.

Buna baxmayaraq, tezliklə ona Heydər bəy (Hacı Qara), Süleyman bəy, Vəli (Arşın mal alan), hambal (O olmasın, bu olsun), Rzaqulu (Nadir şah), Kasio (Otello) kimi məsul rollar tapşırılmışdır. Həmin rollar M.Sənaninin aktyorluğunda bir sıçrayış yaradır, ona həqiqi aktyor şöhrəti qazandırır. M.Sənani 1915-ci ildən 1920-ci ilə kimi Tiflis teatr truppasında çalışır, 1921-ci ildən isə Bakının teatr səhnələrində parlamağa başlayır. Hamletdə Laert, Otelloda Kasio, Şeyx Sənanda Serqo, Uzaq sahillərdədə Mixaylo, Xoşbəxtlərdə Sadiq, Göz həkimində Həsənağa onun teatr yaradıcılığında əhəmiyyətli yer tutur. O, nəinki teatrda, eləcə də kino sənətində də çox yaddaqalan, təkrarolunmaz rollar ifa etmişdir. 30-a yaxın filmdə yaratdığı müxtəlif xarakterli rollar ona əsl mənada şöhrət qazandırmışdır. Bunlardan Bismillah, Səbuhi, O olmasın, bu olsun, Sehrli

xalat, Arşın mal alan, Koroğlu, Qara daşlars. filmləri qeyd etmək kifayətdir. Onun rollarındakı lirik motivlər tamaşaçıda yaxşı əhval yaradır, bu aktyorun rollarını izləməyə sövq edirdi.

O, sanki sənət üçün doğulmuşdu. Bütün mənalı ömrünü sənətə həsr etdi. 50 il ərzində bir günolsun səhnədən ayrılmadı. Onun haqqında neçə-neçə kitab və məqalə yazılmışdır. Yaradıcılığı yüksək qiymətləndirilmiş, Qırmızı Əmək Bayrağı, Xalqlar dostluğu, Şərəf nişanı ordenləri ilə təltif olunmuş, 1943-cü ildə Əməkdar artist, 1949-cu ildə isə Xalq artisti fəxri adlarına layiq görülmüşdür.

Möhsün Sənani 1981-ci il fevral ayının 11-də dünyasını dəyişmiş və II Fəxri xiyabanda dəfn olunmuşdur.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2015.- 26 iyul.- S.8.