Azərbaycanın xarici siyasəti

milli maraqlar üzərində qurulub

 

Beynəlxalq münasibətlərin müasir şəraitdə mürəkkəb xarakter daşıması artıq günün reallığıdır. Dünyanın müxtəlif regionlarında müşahidə olunan silahlı münaqişələrin tamamilə ziddiyyətli mənzərələr yaratması da danılmaz faktdır. Belə bir şəraitdə də uğurlu xarici siyasət yürütmək kifayət qədər çətin və məsuliyyətli bir məsələdir. Bununla belə, Azərbaycan dövlətinin son onilliklərdə apardığı xarici siyasətin nəticələri deməyə əsas verir ki, mürəkkəb olduğu qədər də mühüm strateji bölgədə yerləşməsinə baxmayaraq, rəsmi Bakı milli maraqların qorunmasını təmin edən vəzifələrin öhdəsindən uğurla gəlir. 2015-ci ilin yeddi ayı ərzində əldə olunmuş nailiyyətlər də dediklərimizi təsdiqləyir. Uğurların qısa təhlili Azərbaycan dövlətinin son dərəcə təmkinli bir strateji mövqe tutmaqla hədəflərinə çatdığını göstərir. Bu baxımdan da demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi altında yürüdülən Azərbaycanın xarici siyasəti yerləşdiyi region ölkələri üçün nümunə kimi qəbul edilə bilər.

Ötən il olduğu kimi, 2015-ci ilin yeddi ayında da dünyanın geosiyasi mənzərəsi mürəkkəb vəziyyəti ilə gündəmdədir. Bir sıra ölkələr arasında münasibətlərdə gərginliklə yanaşı, silahlı qarşıdurmalar da müşahidə olunur. Yaxın Şərq regionunda terror küləyi güclənməkdə, Avropanın yaxınlığında — Ukraynanın şərqində silahlı toqquşmalar səngisə də, gərginliyin istənilən an genişmiqyaslı müharibəyə çevrilməsi təhlükəsi artmaqdadır. Bundan başqa, dünyanın bir sıra regionlarında, xüsusilə də Avropa Birliyi ölkələrində iqtisadi böhranın davam etməsi, Yunanıstan böhranının dərinləşməsi və nəhayət, dünya bazarında neftin ucuzlaması beynəlxalq arenada ümumi atmosferə təsirini göstərdi.

Neftin sürətlə ucuzlaşması bir sıra ölkələrdə iqtisadi durğunluğun yaranmasına və bunun da qlobal müstəvidə qüvvələr balansının pozulmasına səbəb olur.

Belə şərtlər altında da xarici siyasət sahəsində uğurlara imza atmaq böyük məharət və diplomatik ustalıq tələb edir. Azərbaycan rəhbərliyinin də cari ilin ilk yarısında xarici siyasət sahəsində atdığı uğurlu addımlar beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunur və əldə olunmuş konkret nəticələr təsdiqləyir ki, rəsmi Bakının xarici siyasəti kifayət qədər dinamik və çevikdir.

Ümumiyyətlə, ölkə diplomatiyası Azərbaycanın beynəlxalq mövqeyinin gücləndirilməsi üçün xeyli fəallıq göstərmiş və beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirməklə yanaşı, milli maraqların təmin olunması istiqamətində atdığı addımlar da  strateji xəttə uyğun olmuşdur. Beynəlxalq arenada gərginliyin hökm sürdüyü şəraitdə iki və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsi və müxtəlif beynəlxalq təşkilatlarla münasibətlərin gücləndirilməsi prosesi uğurla davam etdirilmişdir. Aydındır ki, xarici siyasətdə əsas hədəflərin belə göstərilməsi günün tələbidir, çünki hazırda dünyada qarşılıqlı münasibətlər o dərəcədə dərinləşmiş və inkişaf etmişdir ki, formalaşan mürəkkəb vəziyyətlərdə ancaq çoxtərəfli siyasət yürütməklə qarşıya qoyulmuş hədəflərə çatmaq mümkündür.

Bu gün Azərbaycan diplomatiyası milli maraqların qorunmasına xidmət edən belə siyasət yürüdür. Yəni rəsmi Bakının qarşılıqlı, bərabərhüquqlu dövlətlərarası münasibətlərin qurulmasında və inkşaf etdirilməsində əldə olunmuş uğurlar ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktuallığını artırır. Prezident İlham Əliyevin istər Avropa, istərsə Şərq regionu ilə bağlı yürütdüyü fəal siyasət Azərbaycanın beynəlxalq nüfuzunun artmasına və ölkəmiz üçün əhəmiyyətli siyasi-iqtisadi münasibətlərin formalaşmasına gətirib çıxarmışdır. Ölkə başçısının olduqca təsirli və aktiv xarici siyasəti nəticəsində milli maraqların təmin edilməsinə xidmət edən əhəmiyyətli müqavilələrin imzalanmasına səbəb olmuşdur. Buna misal kimi, Avropa İttifaqının enerji təhlükəsizliyində böyük rol oynayacaq “Cənub” qaz dəhlizi layihəsinin bir hissəsi olan TANAP layihəsinin bu ilin mart ayında tikintisinə start verilməsi Azərbaycan xarici siyasətinin böyük uğurudur.

Azərbaycanın yaxın-uzaq ölkələrlə bərabərhüquqlu faydalı münasibətlər qurması və bu istiqamətdə uğurlara nail olması bir sıra ölkə prezidentlərinin və hökumət başçılarının ölkəmizə vaxtaşırı səfərlərinə əsas yaratmışdır. Belə görüşlər zamanı ölkələr arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin inkşafı üçün əlavə imkanların yaranması da heç kimə sirr deyil. Məhz belə səfərlərdən sonra tərəflər arasında diplomatik əlaqələrin intensivləşməsi prosesi başlayır və xarici təmsilçiliklərin təsis olunması ilə nəticələnir. Hazırda Azərbaycanın uzaq Kolumbiyada belə, diplomatik nümayəndəliyi fəaliyyət göstərir. Azərbaycanda da səfirlik və konsulluqların açılması ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsinə münbit şərait yaradır.

Bu proseslərlə yanaşı, regional əməkdaşlığın inkişafına da yüksək diqqət yetirilir. Qardaş Türkiyə Respublikası və dost Gürcüstanla əlaqələrin yüksək səviyyədə saxlanılmasını üçtərəfli münasibətlərin inkişafı baxımından nümunə göstərmək olar. Hər üç dövlət arasında bərabərhüquqlu münasibətlərin qarşılıqlı maraq və bir-birinə hörmət əsasında qurulması təcrübə baxımından böyük əhəmiyyət kəsb edir. Bundan başqa, regional miqyasda təsirli münasibətlərin qurulması tərəflər arasında yeni imkanların yaradılmasına da səbəb olur. Belə əməkdaşlıq regional müstəvidə nəqliyyat və enerji inteqrasiyası proseslərini gücləndirməklə yanaşı, əlaqələrin coğrafiyasının da genişlənməsinə zəmin yaradır.

Azərbaycan bölgədə səmərəli təhlükəsizlik sisteminin formalaşmasında da müsbət təsirini göstərir. Təhlükəsizlik hazırda son dərəcə aktual problemdir və erməni işğalına məruz qalmış tərəf kimi rəsmi Bakının uzunmüddətli təhlükəsizlik sisteminin yaradılmasına çalışması və bu istiqamətdə fəaliyyətini daim gücləndirməsi xarici siyasətimizin əsas istiqamətlərindən birini təşkil edir. Bu mənada iqtisadi, sosial, hərbi və humanitar sahələrin bir-birinə uyğun şəkildə inkişaf etdirilməsi, bu əsasda əməkdaşlığın genişləndirilməsi ölkəmiz üçün prioritet məsələlərdən biridir.

Türkiyə və Gürcüstan ilə güclü münasibətlərin olması da Cənubi Qafqazda sabitliyin qorunmasına öz töhfəsini verir. Qeyd etmək vacibdir ki, Azərbaycanın öz təşəbbüskarlığı və fəallığı ilə beynəlxalq miqyasda Ermənistanın təcavüzünün pislənməsi, Dağlıq Qarabağ probleminin ədalətli həll olunması istiqamətində yürütdüyü xarici siyasət bəhrələrini verir. Bir çox beynəlxalq təşkilatlar çərçivəsində erməni “yalan maşınının” qarşısı alınır.

Bir sözlə, ötən 7 ayda xarici siyasət sahəsində atılan bütün addımlar milli maraqların qorunması baxımından böyük əhəmiyyət kəsb edir. Ötən müddət ərzində qazanılmış siyasiiqtisadi uğurlar dövlətçiliyin daha da möhkəmlənməsinə və hərtərəfli inkişaf proseslərinin güclənməsinə imkan yaratmışdır. Milli maraqların qorunmasına yönəlmiş siyasi kursun bundan sonra da Azərbaycan həqiqətlərinin coğrafiyasının daha da genişlənməsinə xidmət edəcəyi artıq heç kəsdə şübhə doğurmur.

 

Səbuhi MƏMMƏDOV

 

Xalq qəzeti.- 2015.- 29 iyul.- S.1.