Prezident İlham Əliyev: Heç bir kənar qüvvə

bizim siyasətimizə təsir edə bilməz

 

Azərbaycanda son 12 il ərzində 1 milyon 400 min iş yeri açılıb ki, onlardan 1 milyonu daimi iş yeridir.

 

Ölkəmizdə azad sözə, müstəqil mətbuata, insan hüquq və azadlıqlarının qorunmasına hər cür şərait yaradılıb. Bütün bunlar demokratik dəyərlərin inkişafına  böyük önəm verilməsinin nəticəsidir.

 

Azərbaycanın dünya birliyindəki reytinqinin getdikcə yüksəlməsi düzgün müəyyənləşdirilmiş siyasi strategiyanın məntiqi nəticəsidir. Respublikamız dövlət  müstəqilliyini bərpa etdikdən  iki il sonra xalqın təkidi ilə ölkəyə rəhbərlik edən müdrik şəxsiyyət Heydər Əliyevin dövlət idarəçiliyindəki zəngin təcrübəsi və siyasi uzaqgörənliyi müstəqil dövlətimizin beynəlxalq aləmə inteqrsiyasında əvəzsiz rol oynadı. Ulu öndərin dövlətçilik ənənələri və müəllifi olduğu böyük ideyaları dünyada sürətlə  inkişaf edən  müstəqil dövlət yaratdı.

 

Ümummilli liderin əsasını qoyduğu daxilixarici siyasət yalnız güclü lider, qətiyyətli dövlət başçısı tərəfindən layiqincə davam etdirilə bilərdi. Xalqımız Prezident  İlham Əliyevin ölkəyə rəhbərliyi dövkündə bu uğurların canlı şahididir. Bu müddətdə ulu öndər Heydər Əliyevin ideyalarının daha da təkmilləşdirilərək, uğurla davam etdirilməsi Azərbaycanı beynəlxalq aləmdə qüdrətli dövlətə çevirib. Hazırda ölkəmiz Cənubi Qafqazın lider dövlətidir. Heç bir kənar qüvvə bizim siyasətimizə təsir edə bilməz. Azərbaycan Prezidenti ölkənin daxilixarici siyasətindən söhbət açarkən dəfələrlə bəyan edib ki, biz Azərbaycanda  səmimi siyasət yeridirik: “Siyasətimizdə heç bir ikimənalılıq yoxdur - həm rəsmi görüşlərdə, həm bəyanatlarımızda, həm qəbul etdiyimiz qərarlarda biz daim həm ictimaiyyət üçün, həm də xarici tərəfdaşlarımız üçün düzgün, açıq siyasət yeridirik”.

Dünyanın inkişaf etmiş dövlətləri və digər qonşu ölkələrlə strateji tərəfdaşlıq münasibətlərinə və beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələlərinə toxunan Azərbaycan Prezidenti demişdir ki, strateji tərəfdaşlıq və müxtəlif sahələrdə əməkdaşlıq, münasibətlərimiz qarşılıqlı surətdə faydalı və regionun inkişafı üçün çox vacibdir. Biz bu ölkələrlə siyasi, iqtisadi münasibətlər sahəsində, energetika layihələrində fəal əməkdaşlıq edirik. Artıq beynəlxalq aləmdə də etiraf olunur ki, Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadisiyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. Çünki ölkəmizin günü-gündən artan nüfuzu, uğurlu  siyasi strategiyası və mövqelərinin möhkəmlənməsi sözügedən amilin bariz sübutudur.

Son illər ölkə həyatında baş verən hadisələr bir daha təsdiqləyir ki, Azərbaycanın dünya birliyindəki nüfuzu artdıqca, imkanları da genişlənir. Demokratik  dəyərlərə üstünlük verərək, bazar iqtisadiyyatı yolu ilə irəliləyən, sosial-iqtisadi proqramların həlli üçün maliyyə imkanlarını getdikcə artıran Azərbaycan daim iri investorların maraq dairəsindədir. İnvestisiya  cəlbediciliyinə görə də ölkəmiz diqqət mərkəzindədir. Son on ildə və bu ilin ikinci yarısına qədər ölkə iqtisadiyyatına 160 milyard dollara yaxın vəsait qoyulub ki, bunun da yarısı xarici sərmayədir. Göründüyü kimi, Azərbaycanın xarici investorlar üçün cəlbedici ölkəyə çevrildiyini faktlar da təsdiqləyir. Ölkəmizdə ictimai-siyasi sabitliyin davamlı olması, xalqın dövlət başçısına inamı və onun ətrafında sıx birləşməsi, iqtidar-müxalifət arasında  normal  münasibətlər üzərində qurulması investisiya axınını daha da sürətləndirir. Daxili investisiyaların da həcmi artmaqdadır. Bu, sözsüz ki, dövlətimizin sahibkarlığın inkişafına diqqət və qayğısının göstəricisidir. Məhz bunun nəticəsidir ki. Azərbaycanda son 12 il ərzində 1 milyon 400 min yeri açılıb ki, onlardan 1 milyonu daimi yeridir.

Azərbaycanın milli maraqları üzərində qurulmuş sülhsevər siyasəti bu gün sabitliyin qarantıdır. Dövlət başçısının həyata keçirdiyi xarici siyasət  ölkəmizin milli maraqlarını qətiyyətlə qoruyaraq, milli təhlükəsizliyimizi tam təmin etmişdir. Məhz bu uğurlu siyasi kurs nəticəsində Azərbaycanın ərazi bütövlüyünü pozmuş erməni işğalçılarının təcavüzkar mövqeyinin beynəlxalq aləmdə ifşa olunmasında mühüm  addımlar atılır. Uğurlu siyasi strategiya sayəsində respublikamızın beynəlxalq və regional problemlərin həllindəki rolunüfuzu getdikcə artır. Biz 2011-ci ildə ölkəmizin 193 ölkədən 155-nin dəstəyini qazanaraq, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi zamanı da bunun şahidi olduq. Həmin quruma iki dəfə sədrlik etməsi, bunun ardınca Avropa Şurası  Nazirlər Komitəsinə sədrliyi və birinci Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsi, bu Oyunları Olimpiya Oyunları səviyyəsində keçirməsi Azərbaycanın beynəlxalq aləmdə nüfuz sahibinə çevrilməsində heç bir şübhə yeri qoya bilməzdi. Dünyanın nüfuzlu maliyyə qurumlarının hesabatlarında və reytinq mərkəzlərinin apardığı sorğuların nəticələrində də Azərbaycanın həmişə yüksək göstərici əldə etməsi onu deməyə əsas verir ki, ölkəmizə beynəlxalq aləmdə maraq yüksək səviyyədədir.

Təbii ki, iqtisadi, siyasi və mədəni sahələrdə qazanılan uğurlarımız xalqımızın yeganə ən ciddi  problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə də öz müsbət təsirini göstərəcək. Biz artıq bunun müsbət əlamətlərini görürük. Dünyanın heç bir ölkəsi “Dağlıq Qarabağ respublikasını” müstəqil bir qurum kimi tanımır. Hətta işğalçı Ermənistan da buna cəsarət etmir. Bütün bunlar düzgün müəyyənləşdirilmiş siyasi strategiyanın nəticəsidir. Bununla yanaşı, beynəlxalq əhəmiyyətli tədbirlərdə inkişafın Azərbaycan modelinin mövcudluğunun qeyd olunması və bunun öyrənilməsinin vacibliyi barədə ürəkaçan fikirlərin səsləndirilməsi də, təbii ki, ən böyük uğurlarımızın sırasındadır.

Azərbaycanda ordu quruculuğunun inkişafı həyata keçirilən strategiyanın prioritetlərindəndir. Bu da təsadüfi deyil. Çünki ölkəmiz uzun illərdir ki, müharibə şəraitində yaşayır. Milli Ordunun qüdrətlənməsindən təşvişə düşən işğalçı Ermənistanın Azərbaycanın müharibəyə hazırlaşması barədə beynəlxalq aləmdə vay-şüvənlik salmasının heç bir əsası yoxdur. Çünki  müharibə şəraitində yaşayan bir ölkədə dövlət büdcəsində hərbi təyinatlı xərclər üçün ayırmalara, ordu quruculuğuna bu cür diqqət və qayğı təbiidir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli üçün danışıqların istənilən nəticəni verməsinə qədər orduya büdcə ayırmalarında artımın daim diqqətdə saxlanılacağını vurğulayan Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının – dünyanın ən mötəbər qurumunun – 4 qətnaməsinin, digər beynəlxalq təşkilatların oxşar qərar və qətnamələrinin icra edilməməsini ədalətsizlik hesab edərək bir daha bildirir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. 22 il əvvəl və sonra qəbul edilmiş qətnamələrin icrası barədə düşünmək əvəzinə, ölkəmizə qarşı qarayaxma kampaniyasını genişləndirən bir sıra beynəlxalq təşkilatların bütün səyləri iflasa uğrayır. Belə təşkilatların respublikamıza təzyiq vasitəsi olaraq qəbul etdikləri qətnamələrin heç bir hüquqi əsası yoxdur. Çünki Azərbaycanın ərazisinin 20 faizini 24 ildir ki, işğal altında saxlayan Ermənistana qarşı ciddi sanksiyalar tətbiq etməkdən yan keçən bir sıra beynəlxalq təşkilatlar hələ də erməni lobbisinin təsiri altından çıxa bilmirlər. Respublikamızın rəhbəri  o qətnamələrin bizim üçün kağız parçası olduğunu bildirmiş  ona görə də heç kimin heç vaxt onları icra etməyəcəyini bəyan etmişdir.

Avropa Şurası Parlament Assambleyasında qəbul edilən qətnamənin də  antiazərbaycan mövqeyini əks etdirdiyini deyən  ölkə rəhbəri bu qətnamələrin heç bir əhəmiyyətinin olmadığını vurğulamışdır. Xatırladaq ki, birinci Avropa Oyunları zamanı Avropa Şurası Parlament Assambleyasında ölkəmizlə bağlı qətnamə qəbul edilmişdir. Qətnamənin mətnində məruzəçilər tərəfindən yazılmışdı ki, assambleya nəzərə alır ki, Azərbaycan torpaqları işğal altındadır. Sonradan həmin cümləni dəyişərək bu şəkildə təqdim edirlər: “Assambleya nəzərə alır ki, Dağlıq Qarabağ münaqişəsi mövcuddur”. Təbii ki, bu fikri səsləndirənlər və qətnaməyə daxil edənlər açıq-aydın antizərbaycan mövqedə olduqlarını gizlətmir və ölkəmizin sürətli inkişafını, dünya birliyində getdikcə artan mövqeyini həzm edə bilmədiklərini bu yolla bəyan edirlər. Belə antidemokratik qüvvələr beynəlxalq aləmdə də ikrah doğuran qətnamə qəbul etməklə, bu yolla Azərbaycana təzyiq göstərmək istəyir və bizim dünyada qəbul edilən siyasətimizə qarşı çıxmağa çalışırlar. Prezident İlham Əliyev belə riyakarlara tutarlı cabab olaraq demişdir: “Bununla bərabər, ikitərəfli formatda Avropa ölkələri ilə bizim problemlərimiz yoxdur. Bir çox hallarda Avropanın aparıcı ölkələrinin liderləri ilə görüşlər əsnasında bütün bu iradları mən, əlbəttə ki, deyirəm. Deyirlər ki, fikir verməyin, onlar o fikrə layiq deyillər. Biz fikir vermirik. Əgər fikir versəydik, onların dediklərini edərdik. Burada heç kim onların dediklərinin heç birini etməyəcək. O qətnamələr bizim üçün kağız parçasıdır, ona görə, heç kim heç vaxt onları icra etməyəcək. Bunu bilsinlər. Azərbaycan xalqı bilsino çirkin yazıları tərtib edənlər də bilsinlər. Azərbaycanla diktat dili ilə danışmaq olmaz, Azərbaycanla dost, tərəfdaş olmaq olar. Biz buna hazırıq və gələcəkdə bu istiqamətdə gedəcəyik”.

Hazırda  Azərbaycanın dünyanın nüfuzlu qurumları, həmçinin Avropa qurumları ilə ikitərəfli əməkdaşlığı zəruri vəzifələrdən biri hesab edilir. Biz artıq Avropa dəyərlərinə yiyələnmişik və bundan sonra  Azərbaycanın Avropa qurumları ilə inteqrasiya yox, ölkənin milli maraqlarına uyğun olan bir siyasi, iqtisadi əməkdaşlıq qururuq. Artıq  Avropa qurumları  da dərk edirlər ki, Azərbaycan 15- 20 il bundan əvvəlki dövlət deyil. Ölkəmizdə azad sözə, müstəqil mətbuata, insan hüquq və azadlıqlarının qorunmasına hər cür şərait yaradılıb. Bütün bunlar demokratik dəyərlərin inkişafına  böyük önəm verilməsinin nəticəsidir. Ona görə də Avropa qurumları ölkəmizə qarşı təzyiq vasitələrindən əl çəkməli, ikili standartlara son qoyub, birmənalı şəkildə Azərbaycana hörmət etməli, ölkəmizin milli maraqlarını nəzərə almalıdır. İkili standartlardan əl çəkməyən qurumlar birdəfəlik dərk etməlidirlər ki, Azərbaycanın maraqlarına uyğun olmayan addımların atılması həmişə olduğu kimi, yenə də iflasa uğrayacaq.

Azərbaycanın həyata keçirdiyi müstəqil siyasət ölkəmizin dünya birliyindəki mövqelərini getdikcə möhkəmləndirir və ikitərəfli  əməkdaşlıq sahəsində yeni çalarlar yaradır. Bizimlə əməkdaşlıq  etmək istəyən dövlətlər ilk növbədə ölkəmizin milli maraqlarını mütləq şəkildə nəzərə almalıdırlar. Bu, həyata keçirilən siyasi strategiyanın prioritetlərindən biridir. Bu gün ölkəmizin iqtisadi qüdrəti və beynəlxalq aləmdəki güclü mövqeyi də təsdiqləyir ki, Azərbaycan o ölkələrdən deyil ki, Avropadan, xaricdən və ya hansısa dövlətdən  asılı olsun. Prezident İlham Əliyev də əminliklə vurğulayıb ki, Azərbaycanın heç bir ölkədən asılılığı yoxdur. Biz öz siyasətimizi yeridən müstəqil dövlətik, özümüz-özümüzü  təmin etmək iqtidarındayıq. Ölkəmizin inkişaf coğrafiyasına nəzər yetirsək, bir daha şahidi olarıq ki, bu gün müəyyən məsələlərdə Avropa Azərbaycandan daha çox asılıdır. Çünki Avropa Azərbaycanın enerji resurslarına möhtacdır. Azərbaycan Avropanın enerji təsisatlarına görə ən dəyərli və zəruri ölkələrdəndir. Ona görə də ölkəmizə qarşı təzyiq vasitələrindən istifadə edənlər unutmamalıdırlar ki, hər hansı bir kənar qüvvə bizim siyasətimizə təsir edə bilməz. Azərbaycan açıq, şəffaf siyasət yeridən müstəqil bir dövlətdir.

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2015.- 30 iyul.- S.1.