İçməli su təchizatı layihələri dövlətimizin

həyata keçirdiyi uğurlu sosial

siyasətin məntiqi nəticəsidir

 

5 İyun Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günüdür

 

Ölkə Prezidenti  İlham Əliyevin 2014-cü il may ayının 14-də imzaladığı sərəncamla hər il iyun ayının 5-i su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günü kimi qeyd olunur. İstehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin  kollektivi növbəti peşə bayramını yüksək nailiyyətlərlə qarşılayır.

 

Xatırladaq ki, şirin su ehtiyatlarının qismən məhdud olduğu və qeyri-bərabər paylandığı Azərbaycanda əhalinin içməli su təminatı həmişə aktual olub. XX əsrin əvvəllərində məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin bilavasitə dəstəyilə dövrünün mürəkkəb mühəndis kommunikasiyalarından sayılan Şollar su kəmərinin tikintisi ilə başlayan içməli su tarixinin sonrakı dövrlərində daha böyük layihələr icra olunub. SSRİ dövründə yeni mənbələrin və infrastrukturun yaradılması ilə su çatışmazlığından əziyyət çəkən yaşayış məntəqələrinin problemlərinin mərhələlərlə həllinə başlanılıb.

Ulu öndər Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlişindən sonra su təsərrüfatında ciddi dönüş  yaranıb, problemlərin kompleks həlli məqsədilə böyük layihələr sürətlə icra edilib. 1970-ci ilin sentyabrında Kür su kəmərləri sisteminin birinci növbəsi təhvil verilib. Heydər Əliyevin xeyir-duası ilə 1980-ci ildə tikintisinə başlanmış Kür su kəmərləri sisteminin ikinci növbəsi isə 1988-ci ildə istismara buraxılıb. Ceyranbatan sutəmizləyici qurğularının 3-cü mərhələsinin inşası da ümummilli liderin adı ilə bağlıdır. Belə ki, onun rəhbərliyi altında məhsuldarlığı saniyədə 2,22 kubmetr olan qurğu 1978-ci ildə istismara verilib.

Bakının tullantı infrastrukturunun inkişafını  nəzərdə tutan “Böyük kanalizasiya” layihəsinin işlənib hazırlanması və reallaşdırılması isə 1970-80-ci illərə təsadüf edir. Ulu öndərin birbaşa nəzarəti altında həmin dövrdə Azərbaycanın ən böyük çirkab sutəmizləyici qurğusu olan Hövsan Aerasiya Stansiyası, həmçinin bu gün də paytaxtda yaranan tullantı sularının kənarlaşdırılmasında əsas arteriya rolunu oynayan “Sənaye zonası”, “Şəhərkənarı” və “Sahil” kollektorları inşa edilib.

Ulu öndər 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra içməli su təchizatının yaxşılaşdırılmasını yenə də diqqət mərkəzində saxladı. Azərbaycanda siyasi sabitlik bərqərar edildikdən dərhal sonra beynəlxalq maliyyə qurumlarından su sektoruna kredit cəlbi ilə bağlı danışıqlara başlandı. Danışıqların nəticəsi olaraq Dünya Bankı ilə Avropa Yenidənqurma və İnkişaf Bankı “Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi”nə güzəştli şərtlərlə 88,7 milyon dollar kredit ayırdı. 1998-ci ildə icrasına başlanılan layihə çərçivəsində Kür və Ceyranbatan sutəmizləyici qurğular kompleksləri yenidən quruldu, bununla da təmizlənən suyun keyfiyyət göstəriciləri standartlara uyğunlaşdırıldı.

Bakı şəhəri və Abşeron yarımadasının su təchizatında müstəsna əhəmiyyət daşıyan Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin ideya müəllifi də Heydər Əliyevdir. Məhz ulu öndərin rəhbərliyi ilə 2002-ci ilin dekabrında bu məsələ hökumət səviyyəsində müzakirə edildi və yeni su kəmərinin tikintisi üzrə araşdırmalara başlanıldı.

2003-cü ilin oktyabrında İlham Əliyevin xalqın etimadını qazanaraq prezident seçilməsi ilə ölkəmizin həyatında yeni mərhələ başlandı. 2004-cü il iyun ayının 11-də Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Prezident sərəncamı imzalandı. Sənədə əsasən buna qədər sərbəst qurumlar kimi fəaliyyət göstərən Abşeron Regional Səhmdar Su Cəmiyyəti, Dövlət Tikinti və Arxitektura Komitəsinin “Azərsukanaltəmir” və “Azərkəndsutəchizat” istehsalat birlikləri, həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Kanalizasiya İstehsalat Birliyinin əsasında “Azərsu” Açıq Səhmdar Cəmiyyəti yaradıldı. Bununla da, içməli su təchizatı və kanalizasiya xidmətləti sahəsində fəaliyyət göstərən vahid qurum formalaşdırıldı.

Ümummilli liderin göstərişi ilə icrasına başlanılmış Oğuz-Qəbələ-Bakı su kəməri layihəsi Prezident İlham Əliyevin rəhbərliyi ilə reallığa çevrildi. 2007-ci ilin martında təməli qoyulan kəmərin inşası Dövlət Neft Fondundan maliyyələşdirildi. Dövlət başçısı bir neçə dəfə tikinti sahələrinə səfər edərək inşaat işlərini şəxsən nəzarətdə saxladı. Layihədə nəzərdə tutulan işlər 2010-cu ilin dekabrında yekunlaşdı   Yeni il ərəfəsində kəmərlə nəql olunan su Bakı sakinlərinə çatdırıldı. 2 min millimetr diametrli şüşə lifli borulardan istifadə olunmaqla tikilmiş 262 kilometr uzunluğunda özüaxımlı kəmər Abşeron yarımadasının su təminatında müstəsna əhəmiyyət daşıyır. Məhz bu kəmərin, eləcə də digər mənbələrin imkanları hesabına hazırda paytaxt əhalisinin 78 faizindən çoxu fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilir.

“Azərsu” ASC-nin fəaliyyətə başlaması ilə Bakı şəhərində formalaşan tullantı sularının təmizlənərək kənarlaşdırılmasına xidmət edən Hövsan Aerasiya Stansiyasının yenidən qurulması  reallaşdırıldı. Fransa hökumətinin krediti hesabına stansiyada yeni qurğular tikildi, köhnə avadanlıqlar yeniləri ilə əvəz olundu. Nəticədə, stansiyanın məhsuldarlığı sutkada 480 min kubmetrdən 640 min kubmetrə çatdırılmaqla yanaşı, tullantı suların bioloji təmizlənməsi prosesi avtomatlaşdırıldı. Layihənin tərkib hissəsi olaraq Zığ kanalizasiya nasos stansiyası yenidən quruldu və yeni təzyiqli kanalizasiya xətləri inşa olundu.

Əhalinin həyat səviyyəsinin yüksəldilməsini və insanların sağlamlığını prioritet elan etmiş Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan dövlət proqramlarında içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı genişmiqyaslı tədbirlər öz əksini tapıb və artıq onların böyük bir hissəsi həyata keçirilib. Bakı şəhəri və bütövlükdə Abşeron yarımadasında su təchizatı və kanalizasiya sektorunda görüləcək işlərin və Dövlət Proqramının icrasının səmərəliliyini artırmaq məqsədilə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla su təchizatı,  kanalizasiya sistemləri və yağış sularının idarə olunması üçün Master Plan hazırlanıb. 18 bölmədən ibarət sənəd su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, sektorun institusional və normativ bazasının təkmilləşdirilməsi, təmizlənmiş tullantı suların təkrar istifadəsi, ekoloji tarazlıq və digər amillər əsas götürülüb. Sənədə uyğun olaraq 550 kilometr magistral,  8100 kilometr paylayıcı su xətlərinin, həcmi 1 milyon 150 min kubmetr olan su anbarlarının, 150 kilometri tunel tipli olmaqla 680 kilometr kanalizasiya kollektorlarının, 6400 kilometr kanalizasiya şəbəkəsinin, 900 kilometr yağış kollektorlarının və məhsuldarlığı sutkada 1 milyon 400 min kubmetr olan 11 ədəd çirkab sutəmizləyici qurğunun tikintisi  layihələndirilib.

Artıq sözügedən sənədin su təchizatı bölməsinin ən böyük layihəsi olan Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun tikintisi yekunlaşmaq üzrədir. Xatırladaq ki, 2011-ci ilin sentyabrında təməli Prezident İlham Əliyev tərəfindən qoyulan layihə çərçivəsində Ceyranbatan gölündən suyun götürülməsi təmin edilib, subölüşdürücü kameranın, anbarların, yardımçı infrastrukturun tikintisi yekunlaşıb, qurğunun işə salınması üçün son hazırlıqlar aparılır. Məhsuldarlığı saniyədə 6 kubmetr olan Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun istismara verilməsi ilə Abşeron yarımadasında 1 milyondan artıq sakinin su təchizatı əsaslı şəkildə yaxşılaşacaq, yarımadanın şərq hissəsində mərkəzləşdirilmiş su şəbəkəsinə qoşulmayan qəsəbələrin və yeni yaşayış massivlərinin içməli su problemi həllini tapacaq. Eyni zamanda, 84 kilometr uzunluğunda Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə magistral kəmərinin, həmçinin içməli suyun optimal paylanması məqsədilə kəmərin marşrutu boyu layihələndirilmiş Abşeron, Saray, Balaxanı, Ramana,  Qala və Zirə anbarlarının tikintisi yekunlaşıb.

Bakı şəhərinin şərq hissəsinin içməli su təchizatında müstəsna əhəmiyyət daşıyan “69 Şərq” və “110 Şərq” anbar komplekslərində həyata keçirilən əsaslı yenidənqurma işləri nəticəsində Bakının Nizami, Xətai Suraxanı və Sabunçu rayonlarının böyük hissəsi fasiləsiz rejimdə içməli su ilə təmin edilib. Bütövlükdə isə son illər görülmüş işlər nəticəsində Abşeron yarımadasında 260 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib və fasiləsiz su alanların sayı 900 min nəfərdən 2 milyon 40 min nəfərə çatdırılıb.

Abşeron yarımadasında kanalizasiya infrastrukturunun inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilir. İnnovativ texnologiyalardan istifadə edilməklə Bayıl-Bibiheybət-Lökbatan, Xocasən-Binəqədi-Xırdalan, Bilgəh-Pirşağı, Dərnəgül-Balaxanı-Qaraçuxur-Zığ tunel tipli kanalizasiya kollektorlarının tikintisinə başlanılıb. Artıq 13,2 kilometr uzunluğunda Bayıl-Bibiheybət-Lökbatan kollektorunun tikintisi yekunlaşıb və Bayıl buxtasına axıdılan tullantı suların qarşısı tam alınıb. Eyni zamanda, Sumqayıt, Buzovna və Şüvəlan çirkab sutəmizləyici qurğularının yenidən qurulması, Novxanı-Sumqayıt kanalizasiya kollektorunun tikintisi, mövcud kanalizasiya kollektorlarının yenidən qurulması təmizlənmədən Bakı buxtasına, eləcə də Novxanı çimərliyinə axıdılan tullantı suların qarşısını almağa imkan yaradıb.

Dövlət başçısı cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq “Azərsu” ASC-nin sifarişi əsasında hazırda 29 şəhər və rayon mərkəzində su-kanalizasiya layihələri icra olunur. Layihələrin 18-i beynəlxalq maliyyə qurumlarının krediti,  11-i isə dövlət büdcəsi vəsaiti hesabına reallaşdırılır. Layihələrin icrasını daim diqqətdə saxlayan Prezident İlham Əliyev bəzi şəhərlərdə keçirilmiş təməlqoyma və açılış mərasimlərində şəxsən iştirak edib. Dövlət başçısının diqqət və qayğısı işlərin sürətlə və keyfiyyətlə aparılması ilə nəticələnib. Görülmüş işlər nəticəsində son bir neçə ildə şəhər və rayon mərkəzlərində yaşayan 480 mindən artıq sakinin su təchizatı yaxşılaşıb.

İçməli sudan əziyyət çəkən yaşayış məntəqələrinin su təminatına hesablanmış  Şirvan-Muğan və Sabirabad-Saatlı su kəmərlərinin tikintisi regionların inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Şirvan-Muğan kəmərinin 107 kilometr uzunluğunda Hacıqabul-Biləsuvar hissəsi qısa müddətdə tikilərək istismara verilib.

Kür sutəmizləyici qurğular kompleksindən Saatlı şəhərinə qədər 62 kilometr uzunluğunda magistral su kəmərinin tikintisi isə 2014-cü ilin sonlarında yekunlaşıb, dekabr ayında Sabirabad və Saatlı şəhərlərinə bu mənbədən suyun verilməsi təmin edilib.

Mərkəzi Aran bölgəsinin sudan əziyyət çəkən yaşayış məntəqələrinin su təchizatına hesablanmış Külüllü mənbəyi son illər reallaşdırılmış ən böyük infrastruktur layihələrindəndir. Bu layihəyə uyğun olaraq Girdimançayın yatağında suqəbuledici qurğu tikilib, Zərdab şəhərinə 72, Ucar şəhərinə 57, Kürdəmir şəhərinə 27, Ağsu şəhərinə isə 15 kilometr uzunluğunda magistral kəmər çəkilib və hazırda həmin şəhərlərə su yeni mənbədən verilir.

Xanbulançay isə cənub bölgəsində yaşayanların içməli su təchizatında müstəsna əhəmiyyətə malik layihədir.  Lənkəran, Astara şəhərləri və 39 kəndi su ilə təmin etmək üşün Xanbulançay anbarının sahilində məhsuldarlığı sutkada 30 min kubmetr olan sutəmizləyici qurğunun inşası başa çatdırılıb, Lənkəran şəhərinə suyun verilməsi təmin edilib, Astara şəhərində isə magistral kəmərin inşası davam etdirilir.

Ötən müddətdə şəhər və rayon mərkəzləri ilə yanaşı, su qıtlığı müşahidə olunan yaşayış məntəqələrində də xeyli iş görülüb. Belə ki, kənd və qəsəbələrdə 660 kilometr su xətti quraşdırılıb, 150 subartezian quyusu qazılıb. Bütün bunlar 210 mindən artıq əhalisi olan 280 kəndin içməli su təminatını yaxşılaşdırmağa imkan verib. Ağdam, Ağcabədi, Füzuli, Tərtər, Tovuz və Goranboy rayonlarının sərhədyanı yaşayış məntəqələri, həmçinin məcburi köçkünlərin kompakt yaşadığı qəsəbə və şəhərciklər də daim diqqətdə saxlanılıb. Bütövlükdə isə ötən dövrdə “Azərsu” ASC tərəfindən 6300 kilometr magistral və paylayıcı su xətti, 2130 kilometr kanalizasiya kollektoru və xətti, 157 su anbarı, 86 su və kanalizasiya-nasos stansiyası tikilib, 370 mindən artıq “smart kart” tipli sayğac quraşdırılıb.

Su təchizatı sahəsində görülən böyük işlər əhaliyə verilən suyun keyfiyyət göstəricilərinin müasir metodlarla tədqiqi və daim nəzarətdə saxlanılmasını zəruri edir.  Bunu təmin etmək üçün 2013-cü ildə istifadəyə verilmiş yeni mərkəzi laboratoriya cəmi bir il sonra beynəlxalq akkreditasiyadan keçib. Burada içməli suyun 84, tullantı sularının isə 54 parametrini təyin etmək mümkündür. Yeni yaradılmış digər bir laboratoriya isə su sayğaclarının yoxlanması, təmiri və onlara texniki qulluq göstərilməsinə xidmət edir.

İnfrastruktur obyektlərinin və paylayıcı şəbəkələrin yenidən qurulması zamanı SCADA sisteminin tətbiqinə başlanılıb. Bu sistem infrastrukturun vahid mərkəzdən idarə olunmasını təmin etməklə suyun mənbədən istehlakçıya ötürülməsini onlayn rejimdə tənzimləməyə imkan verir. Bununla yanaşı, coğrafi informasiya sisteminin yaradılması istiqamətində fundamental işlər görülüb. “AzərsuCİS” adlanan bu sistem bütün şəbəkə infrastrukturunun rəqəmsal xəritələrə köçürülməsi üçün yaradılıb və indiyə qədər sistemə 9700 kilometr su, 3800 kilometr kanalizasiya xətti, unikal kod verilmiş 400 min bina və tikili haqqında məlumatlar daxil edilib.

Beynəlxalq əlaqələrini genişləndirən “Azərsu” ASC  ölkə daxilində və xaricdə keçirilən sərgi-konfransların, beynəlxalq əhəmiyyətli tədbirlərin fəal iştirakçısına çevrilib. Cəmiyyətin təşəbbüsü və dəstəyi ilə 2013-cü ildə Bakıda ilk dəfə ixtisaslaşmış Xəzər beynəlxalq su texnologiyaları sərgi və konfransı keçirilib. Prezident İlham Əliyevin ziyarət etdiyi debüt sərgisinə 23 ölkədən 70-dən çox şirkətin qatılması tədbirə marağın yüksək olmasından xəbər verir.

Eyni zamanda, “Azərsu”ASC Dünya Su Şurasının,  Beynəlxalq Su Ehtiyatları Assosiasiyasının üzvlüyünə qəbul edilib və 2015-ci ilin aprel  ayında Koreya Respublikasında keçirilmiş 7-ci Dünya Su Forumunda Azərbaycan uğurla təmsil olunub. Cəmiyyətin sədri Qorxmaz Hüseynov  forumda Azərbaycanda su ehtiyatlarının yaradılması və onlardan səmərəli istifadə, son illər su təsərrüfatı sektorunda həyata keçirilmiş layihələr barədə məruzə ilə çıxış edərək transsərhəd çayların çirkləndirilməsi məsələsini iştirakçıların diqqətinə çatdırıb.

Ölkə rəhbərliyi su təsərrüfatı işçilərinin əməyini hər zaman yüksək qiymətləndirib. “Azərsu” ASC-nin bir qrup işçisinin fəxri ad və medallarla təltif olunması, icrasına başlanan və istismara verilən bir çox layihələrin təməl və açılış mərasimlərində Prezident İlham Əliyevin iştirakı, nəhayət, 2014-cü il mayın 14-də imzalanmış sərəncamla iyun ayının 5-nin Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü peşə bayramının təsis edilməsi bunun bariz nümunəsidir.

Son illər əksər şəhər və rayon mərkəzlərində, həmçinin içməli sudan əziyyət çəkən kənd və qəsəbələrdə həyata keçirilən su-kanalizasiya layihələri müstəqil Azərbaycan dövlətinin öz vətəndaşlarının sağlamlığı və sosial rifahının yüksəldilməsinə hesablanmış məqsədyönlü siyasətinin əsas istiqamətini təşkil edir. Layihələrin  vaxtında və keyfiyyətli icrasını təmin etmək üçün “Azərsu” ASC-nin çoxminli kollektivi bundan sonra da əzmlə çalışacaqdır.

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2015.- 5 iyun.- S.9.