Şəhriyarda bir gün

 

Söhbət Göygöl rayonunun Şəhriyar kəndindən,

onun bolluq, bərəkət yaradan insanlarından gedir

 

İlin bu çağlarında adamın ürəyi təbiət istəyir: dağlara çıxmaq, düzlərə, dərələrə, meşələrə doyunca baxmaq, minbir rəngə çalan güllərin, çiçəklərin ətrinə hopmuş sərin dağ havası ilə nəfəs almaq, bulaq başına  enmək, dincəlmək, bu mənzərədən, bu gözəllikdən  zövq almaq, yaşamaq  istəyirsən...

 

Elə ona  görə  də Göygöl Rayon İcra Hakimiyyətində Şəhriyar  kəndinə getməyimizi məsləhət biləndə  ürəyimcə  oldu. Orası da var ki, Göygöl rayonunun coğrafi vəziyyəti  elədir ki, yaşayış məntəqələrinin, demək olar,  hamısı bağlarda,  dağətəyi zonada yerləşir. Ancaq,  hər halda, Şəhriyar kəndinə  getmək dağların döşü ilə uzanan yollardan ötmək,  qıjıltı ilə axan dağ çaylarından  keçmək, az qala, hər addımda buz  kimi bulaqlardan su içmək, palıd, ulaş, çinar ağaclarının qalın kölgəsində dincəlmək demək  idi. Ona görə də dərhal  yola çıxdıq.

Yol-yoldaşım, Göygöl Rayon  İcra  Hakimiyyəti başçısının müavini Rauf Nəsirov bu yerlərin  hər qarışına  yaxşı  bələddir. Keçdiyimiz  yerlər, kənd-kəsəklər haqqında  maraqla  danışır, son illər görülmüş  işlər, yaxın illərdə  nəzərdə  tutulmuş tədbirlər barədə məlumat verir. Müsahibim deyir ki, indi  kənd də dəyişib, kəndli də. Azad sahibkarlara, fermerlərə, iş adamlarına  dövlət səviyyəsində göstərilən  diqqət və qayğı, geniş  tətbiq olunan    hər yerdə  böyük maraqla qəbul  edilən güzəştli şərtlər  və s. nəticə etibarilə  kənd  təsərrüfatı məhsulları istehsalının  ildən-ilə  artırılımasına  səbəb olur.

Təsadüfi deyildir ki, hazırda  kənd yerlərində bir  metr də  olsun əkilməmiş torpaq sahəsi qalmır.  Kənd adamı yaxşı bilir ki,  onun çörəyi,  dolanışığı,  gün-güzəranı torpaqdan  çıxır. Ona görə də gecəli-gündüzlü iş  üstündə,  əkində-biçindədir. Harda nə əkməyi,  nə qədər əkməyi özü müəyyənləşdirir.  İllik azuqəsinin demək olar ki,  hamısını  torpaqdan götürür.  Qalanını isə aydın  məsələdir ki, bazara  çıxarır.  Düzdür,  dağ  kəndlərində   əkin-biçin  işləri aran yerlərinə  nisbətən  çətindir.  Ən  əvvəl, əlbəttə,  suvarma suyu  cəhətdən.  Digər  tərəfdən,  dəmyə  şəraitində,   dağ yamaclarında, talalarda, çay kanallarında  əkin-biçin  işləri ikiqat  zəhmət    vəsait  tələb  edir.   Buna   baxmayaraq, olduğumuz  başqa kəndlərin, elə  Şəhriyar  kəndinin sakinləri    torpaqdan istədikləri barı-bəhəri  götürə bilirlər.

Şəhriyar   kəndində  doğma  ata-baba yurd yerlərindən didərgin  düşmüş insanlar  yaşayır.  Taleyin amansız zərbələrinə  tuş gələn  bu insanların əvvəllər yaşadığı ünvanlar da müxtəlifdir: Göyçə, Laçın, Kəlbəcər,  Ağdam ...  Həyatın  sərt sınaqları,  çətinlik    yurd-yuva  həsrəti  onları  daha  da  möhkəmləndirmiş,  qayğıkeş  və mehriban  etmişdir.  İndi burada özlərinə  ev-eşik,  gün-güzəran qursalar da, ürəkləri  doğma yerlərə  qayıtmaq arzusuyla döyünür.

Göygöl  Rayon  İcra  Hakimiyyəti  başçısının Şəhriyar  kəndi üzrə   nümayəndəsi  Abdulla  Cahangirov son illər görülmüş  işlərdən,  vacib sosial məsələlərdən, əkin-biçin  işlərinin gedişindən söz açdı:

– Gördüyünüz 180 yerlik orta  məktəb  binası son illər tikilib.  Uşaq  bağçası  isə  əsaslı  təmirdən  sonra  köhnə  məktəb  binasına köçürüldü. Su  xəttinin çəkilişi  artıq  başa  çatmaq  üzrədir.  Böyük  Vətən  müharibəsində  həlak  olanların xatirəsinə ucaldılmış abidə  kompleksi    əsaslı təmir  olunmuşdur.  Elektrik  enerjisi, yol və  başqa  sosial  məsələlər  də çoxdan öz  müsbət  həllini  tapıb.  Kənd  təsərrüfatı  məhsulları  istehsalına  gəlincə,   onu  deyək ki,  son 5 ildə taxıl, bostan-tərəvəz, ət,  süd,  yumurta  istehsalı 3  dəfədən  çox  artıb.  Bu  isə, hər şeydən əvvəl, bol gəlir, əlavə qazanc,  firavan yaşayış  deməkdir.

Əli Həsənovun  yaşı 75-i  ötüb. Əslən Göyçə  mahalının  Qaraqoyunlu  kəndindəndir. Məlum  hadisələrdən  sonra  ailəsi,  qohum-əqrəbası   isə bura — Şəhriyar  kəndinə  köçüb. İstili-soyuqlu, enişli-yoxuşlu ömür yaşayıb.  İki  dəfə doğma yurd-yuvasından didərgin  düşüb.  Axırıncı   – 1989-cu  ilin  payızı  isə  daha  dəhşətli,  daha  faciəli oldu. İxtiyar yaşlı  qoca  üçün o günləri  xatırlamaq  çətin olsa da ürəyindən  keçənləri  dilinə  gətirir:

– Dolu  ev-eşiyimizdən bir  çöp də  çıxarda  bilmədik.  Mal-qaramız,  ev  əşyalarımız yağıya  qismət oldu.  Quruca  canımızı  götürüb çıxdıq.  Təkcə  bizim   kənddən onlarla  dinc  sakin  şəhid oldu.  Yağı  düşmən  nə qocaya,     qadına,      uşağa  rəhm  elədi.  Mən hələ  uzaq,  soyuq dağ  yollarında əziyyətə,  zülmə  tab  gətirməyib  dünyasını  dəyişənləri  demirəm.

Gəlib burada nə  görsək yaxşıdır?  Köçüb  getmək istəyən  erməni  ailələri  üçün yük  maşını  ayırır,  onları  xətir-hörmətlə yola  salırdılar.  Bax, bizi  yandırıb tökən  də elə bu  idi.  O zamankı  respublika  rəhbərlərinin qorxaq, aciz, satqın  mövqeyi  bizdə  haqlı  olaraq  hiddət və nifrət  yaradırdı.  Ancaq    etməli? Yaşamalı, özümüzə  yenidən  ev-eşik,  həyət-baca qurmalı,  necə deyərlər,  ayaq  üstə durmalı  idik.

Yaxşı ki,  ulu öndər  Heydər  Əliyev yenidən  respublika rəhbərliyinə gəlməyə  razılıq verdi. Həmin  tarixi  qayıdışdan sonra  səsimizi eşitdilər,  diqqət və qayğı  artdı.  Gördüyünüz bu  kənddə inkişaf  və yüksəlişin  bünövrəsi    o vaxtlar qoyuldu.

Şəhriyar  kəndində qabaqcıl əmək  adamları, fermerlər, sahibkarlar çoxdur. Onlardan biri də Əli Ağamalıyevdir. Öyrəndik ki, əslən   Laçın  rayonunun Əlikli kəndindəndir. Laçının  işğalından sonra bu  kənddə   məskunlaşıb. Qohum-qonşu  birləşib  kiçik  bir  təsərrüfat  da yaradıblar.  Taxıl da  əkirlər, heyvandarlıqla da  məşğul olurlar, bostan-tərəvəz  məhsulları da  yetişdirirlər. Builki göstəriciləri   ilə maraqlandıq. Bildirdi ki,   havalar  kənd  təsərrüfatı   üçün  əlverişli  keçir. Dəmyə olsa da, bol  taxıl yetişdirmişik. Biçinə  tam  hazırıq. İlkin  hesablamalara görə,  zəmilərin  hər  hektarından 30  sentner  məhsul götürüləcəkdir. Heyvandarlıq,  meyvə-tərəvəzçilikdə  də məhsul ötən ildəkindən  çoxdur. Deməli, gəlirimiz    çox olacaqdır. Ə.Ağamalıyev bir  məsələyə  də toxundu:

– Düzdür, kəndimizdə  hamının  az-çox torpaq sahəsi  var,  əkir-becərir.  Ancaq  münasib    yerləri  axtaranlar da çoxdur.  Yaxşı olar ki, burada kiçik  emal  müəssisələri yaradılsın.  Məsələn,  bizim meşələrdə müxtəlif meyvələr yetişir.  Üstəlik,  həyətyanı  sahələrdə    meyvə   boldur.  Ancaq  hamısını bazara çıxarda  bilmirik. Nəticədə, zay olub gedir.  Əgər  burada  kiçik  bir  emal  müəssisəsi yaradılsa həm ekoloji  cəhətdən təmiz  məhsul  götürülər,  həm də  gənclər  işlə təmin  olunar.

Şəhriyar  kəndindən  aşağı enirik. Bu yerlərə yaxşı  bələd olan sürücü sərt döngələrin birində,  iri qoz ağacının yanında  maşını saxlayır.

Burada yaxşı bir bulaq var, – deyir. – Suyu  bal kimidir...

Ensiz cığır  bizi bulaq başına gətirdi.  İri  qayanın  dibindən  çıxan gur  su  çiçəklərin, otların  arası ilə axıb gedirdi. Ağacdan  iri  nov da düzəltmişdilər. Knyaz  Atayevlə burada  tanış olduq. O da yol  üstəydi, su içməyə düşmüşdü. İri dolçanı doldurub bizə  uzatdı:

– Min bir  dərdin  dərmanıdır, –  dedi.  Mən özüm  əslən  göyçəliyəm. 20  ildən  çoxdur ki, bu kənddə məskunlaşmışıq. Doğma yurd yerlərimiz bax o dağların arxasındadır. Orada belə bulaqlar  çoxdur. Təbiəti ,   meşələri bizim tərəflərə çox oxşayır. Bizi burada yaşadan da ölkə Prezidenti İlham Əliyevin gündəlik diqqət    qayğısı, bir bu təbiət, bu dağlar, bu bulaqlardır...

Yeri  gəlmişkən,  qeyd edək ki, 2015-ci ilin ötən ayları  ərzində, bütövlükdə, Göygöl  rayonunda  iqtisadiyyatın   dinamik  inkişafı  təmin  olunmuş,  sosial  obyektlərin tikintisi,  abadlıq-quruculuq  işlərinin  aparılması istiqamətində həyata keçirilən  tədbirlər  daha  sürətlə davam etdirilmişdir.

Göygöl  şəhərinin Həsənbəy Zərdabi Mir Cəlal Paşayev küçələrinə  asfalt örtük salınmış, Böyük  Vətən   müharibəsində həlak olanların Xatirə kompleksinin  əsaslı  təmiri,  abidənin ətrafındakı  parkda təmir-bərpa  yenidənqurma  işləri  başa çatdırılmışdır.

Ekoloji  vəziyyəti yaxşılaşdırmaq məqsədilə  ağacəkmə kampaniyası  davam  etdirilmiş,  meşə dolaylarında 14350 ədəd,  şəhər,  qəsəbə  kəndlərdə, park  xiyabanlarda, yol kənarlarında 4700  ədəd  müxtəlif növ ağac əkilmişdir.

Rayonda 2015-ci  ilin ötən  ayları  ərzində 302 yeni  yerləri açılmışdır, bunun da 190-ı  daimidir.

İqtisadiyyatın  əsas  sahələrində istehsal olunmuş  məhsul    xidmətlərin  ümumi  həcmi 31094,9  min  manat təşkil  etmişdir.

Aqrar  sahənin  inkişafına  göstərilən  dövlət dəstəyinin nəticəsi olaraq, 2014-cü  ildə 1652 kənd  təsərrüfatı  məhsulları  istehsalçısına yanacaq  motor  yağlarına, buğda əkininə,  toxum  istehsalına  mineral  gübrələrə görə dövlət  büdcəsindən 768,3 min manat yardım  verilmişdir.  Bu da rayonda  aqrar  sahənin  dinamik  inkişafına səbəb olmuşdur. Bu  ilin məhsulu  üçün 9956,1 hektar  payızlıq,  416,4  hektar  yazlıq  səpin  aparılmış,  istehsalçılara 70  faiz  güzəştlə 108,2 ton  azot  gübrəsi  satılmışdır.

Keçən  ilin  müvafiq dövrü ilə  müqayisədə 743,2 min manat  çox olmaqla, 7606,7 min manat dəyərində  kənd  təsərrüfatı  məhsulları  istehsal  edilmişdir ki,  bunun  da 99,6 faizi qeyri-dövlət sektorunun  payına düşür.

İri malın sayı 20420, xırda heyvanların sayı isə 169786 başa çatmışdır. Ötən ilin  müvafiq dövrü ilə   müqayisədə  süd  istehsalı 208,9 ton, ət 2,1  ton,  yumurta 8,9 min  ədəd artmışdır.

Göründüyü  kimi,  kənd  təsərrüfatı  ili  təkcə  Şəhriyar  kəndi  deyil, bütövlükdə, Göygöl  rayonu  üçün  böyük  uğurlar, geniş imkan  hədəflər vəd edir. Nəzərdə tutulmuş  vəzifələrin  uğurlu  icrası üçün  bütün  qüvvə  səylər  hərəkətə  gətirilmiş,   əlavə  imkan    ehtiyat mənbələri  müəyyən  edilmiş, bütün  sahələrdə  ciddi intizam    tələbkarlıq yaradılmışdır. Əsas  diqqət ona yönəldilmişdir ki, ölkənin  ümumi  ərzaq təminatında Göygölün  payı daha  da artsın.

Dağlar qoynunda qərar  tutmuş,  sərin  havalı, buz  bulaqlı, minbir  çiçəklərin, güllərin,  ağacların  dili ilə nəfəs  alan  Şəhriyarda bir gün olduq. Kənd  adamları ilə görüşdük, söhbət etdik. Qəlbi bu dağlar  kimi  uca, təmiz olan insanların  qonağı olduq, gün-güzəranları, qayğıları, arzuları ilə  maraqlandıq.

Bəli, bu ilin bərəkətli baharı, ümidli yayı çox şey  vəd edir. Bolluq, bərəkət özü  qapımızı döyür. Şəhriyarın  bu  kiçik dağ  kəndinin sakinləri məhz belə düşüncələrlə, arzu  qayğılarla yaşayır,  sabaha böyük ümidlə baxırlar.

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2015.- 6 iyun.- S.11.