QAYIDIŞ

 

1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev

xalqın təkidi ilə Naxçıvandan Bakıya qayıtdı

 

Gərək heç kəs bunu unutmasın ki, 1993-cü ildə

Azərbaycan parçalanmaq, bir ölkə kimi,

müstəqil dövlət kimi məhv olmaq təhlükəsi qarşısında idi.

Azərbaycanda vətəndaş müharibəsi baş vermişdi...

1993-cü ildə Azərbaycan yanırdı.

 

Heydər ƏLİYEV

Ümummilli lider

 

Biz xalqın dövlət müstəqilliyinə nail olmaq üçün apardığı mübarizənin də, o müstəqilliyin qorunub saxlanılması üçün tökülən qanların da, müstəqilliyimizə qənim kəsilən qüvvələrin iyrənc ssenarilərinin də şahidi olmuşduq, xalqın israrlı çağırış və tələbləri ilə siyasi hakimiyyətə qayıdıb dövlət müstəqilliyimizi ikinci dəfə əldən getmək təhlükəsindən qorumuş Heydər Əliyevin siyasi müdrikliyinin də. Biz onun da şahidi olduq ki, Heydər Əliyev nəinki ölkədə start verilmiş vətəndaş müharibəsini dayandırdı, qardaşın-qardaşa güllə atmasının qarşısını aldı, bizim dövlət müstəqilliyimizi qorudu, hətta, dövlətimizin suverenliyinə əbədilik qazandırdı.

 

O böyük və qüdrətli yolun ilk addımı ulu öndərin Moskvadan Bakıya qayıtması ilə atılmışdısa, ikinci addım onun Naxçıvandan Bakıya gəlməsi oldu. Müdrik dövlət xadiminin həmin addımı böyük siyasətə qayıdış, Qurtuluşa isə zəmin idi. ... Dövlət müstəqilliyimizi bərpa etməyimizdən ciddi şəkildə narahat olan dairələr gənc müstəqil Azərbaycan dövlətini hələ ayağa qalxmamış məhv etmək üçün çoxsaylı variantlar düşünür, daxildə və xaricdə ucu-bucağı görünməyən fitnə-fəsadlar törədirdilər. O zaman ölkəyə hansısa normal siyasətçilər komandası rəhbərlık etsəydi, bəlkə də üzləşdiyimiz məhrumiyyət və məşəqqətlərdən yan keçə bilərdik. Amma, çox təəssüf ki, həmin ağır günləri yaşamalı olduq. Çünki müstəqilliyin ilk illərində respublikaya diletantlar komandası “rəhbərlik edirdi”. Ona görə də cəbhə xəttində vəziyyət gündən -günə kəskinləşirdi. Artıq Xocalı faciəsi baş vermiş, 1992-ci il martın 6-da Ayaz Mütəllibov respublika rəhbərliyindən istefaya getməyə məcbur olmuşdu. Şuşa şəhəri xəyanət nəticəsində düşmənə təslim edilmişdi. Ayaz Mütəllibov minbir fırıldaqla yenidən hakimiyyətə qayıdaraq cəmi 1 gün prezident kürsüsündə otura bilmişdi. Bir gündən sonra Xalq Cəbhəsi parlamentin binasına yürüş etmiş, ölkənin ali qanunvericilik orqanı 4 gün əvvəl qəbul etdiyi qərarları qanunsuz elan etmişdi. Beləliklə, cəbhəçilər hakimiyyəti zorla ələ almışdılar. Ancaq onların səriştəsizliyi ucbatından daxili və xarici siyasətdə buraxılan səhvlər ölkəni uçurumun bir addımlığına gətirmişdi.

Həm Ayaz Mütəllibovun komandası, həm də ondan da pis gündə olan AXC-Müsavat iqtidarı Heydər Əliyevin ölkədəki və dünyadakı nüfuzuna qısqanclıqla yanaşır, hər vəchlə onu respublikada baş verən siyasi proseslərdən təcrid etməyə cəhd göstərirdi. Xalqın önündə getmək missiyasının məsuliyyətini və əhəmiyyətini yaxşı bilən ziyalılar isə başqa fikirdə idilər. Onlar bu qənaətdə idilər ki, ölkəni qarşıdakı fəlakətlərdən ancaq Heydər Əliyev müdrikliyi xilas edə bilər. Odur ki, ziyalılar “Səs” qəzetində “Azərbaycan Sizin sözünüzü gözləyir” adlı müraciətlə çıxış edərək Heydər Əliyevin rəhbərliyi altında yeni bir siyasi partiyanın yaradılması barədə görkəmli dövlət xadiminə müraciət etdilər. Ulu öndərin siyasətə qayıdışı çağırışını AXC-Müsavat iqtidarı soyuqqanlılıqla qarşılaya bilmədi. Xalq Cəbhəsinin silahlı dəstələri 1992-ci il oktyabrın 24-də Naxçıvanda çevriliş etməyə, Heydər Əliyevi tutduğu vəzifədən devirməyə cəhd göstərdilər.

Ulu öndər çox sonralar həmin hadisəni xatırlayaraq deyirdi: “Mən o vaxt hər bir rabitədən məhrum olduğum üçün bir çox vətənpərvər insanlar avtomobillərlə dərhal şəhərin məhəllələrinə, ətraf kəndlərə, başqa kəndlərə gedərək, insanları Ali Məclisin qarşısına dəvət edirdilər. Bir neçə saat içərisində Naxçıvanın 20 minə qədər qeyrətli, namuslu kişiləri, qadınları, gəncləri, ağsaqqalları toplaşdılar və sinələrini irəliyə verib Naxçıvanın o vaxtkı Ali Məclisini və Heydər Əliyevi müdafiə etdilər.” Bu isə tamamilə təbii idi. Çünki Heydər Əliyevin daim xalqın yanında olması xalqı da daim onun yanında olmağa çağırırdı.

Xalqın arzu-istəyi, tələb və israrı, ulu öndərin isə xalqın istəyinə müsbət cavab verməsi nəticəsində – təbii ki, hakimiyyətin çoxsaylı təqib və təzyiqləri fonunda – 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Heydər Əliyevin adı ilə bağlı olan bu partiya yeganə siyasi qurum idi ki, onun təsis konfransı paytaxtda - Bakıda deyil, respublikanın blokada şəraitində olan bir bölgəsində keçirilirdi. Bu partiya sürətlə təşkilatlandı və respublikanın siyasi arenasında öz dəsti-xətti olan bir qüvvəyə çevrildi.

Bu həmin günlər idi ki, Əbülfəz Elçibəy başda olmaqla, iqtidarın bütün rəsmiləri xalqın etimadını itirdiklərini etiraf etmək məcburiyyətində qalmışdılar. Həmin arqumentin sübutu olan bir faktı xatırladaq. 1993-cü il mayın 25-də Prezident Aparatında hüquq-mühafizə orqanları işçilərinin müşavirəsində Əbülfəz Elçibəy hakimiyyətin ölkədə yaranmış vəziyyətə nəzarət etməkdə gücsüzlüyünü etiraf edərək deyirdi: “Xalq deyir: – kaş canımız bu Xalq Cəbhəsinin əlindən qurtaraydı – prokurorluqdan, məhkəmədən xahiş edirəm buna cavab versinlər. Bu gün respublika niyə dağılır?”

Bəli, respublika dağılırdı. Bu prosesi ölkədəki separatçılıq meyilləri daha da sürətləndirirdi. Ə.Elçibəyin “Milli Qəhrəman” elan etdiyi Surət Hüseynovun qoşunları cəbhə xəttindən çəkərək iqtidara meydan oxuyurdu. Hadisələri düzgün qiymətləndirə bilməyən rəhbərlik əhali arasında günbəgün öz nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Nəticədə, iyunun 4-də iqtidarın fərsizliyi ucbatından Gəncədə qardaş qanı töküldü. Bu qanlı hadisələrin ertəsi günü — iyunun 5-də Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Ali Məclisi hadisə ilə əlaqədar bəyanat verdi. Bəyanatda gəncəlilərin imperiya nökərlərinə layiqli cavab verəcəklərinə, müstəqilliyimizi və gənc Azərbaycan dövlətini qoruyub saxlayacaqlarına böyük inam ifadə olunurdu. Orada yazılırdı ki, Azərbaycan Respublikasının bir hissəsinin düşmən tapdağında olduğu, dünyanın mütərəqqi dövlətlərinin Azərbaycana diqqətinin artdığı bir dövrdə cinayətkar ünsürlərin törətdiyi qardaş qırğınını təcavüzkar Ermənistanın dəyirmanına su tökmək kimi qiymətləndiririk...

Ölkəni “idarə edən” diletantların buraxdığı kobud səhvlərin məntiqi nəticəsi olaraq, ağır sosial-iqtisadi gərginliyin son həddə çatdığı, ölkənin vətəndaş müharibəsi ilə üz-üzə qaldığı, torpaqlarımızın itirildiyi, Azərbaycanın məhv olmaq ərəfəsində olduğu bir dövrdə xalqımızın ulu öndər Heydər Əliyevə üz tutması təsadüfi deyildi. Çünki hamı yaxşı anlayırdı ki, Azərbaycanı düşdüyü ağır vəziyyətdən yalnız ümummilli lider Heydər Əliyev xilas edə bilər. Ona görə də Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət edilməsi ümumxalq hərəkatına çevrilirdi.

Bütün bu arzu-istək və israrlı çağırışların nəticəsi olaraq, ümummilli lider Heydər Əliyev 1993-cü il iyun ayının 9-da Naxçıvandan Bakıya qayıtdı. Dövlətçiliyimizin müqəddəratının həll olunduğu belə bir məqamda dahi öndərin Bakıya qayıdışı respublika əhalisində böyük ümidlər yaratdı. Çünki ölkəni çətin vəziyyətdən ancaq Heydər Əliyev dühasının xilas edəcəyinə hamı qəlbən inanırdı.

Tarixçilər qeyd edirlər ki, ulu öndərin Naxçıvandan Bakıya qayıdışı və 6 gün sonra Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə müasir tariximizdə yeni mərhələnin başlanğıcı qoyulmuşdur. İyunun 15-i müstəqillik tariximizə “Milli Qurtuluş Günü” kimi daxil olmuşdur. Ümummilli liderimizin müdrik xilaskarlıq missiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən, xalq cümhuriyyətinin acı taleyini yaşamaq aqibətindən qurtulmuşdur.

Heydər Əliyev parlamentin 15 iyun qərarından – deputatların ulu öndəri Ali Sovetin sədri seçməsindən təxminən ay yarım sonra Rusiya mətbuatına verdiyi müsahibədə maraqlı fikirlər səsləndirmişdi: “... Bugünkü vəzifəni tutmaq arzusunda deyiləm, hakimiyyətin ləzzətini görmüşəm, düşünüldüyü qədər də şirin deyil. Hakimiyyətdən çəkilməyə də hazıram. Lakin bu gün adamlar mənə baxırlar. Özü də ümidlə baxırlar. Hərçənd mən o adamlardan deyiləm ki, onlara deyim: siz məni seçin, dərhal müharibəni qurtarım və yarım ildən sonra yağ-bal içində yaşayacaqsınız. Yox! Milli Məclisin, bizim Ali Sovetin deputatları məndən soruşdular ki, bizə nə vəd edirsiniz? Birmənalı cavab verdim: ”Heç nə!" Mən peyğəmbər deyiləm və sabah nə olacağını da bilmirəm. Bəlkə, daha pis olacaq... Lakin bir şeyi deyirəm: bu dəhşətli anda hər şeyi atıb getmək adamlara xəyanət etmək deməkdir..."

Heydər Əliyev müdrikliyi, onun xalqa bağlılığı o səviyyədə idi ki, ulu öndər dar məqamda xalqı tək qoyub gedə bilməzdi və getmədi. Azərbaycan insanı Heydər Əliyev dühasından xalqa, milli dövlətçiliyə yalnız sədaqət görmüşdü və onun ölkəmizə ikinci dəfə rəhbərlik etməsi dövlət müstəqilliyimizə əbədilik qazandırdı, gənc müstəqil Azərbaycan Respublikasının tutduğu sivil, demokratik, dünyəvi dövlət quruculuğu kursunun sorağı BMT Təhlükəsizlik Şurasının tribunasından, Avropa Şurası Nazirlər Komitəsinin rəhbərliyindən gəldi. Ulu öndərin qoruyub saxladığı üçrəngli Azərbaycan bayrağının təsviri olan rabitə peykimiz kosmosda – dünyanın ən qüdrətli dövlətlərinin telekommunikasiya peykləri ilə yan-yana fəaliyyət göstərir. Dünyanın bir neçə siyasətçisi və yaradıcı adamı Heydər Əliyevin qurub yaratdığı Azərbaycan dövlətinin paytaxtı haqqında söz açarkən obrazlı şəkildə deyir ki, Bakı bu gün Avropanın paytaxtına çevrilir.

... Qayıdış günü münasibətilə qələmə alınmış yazının ən vacib məqamlarından biri də odur ki, Heydər Əliyevin siyasi dühası və xalqın ona olan inamı, sədaqəti nəticəsində əbədilik qazanmış Azərbaycan dövlətinin son on iki ildəki uğurlarının hamısı ulu öndərin siyasi varisi, Prezident İlham Əliyevin düşünülmüş, müasir dünya siyasətinin bütün spektrlərini əhatə edən fəaliyyəti nəticəsində günümüzün reallığına çevrilmişdir. Azərbaycan xalqı əmindir ki, həmin reallıqlar getdikcə daha da genişlənəcək, respublikamız dünya ölkələri arasında daha nüfuzlu məqamlara çatacaqdır.

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2015.- 9 iyun.- S.9.