Nadir şah
fenomeninə
güzgü tutan dəyərli
nəşr
Azərbaycanın tarix elminə
töhfə sayıla biləcək dəyərli bir nəşr
– “Nadir şah Əfşar: diplomatik yazışmalar” kitabı
işıq üzü görüb. AZƏRTAC xəbər
verir ki, kitab AMEA-nın Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutunun elmi şurasının qərarı
ilə nəşr olunub. İnstitutda saxlanılan mənbələr
əsasında hazırlanmış kitabda Azərbaycan və
Yaxın Şərq tarixində silinməz iz qoymuş Nadir
şah Əfşarın diplomatik irsi toplanıb.
Kitabın
dəyəri nədədir, o, hansı zərurət və
ehtiyacdan yaranıb? Bu suallara nəşrin elmi redaktoru, akademik
Ramiz Mehdiyevin zəngin və inandırıcı tarixi faktlara,
dərin məntiqə əsaslanan qeydlərində cavab tapmaq
olar. Akademik Ramiz Mehdiyev Nadir şah şəxsiyyətinə,
ilk növbədə, dövlətçilik məfkurəsi
nöqteyi-nəzərindən yanaşır, diqqəti onun
tarixi-diplomatik yazışmalarına yönəldir. Belə
bir qənaətə gəlir ki, Nadir şah fenomeninin və
irsinin düzgün dəyərləndirilməsində bu sənədlər
ilkin mənbə olaraq mühüm əhəmiyyət kəsb
edir və opponentləri inandırmaq üçün təkzibedilməz
dəlil-sübutlardır.
Maraqlıdır
ki, elmi redaktor qeydlərinə Nadir şah Əfşarın qətlə
yetirilməsindən uzun illər sonra baş vermiş tarixi
hadisələrin - Rusiya imperiyası və Qacarlar dövləti
arasında imzalanmış Gülüstan və Türkmənçay
müqavilələrinin təhlili ilə başlayır. Nadir
şah 1747-ci ildə qətlə yetirilmiş, Azərbaycan
torpaqlarının ikiyə bölünməsi ilə nəticələnən
bu müqavilələr isə müvafiq olaraq 1813-cü və
1828-ci illərdə bağlanmışdı. Akademik zaman
etibarilə fərqli dövrlərdə baş vermiş bu
hadisələr arasındakı məntiqi
bağlılığı belə izah edir: “Məsələnin
əsl məğzi məhz ondan ibarətdir ki, Azərbaycan
torpaqlarının bölünməsi, mərkəzləşdirilmiş
dövlətçiliyimizin, həmçinin tarixi vilayətlərimizin
bir-birinin ardınca yadellilər tərəfindən
işğalı prosesi 1747-ci il iyunun 21-də, yəni,
görkəmli dövlət xadimi və mahir sərkərdə
Nadir şah Əfşarın (1688-1747) sui-qəsdçilər
tərəfindən öldürüldüyü gündən
başlayır”. Elmi redaktorun fikrincə, Nadir şahın
öldürülməsi Azərbaycan tarixi üçün bəlkə
də Gülüstan və Türkmənçay müqavilələrindən
daha artıq dərəcədə faciəvi hesab oluna bilər.
Çünki həmin müqavilələr “məhz Nadir
şahın qətli ilə başlayan ağrılı və
xalqımızın taleyində qanlı izlər buraxan
işğallardan, bölünmə və məğlubiyyətlərdən
irəli gəlmiş vəziyyətin kağız üzərindəki
əksindən başqa bir şey deyildi”.
Fikir
verirsinizsə, akademik Ramiz Mehdiyev tərəddüd etmədən
Nadir şahı görkəmli dövlət xadimi və mahir sərkərdə
kimi səciyyələndirir. Bu fikrin sübutu kimi,
tanınmış ingilis tarixçisi və şərqşünası
L.Lokkartdan, İran tarixçisi Məhəmməd Hüseyn
Qüddusidən və digər etibarlı mənbələrdən
çoxsaylı sitatlar gətirir. L.Lokkart Nadir şahı
Napoleon Bonapartla müqayisə edir, M.Qüddusi isə onun
gördüyü işlərin, şəxsi keyfiyyətlərinin
böyük ehtiram və sitayişə layiq olduğunu
yazır.
Kitabın
əsas məziyyətlərindən biri təkcə Nadir
şah Əfşar haqqında deyil, bir çox digər
görkəmli şəxsiyyətlərimiz barədə
keçmiş SSRİ dövründə hakim ideologiyanın
sifarişi ilə formalaşdırılmış stereotipləri
dağıtmasında, tarixi həqiqəti ortaya olduğu kimi
qoymasındadır. Toplunun elmi redaktoru sovet təbliğatının
niyyətinin bu görkəmli şəxsiyyəti Azərbaycan
xalqından mümkün qədər ayırmaq və gözdən
salmaq olduğunu vurğulayaraq yazır: “O dövrün dərsliklərində
və tarixi araşdırmalarında Nadir şahın ətrafında
müstəbid, talançı, qatil obrazının
yaradılması, onun Azərbaycana guya ancaq qarət məqsədi
ilə yürüşlər etməsi, öz hakimiyyətini
möhkəmləndirmək məqsədilə minlərlə
günahsız insanı kütləvi şəkildə qətlə
yetirməsi haqqında fikirlərin insanlara
aşılanması da heç şübhəsiz ki, məlum
niyyətdən qaynaqlanırdı”.
Elmi
redaktor, eyni zamanda, bu işdə erməni müəlliflərinin
xüsusi canfəşanlıq göstərdiklərini üzə
çıxarır, K.Z.Əşrəfyan və M.R.Arunova
adlı həmmüəlliflərin 1958-ci ildə Moskvada nəşr
olunmuş “Nadir şah Əfşar dövləti”
kitabını buna misal gətirir.
Elmi
redaktorun məsələyə yanaşması, eyni zamanda,
qeyri-standartlığı, orijinallığı ilə diqqət
çəkir. Məsələn, akademik Ramiz Mehdiyev bu fikirdədir
ki, sovet təbliğat maşını öz işini
çox ustalıqla görüb. Aradan xeyli vaxt keçməsinə
baxmayaraq, tarixçilərin bir neçə nəsli hələ
də bu təbliğatın təsirindən xilas ola bilməyib.
Elmi redaktor əmindir ki, Nadir şahın şəxsiyyəti
ilə bağlı həvəskar sorğu keçirilsə,
peşəkar tarixçilərin məhdud çevrəsini
çıxmaq şərti ilə, orta və yaşlı nəslin
nümayəndələrinin böyük əksəriyyəti
Nadiri Azərbaycan torpaqlarını qəsb etməyə
çalışan, qəddar İran hökmdarı kimi
tanıdıqlarını bildirəcək. Bəziləri hətta
onun Azərbaycan türklərinə mənsubluğundan belə
xəbərsizdirlər. Akademik haqlı olaraq hesab edir ki, bu və
ya digər şəxslərə doğrudan da ədalətli
qiymət vermək üçün tarixin bütün
ağ-qara səhifələrini süzgəcdən keçirmək,
haqqında fikir yürüdülən şəxsin yaşadığı
dövrü incəliklərinə qədər dərk etmək,
onun sələf və xələflərinin dövründəki
mənzərəni qarşılaşdırmaq gərəkdir.
Tarixi həqiqət və şəxsiyyətin əsl dəyəri
yalnız bu şərtlər daxilində üzə
çıxa bilər.
Nadir
şah şəxsiyyətinə məhz bu kontekstdə
yanaşan akademik Ramiz Mehdiyev onun həyat yoluna, hərbi-siyasi
fəaliyyətinin mühüm məqamlarına nəzər
yetirir. Nadir şah Əfşarın türk-Azərbaycan mənşəli
olmasını birmənalı olaraq təsdiqləyən mənbələrdən
yetərincə sitatlar gətirir. Elmi redaktorun istinad etdiyi
müəlliflər arasında adları yuxarıda qeyd olunan
tarixçilərlə yanaşı, Cahan Hüseyn
Əfşar, Azmi Özcan, Qərb şərqşünasları
M.Aksvorti, P.Averi, K.Bosvord, E.Şmidt, S.Len-Pul, həmçinin
rus alimləri S.Kişmişev, İ.Petruşevski, M.İvanov,
L.Boqdanov və bir çox başqaları var. Onlar yekdilliklə
bu fikri irəli sürürlər ki, Nadir şahın mənsub
olduğu Əfşarlar sülaləsi türk mənşəlidir.
Alman tarixçisi E.Şmidt Nadir şahın Hindistana
yürüşündən bəhs edərkən onu
“İranda doğulmuş türk” adlandırır.
Akademikin
müraciət etdiyi mənbələr öz mötəbərliyi,
tarixi faktlar əsasında çıxardığı elmi və
məntiqi nəticələr ilə oxucuda Nadir şahın
türk mənşəli olduğuna heç bir şübhə
yeri qoymur. Onun Azərbaycan tarixində oynadığı rolu,
dövlətçilik, diplomatik və hərbi məharətini
açıb göstərir. Şərq tarixinin ən
böyük imperiyalarından birini qurmuş bu görkəmli
dövlət xadiminin və mahir sərkərdənin yüksək
şəxsi keyfiyyətlərindən bəhs edən akademik
belə bir nəticəyə gəlir: “Öz gələcək
inkişafı, düzgün təşəkkülü naminə
həmişə uğurlu nümunəyə ehtiyac duyan gənclik
üçün Nadir şahın qət etdiyi ömür yolu
heç şübhəsiz ki, dəyərli, həm də əyani
dərs vəsaitidir. Obrazlı desək, Nadir şahın həyat
yolunu yalnız öz zəhmətinə, zəkasına
söykənərək sonsuz çətinliklər
girdabından ləyaqətlə xilas olmağın, zirvələrə
yüksəlməyin, nəinki özü üçün, həm
də xalqı naminə böyük qələbələr
qazanmağın salnaməsi adlandırmaq da olar. Azərbaycan gəncliyi
bu əyani vəsaitdən özü üçün faydalı nəticələr əxz
etməyin yolları ətrafında bir qədər
düşünsəydi, əsla pis olmazdı”.
Akademik
Ramiz Mehdiyevin kitabdakı qeydləri tarixi faktların zənginliyi
ilə də diqqəti cəlb edir. Bu faktların bir çoxu
yəqin ki, kütləvi auditoriyaya ilk dəfə
çatdırılır. Məlum olur ki, Nadir şahın
çoxsaylı yürüşləri və
qazandığı zəfərlər sayəsində
imperiyanın ərazisi 5,5 milyon kvadratkilometrədək
genişlənmişdi. Onun hakimiyyətdə olduğu cəmi
10 il ərzində azərbaycanlılar Qafqazdan başlayaraq
Hind okeanınadək böyük bir əraziyə hakimlik
edirdilər. Nadir şah dövründə qonşu dövlətlərlə
qarşılıqlı faydaya əsaslanan geniş ticarət əlaqələri
qurulmuş, müharibələr nəticəsində
dağıdılmış təsərrüfat sahələrinin
dirçəldilməsi istiqamətində xeyli iş
görülmüşdü.
Digər
maraqlı məqamlardan biri də elmi redaktorun tarixi irsə
müasir dövrün prizmasından yanaşmasıdır. Yəni,
çağdaş dövrümüzdə bu irsdən nələri
əxz etmək olar? Akademik bu suala belə cavab verir: “Nadir
şah irsindən əxz edə biləcəyimiz daha bir
mühüm məziyyət onun ölkənin beynəlxalq
münasibətlər sistemindəki nüfuzuna hədsiz həssaslıqla
yanaşmasıdır. 1738-ci ildə Nadirin Dehlidə Moğol
hökmdarları tərəfindən Əfşar dövlətinin
səfirinə qarşı edilmiş hörmətsizliyə
verdiyi kəskin reaksiya bunun təzahürüdür.
E.Şmidtin yazdığı kimi, baş verənlərdən
hiddətlənən Nadir Hindistana müharibə elan edərək
yürüşə başlayır”.
Azərbaycanın
dövlət müstəqilliyini bərpa etməsindən sonra
bir çox tarixi şəxsiyyətlərə, eləcə də
Nadir şaha yanaşmada xeyli müsbət dəyişikliklər
müşahidə edildiyini, bir sıra tədqiqatlar
aparıldığını, kitablar
yazıldığını təqdir edən Ramiz Mehdiyevin
fikrincə, bütün bunlar yetərli deyil. Nadir şah ətrafında
formalaşmış uydurma, qərəzli təsəvvürləri
tamamilə aradan qaldırmaq, onun dövlətçilik
tariximizdəki yerini olduğu kimi açıb göstərmək
və həmvətənlərimizə çatdırmaq
üçün tarixçilərimiz və ədiblərimiz
hələ çox çalışmalıdırlar. Akademik
hesab edir ki, bu mənada Nadir
şah Əfşarın şəxsi katibi Mirzə Mehdi
Astarabadinin “Tarix-i Cahanqoşay-i Nadiri” və Nadir şahın saray
tarixçisi olmuş Məhəmməd Kazım Mərvinin
“Aləm Aray-ye Naderi” salnamələrinin, İran tədqiqatçıları
tərəfindən tərtib edilmiş “Nader şah əz nəzər-e
xavərşenasan” (“Nadir şah şərqşünasların
gözü ilə”) toplusunun, tanınmış iranlı tədqiqatçı
Sərdadvər Əbuturabın “Tarix-e nezami və siyasi-ye
douran-e Nader şah Əfşar” (“Nadir şah Əfşar
dövrünün hərbi və siyasi tarixi”), həmçinin
Qərb tədqiqatçıları Mortimer Durandın “Nadir
şah”, Ernest Tukerin “Nadir şah Əfşar dövründə
din və siyasət”, Mixael Aksvortinin “İranın
qılıncı” monoqrafiyalarının Azərbaycan dilinə
tərcümə olunaraq nəşr edilməsi xüsusilə
fayda gətirə bilər.
Akademik,
eyni zamanda, Nadir şahın siyasi irsinin öyrənilməsində
ən mühüm qaynaq kimi ilkin mənbələrin, yəni,
onun diplomatik yazışmalarının rolunu yüksək dəyərləndirərək
yazır: “Müəyyən tarixi hadisələr, yaxud siyasi
proseslər səbəbilə xarici dövlətlərin
başçılarına ünvanlanan məktublar Nadir
şahın diplomatik fəaliyyətinə işıq salmaqla
yanaşı, həm də onun dövrün mühüm
ictimai-siyasi məsələlərinə yanaşmasını
anlamağa əhəmiyyətli dərəcədə
yardım edir”.
Elmi
redaktor Nadir şahın diplomatik yazışmalarını
özündə ehtiva edən 27 məktubdan ibarət toplunu
tarixşünaslığımız üçün dəyərli
töhfə hesab edir. O, məktubların mətnində
toxunulan məsələləri, orada əksini tapan mətləbləri
diqqətə çatdırır və əminliklə
vurğulayır ki, ana dilimizdə ilk dəfə nəşr
olunan bu diplomatik sənədlər Nadir şah fenomeninin
öyrənilməsinə, eyni zamanda, onun ünvanına səslənən
böhtanların, edilən təhriflərin ifşası
işinə böyük fayda verəcək.
Qeyd
edək ki, Nadir şahın nəşrə daxil olunan məktubları
Əlyazmalar İnstitutunun Fondunda qorunan üç əlyazmadan
toplanaraq Fondun əməkdaşı Rauf Şeyxzamanlı tərəfindən
fars dilindən tərcümə edilib.
Xalq qəzeti.- 2015.- 9 iyun.- S.10.