Nə üçün Azərbaycanın müstəqilliyi

Qərbi bu qədər qıcıqlandırır?

 

İyunun 22-də Rusiyanın nüfuzlu “Vestnik Kavkaza” portalında Milli Məclisin deputatı, Azərbaycanın Əməkdar jurnalisti Elmira Axundovanın “Nə üçün Azərbaycanın müstəqilliyi Qərbi bu qədər qıcıqlandırır?” sərlövhəli geniş məqaləsi yerləşdirilib.  AZƏRTAC  həmin məqaləni və nəşrin çox bəlağətli preambulasını təqdim edir. “Bakıda birinci Avropa Oyunları keçirilir. Bu Oyunlarda Avropanın müxtəlif ölkələrindən  çoxsaylı idmançılar iştirak edirlər. Yaşamaq və idman yarışlarında iştirak etmək üçün onlara çox rahat şərait yaradılıb. Odur ki, bəzi Avropa siyasətçilərinin reaksiyası qeyri-adekvat təsir bağışlayır.  Kimsə idman bayramını  ciddi-cəhdlə siyasi mübarizə meydanına çevirməyə çalışır. Bu isə  əhalisinin özünə və Aİ-nin siyasi rəhbərliyinə elementar hörmətsizlikdir. Elə təəssürat yaranır ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş və İlham Əliyevin uğurla həyata keçirdiyi Azərbaycanın çoxşaxəli, tarazlaşdırılmış xarici siyasətinin qorunub saxlanılmasında maraqlı olmayan hansısa “üçüncü” qüvvə var. Azərbaycanın daxilində xarici qüvvələr tərəfindən idarə olunan müxalifət xarici siyasətdə bu balansı pozmaq və Avropada ölkənin başqa imicini yaratmaq üçün son illər əlindən gələni edir.  Artıq  Avropa əhəmiyyətli  hadisəyə çevrilən Avropa Oyunlarının uğurla keçirilməsi bütün düşünən və sivil dünyada  Azərbaycana müstəsna hörmət qazandırır. Başlıcası, bu müsbət imici qoruyub saxlamaq və Azərbaycanın tutduğu yoldan geri çəkilməyəcəyini real işlərlə sübuta yetirməkdir. Müxtəlif ölkələrdən milyonlarla avropalı Bakıdakı idman bayramının şahidi olduqdan  sonra nəyin yalan, nəyin həqiqət olduğunu özləri ayırd edə bilmək iqtidarındadır. “Vestnik Kavkaza” tanınmış Azərbaycan jurnalisti, Milli Məclisin deputatı Elmira Axundovanın həmin problemə münasibətini əks etdirən məqaləsini dərc edib.

Ölkə üçün və bütün Avropa üçün Azərbaycanın da aidiyyəti olduğu mühüm hadisələr dövründə başımızın üstünü qara buludlar almağa başlayıb. Budur, Qərb cəmiyyətinin siyasi oyunçuların düşmənçilik xarakteri daşıyan aksiyaları ilə birlikdə media kampaniyası bu dəfə də apogey həddinə çatıb. Bu barədə öz fikrimi bildirmək istədim. Doğrusu, sivil ölkələrin nümayəndələri bizə qarşı azğınlıqla, hətta demək olar, qeyri-sivil şəkildə (tavtologiyaya görə üzr istəyirəm) mübarizə aparırlar.

Özünüz baxın: gah  bütün zəmanələrin və xalqların geylərinin və lesbiyankalarının ən yaxın dostu Uilrike Lunaçek başda olmaqla, Avropa Parlamentinin qırx deputatı Avropa parlamentində “İdman və insan hüquqları” mövzusunda dinləmələr təşkil edir, gah şübhə doğuran “Platform London” ekoloji təşkilatı sosial şəbəkələrdə vergidən yayınmağa görə  həbs olunmuş  QHT nümayəndələrinə dəstək aksiyası təşkil edir,  gah da Bundestaqın deputatları Azərbaycana dair qərəzli  qətnamə qəbul edirlər. Ümumiyyətlə, bəzən adama elə gəlir ki, Qərbin əsas başağrısı özünü “İraq və Şam İslam Dövləti” adlandıran terrorçu qruplaşmanın üzvləri, miqrantlar problemi, yüksək vəzifəli məmurların, o cümlədən AFR kanslerinin ABŞ-ın xüsusi xidmət orqanları tərəfindən ucdantutma dinlənilməsi ilə bağlı qalmaqal, qlobal maliyyə böhranı deyil, Cənubi Qafqazda yerləşən kiçik ölkədir. Yeri gəlmişkən, tam dünyəvi və demokratik bir ölkə.  Bu ölkə xarici siyasətində beynəlxalq hüquq normalarına və prinsiplərinə ciddi riayət edir, daxildə vətəndaşlarına dövlət qanunlarına qeyd-şərtsiz əməl etməyi öyrədir. Bütün dünyada olduğu kimi, bu qanunlarda da vergilərin ödənilməsindən yayınma, vəzifə səlahiyyətlərinin aşılması, xidməti  vəziyyətdən sui-istifadə, maliyyə saxtakarlıqları halları Azərbaycanın cinayət qanunvericiliyinə uyğun şəkildə cəzalandırılan yetərincə ağır cinayətlərdir. Yeri gəlmişkən, Əfv Komissiyasının üzvü kimi həmin maddələrlə mühakimə olunmuş məmurlardan, bələdiyyə nümayəndələrindən, bank filiallarının rəhbərlərindən və digər qulluqçulardan tez-tez ərizələr alıram.  Bu gün cəzaçəkmə müəssisələrində yüzlərlə belə insan var! Bu da ədalətlidir, çünki ölkəmizdə korrupsiya və vəzifə ilə bağlı hər cür cinayətlərə qarşı ciddi mübarizə başlayıb.

İşin qəribə olan tərəfi budur ki,  Qərbin beynəlxalq təsisatları və siyasi şəxsləri bu məhbusların heç biri barədə də heç bir  bəyanat vermir, bununla da hüquq-mühafizə orqanlarımızın öz vətəndaşlarını qanunun tələblərinə tam uyğun şəkildə cəzalandırması hüququnu tanıyır. Amma bu və ya digər  QHT  nümayəndəsi, yaxud müxalifətçi  jurnalist cinayət başında yaxalananda, “bizimkiləri döyürlər”,  “Azərbaycanda insan hüquqları və söz azadlığı kobud şəkildə pozulur” - deyə bütün dünyaya car çəkirlər.  Söz azadlığı barədə hələ danışacağıq, amma  dırnaqarası vətəndaş cəmiyyətinin nümayəndələri barədə bir-iki kəlmə demək istərdim.

Sirr deyildir ki, özünün qeyri-hökumət təşkilatını qeydiyyata almaq istəyən insanların böyük əksəriyyəti  üçün əsas məsələ hansısa lap ən nəcib ideya uğrunda mübarizə aparmaq deyil, qrantlardan qazanc götürmək, ailəsinin maddi durumunu yaxşılaşdırmaq və s. imkanıdır. Əgər həmin QHT qanunvericiliyə müvafiq yaradılırsa, Ədliyyə Nazirliyində qeydiyyatdan keçirsə, vaxtlı-vaxtında vergi ödəyirsə və fəaliyyəti  barədə hesabat verirsə, burada qəbahətli heç nə yoxdur. Amma Qərbin bir qayda olaraq heç bir  vergi tutulmayan yağlı qrantlarının ərköyünləşdirdiyi  “qht-çilər” bununla barışa bilmirlər. Başqa cür ola da bilməz:  uzun illər yağ içində böyrək kimi yaşayıblar, aldıqları qrantların böyük bir hissəsini ciblərinə qoyublar, “qara gün” üçün pul yığıblar və hətta övladlarını bu qrantlar hesabına xarici ali məktəblərdə oxudublar, üstəlik,   hüquqların müdafiəsi xarakteri daşıyan müxtəlif “yığıncaqlarda” iştirak etmək üçün vaxtaşırı ABŞ-a, Strasburqa və Parisə səfər edərək, aldıqları qrantların əvəzini ödəmək üçün ölkə haqqında daim neqativ informasiya yayıblar. İndi isə bəsdir, artıq bayram bitdi. Milli Məclisin qəbul etdiyi düzəlişlər  QHT-lərin  maliyyə fəaliyyətində şəffaflığın güclənməsini və onların müvafiq dövlət strukturlarına hesabat verməsini nəzərdə tutur.

Yeni “rəngli inqilab”  ssenarilərinin işlənib hazırlanmasında ixtisaslaşan Qərbin strateji mərkəzləri və beynəlxalq qurumlar gizli və ya aşkar “təsir agentləri” olan bir sıra QHT-lərin bağlanması və fəaliyyətinin dayandırılması ilə Azərbaycanda öz eksperimentlərini irəlilətmək üçün ciddi dayaqlarını itiriblər. Məsələn, nüfuzlu maliyyəçi və xeyriyyəçi, dünyada daha çox “xaosun arxitektoru” kimi məşhur olan Corc Soros kifayət qədər uzun müddət  Azərbaycanda özünü tam sərbəst hiss edib, burada “Açıq cəmiyyət” Xeyriyyə Fondunun nümayəndəliyini açıb və hətta bir çox yerli QHT-ləri və müxalifət qəzetlərinin redaksiyalarını yedirtməyə macal tapıb. Sonra bu iş öz cızığından çıxıb. Əvvəlcə Fondun Azərbaycan nümayəndəliyində  maliyyə qalmaqalı qopub, uşaqlar sadəcə pulları yeyiblər, nəticədə Fondun fəaliyyəti məhdudlaşdırılıb.  Sonra bir sıra yerli  QHT-lərin  fəaliyyətinin Soros Fondu tərəfindən maliyyələşdirilməsi barədə ciddi faktlar üzə çıxıb. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev  “İkili standartların dünya nizamı və müasir Azərbaycan” sərlövhəli məqaləsində “rəngli inqilablar” hazırlanması ilə məşğul olan QHT-ləri maliyyələşdirən donorlar sırasında  Soros Fondunu əbəs yerə xatırlatmayıb. Elə həmin mötəbər mənbənin məlumatına görə,  Fond son illərdə 625 razılaşma üzrə Azərbaycan QHT-lərinə 7,6 milyon manat vəsait ayırıb.  Aydındır ki, vəsaitin böyük bir hissəsi heç də xeyriyyə məqsədləri üçün nəzərdə tutulmayıb.

Corc Soros və onun həmfikirləri açıq-aşkar məyus olublar: o qədər səy göstərilib, pul xərclənib, nəticə isə sıfıra bərabərdir. Əksinə, bir sıra “təsir agentləri” ifşa olunub və bu gün hüquq-mühafizə orqanlarının nümayəndələrinə etirafedici ifadələr verirlər. Azərbaycanın özündə, o cümlədən onun qeyri-hökumət təşkilatları arasında getdikcə daha yaxşı başa düşürlər ki, Qərbin qondarma hüquq-mühafizə təşkilatları nə deməkdir, hansı məqsədlə yaradılıb və bu gün hansı səbəbdən Azərbaycana qarşı belə əlbir hücuma keçiblər.

Bununla əlaqədar kütləvi informasiya vasitələrimizə - həm “Bakinski raboçi”, “Azərbaycan” kimi bir növ hökumətpərəst rəsmi qəzetlərə, həm də “1 news.az”, “haqqin.az”, “APA” agentlikləri, “Kaspi” qəzeti və s. kimi müstəqil informasiya vasitələrinə təşəkkür etmək istərdim. Son günlər onlar silsilə jurnalist araşdırmaları apararaq inandırıcı faktlarla sübut ediblər ki, bir çox anti-Azərbaycan aksiyalarının arxasında əslində eyni şəxslər və Qərbin bəzi ictimai təşkilatları durur. Özü də keçmiş zamanlarda “imperialist Qərbin muzdlu əlaltıları” adlandırılan bu qüvvələr artıq dəfələrlə istər Azərbaycan əleyhinə, istərsə də postsovet məkanının digər ölkələrinə qarşı belə aksiyaların təşkilatçısı, yaxud iştirakçısı olublar.

Daha bir maraqlı detal: Qərblə siyasi-hüquqi inteqrasiya baxımından ölkə nə qədər üzüyola olursa, müstəqil xarici və daxili siyasət yeritməkdən tamamilə və ya qismən imtina edirsə, tənqidçilərin tonu da bir o qədər yumşaq və loyal olur. Öz Avropa ölkələrindəki problemlər - multikulturalizm siyasətinin iflasa uğraması, islamofobiyanın və hətta yudofobiyanın güclənməsi (həmin o Fransanı hər il minlərlə yəhudi vətəndaş tərk edib həmişəlik İsrailə köçür), ABŞ başda olmaqla Qərb koalisiyasının Yaxın Şərqdəki məğlubiyyəti, Ukrayna strategiyasının boşa çıxması və sair və ilaxır bu tənqidbazları deyəsən, qətiyyən narahat etmir. Belə qlobal problemlər fonunda Qərb siyasətçilərinin Azərbaycanda insan hüquqları sahəsindəki vəziyyətdən belə narahat olması ən azından qəribə görünür.

Amma onların narahatlığını başa düşmək olar: postsovet məkanının bir çox ərazilərində onlar Şukşin qəhrəmanının təbirincə desək, kiçik bir “bardelyero” qura biliblər, Azərbaycanda isə bu, mümkün olmayıb. Necə deyərlər, daş qayaya rast gəlib.

Bəs elə isə Qərbdəki “amansız dostlarımızı” narahat edən nədir, Avropa və Amerika KİV-lərində nə üçün ara-sıra anti-Azərbaycan isteriyası baş qaldırır?

Zənnimcə, burada bir neçə faktor rol oynayır: Qərbin Azərbaycana əvvəlki təsirini tədricən itirməsi ilə əlaqədar narahatlığı, bu Zaqafqaziya respublikasının siyasi və iqtisadi cəhətdən getdikcə daha güclü, daha “idarəolunmaz” bir ölkəyə çevrilməsindən, Qərbin öz tələm-tələsik və düşünülməmiş hərəkətləri ilə Ukraynanı sürüklədiyi idarəolunmaz xaos vəziyyətinə düşmək riskindən ehtiyat edən Azərbaycanın Aİ ilə assosiativ üzvlüyü imzalamaq həvəsində olmamasından qorxması. Bundan başqa, Azərbaycanın müstəqil mövqeyi və Aİ ilə real inteqrasiya perspektivləri barəsində onun sağlam skepsisi “domino effekti” rolunu oynaya bilər və “Şərq tərəfdaşlığı” proqramına daxil olan digər ölkələri də düşünməyə vadar edər. Qərbin müəyyən dairələri bizi həm də ona görə sevmirlər ki, biz göstərişlə yaşamırıq, istədiyimiz ölkələrlə dostluq edirik, qonşularla vuruşmaq istəmirik, yalnız terrorçuluğa qarşı mübarizə aparırıq (Şükürlər olsun ki, Qərb heç olmasa bunu etiraf edir!).

Rusiyanın tanınmış ekspertlərindən biri olan Anna Kokoreva “haqqin.az” agentliyinə verdiyi müsahibədə açıq şəkildə bildirib ki, Qərb KİV-lərinin Azərbaycana qarşı bu azğınlaşmış tənqidi ilk növbədə onunla bağlıdır ki, ölkəmiz müstəqil xarici siyasət yeridir və Rusiya ilə yaxşı münasibətlərini qoruyub saxlayır. A.Kokoreva qeyd edir: “Rusiya Federasiyasını dəstəkləyənlərin, yaxud neytrallığını saxlayanların hamısı Qərb ölkələrinin fikrincə, yanlış mövqe tutur və tənqid olunmalıdır. Bir tərəfdən də Bakıda keçirilən Oyunlar. Avropa İttifaqında böhran, ABŞ-da da vəziyyət o qədər yaxşı deyil, neftin qiyməti düşüb,  Azərbaycan isə bayram edir. Bundan başqa, Avropa Oyunları həmişə turistlərdən, sponsorlardan və sairdən gələn vəsait axınıdır. Buna görə də Qərb tədbirə neqativ təsir göstərməyə çalışır ki, ölkənin qazancı elə də yüksək olmasın”.

Əlbəttə, anti-Azərbaycan kampaniyasını müəyyənləşdirən amillər təkcə bunlar deyil, çox güman ki, ölkəmizə qarşı aksiyaların böyük bir hissəsi, xüsusən də Qərb mətbuatında dərc olunan kəskin neqativ yazıların haqqını xaricdəki erməni lobbisinin zəngin nümayəndələri ödəyirlər. Onların belə qəzəblənməsinin səbəbi var: Azərbaycanı məhv etmək, onun ərazilərini qoparmaq, etnik təmizləmələr aparmaq, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirmək üçün o qədər vəsait xərclənib, o isə sanki Simurq quşu kimi yenə də dirçəlir, varlanır, iqtisadi, həmçinin hərbi cəhətdən daha güclü dövlətə çevrilir. Bir də gördün öz ata-baba ərazilərini azad etmək üçün kiçik bir uğurlu müharibə təşkil etdi. Onda nə olacaq,  25 illik səylər boşa çıxacaq? Odur ki, Qərbdəki erməni oliqarxları yenə də güc verib Azərbaycan əleyhinə yazılara külli miqdarda vəsait xərcləməyə məcbur olublar. İstər Rusiyada, istərsə də Avropada öz tarixi Vətənlərinin piarına və onun mənafeyinin qorunmasına o qədər də həvəslə pul xərcləmək istəməyən tanınmış həmvətənlərimizdən fərqli olaraq, erməni diasporu Azərbaycanın məqsədyönlü şəkildə nüfuzdan salınması prosesinə informasiya və maliyyə cəhətdən daha fəal cəlb olunub. Soruşacaqsınız, bu, onların nəyinə gərəkdir? Məqsəd tamamilə aydındır: görürsünüz, cənablar, Azərbaycanda jurnalistlər, hüquq müdafiəçiləri və digər “ideya adamları” necə çətin vəziyyətdə yaşayırlar, onları necə təqib edir və incidirlər? Biz ermənilər belə vəhşilərlə bir siyasi-hüquqi məkanda necə yaşaya bilərik? Bütün bu çirkin oyunun mahiyyəti heç də yerli qeyri-hökumət təşkilatlarının vergi ödəməkdən yayınmış üç cüt-bir tək nümayəndəsinin mifik hüquqları deyil, məhz budur.

Azərbaycan əleyhinə kampaniyaların keçirilməsi üçün bir qayda olaraq  siyasətdənkənar hadisələr seçilir. Götürək elə bu gün paytaxtda və onun ətrafındakı bütün arena və meydançalarda gedən gözəl idman hərəkatını - planetin tarixində birinci Avropa Oyunlarını.

Əslinə baxsan, bizə sağ ol deyilməlidir ki, qitənin ucqarında yerləşən kiçik bir ölkə bütün Avropa idmançıları və idman həvəskarları üçün belə bir bayram təşkil edib! Axı siz təqribən 20 ildir ki, vurnuxursunuz, Hamletin “olum, ya ölüm” sualına cavab axtarışında nə qədər oxunuz qırılıb, amma heç bir ölkə birinci Avropa Oyunlarının keçirilməsi təşəbbüsünü  öhdəsinə götürmək qərarına gələ bilməyib. Məhz Azərbaycan belə məsuliyyəti öz üzərinə götürdü, “Olum!” dedi, Avropa idmanı tarixində yeni səhifə açdı, sonrakı Oyunların keçirilməsi üçün yeni, ən yüksək standartlar müəyyən etdi.

İndi böyük Avropa idmanının belə bir bayramında, Azərbaycanın dostlarının və xeyirxahlarının sayının həndəsi proqressiya ilə artdığı bir zamanda siz onun isti aşına soyuq su qatmağı qərara almısınız.

Amma çoxdan sübut olunub ki, bu metod əks nəticə verir. Mən əsl uşaq sadəlövhlüyünə bənzəyən boykot çağırışını nəzərdə tuturam. Tutaq ki, Avropa ölkələrinin bir sıra liderləri Moskvaya Qələbənin 70 illiyi bayramına gəlmədilər, bununla böyük hadisənin əhəmiyyəti azaldımı? Yaxud: İngiltərənin, Fransanın, Almaniyanın və Avropa İttifaqının digər ölkələrinin birinci şəxsləri Bakıya gəlmək istəmədilər (“1 news.az” agentliyinin analitik qrupunun öz sensasiyalı araşdırmasında yazdığı kimi, Aİ ölkələrinin liderləri Bakıya gəlməkdən imtina etmək qərarını bilavasitə AFR kansleri A.Merkelin təzyiqi altında qəbul ediblər). Nə olsun, kimə pislik etdilər? Yalnız belə əlamətdar bir gündə tribunalarda onları dəstəkləyən liderlərini görə bilməyən öz komandalarına. Bundan bizim möhtəşəm bayrama xələl gəldimi? Düşünürəm ki, qətiyyən yox. Amma Avropa İttifaqının birinci şəxslərinin qərar qəbul etməkdə müstəqillik səviyyəsini aydın şəkildə nümayiş etdirdi.

Azərbaycanda söz azadlığı sahəsində vəziyyətə gəldikdə isə tam məsuliyyətlə  deyirəm ki, bizdəki qədər cəzasız azadlıq dünyanın heç bir yerində yoxdur. Bəzi KİV-lər söz azadlığını özbaşınalıq, hər hansı bir hökumət nümayəndəsini, deputatı, ictimai xadimi, yazıçını tənqid etmək deyil, bacardıqca ağır təhqir etmək, onun axırına çıxmaq imkanı kimi başa düşürlər. Belə başabəla jurnalistlərin öhdəsindən gəlmək olmur. Bilirlər ki, məhkəmələrimiz onlara qarşı “böhtana görə”, “şərəf və ləyaqətin təhqir olunmasına görə” maddələrini çox həvəssiz tətbiq edirlər. Böyük Heydər Əliyevin vəsiyyətlərinə əməl edən məmurlar, ümumiyyətlə, KİV-ləri məhkəməyə verməməyə çalışırlar. Beləcə nisbi dinc yanaşı yaşamaq vəziyyətindəyik.

Lakin sevindirici haldır ki, qəzetlərimizin və saytlarımızın vətənpərvərlik səviyyəsi xeyli artıb. Onların Qərbin Azərbaycana qarşı qarayaxma kampaniyasına münasibəti bunu nümayiş etdirdi. Azərbaycan jurnalistlərinin əksəriyyəti bu kampaniyadan qəzəblənib, öz yazılarında Qərbin Azərbaycana qarşı ittihamlarının ədalətsiz və cəfəngiyat olduğunu öz auditoriyasına çatdırmağa çalışır. Bir çoxları bu və ya digər qarayaxanların şəxsi, yaxud xidməti bioqrafiyasından xoşagəlməz faktları peşəkar dəqiqliyi ilə açıb göstərirlər. Bu yazıları oxuyanda dilə gəlirsən: “Bəs hakimlər kimdir?”.

Bəli, biz daha ağıllı və daha gözüaçıq olmuşuq. Müstəqilliyin ötən 25 ili ərzində biz dostumuzu və düşmənimizi tanımağa, küləyin haradan əsdiyini anlamağa başlamışıq. Biz  güclənmişik. Ona görə də artıq çımxırmalardan qorxmuruq, hədə-qorxulardan və qətnamələrdən diksinmirik. Biz artıq bunların hamısından keçmişik.

İndi bizim üçün əsas məsələ öz Prezidentimizin yanında olmaq, onun təşəbbüslərini, xeyirxah işlərini müdafiə edib dəstəkləməkdir. Ən başlıcası, təkrarçılıq kimi səslənsə də, hakimiyyət ilə xalqın birliyidir. Hamımız bir yerdə olmalıyıq ki, Bulat Okucavanın mahnısında deyildiyi kimi ,"tək-tək yox olmayaq". O zaman biz daha güclü olarıq və hər şeyin  öhdəsindən gələ bilərik".

 

Xalq qəzeti.- 2015.- 24 iyun.- S.9.