I Avropa Oyunları Azərbaycanın

böyük turizm potensialını üzə çıxartdı

 

Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq xarici mediaya müsahibələrinin birində deyib: Biz hesab edirik ki, Oyunlar Azərbaycanın nə qədər inkişaf etdiyini və Azərbaycan xalqının qonaqpərvərliyini nümayiş etdirəcək. Avropa Oyunları Azərbaycanın gələcəklə bağlı planlarını təmin edəcək. Azərbaycan dövlətinin gələcəklə bağlı planlarından biriturizmin sürətli inkişafıdır.

Bakıya təşrif buyuran çoxsaylı atletlər Oyunlar barədə söz düşərkən, adətən, yarışların yüksək səviyyədə təşkil olunmasından razılıq edir, eyni zamanda, gələcəkdə bir turist olaraq bir daha ölkəmizi görmək, yaxından tanımaq arzusunda olduqlarını dilə gətirirlər. Onların fikrincə, mavi gözlü Xəzərin sahilində qərar tutmuş Bakı hazırda dünyanın ən gözəl turizm şəhərlərindən biri sayılmağa layiqdir.

Həqiqətən, Azərbaycanın turizm imkanları genişdirbirinci Avropa Oyunları bunu bir daha üzə çıxartdı. Təkcə S.Kleq deyil, Avropanın idman elitasının bir çox başqa nüfuzlu isimləri, eləcə də siyasətçilər hesab edirlər ki, birinci Avropa Oyunları Avropada bu gün həm sülh, barış, həmrəylik kimi humanist ideallara xidmət göstərir, həm də qitədə sosial-iqtisadi, o cümlədən turizmin inkişafına yardım edir. Bu yaxınlarda Avropa İttifaqının təşəbbüsü ilə Almaniyanın Hessen Federal Torpağında İdmanın qitənin sosial-iqtisadi inkişafında rolu mövzusunda keçirilən toplantıda da qeyd olunub ki, idman daha yaxşı tərzi, daha yaxşı güzəran, daha təhlükəsiz mühit kimi hədəflərin əldə olunmasını birbaşa təmin etmək gücündə olmasa da, bunların hər birinin həyata keçməsinə pozitiv təsir göstərə bilər.

Turistlər, bir qayda olaraq, abad ölkələrə, diqqət, qayğı, xoş rəftar gördükləri məkanlara üz tuturlar. Sevindirici haldır ki, birinci Avropa Oyunları ilə bağlı Azərbaycana gəlmiş idmançıların çoxu, digər qonaqlar Bakıda fərqli adət-ənənələrə və mədəniyyətlərə hörmətlə yanaşıldığını, tolerant münasibət sərgiləndiyini müsbət hal kimi dəyərləndirirlər.

Yer kürəsində ildə 1 milyard insan, yəni planetimizin hər 7 sakinindən biri turist qismində yaxın və uzaq ölkələrə səfər edir. Nə yaxşı ki, Azərbaycana təşrif buyuran turistlərin sayı ilbəil sürətlə artır. Bu, ona dəlalət edir ki, ölkəmizdə həm gəzməli-görməli yerlər çoxdur, həm də əmin-amanlıqdır. Tariximiz də zəngindir, mədəniyyətimiz də! Müstəqil dövlətimiz öz vətəndaşı kimi, turistin də təhlükəsizliyini təmin etməyi bacarır!

Turistlər hər yerdə arzuolunan qonaqlardır. Turizm sektorunun sürətli inkişafı, təbii ki, Azərbaycanda da yeni yerlərinin açılmasına səbəb olur, ölkə büdcəsinə bu sahədən daxil olan vəsaitlər artır. Turizm həm də xalqımızın tarixini, mədəniyyətini tanıtdırır. Beləcə, Azərbaycan həqiqətləri bütün dünyaya yayılır, dostlarımız artır, Azərbaycanın haqq işinə səs verənlərin sıraları sıxlaşır.

Ötən ilin 2-3 oktyabrında paytaxtımızda Dördüncü Bakı Humanitar Forumu keçirilirdi. Forum çərçivəsində müsahibə aldığımız hörmətli qonaqlardan biriiqtisadiyyat üzrə Nobel mükafatı laureatı, amerikalı Piter Daymond idi. Böyük alim forumla bağlı təəssüratlarını bölüşməklə yanaşı, Bakıda, İçərişəhərdə böyük zövqlə aparılan abadlıq-quruculuq işlərindən heyranlıqla danışdı: Yaxşı ki, Azərbaycan dövlətinin İlham Əliyev kimi xarizmatik lideri var və cənab Prezident tamamilə düz edir ki, ölkəsində neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun, xüsusilə də turizmin inkişafına böyük diqqət ayırır.

Bu günlərdə xüsusilə qonaqlı-qaralı olan Bakının gələcəkdə Avropanın əsas turizm mərkəzlərindən biri olmağa həqiqətən real şansları var.

 

Qabil YUSİFOĞLU,

Məsaim HACIXANLI

 

Xalq qəzeti.- 2015.- 25 iyun.- S.4.