Sumqayıt: SSRİ-nin süqutunun başlanğıcı

 

Ermənilərin iftira və təxribatları

 

(əvvəli  ötən sayımızda)

 

Erməni təbliğatı o qədər ifrata varır ki, özünün milli zəmində baş vermiş soyqırımı hesab etdiyi Sumqayıt hadisələrinin əsl mahiyyətinin guya Moskva tərəfindən Azərbaycanın xeyrinə cidd-cəhdlə ört-basdır olunduğunu iddia edir. Əslində, bu, diqqəti sovet rəhbərliyinin siyasətindəki aşkar ermənipərəst xarakterdən yayındırmaq cəhdidir.

Ermənilərin yazdığını görə, Sumqayıt hadisələri zamanı Kremlin elçiləri Georgi Razumovski ilə Pyotr Demiçev Bakıdaymış və faciədən xəbərləri olsa da, heç bir ölçü götürməyiblər. O vaxtlar xalça muzeyində bələdçi işləmiş, sonradan Moskvaya köçmüş erməni  Elmira Arzumanova deyirmiş ki, azərbaycanlılarla erməniləri barışdırmağa gələn Demiçev fevralın 28-i, bazar günü muzeyi ziyarət edib. Demiçevin şərəfinə  İçərişəhərdəki Karvansarayda nahar da verilib. Həmin saatlarda Bakının 40 dəqiqəlik məsafəsində yerləşən Sumqayıtda ermənilər öldürülürmüş. -Bunlar hiyləgər paralellərdən başqa bir şey deyil.

İsveçdə yaşayan erməni siyasi xadim və yazıçı Vaqe Avetyan özünün  sensasion fikirlərilə soydaşlarının iç üzünü ortaya qoyub. Sumqayıt hadisələrinin ildönümü ərəfəsində o bildirib ki, həmin dövrdə yaşanan hadisələri azərbaycanlılar deyil, SSRİ rəhbərliyi ermənilərin köməyilə həyata keçirib. “25 il bundan əvvəl ermənilər Qarabağı qonşularından alıb dünyaya göstərmək istədilər ki, necə ağıllı, qədim keçmişə malik xalqdırlar. Eləcə də demək istədilər ki, azərbaycanlılar necə pis xalqdır”, -deyə erməni  yazıçı bəyan edib. Ermənilərin qəsbkarlıq planları ilə bağlı onun fikirləri mütəmadi olaraq mətbuatda dərc edilir.

Ermənistanın hakim Respublika Partiyasının qurucularından olan Avetyan hesab edir ki, o zamankı SSRİ rəhbərliyinin məqsədi xalqlar arasında qarşıdurma yaratmaq idi. Bu  məqsədlə də Sumqayıtda yaşayan ermənilərin əli ilə şəhərdə qarşıdurma yaratdılar.

Qeyd edək ki, Sumqayıtda baş vermiş hadisələr nə qədər təhrif olunsa da, əsl həqiqət sonradan üzə çıxdı. Avetyanın timsalında ermənilərin öz açıqlamaları isə onların iç üzünü ortaya çıxarır.

Hələ o vaxtlar Yerevanda nəşr olunan “Sumqayıt... Genosid... Aşkarlıq” kitabı başdan-başa böhtan və iftira toplusu idi. Kitabda şişirdilmiş rəqəmlərlə, uydurma faktlarla dünya ictimaiyyətini çaşdırmağa çalışılır, faktlar qəsdən təhrif edilirdi. Yalan təbliğat maşını bu yolda nə qədər canfəşanlıq göstərsə də, böhtanlara üstünlük versə də, əsl həqiqətlər hər şeyi üzə çıxartdı.

O dövrdə, 1988-ci il  martın 30-da “İzvestiya” qəzeti belə bir sərlövhə ilə yazı dərc etmişdi: “Sumqayıt: istintaqa şayiələr mane olur”. Hadisələrdə guya min nəfərin öldürülməsi və s. barədə xəbərlər o həddə çatmışdı ki, hamı buna inanırdı. Nəzərə alaq ki, o zaman SSRİ-nin əsas mətbu orqanlarına nəzarət ermənilərin və onların havadarlarının əlində idi. Əsl həqiqəti isə istintaqın nəticələri ortaya qoydu. Bəlli oldu ki, Sumqayıt iğtişaşlarında müxtəlif millətlərdən olan 32 adam həyatını itirib.  

Ermənistan rəhbərləri və xaricdəki erməni icması Sumqayıt hadisələrindən məqsədləri üçün gərəkli bir kart kimi istifadə edir, azərbaycanlıları qaniçən bir millət obrazında dünya ictimaiyyətinə təqdim etmək istəyirdilər.

Sumqayıt hadisələri təhlil olunarkən onlar elə hey dəridən-qabıqdan çıxırdılar. Hətta qatı millətçi yazarlar Sero Xanzadyan, Zori Balayan və Silva Kaputikyan hadisələrin sabahı günü Moskvada M.Qorbaçovla görüşmək imkanı əldə etmişdilər. Elə bu görüşlərin nəticəsi olaraq Azərbaycanda kütləvi həbslər başlandı. 400-dən çox adam həbsxanalara atıldı. Günahsızlar işgəncələrə, təqiblərə məruz qaldılar.

Azərbaycan haqqında mənfi imic yaradan erməni ideoloqları az qala bir-biri ilə yarışırdı. Onlar xaricdə nəşr olunan kütləvi informasiya vasitələrində bir ucdan azərbaycanlıların ünvanına yalan və böhtanlar yağdırırdılar.  

Heç bir arqumentə söykənməyən həyasız iddialardan biri belə idi ki,  guya hadisələrə bir neçə gün qalmış Azərbaycanın hər tərəfindən və Ermənistanın bir sıra rayonundan (Qafan, Masis və b.) “toy” adı ilə talanlarda iştirak etmək üçün gənc azərbaycanlılar Sumqayıta dəvət olunubmuş. Ağdamdan, Füzulidən, digər şəhərlərdən avtobuslar, həmçinin Qafan-Sumqayıt reysi ilə xüsusi qatar (!?) şütüyürmüş. Üçvaqonlu həmin qatar “texniki səbəblərə görə” Bakıda dayanmadan düz Sumqayıta sürülübmüş. Orada isə şayiələr yayılıbmış ki, Ermənistanda və Qarabağda azərbaycanlıları öldürür, zorakılığa məruz qoyurlar... Lenin meydanındakı mitinqdə Qafan “qaçqınları”nın, Sumqayıt şəhəri   respublika  rəhbərlərinin “izahat məlumatı”ndan sonra isə A.Q.Mehdiyev, Ə.İ.Əhmədov və başqaları şəhərin müxtəlif massivlərində çoxsaylı qruplar yaradaraq talanlara başlayıblar.

Ermənilərin belə yalan “inşa”ları saysız-hesabsızdır.

Sovqatların gətirdiyi ruh yüksəkliyi

...Ölkədə belə bir söhbət gəzirdi ki, Mixail Qorbaçov və xanımı Raisa Qorbaçova ermənilərdən çoxlu sovqat və rüşvət aldıqları üçün muxtar vilayət onlara peşkəş ediləcək. Burada “od olmasa, tüstü çıxmaz” sözləri yada düşür. Təsadüfi deyil ki, SSRİ vaxtında Baş prokurorun müavini işləmiş, sonra RF Dumasının üzvü, Hüquq komitəsinin sədri olmuş Viktor İlyuxinin sumqayıtlı çəkiliş qrupuna müsahibəsində   dediyinə görə, 1987-ci ilin dekabrında Qorbaçov ABŞ-da olarkən erməni elitası onu əməlli-başlı ələ almışdır. Amerikadakı erməni icması Raisa Qorbaçovaya çox qiymətli rəsm əsərləri və XVII əsr rus əlyazmaları kitabını, bundan əlavə, brilyantla bəzədilmiş qolbağ da hədiyyə etmişdir. 

Bu parça Parisdə çıxan “Humanite” qəzetinin 18 noyabr 1987-ci il tarixli nömrəsində dərc ediləndən dərhal sonra  Azərbaycanı etiraz dalğası,  Ermənistanı isə milli ədavət və türkləri deportasiya meylləri bürüdü. İşi-peşəsi nifrət toxumu əkib fəlakət biçmək olan ermənilərin bədnam “Qarabağ Komitəsi” və “Krunk” cəmiyyəti tezliklə açıq fəaliyyətə başladılar. Ermənistanda yaşayan azərbaycanlılara hədə-qorxu gəlir, onları təhqir edir, mal-qara və əmlaklarını əllərindən alır, dədə-baba yurdlarından qovurdular. 1988-ci il fevralın 22-də Əsgəranda iki ağdamlı gənc düşmən gülləsinin qurbanı oldu: ilk qan töküldü. Masis və Qafan rayonlarında vəziyyət daha da gərginləşdi, ilk qaçqınlar axını Azərbaycana üz tutdu. Növbəti hadisələri çox gözləmək lazım gəlmədi.

Qəribədir ki, həmin günlər Sumqayıt şəhərinin rəhbərliyi məzuniyyətə çıxarılmış, milis rəisi işdən azad edilmiş, DTK şəhər şöbəsinin rəisi isə başqa işə keçirilmişdi. Şəhəri sanki bilərəkdən başsız qoymuşdular.

Hadisələrdə iştirak etmiş Nəcəfov soyadlı bir gənc istintaqa bildirmişdi ki, “Qriqoryan tərəfindən təşkil olunmuş dəstə Emma adlı erməni qadının evinə soxuldu, dərhal onu lüt soyundurdular və Edik Qriqoryan onu bu vəziyyətdə küçəyə çıxarmağı təklif etdi, sonra onun iştirakı ilə Emma vəhşicəsinə öldürüldü”.

İstintaq materiallarının başqa bir yerində göstərilir ki, “E.Qriqoryan öz dəstəsi ilə 1-ci mikrorayonda M.Petrosyanın mənzilinə daxil olub, müqavimət göstərmək istəyən mənzil sahibinə başından zərbə endirərək halsız vəziyyətə salıb”. E.Qriqoryan Sumqayıt hadisələri zamanı 6 ermənini şəxsən özü öldürüb, 8 erməni qadınını zorlayıb. Bu cür faktlar çoxdur. Erməni təşkilatları bu cür cinayətlər törətmiş E.Qriqoryanı ağır cəzadan qurtara bildilər.

Vladimir Çernovun “Oqonyok” jurnalı üçün hazırladığı “Qarabağ məsələsi” məqaləsində ona müsahibə verən ağac emalı zavodunun dəzgahçısı  J.Manasyanın bu fikirləri də yer alıb: “Martın 5-də biz kommunistləri şəhər (Sumqayıt. Ə.N.) partiya komitəsinə topladılar və orada general-leytenant Krayev dedi ki, yarımlitrlik şüşələrdə dörd ton benzin paylanıbmış. Səkkiz min şüşə! Təkcə onları doldurmağa nə qədər vaxt lazımdır, qalsın ki, paylamağa...” - Bu etiraf hadisələrin yüksək səviyyədə təşkil edilməsinə daha bir sübutdur.

Üç gün ərzində şəhərdə sabitliyi bərpa etmək naminə heç bir tədbir görməyən hakimiyyət dairələri yalnız dalğa yatandan sonra, martın 1-də Sumqayıtda fövqəladə vəziyyət elan etdilər. Bundan sonra komendant saatı və pasport rejiminin heç bir mənası yox idi.Amma, görünür, bu, Moskvadan göndərilmiş istintaq qrupunun rahat işləməsi üçün lazım imiş. Hadisələrə görə minə yaxın adam şübhəli şəxs qismində saxlanıldı, 500 nəfər həbs olundu, 94 nəfər mühakimə edildi. Dəstə başçısı Eduard Qriqoryana 12 il, dəstə üzvü Taleh İsmayılova isə 15 il həbs cəzası verildi. Əhməd Əhmədov erməni lobbisinin hay-küyü ilə güllələndi.

Qriqoryanın arxasında dayanan qüvvələr onu hər vasitə ilə cəzadan qurtarmağa çalışırdılar.Təşkilatçılar istintaqın gedişində həqiqətin yayındırılmasına çalışır, Paşanın əməllərini gizlədir, kimisə başçı kimi qələmə verirdilər. Çox çəkmədi ki, Sumqayıtda həbs edilib cinayət məsuliyyətinə cəlb edilən Paşa erməni lobbisinin və Moskvadakı havadarların köməkliyi ilə Azərbaycandan alınıb Stavropol diyarına göndərildi. Onu müdafiə edən erməni kütləvi informasiya vasitələri Qriqoryanın yanlış tutulduğunu yazırdı. İstintaq materialları onun qatı cinayətkar olduğunu sübuta yetirsə də, sonradan cəzası 9 ilə endirildi.

Mərhum akademik Ziya Bünyadovun “Elm” qəzetinin 13 may 1989-cu il tarixli nömrəsində dərc etdirdiyi “Nə üçün Sumqayıt?” məqaləsində  erməni daşnaklarının tarix boyu eyni ssenari üzrə türklərə qarşı törətdikləri alçaq əməlləri təkzibedilməz faktlarla oxuculara çatdırmış, A.Hovanesyanın Yerevanda çıxan “Kommunist” qəzetindəki “Suayrıcı” məqaləsinə tutarlı cavab vermişdir. O yazırdı ki, “Qarabağ komitəsi”nin Sumqayıtda yaşayan üzvləri hadisələrdən bir qədər əvvəl əmanət kassalarında olan pullarını kütləvi surətdə çıxarmağa başlayıblar. Mindən yuxarı erməni dekabr-fevral aylarında 8 milyon 343 min 691 rubl pul götürərək Sumqayıtı tərk edib. Bu, bir daha sübut edir ki, Sumqayıt olayları qabaqcadan düşünülmüş, planlı bir aksiya idi.

Daha sonra məqalədə cinayəti törətməkdən ötrü nə üçün məhz Sumqayıtın seçilməsinə aydınlıq gətirilir. Bizim də bildiyimizə görə, o zaman 260 min əhalisi olan Sumqayıtda yaşayanların əksəriyyəti gənclər idi. Onlar əsasən rayonlardan axışıb gəlmişdilər və valideyn nəzarətindən uzaq idilər. Məhz belə gəncləri ələ almaq asan olardı. İcbari iş almış 20 min dustaq da burada yerləşdirilmişdi. Cinayət üçün münbit şəraiti olan bu şəhərdə bir qığılcım bəs edirdi ki, aləm bir-birinə qarışsın.

...Talanlar ərəfəsində İsveçdən Artaşes Qabrielyan adlı bir erməni öz videokamerası ilə Sumqayıta gələrək qabaqcadan planlaşdırılmış hadisələri lentə almaq üçün rahat mövqe seçmişdi. O, lentə aldığı hadisələrə belə bir ad qoymuşdu: “Bizi başkəsənlərdən xilas edin”. Həmin film xarici ölkələrdə fəaliyyət göstərən erməni mərkəzləri üçün nəzərdə tutulmuşdu və dərhal 22 ölkədə ekranlara çıxarıldı.

 ...Sumqayıtda “uğur”la icra edilən erməni qırğınından vur-tut ikicə gün sonra Stepanakertdə “Sumqayıt genosidi”nə abidə ucaldılması planlı təxribatı onların özlərinin törətməsini sübut edən aşkar faktdır. Axı, uşaq da bilir ki, iki günə abidə düzəltmək və yerinə qoymaq mümkün deyil.

SSRİ DTK-sının himayə etdiyi qruplar şəhərin müxtəlif yerlərində qətliamlar törədib. 26 erməninin qətlə yetirilməsini məhz bu dəstələr həyata keçirib. Şəhərə yeridilən ordu hissələri isə bunları kənardan izlədikdən sonra fevralın 29-da hadisələrə müdaxilə edib. Nəticədə 6 azərbaycanlı PDM-lərin altında qalaraq şəhid olub.

Martın 1-dən Sumqayıtda komendant saatı tətbiq olundu. Azərbaycanın o zamankı rəhbərliyi Sumqayıt hadisələrinin səbəblərini araşdıran istintaq qrupunun ermənilərin xeyrinə işləməsini təkcə susmaqla müşayiət etməyib, ədalətsiz qərara imza atıblar.

Hadisələrin səbəbini araşdıran keçmiş SSRİ Prokurorluğu və DTK-nın nümayəndələrindən ibarət istintaq qrupu baş verənləri bütövlükdə azərbaycanlıların üzərinə qoymaqla əsl həqiqəti ört-basdır edib. İstintaq dövründə zorla müttəhim elan edilmiş, ikinci qrup əlil, insulindən asılı yaşayan Elçin Gəncəliyev Bayıl türməsində müəmmalı şəkildə öldürülüb. Onun işinə məhkəmə baxışı zamanı günahsızlığı üzə çıxıb.

Ziyalı ailədən olan Taleh İsmayılova isə 15 il iş kəsilib, cəzasını “siyasi məhbus” kimi çəkmək üçün Tbilisiyə göndərilib, bir ildən sonra meyiti gəlib.

Hadisələrdən sonra M.Qorbaçov demişdi ki, Sumqayıt hadisələri bir qrup şəxsin xuliqanlığı nəticəsində baş verib. Onun hadisəyə belə münasibəti cinayət hadisəsinin ört-basdır edilməsilə nəticələndi.  Belə. Biz qaranlıq məqamlara nə qədər çox aydınlıq gətirsək, ermənilərin şər və böhtan üçün faktları bir o qədər azalar. Günahsızlığı sübut eləmək heç vaxt gec deyil.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2015.- 3 mart.- S.7.