Gözü yolda Xocalım...

 

Qan yaddaşının harayı

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti səhnə danışığı kafedrası əməkdaşlarının II və III kurs tələbələri ilə birlikdə hazırladıqları Gözü yolda Xocalım... ədəbi- musiqili kompozisiyası faciənin növbəti ildönümü günlərində Tədris Teatrında universitet kollektivinə və ictimaiyyət nümayəndələrinə, Azərbaycan Televiziyasında isə geniş tamaşaçı kütləsinə təqdim olunmuşdur.

 

Tamaşanı ərsəyə gərirənlər AMİU-nun səhnə danışığı kafedrasının dosentləri, əməkdar artistlər Mahirə Yaqubova ( ssenari müəllifi və rejissor ) və Ağalar Bayramov ( baş rolun ifaçısı ) 23 il əvvəl erməni cəlladlarının Qarabağın ən qədim yaşayış məntəqələrindən biri olan Xocalıda yaratdığı cəhənnəmin soydaşlarımızın soyqırımının dəhşətlərini səhnə sənətinin bütün elementlərindən məharətlə istifadə etməklə çağdaş tamaşaçıya dərindən duydurmağa nail olmuşlar.

... Kompozisiyanın vətənpərvərlik poeziyamızın tanınmış simalarından Xalq şairləri Xəlil Rza Ulurürkün, Qabilin və Zəlimxan Yaqubun, şairlərdən Çingiz Əlioğlunun, Ramiz Qusarçaylının və Paşa Qəlbinurun Qarabağ müharibəsinə, Xocalı soyqırımına həsr olunmuş şeirləri əsasında tərtib olunmuş ssenarisinin olduqca təsirli mətni ünlü qiraət ustası Ağalar Bayramovun hüzn, qəzəb, nifrət və inamdan yoğrulmuş qeyri- adi ifasında indi bütün dünyanın lənətlədiyi erməni vəhşiliyinin gerçək mənzərələrini sərgiləyirdi. Milli poeziyamızın döyüşkən misralarının və qorqudsayağı ustad aktyor ifasının estetik tandemi işıq- kölgə effektləri, meydan oyunlarına məxsus kütləvi görüntü elementləri, pantomim teatrının lal dinamizmi ilə müşayiət olunaraq, Xocalının susmaz fəryadını ucadan səsləndirir, o gecənin qanlı mənzərələrini bütün dəhşətləri ilə canlandırır, müqəddəs bir hüzn yaradırdı.

Haqqın şimşək kimi çaxan və insanlıq adına ləkə gətirən yağıların qanlı əməllərini yandırıb kül edən qüdrəti səhnənin ümumi mizanında tamaşa boyu qəzəbli, mübariz bir fon yaradırdı. Ağalar Bayramovun öz tələbələrinin yaratdıqları lal, çılpaq görüntülərə məna və məzmun gətirən coşğun, yanğılı ifası isə zamanın sədası, yurd sevgisinin hayqırışı kimi yüksəlir, intiqam və qəhrəmanlıq duyğularını alovlandırırdı. O gecə min bir əzabla qətlə yetirilən 613 şəhidin 63 uşağın, 70 qocanın, 106 qadının, məhv edilmiş 8 ailənin incik ruhu, 150 itkinin məchul ünvanının sükutu, 1275 əsirə verilmiş işgəncənin tükürpədici çığırtısı kompozisiyada sənət tufanı kimi coşur, uğuldayır, səfərbəredici əzəməti ilə müəddəs bir cihada çağırırdı...

Göründüyü kimi, Gözü yolda Xocalım... kompozisiyası 23 ildir ki, gözü yollarda qalan, şəhid övladlarının narahat ruhuna dinclik arayan, sakinlərini qoynuna səsləyən Xocalının harayını indiki nəsillərə çatdıran uğurlu sənət nümunəsidir. Müəlliflər illər boyu ürəklərində fəryad qoparan Xocalı duyğu düşüncələrini bir yerə yığaraq, şəhid şəhərin və onun qəhrəman şəhidlərinin xatirəsinə möhtəşəm sənət əklili yaratmağa nail olmuşlar. Bütün bunlara görədir ki, erməni vandalların o qarlı qış gecəsində Xocalıda törətdiyi insan qanını donduran müdhiş əməllər sənətin gücü ilə bütün çılpaqlığı ilə yenidən göz önünə gətirilir, bu səhnə əsərinin yaratdığı od- alov faciənin doğurduğu mənəvi donuşluğu əridir, ürəklərimizə atəş, damarlarımıza qaynarlıq gətirir.

Xocalı soyqırımı mövzusunda yaradılmış vizual sənət əsərlərinin sırasında orijinallığı və təbliğat gücü ilə seçilən Gözü yolda Xocalım ... ədəbi-musiqili kompozisiyanın videoyazısının tirajlanaraq ölkəmizdə və xaricdə yayılması soyqırım həqiqətlərinə bir daha işıq salar, Xocalıya ədalət kampaniyasının növbəti uğurlarına xidmət göstərərdi.

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2015.- 3 mart.- S.7.