Azərbaycançılıq – milli birliyi

identikliyi şərtləndirən ideya

 

Azərbaycan xalqının milli ideologiyasının formalaşması prosesi ötən əsrin əvvəllərində cərəyan edən ictimai-siyasi proseslərlə bağlı olmuşdur. Aradan uzun illər keçməsinə baxmayaraq, həmin dövrdə yazıb-yaratmış mütəfəkkir şair və yazıçıların, ədiblərin əsərləri ilə tanışlıq ümumən milli ideyanın əsasını təşkil edən məqsədlərin nədən ibarət olduğu barədə dolğun təsəvvür yaradır.

Ümumilikdə, XIX-XX əsrlərdə Azərbaycanda ictimai fikrin təkamülü milli inkişafın “türkləşmə, islamlaşma, avropalaşma” prioritetlərini əks etdirən formulu yaratmışdır. Bu tarixi zaman kəsiyində C. Məmmədquluzadə, M.Ə. Sabir, Y.V. Çəmənzəminli, Ə. Topçubaşov, Ə. Ağayev, Ə. Hüseynzadə, H. Zərdabi, F. Xoyski, M.Ə. Rəsulzadə və digər milli klassiklər, görkəmli maarifçilər azərbaycanlıların mənlik şüurunun oyanışında və milli ideyanın formalaşmasında başlıca rol oynamışlar.

Həmin dövrün böyük xeyriyyəçiləri, messenatları da bu prosesdə yaxından iştirak etmişlər. Bu baxımdan azərbaycançılığın inkişafında böyük messenat Hacı Zeynalabdin Tağıyevin xidmətlərini xüsusi qeyd etmək lazım gəlir. Bu böyük şəxsiyyət təhsilin inkişafına ciddi maliyyə dəstəyi göstərməklə, ilk növbədə, azərbaycançılığın inkişafına töhfə verirdi. Onun maliyyə dəstəyi ilə həmin illərdə xarici ölkələrin müxtəlif ali məktəblərində təhsil almaq üçün azərbaycanlı tələbələrin xaricə göndərilməsi sahəsində mühüm işlər görülürdü. 1919-1920-ci tədris ilində 100 abituriyent və tələbənin xaricə göndərilməsi nəzərdə tutulmuşdu. Gənclərdən 45 nəfəri Fransanın, 23 nəfəri İtaliyanın, 10 nəfəri İngiltərənin, 9 nəfəri Türkiyənin müxtəlif ali məktəblərinə göndərilmişdi.

Cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olaraq bugünkü müstəqil dövlətimizin sələfi qismində müstəqilliyimizə hüquqi-siyasi və mənəvi əsaslar formalaşdırmışdır. Cümhuriyyətin kənar hərbi müdaxilə nəticəsində süqutundan sonra qırmızı imperiyanın sərt təzyiq və repressiyaları ilə üzləşən Azərbaycan xalqı qəlbində qübar salmış müstəqillik idealını qoruyub saxlamışdır. Lakin yalnız ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin sovet Azərbaycanında hakimiyyətə gəlişindən sonra azərbaycanlıların qəlbində közərən müstəqillik düşüncəsini yenidən milli ideyaya çevirmiş, dövlətçilik düşüncəsinin praktik reallaşdırılması istiqamətində ciddi addımlar atılmışdır. Böyük strateq hələ 70-ci illərdə milli təfəkkürümüzü repressiya xofundan, təzyiq və təhdidlərdən xilas etmiş, milli şüurun yüksəlişinə xidmət edən ardıcıl tədbirlər həyata keçirmişdir.

Qərinələr boyu azərbaycanlıların milli düşüncəsinə, dövlətçilik təfəkkürünə hakim kəsilən, xalqı aşkar-gizli mübarizə ruhunda kökləyən milli ideya - Azərbaycanın istiqlala qovuşması, müstəqil dövlət kimi taleyini azad şəkildə müəyyənləşdirməsi isə ötən əsrin sonlarında “soyuq müharibə”nin başa çatması zəminində cərəyan edən qlobal miqyaslı proseslərin məntiqi yekunu olaraq gerçəkləşmişdir. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə xalqın qəlbində nisgilə çevrilmiş bu ideya deklorativ şəkildə gerçəkləşmişdir. Lakin ilkin mərhələdə, daha dəqiqi, 1991-ci ilin oktyabrından 1993-cü ilin iyun ayınadək respublikada sosial-iqtisadi tənəzzülün dərinləşməsi, insanların sosial rifah halının pisləşməsi, ictimai-siyasi sabitliyin addımbaşı pozulması, insan hüquqlarına təminatın olmaması və s. destruktiv proseslər respublikanın de-fakto müstəqilliyinə imkan verməmişdir.

Xatırlatmaq lazımdır ki, məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” tarixi qərarında 31 dekabr tarixinin respublikada bayram kimi qeyd olunması ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisi qarşısında vəsatət qaldırmışdı. Ulu öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra isə müstəqil Azərbaycan Respublikası dünya azərbaycanlılarının mənafe və maraqlarının təminatçısı olduğunu rəsmən bəyan etmiş və xaricdə yaşayan azərbaycanlılarla sistemli aparılmağa başlanmışdır.

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların arasında birliyin və həmrəyliyin təmin olunması ilə bağlı məsələlərin birgə müzakirəsi məqsədilə 2001-ci il noyabrın 9-10-da Bakıda tarixi bir toplantı - Dünya Azərbaycanlılarının I Qurultayı keçirilmişdir. Qurultay Azərbaycan diasporunun keçdiyi inkişaf mərhələlərini geniş təhlil etmiş, Azərbaycan icmalarının tarixi Vətənlə əlaqələrinin qurulması və möhkəmləndirilməsi, xaricdə yaşayan həmvətənlərimizin təşkilatlanması, diaspor quruculuğu sahəsində qarşıda duran prioritet vəzifələri müəyyənləşdirmişdir. Ümummilli lider Heydər Əliyevin I qurultaydakı dərin məzmunlu nitqində böyük həyəcanla söylədiyi “Fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözləri sayı 50 milyonu ötmüş dünya azərbaycanlıları üçün milli qürur simvoluna çevrilmişdir.

Həmin tarixi qurultaydan sonra Azərbaycanda diaspor quruculuğu prosesi sürətlənmiş, 2002-ci ilin iyulunda Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (Hazırda Diasporla İş üzrə Dövlət Komitəsi adlanır) yaradılması bu sahədə dövlət siyasətinin sistemli və mütəşəkkil şəkildə həyata keçirilməsinə imkan yaratmışdır. 2002-ci ilin dekabrında “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu diasporumuzun təşkilatlanması, dünya azərbaycanlılarının birliyinin yaranması və dövlətin bu sahədə apardığı məqsədli siyasətin uğurla həyata keçirilməsinə nail olmaq üçün geniş imkanlar açmışdır.

Tarixdən məlumdur ki, mütərəqqi ideyalar olmadan insanları konkret məram və məqsədlər ətrafında səfərbər etmək, birləşdirmək mümkün deyildir. Azərbaycan xalqının milli ideologiyasının vahid sistem halına gətirilməsi məhz ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji-nəzəri əsaslarını irəli sürmüşdür. Böyük strateq azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid konsepsiyada birləşdirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri bazasına çevirmişpraktikada tətbiq etmişdir.

Azərbaycan polietnik dövlət kimi ərazisində yaşayan bütün xalqların vətənidir. Bu mənada, ölkədə reallaşdırılmasına səy göstərilən hər hansı ideya təkcə azərbaycanlıların deyil, bütün etnosların maraqlarını özündə tam ehtiva edir. Yəni dövlətin irəli sürdüyü hər hansı ideyafikir etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq, ölkənin bütün əhalisinin maraqlarını önə çəkir. Dünyəvi və demokratik dövlət modelini qəbul etməsinə rəğmən, respublikamızda insanların dini inancların, habelə vicdan azadlığı yüksək səviyyədə təmin olunur. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir həmvətənimizin bu torpaq üçün yiyəlik və məsuliyyət hissi yaşaması da milli həmrəyliyin bariz təzahürüdür. Azərbaycançılıq ideologiyası bu gün, ilk növbədə, etnik-dini tolerantlığın və milli həmrəyliyin başlıca təminatçısı kimi çıxış edir.

Bu ideologiyanın pozitiv xarakteri həm də bütün dünyaya səpələnmiş 50 milyondan artıq azərbaycanlını vahid ideallar naminə səfərbər etmək qüdrəti ilə müəyyən olunur. Əminliklə deyə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyev də diaspor quruculuğu işinə xarici siyasətin ayrılmaz hissəsi kimi yanaşır. Dövlət başçısının diqqət və qayğısı ilə ötən illərdə xaricdəki soydaşlarımızın təşkilatlanması istiqamətində fəal aparılmışdır. Həmvətənlərimizin təşkilatlanması prosesinin daha geniş vüsət almasını, milli-mənəvi, əxlaqi dəyərlərini qorumaqla bu qlobal prosesdən kənarda qalmamasını təmin etmək məqsədilə 2003-cü ildə Almaniyanın Maynts şəhərində Dünya azərbaycanlıları diaspor təşkilatları rəhbərlərinin I forumu, 2004-cü ilin aprelində Berlin şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) təsis konfransı keçirilmişdir.

Xarici ölkələrdə yaşayan azərbaycanlıların problem və qayğılarını, onların birliyi və təşkilatlanması sahəsində mövcud vəziyyəti təhlil etmək, ölkəmizlə əlaqələrinin daha da möhkəmlənməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, diaspor quruculuğu işinin təkmilləşdirilməsi sahəsində qarşıda duran vəzifələri müzakirə etmək məqsədi ilə 2006-cı ilin mart ayının 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi haqqında sərəncam imzalamışdır.

2008-ci ildə Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının Bakıdakı iclasında qəbul olunmuşDünya Azərbaycanlılarının Həmrəylik Xartiyası” diasporumuzun fəaliyyətinin başlıca istiqamətlərini müəyyən edən konseptual sənəd kimi qiymətləndirilməlidir. Xartiya dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təmini, diaspor təşkilatlarının fəaliyyətinin koordinasiya edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Sənəddə Azərbaycan xalqının tarixi, etnogenezi, milli özünüdərk prosesi, özünəməxsus xüsusiyyətləri, milli-mənəvi dəyərləri və müasir inkişaf səviyyəsi təhlil edilmişdir. Eyni zamanda, soydaşlarımızın yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyası, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, qondarma “erməni soyqırımı” iddialarının ifşası və digər məsələlərlə bağlı diasporun üzərinə düşən vəzifələr əksini tapmışdır.

2011-ci ilin iyun ayında Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının III Qurultayı ölkəmizin diasporlobbi quruculuğu sahəsində böyük uğurlar əldə etdiyini bir daha təsdiqləmişdir. Qurultayda dərin məzmunlu nitq söyləyən Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “Bizi fərqləndirən əlamət ondan ibarətdir ki, harada yaşamağımızdan asılı olmayaraq, öz Vətənimizə bağlıyıq. Bura bizim vətənimizdir, hamımızın vətənidir. Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var - Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var - azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər”.

Tam əminliklə demək olar ki, bu gün Azərbaycanda milli birliyin həmrəyliyin qorunub saxlanılması möhkəmləndirilməsi Prezident İlham Əliyevin hər bir vətəndaşın mənafeyini əsas tutmaqla yürütdüyü məqsədyönlü siyasətinin nəticəsidir. İqtisadi, siyasi, hüquqi, mədəni digər sahələrdə həyata keçirilən siyasət hər bir vətəndaşın dövlətə olan inamını gücləndirir, onlarda dövlətçilik təfəkkürünü, həmrəylik duyğularını gücləndirir. İnanırıq ki, Azərbaycanın iqtisadi imkanları gücləndikcə, respublikamız diaspor lobbi quruculuğu sahəsində daha geniş imkanlar əldə edəcəkdir.

 

Namiq ƏHMƏDOV

 

Xalq qəzeti.- 2015.- 5 mart.- S.4.