GƏDƏBƏY: əhali ilə

sıx ünsiyyət varsa...

 

Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa , yekəxanalığa yol verilməməlidir. Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Bilmirəm, dağ adamlarının hamısı belədir, ya yox, amma Gədəbəydə  peşə fəaliyyətimlə bağlı çox olduğumdan dəqiq bilirəm ki, bu ucqar rayonun insanları çox sadə, mehriban, istiqanlı və olduqca qonaqpərvərdirlər. Yəni gədəbəyliyə tərəf bir addım atırsansa,  o sənə on addım yaxınlaşacaq. Dikbaş, yekəxana insanları isə sevmirlər.

 

Bəs, Gədəbəydə belə məmurlar varmı? Suala birbaşa konkret cavab vermək mümkün deyil. Çünki rayondakı rəhbər işçilərin adamlarla ünsiyyətini tam izləmək üçün elə bir mexanizmyoxdur. Amma burada ictimaiyyətin rəyi, yuxarı orqanlara göndərilən şikayət məktubları, müxtəlif müşahidələr az-çox nəticə çıxarmağa imkan yaradır. Burada başqa bir vacib məqama da diqqət yetirmək lazımdır. Hansı idarə, müəssisə, təşkilat rəhbəri, lap elə rayon icra hakimiyyətinin başçısı adamlarla daha çox ünsiyyətdə olursa, onlarla vaxt tapıb tez-tez görüşürsə, şübhəsiz, onun haqqında yalnız müsbət rəy formalaşa bilər. Əgər rayonun rəhbəri ən ucqar məntəqədə yerləşən kəndə gedirsə, adamların dərd-sərini kabinetində deyil,   onların evində dinləyirsə, özü haqqında təbii ki, xoş sözlər eşidəcək.

Müsbət imicin formalaşmasında daha vacib məsələ əhalinin qaldırdığı problemləri özününküləşdirməkdir. Başqa sözlə, bu işin həlli ilə can-başla məşğul olmaqdır. Ölkə başçısı fevral ayında keçirdiyi müşavirədə görün necə gözəl, hamının ürəyindən xəbər verən sözlər dedi: “Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanıb bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz, bütün məmurlar da bu yüksək etimadı dogrultmalıyıq”.

qədər həyat var, bir o qədər problem var. Sadəcə bu problemlərlə məşğul olmaq lazımdır. Heç kimin şəxsiyyətinə toxunmadan, ona qarşı hörmətsizlik etmədən, laqeydlik göstərmədən. Bu, məmurun borcudur. Gədəbəy Rayon İcra Hakimiyyəti aparatının məsul işçilərindən biri söyləyirdi ki, başçı  qəbula gəlmək istəyən bir nəfər haqqında məndən soruşarkən “yaman yazandır” ifadəsini işlətdim. Mənə çox sərt şəkildə bildirdi ki, bir də şikayətçi haqqında buna bənzər söz işlətsəm, tutduğum vəzifə ilə vidalaşmalı olacağam. Sonra da əlavə etdi ki, problemini həll edin, daha yazmasın, təkrar-təkrar qəbula gəlməsin.Tələbi qeyri-qanunidirsə, izah edin, başa salın, inandırın.Bu, sizin,bizim, hamımızın vəzifəsidir.

Artıq rayonda icra hakimiyyətinin başçısı Ramiz Yediyarovun bu məsələdə mövqeyini hamı bilir. Təşkilat rəhbərlərindən tutmuş, icra hakimiyyətinin sıravi işçilərınə kimi bilirlər ki, yaşından, peşəsindən, mövqeyindən asılı olmayaraq, hər bir sakin müraciət edirsə ən yüksək səviyyədə diqqət göstərilməlidir. Məhz bu yanaşmanın nəticəsidir ki, əhali tərəfindən daxil olan şikayətlərin sayı getdikcə azalır. Məsələn, keçən il rayon icra hakimiyyəti başçısı aparatına daxil olan müraciətlərin sayı əvvəlki illə müqayisədə 388 ədəd azalmışdır. Elə Prezident Administrasiyasından daxil olan müraciətlər də 248 ədəd azdır.

Problemlər azaldıqca müraciətlər də azalır. 2014-cü ildə rayon icra hakimiyyətinə daxil olan 1283 müraciətdən təxminən yarısı, 569-u müsbət həll olunmuş, 496-sına müvafiq izahat verilmiş, 200-ü əsassız sayılmışdır.

Rayon icra hakimiyyəti əhali ilə ən sıx münasibəti, problemlərin həllini səyyar qəbulların təşkilində və keçirilməsində görür. Rayon icra hakimiyyəti başçısının belə qəbullarının ikisində iştirak etmişəm və açığını desəm, başqa yerlərdə belə səmimi görüşlərlə az rastlaşmışam. Hiss olunur ki, rayon icra hakimiyyəti başçısının timsalında adamların dövlətə və dövlətçiliyə böyük inamları var, əhali ilə isti münasibətlər yaranıb və sair. Bu görüşlər, qəbullar formalizmdən qat-qat uzaqdır, səmimiyyəti, demokratikliyi, işgüzarlığı ilə seçilir. Bəzən açıq havada, bəzən qapalı bir binada keçirilən görüşlərdən sonra dəstə-dəstə evlərinə qayıdan adamlar özləri də etiraf ediblər ki, əksər problemlərin həlli yerli icra orqanları ilə sıx təmasda  olmaqdadır. Çöyəllidə, Miskinlidə, Fərzalıda, Mor-morda və neçə-neçə digər kəndlərdə keçirilən səyyar qəbullardan bu günxoş sözlər danışılır. Qarşılıqlı hörmət, ünsiyyət, inam varsa istənilən işi yoluna qoymaq mümkündür. Keçən il 52 səyyar qəbul keçirib rayon rəhbəri. Bu qəbullarda 8200 nəfərdən çox sakin iştirak edib, özünün, yaşadığı kəndin, qəsəbənin problemlərini qaldırıb, rayonda görüləcək işlərlə tanış olub. İndiyədək hələ elə hal olmayıb ki, hər hansı yaşayış yerində nəzərdə tutulan görüş keçirilməsin.

Rayon icra hakimiyyəti başçısının birinci müavini Qüdrət Paşayev söhbət zamanı dedi ki, keçən ay R.Yediyarov məzuniyyətdə olmasına baxmayaraq, rayona gəlib səyyar qəbulunu keçirib yenidən qayıdıb.Bəli, bütün bunlar son illər Gədəbəydə daha böyük işlərin həyata keçirilməsinə imkan yaradıb.O qədər yeni obyektlər, yollar, parkxiyabanlar, digər sosialyönümlü tikililər istifadəyə verilib ki, elə Gədəbəyə daxil olan kimi bunu hiss edirsən. Son 3-4 ildə Gədəbəydə hətta heç bir görülməsəydi belə, təkcə ölkə Prezidentinin sərəncamı ilə çəkilən 56 kilometrlik Gədəbəy-Novosaratovka-Qaravəlilər, 13,3 kilometrlik Qarıkənd-Miskinli-Çalburun və 5 kilometrlik Qızıltorpaq-Ağbaşlar avtomobil yollarını göstərmək kifayət idi.Çünki yol Gədəbəy kimi bir rayon üçün hava-su kimi vacibdir.

Ümumiyyətlə, son illər rayonda elə bir sahə yoxdur ki, qayğıdan, nəzarətdən kənarda qalsın, unudulsun. Təkcə 2014-cü ildə istifadəyə verilən obyektləri göstərmək kifayətdir ki, rayonun inkişafı haqqında təsəvvür  olsun.Samanlıq kəndində 180 yerlik, Arıqdamda 480 yerlik yeni məktəb binaları,rayon mərkəzində uşaq yaradıcılıq mərkəzi tikilib istifadəyə verilib, Çanaqçı kənd tam orta məktəbi əsaslı təmir olunub. Hazırda İsalı və Moruxlu kəndlərində inşa olunan məktəb binalarında,Gədəbəy şəhərində tikilən uşaq bağçasında işlər davam etdirilir.Bir sıra prospekt və küçələr tamamilə yenidən qurulmuş və genişləndirilmiş müasir işıqlandırma sistemi çəkilmiş, istinad divarları hörülmüşdür. Rayon mərkəzində polis şöbəsi və yanğından mühafizə hissəsi üçün tikilib istifadəyə verilmiş binalar, 1000 nəfər tamaşaçı tutumu olan amfiteatr, orijinal saat qülləsi və digər obyektlər Gədəbəyin simasını bir qədər də gözəlləşdirmişdir.

Rayonda “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı” nın icrasına başlanılmışdır. Proqramda rayonun inkişafını təmin edən 17 infrastruktur layihəsinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Qeyd edək ki, icrasına bu il başlanmasına baxmayaraq, artıq 12 maddə və ya tədbirlərin təxminən 75 faizi üzrə işlərin həyata keçirilməsinə start verilmişdir.

...Gədəbəydə yaxşı işi hamı görüronu dəyərləndirməyi bacarır. Təbii ki, heç nəyi bəyənməyən, ancaq adını gədəbəyli qoyub bu rayon üçün bir qəpiklik xeyri dəyməyən insanlar da var. Amma maraqlı odur ki, belələrini hamı tanıyır və onların məkrli niyyətləri tez üzə çıxır. Qərəzli yazanlar, böhtan atanlar, yaxşı işi gözü götürməyənlər gec-tez məlum olur və özləri pis vəziyyətdə qalırlar.

Adamlarla ünsiyyət qurmaq, necə deyərlər, qaynayıb-qarışmaq, hər cür təkəbbürdən uzaq olmaq rəhbər işçiyə yalnız hörmət gətirər. Bir fikir verin, 18 min nəfərdən çox pensiyaçısı olan rayon fondundan son bir ildə bir nəfər də olsun rayon icra hakimiyyətinə müraciət etməyib. 2013-cü ildə yuxarı orqanlara 34 müraciət daxil olduğu halda, keçən il bu rəqəm cəmi 8 ədəd təşkil edib. Son 4 ayda isə heç bir yuxarı orqana şikayət ərizəsi daxil olmur. Bilirsiniz niyə? Çünki rəhbər işçi özü sadədir, insanlarla diltapmaq, danışmağı bacarır. Söhbət fondun rəhbəri Zöhrab Əhmədovdan gedir. Eyni sözləri elə yenə də daha çox əhali kütləsi ilə təmasda olan Məsud Məmmədov haqqında demək mümkündür. Rayon əhalinin sosial müdafiə mərkəzinin direktorunu nəzərdə tuturam. İdarədə növbətçilik cədvəli hazırladıb, hər gün bir işçi qapının girəcəyində dayanır. İçəri daxil olanı lazımi otağa aparır, yol göstərir, lazım gələndə çay da təklif edir...

Sadəlik insanın baş ucalığıdır. Bu sadəlik, adamlara isti münasibət rəhbər işçidə, başqa sözlə, məmurda olduqda, bundan hamı bəhrələnir. Elə rəhbər işçi də, sadə vətəndaş da, el-oba da. Gədəbəydə olduğu kimi...

 

Hamlet QASIMOV

 

Xalq qəzeti.- 2015.- 5 mart.- S.6.