Görkəmli xanəndə ilə görüş

 

Əlibaba Məmmədov - 85

 

Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində respublikamızın Xalq artisti, Şöhrət və İstiqlal ordenli, Prezident təqaüdçüsü, görkəmli xanəndə Əlibaba Məmmədovun 85 illiyinə həsr edilmiş tədbir keçirilmişdir. Görüşü Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov açaraq demişdir ki, bu gün məktəbimizdə böyük bir bayram əhval-ruhiyyəsi yaşanır.

 

Bizim məktəbin məzunu, uzun illər muğam sinfində yüzlərlə tələbə yetişdirən ustad, Xalq artisti Əlibaba Məmmədov ilə görüşə toplaşmışıq. Bir ənənə olaraq tələbə, müəllim və məzunlarımızla görüş həmişə bayrama çevrilir. Muğam, təsnif və xalq mahnılarımızın mahir ifaçısı, yüzlərlə mahnının müəllifi Əlibaba müəllim dövlətimiz tərəfindən muğam sənətinin inkişafı və təbliğində xidmətlərinə görə bir sıra mükafatlara layiq görülmüşdür. Məlahətli səsi, bənzərsiz ifa tərzi ilə xalqımızın böyük rəğbət və məhəbbətini qazanmışdır. Bu gün həm də Əlibaba müəllim haqqında kitab yazmış, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının Bizim ustad kitabının təqdimat mərasimidir. Bu görüşdə Əlibaba müəllim ilə yanaşı, bizim məktəbin məzunları-professor Zemfira Qafarova, uzun nüddət kollecdə fortepiano ixtisası üzrə müəllim, Asəf Zeynallının qardaşı qızı Elmira Zeynallı, Əməkdar artist, tarzən Vamiq Məmmədəliyev, Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov, müğənni Təhmiraz Şirinov, Əməkdar artist Firuz Səxavət və başqaları iştirak edirlər.

Görkəmli sənətkar Əlibaba Məmmədovun həyat və yaradıcılığından bəhs edən Bizim ustad kitabının təqdimatı ilə əlaqədar Azərbaycan Bəstəkarlar İttifaqaının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova çıxış edərək əsərin yüksək mənəvi dəyərlərə malik olduğunu bildirmiş, muğam irsinin yaşadılması, qorunması və inkişafında ustad sənətkar Əlibaba Məmmədovun xidmətlərini qeyd etmiş ona uzun ömür, möhkəm cansağlığı arzulamışdır.

Konsert Musiqi Kollecinin nəfəsli orkestrinin ifasında Üzeyir Hacıbəylinin Zəfər marşı, Arşın mal alan operettasından uvertüra ilə başlanmışdır.Proqramda Azərbaycan, Avropa bəstəkarlarının əsərləri və Əlibaba Məmmədovun mahnıları səslənmişdir.

Sonda ustad xanəndə Əlibaba müəllim çıxış edərək demişdir: Uzun illər Asəf Zeynalının adını daşıyan bu məktəbin məzunu və müəllimi olduğum üçün fəxr etmişəm. Bu gün bu sənət ocağının gözəl ab-havasına heyran olaraq vurğulamaq istəyirəm ki, məktəbin yetirdiyi muğam ifaçılarının tayı-bərabəri yoxdur. Digər ali məktəblərdə belə xanəndələr yetişmir. Mən 23 yaşımda bu məktəbi bitirmişəm. Ustad Seyiddən muğamın sirlərini öyrənmişəm. Sonra da sənət yollarında püxtələşərək tələbələrimə muğam ifaçılığının, xalq musiqisinin incəlikərini aşılamışam. Muğam Azərbaycan xalqının milli sərvətidir. Xalqımız muğam sənətini daim sevib, yaşadıb və dövlətimiz də onu dəstəkləyib. Ulu öndərimiz Heydər Əliyev həmişə incəsənət xadimlərinə, muğam sənətinə və ifaçılara böyük diqqət və qayğılar göstərib.Bu gün də həmin ənənəni ümummilli liderimizin varisləri möhtərəm Prezidentimiz İlham Əliyev və onun xanımı UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva davam etdirirlər. Onların böyük əzmkarlığı və fəallığı sayəsində muğamlarımız bütün dünyada tanındı və indi dünya səviyyəsində təbliğ olunur.

 

A.    SADIQOĞLU

 

Xalq qəzeti.- 2015.- 7 mart.- S.6.