Zaqatala: uğurlu illərin estafeti

 

...Başqa yerlərdən fərqli olaraq Zaqatala haqqında nəsə yazmaq istəyəndə çox fikirləşmirəm. Mənim üçün xüsusilə doğma olan bu rayon barədə nə qədər desəniz söhbət edə bilərəm. Onun mehriban, səmimi insanları haqqında saatlarla danışmaqdan doymuram. Kim nə deyir – desin, ilin bütün fəsillərində gözəl olan Zaqatalada yaşayan insanlara həmişə həsəd aparmışam. Çünki burada nə görmüşəmsə, ürəkaçandır. İnsanı valeh edən gözəlliyi də, gələn qonaqlara olan doğma, səmimi münasibəti də. Tələbə yoldaşım, “Zaqatala” qəzetinin redaktoru İbrahim İbrahimovla nə vaxt görüşüb söhbət etmişəmsə, əvvəlcə evinə dəvət edib, sonra da ağızdolusu güllər diyarının qonaqpərvərliyindən danışıb. Bəlkə də bu sətirləri oxuyan kimsə düşünə bilər: Burada təəccüblü nə var ki?...

 

Məsələ ondadır ki, Zaqatalada kimin qapısını döysən, səni öz doğması, əzizi kimi qarşılayar. Bir də, mən nəyi, sübut etmək istəyirəm ki... Zaqatala o qədər də uzaq yer deyil axı, gəlin özünüz görün. Bir vaxtlar dünyanın hər yerindən gələn qonaqları öz turist bazasında qarşılayan əsrarəngiz diyarın mehmanı olun. Onda görəcəksiniz, İbrahim düz danışır, ya yox...

2014-cü ildə Zaqatalada çox iş görülüb. Bu barədə mən dəfələrlə yazmışam. Bu dəfə qələmi əlimə alıb görülən işləri göz qabağına gətirəndə əmin oldum ki, çox böyük uğurlara imza atılıb. Respublikada aparılan möhtəşəm sosial - iqtisadi siyasətin nəticəsi kimi Zaqatalada dinamik inkişafa nail olunur, - desək, çox dəqiq olar. Belə ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası istiqamətində işlərin davam etdirilməsi nəticəsində ötən il burada tikinti sahəsi istisna olmaqla, 180,8 milyon manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib ki, bu da əvvəlki illə müqayisədə 6,3 faiz çoxdur. Sosial məsələlərə gəlincə deyim ki, bu sahə daim diqqət mərkəzində saxlanılır. Bəli, bu, həqiqətdir. Əməkhaqqı, pensiya və müavinətlər artırılıb və 2014-cü ildə orta aylıq əmək haqqı 250 manat, orta aylıq pensiya 153,7 manata çatıb.

Mən Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ilə çox söhbət etmişəm, onun çıxışlarını dəfələrlə eşitmişəm. Budəfəki görüşümüzdə isə o, tamamilə fərqli bir söhbət etdi. Heç zaman onun bu qədər fakt və rəqəm sadaladığını görməmişdim. Bəlkə də ona görə idi ki, sosial-iqtisadi hesabatı verilən 2014-cü ildə əvvəlki illərə nisbətən daha çox iş görülüb. İcra hakimiyyətinin başçısı dedi ki, həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində rayonda keçən il kənd təsərrüfatı məhsullarının istehsalı 3 milyon 325 min manat artaraq 103 milyon 276,5 min manata çatıb. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası ilə bağlı rayonda kənd təsərrüfatı işləri davam etdirilərək əvvəlki ildəkindən çox qarğıdalı, paxlalı, qızıl gül ləçəyi, kartof, tərəvəz, bostan məhsulu, quru ot, yaşıl çay yarpağı istehsal olunub. Bağlardan 29 min 52 ton meyvə, 760 ton üzüm toplanıb.

Kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsi ilə bağlı kənd ərazi komissiyalarında dürüstləşdirilmə aparılaraq ilkin sənədlərin qanunauyğun şəkildə hazırlanmasına nail olunub. Yeri gəlmişkən, ötən il Kənd Təsərrüfatı Nazirliyi tərəfindən rayonun Əliabad qəsəbə, Əlibayramlı və Qandax kənd ərazi nümayəndələrində bu istiqamətdə yoxlamalar aparılıb və heç bir qanun pozuntusu, uyğunsuzluq aşkar edilməyib. “Aqrolizinq” ASC-nin Zaqatala filialı tərəfindən fermer təsərrüfatlarına 2 ədəd kombayn və 1 ədəd traktor lizinqə verilib, rayonda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil olunub, fermerlər Bakı şəhərində təşkil olunan yarmarkalarda iştirak ediblər.

Bu, bir faktdır ki, Zaqatalada ekoloji məsələlər daim diqqət mərkəzində saxlanılır. Ətraf mühitin mühafizəsi məqsədi ilə ekologiyaya ziyan vuran subyektlərə qarşı inzibati tədbirlər həyata keçirilərək 40 min 648 manat cərimə tətbiq olunub. IDEA İctimai Birliyinin təşəbbüsü ilə keçirilən “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində rayonda 10 min 860 ədəd ağaç əkilib, 1100 hektar mədəni meşə əkininə xidmət olunub, 60 hektar sahədə yeni meşə əkini aparılıb. Bu işlər 2015-ci ildə də davam etdiriləcək.

Rayonda məktəbəqədər təhsil müəssisələrinin tikintisi və təmiri, onların maddi-texniki bazalarının gücləndirilməsi istiqamətində də xeyli iş görülüb. Zaqatala şəhərində, Lahıc, Danaçı və Faldarlı kəndlərində yeni körpələr evi-uşaq bağçaları inşa edilib, şəhər 6 saylı və Muxax kənd uşaq bağçalarında bərpa-gücləndirmə işləri aparılaraq, yeni avadanlıqlarla təchiz edilib. Muğanlı kənd və Əliabad qəsəbə körpələr evi-uşaq bağçalarında son tamamlama və abadlıq işləri aparılır. Şəhərin şimal-qərb yaşayış massivində Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə yeni 100 yerlik uşaq bağçasının tikintisinə başlanılıb, Azərbaycan prospekti, 108 saylı ünvandakı yaşayış kompleksində yenidənqurma işləri aparılmaqla yeni 100 yerlik uşaq bağçası istifadəyə verilib.

Rayonda həyata keçirilən tədbirlərdə, qazanılan uğurlarda özəl bölmə təmsilçilərinin də böyük rolu var. Belə ki, sahibkarlar tərəfindən rayonda yeni ticarət, xidmət, turizm və istirahət obyektlərinin, yüksəkmərtəbəli yaşayış binalarının tikintisi davam etdirilib, ümumi sahəsi 13 min 602 kvadratmetr olan 93 fərdi yaşayış evi tikilərək istifadəyə verilib. Ümumilikdə, son bir ildə rayonda 8 milyon manat həcmində abadlıq, tikinti və təmir işləri görülüb, bələdiyyələr tərəfindən aparılan təmir-tikinti və abadlıq işlərinin həcmi 261,4 min manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Zaqatala Rayon İcra Hakimiyyətinə ayrılan vəsait hesabına şəhərin Heydər Əliyev və Azərbaycan prospektlərində, 28 May, Ü.Sadıqov, Şəhriyar, Qarabağ, Sülh, Vidadi və V.Qurbanov küçələrində, şəhərin Şimal-qərb yaşayış massivində abadlıq, bərpa və yenidənqurma işləri aparılıb, Sülh küçəsində ictimai binaların həyətlərində abad həyət layihəsinə uyğun olaraq, xeyir-şər evləri tikilib, abadlıq işləri görülüb.

Zaqatalada xidmət sahələrinin fəaliyyəti daim diqqət mərkəzində saxlanılır. Məsələn, əhalinin elektrik enerjisi, təbii qaz və içməli su təminatının yaxşılaşdırılması, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması, istehlak olunan elektrik enerjisi, qaz və suyun dəyərinin toplanmasına nəzarətin artırılması rayon icra hakimiyyətinin gündəlik diqqət ayırdığı sahələrdəndir. Sakinlərin içməli su təchizatını yaxşılaşdırmaq məqsədilə Muğanlı, Əlibayramlı, Dombabinə, Muxax, Çobankol, Qımır, Bazar, Zəyəm və Gözbarax kəndlərində su xətləri dəyişdirilib, subartezian quyuları təmir edilib, Danaçı, Uzunqazmalar, Uzuntala, Kebeloba, Yuxarı Çardaxlar, Ələsgər və Paşan kəndlərində modul tipli sutəmizləyici qurğuların tikintisi üçün torpaq sahələri ayrılaraq layihələndirmə işlərinə başlanılıb.

Mübariz müəllim rayonun təhsil müəssisələrindəki vəziyyətlə də daim maraqlanır, məktəblərin istənilən probleminin dərhal həll olunmasına çalışır. Ona görə də bu sahədə heç bir problem yaranmır. Ötən il ümumtəhsil məktəblərində təlimin keyfiyyətinin yüksəldilməsi üçün mövcud təcrübənin təkmilləşdirilməsinə diqqət artırılıb, ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə Heydər Əliyev irsinin dərindən öyrədilməsi məqsədilə rayonun Heydər Əliyev Mərkəzində dərslər keçirilib. Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsinin icrası uğurla başa çatdırılıb.

Təhsil şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyası Zaqatala rayon şöbəsinin sədri Habil Qurbanovla söhbətimizdə məlum oldu ki, keçən il orta məktəbi bitirən 1214 nəfər məzundan 341 nəfəri tələbə adını qazanıb, 18 nəfər 600-dən yuxarı, 37 nəfər 500-dən yuxarı bal toplayıb, 4 nəfər Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qızıl medala layiq görülüb. Fərqlənən müəllimlər fəxri adlar, orden və medallar, məktəblər isə mükafatlar alıblar.

Rayonda səhiyyənin inkişafı sahəsində də müəyyən işlər görülüb, Mərkəzi Xəstəxana 417 min manat dəyərində dərman və sarğı materialları ilə təmin edilib, gündəlik yükü 60-70 xəstə sayından 110-120-yə qədər artıb. Respublika Prezidentinin tapşırığına əsasən aparılan əhalinin tibbi müayinəsi nəticəsində 80 min 665 nəfər tibbi - profilaktik müayinədən keçib. 2014-cü ilin sentyabr ayının sonundan başlayaraq rayonun ərazisində 17 yaşadək olan yaşlı əhalinin icbari dispanserizasiyasına start verilib və artıq artıq 8437 nəfər müayinədən keçirilib. Olimpiya İdman Kompleksinin imkanlarından səmərəli istifadə olunub, cüdo və sərbəst güləş üzrə idmançılar müxtəlif respublika və beynəlxalq yarışlarda uğurlu nəticələr əldə ediblər. Qəbələ rayonunda keçirilən voleybol üzrə qızlar arasında Yeniyetmələrin IX Respublika oyunlarının zona mərhələsində iştirak edən Zaqatala komandası I yerə layiq görülüb.

Rayon icra hakimiyyəti ordu quruculuğunun möhkəmləndirilməsi, dövlətin hərbi potensialının gücləndirilməsi sahəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsi, Zaqatala ərazisində yerləşən Dövlət Sərhəd Xidmətinin və Daxili Qoşunların “N” saylı hərbi hissələri ilə əlaqəli fəaliyyət qurur. 2014-cü ildə 652 nəfər həqiqi hərbi xidmətə yola salınıb, 210 nəfər çağırış yaşlı gənc dövlət hesabına rayonda avtomobil sürücüləri hazırlayan məktəbdə təhsil alıb. Həmin gənclərin hamısı öz sürücülük fəaliyyətinə bilavasitə Milli Ordu sıralarında başlayacağı ilə fəxr edir.

Bu gün Zaqatalada Heydər Əliyev irsinin öyrənilməsinə diqqət artırılıb, Azərbaycan Respublikasının Prezidentinin ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrlə bağlı fikirlərinin, tövsiyələrinin ictimaiyyətə çatdırılması üçün yaradılan təbliğat qrupları tərəfindən xüsusi qrafik üzrə Heydər Əliyev Mərkəzində, əhalinin yaşayış yerlərində, müəssisə və təşkilatlarda 130 görüş keçirilib.

Həmin görüşlərin bir çoxunda mən də iştirak etmişəm. Tədbirlərin birində çıxış edən Mübariz Əhmədzadə Zaqatalada deyil, bütövlükdə respublikamızda həyata keçirilən islahatlardan və əldə edilən nailiyyətlərdən danışıb xüsusi olaraq vurğulayıb ki, 2014-cü il Azərbaycan xalqı üçün uğurlu illərdən biri olub. Həyata keçirilən siyasətin nəticəsi olaraq qısa zaman ərzində ölkəmiz demokratik və bəşəri dəyərlərin bərqərar olduğu məkana, beynəlxalq birliyin layiqli üzvünə, davamlı inkişaf edən, dayanıqlı iqtisadiyyata malik ölkəyə çevrilib. Dünyada davam edən və bir çox ölkələrdə siyasi, iqtisadi və sosial problemlərlə müşayiət olunan böhran proseslərinə baxmayaraq, Azərbaycan 2014-cü ildə sürətlə inkişaf edən ölkələrdən olub, makroiqtisadi sabitlik qorunub, iqtisadiyyatın rəqabət qabiliyyəti artıb, nəzərdə tutulan bütün sosial proqramlar yerinə yetirilib. Rayon rəhbəri öz fikirlərini bilavasitə Zaqatala ilə yekunlaşdırıb: “Biz əminik ki, həmin uğurlarda az da olsa, hər bir zaqatalalının da xidməti vardır. Əminəm ki, növbəti illərdəki nailiyyətlərdə bizim xidmətimiz daha çox olacaqdır”. Uğurları saydım, siz də şahidi oldunuz. Bir sözlə, bugünkü Zaqatala, sözün həqiqi mənasında, inkişafın elə bir mərhələsindədir ki, burada illər bir-birindən uğurlu gəlir. İndi Zaqatala haqqında danışanların dilindən “İl uğurla başa çatdı” ifadəsi kimi , “İl uğurla başladı” fikrini də tez-tez eşidirik...

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2015.- 8 mart.- S.6.