Binəqədi rayonunda

türkdilli xalqların Novruz festivalı

 

Binəqədidə Novruz bayramı münasibəti ilə türkdilli xalqların Novruz festivalı keçirilmişdir. Rayonun Heydər Əliyev adına mədəniyyət və istirahət parkında reallaşan tədbirdə rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, türkdilli dövlətlərin ölkəmizdəki səfirləri, türkiyəli şair Camal Safi, yazıçı Mehmet Ercan, Milli Məclisin deputatları Qənirə Paşayeva, Madər Musayev, Rafael Cəbrayılov, icra strukturlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Qonaqları türk dünyasında ağsaqqallıq simvolu sayılan Dədə Qorqud qarşılamış, tonqalı alovlandırmış, Novruz bayramının əsas rəmzlərindən olan Kosa və Keçəl iştirakçılara bayram əhval-ruhiyyəli səhnələr təqdim etmişlər. Sonra qonaqlar milli təamlarımızdan dadmışlar.

Mərasim iştirakçıları parkda qurulmuş hər bir türkdilli dövlətə məxsus çadırda milli mətbəxləri, adət-ənənələri, mərasimləri əks etdirən komponentləri böyük maraqla nəzərdən keçirmişlər.

Rayon məktəblilərinin hazırladıqları Novruz guşələri, eləcə də milli həyat tərzimizi əks etdirən geyimlər, mərasimlər və başqa atributlar tədbirə qatılanlarda xoş ovqat yaratmışdır.

Festivalda qonaqlara milli mətbəximizin şahı sayılan fərqli plov növləri, milli ornamentlərlə zəngin, Azərbaycanın müxtəlif regionlarının, eləcə də əzəli yurd yerimiz olan Qarabağın qədim sənətkarlıq ənənələrini əks etdirən xalçaçılıq nümunələri, eyni zamanda, milli geyimimiz olan kəlağayılar təqdim edilmişdir.

Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov qonaqları və rayon ictimaiyyətini bayram münasibəti ilə təbrik edərək onlara ən xoş və səmimi diləklərini çatdırmış, günbəgün inkişaf edən ölkəmizə firavan həyat arzulamışdır.

Xaləddin İsgəndərov vurğulamışdır ki, ümummilli lider Heydər Əliyev hər il Novruz bayramını xalq ilə birlikdə qeyd etmiş, şəhərin mərkəzində təşkil olunmuş şənliklərdə şəxsən iştirak edərək insanlara xoş arzularını bildirmişdir. Prezident İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva hazırda bu ənənəni davam etdirir, Novruz bayramını hər il xalq ilə birgə qeyd edirlər.

Natiq bildirib ki, 2009-cu ildə Novruz bayramı UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i Beynəlxalq Novruz Günü elan olunmuşdur.

Daha sonra Türkiyə İş BirliyiKoordinasiya Şurasının Bakı nümayəndəliyinin rəhbəri Mustafa Haşim Polad çıxış edərək bayram arzularını bildirmişdir.

Bədii hissə ilə davam edən tədbirdə Azərbaycan həqiqətlərini öz əsərlərində geniş təbliğ edən türk şairi Camal Safinin, türk yazıçısı Mehmet Ercanın, Türkiyə və Qazaxıstandan gələn musiqiçilərin ifasında Novruzu, milli birlik və həmrəyliyimizi tərənnüm edən bədii mətnlər, musiqilər alqışlarla qarşılanmışdır.

Bayram mərasimi dünyada məşhur olan Qarabağ atlarının üzərində cəngavərlərin üçrəngli bayrağımızı dalğalandıraraq tədbir məkanına gəlmələri ilə yekunlaşmışdır.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2015.- 20 mart.- S.9.