Zamanın fövqündə dayanan lider

 

Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə

Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir.

Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında,

iqtisadi potensialının möhkəmlənməsində,

bölgədə və dünyada nüfuzunun artmasında onun

müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir.

Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır,

onun qurduğu müstəqil Azərbaycan yaşayır və möhkəmlənir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Hər bir xalqın bəşər tarixindəki yeri və rolu hansısa mürəkkəb siyasi şəraitdə məsuliyyəti üzərinə götürərək onun taleyində misilsiz rol oynamış, mütərəqqi ideyaları, qeyri-adi idarəçilik keyfiyyətləri ilə sabit dövlətçilik ənənələri formalaşdırmış dahi şəxsiyyətlərin fövqəladə missiyası ilə şərtlənir. Belə şəxsiyyətlər mənsub olduqları xalqın əsrlər boyu cilalanmış dövlətçilik təfəkkürü, siyasi dünyagörüşü, milli dəyərləri əsasında optimal dövlət modeli və siyasi varislik ənənələri yaradırlar. Tanrı belə şəxsiyyətlərə həm də xilaskarlıq missiyası verir–zamanın ən sərt sınaqlarından fədakarlıqla çıxan bu insanlar əsrlər boyu xalqlarının dövlətçilik ənənələrini inkişaf etdirməyə, müstəqillik və azadlıq ideyalarını reallaşdırmağa nail olurlar.

 

Ümummilli lider Heydər Əliyev də öz xalqı və milləti qarşısında titanik fəaliyyət göstərən fenomen şəxsiyyətlərdəndir. Azərbaycan xalqının əsrlər boyu formalaşmış yüksək mənəvi dəyərlərini qoruyaraq bütövlükdə cəmiyyətin pozitiv ruhda inkişafına təsir göstərmək, onun genetik yaddaşını, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya ötən əsrdə məhz ümummilli lider Heydər Əliyevin üzərinə düşmüşdür. O, özünə qədər Azərbaycana rəhbərlik etmiş bir çox siyasi xadimin edə bilmədiyini gerçəkləşdirmiş, işıqlı əməlləri, yorulmaz fəaliyyəti ilə ən yeni tariximizin parlaq səhifələrini yaratmışdır. Ulu öndər Heydər Əliyev fəaliyyətinin hər bir anında xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan torpağının və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün olan hər şeyi, hətta mən deyərdim ki, çoxlarına əlçatmaz görünən xülyaları belə gerçəkləşdirmişdir. ABŞ-ın sabiq prezidenti Teodor Ruzvelt demişdir: - “Əsas odur ki, sən öz ölkən uğrunda ölməyə hazır olasan; daha da vacibi odur ki, sən onun üçün yaşamağa hazır olasan”.

Qəhrəmanlığın, hünərin ən möhtəşəmi Vətən naminə edildiyindən, dahi rəhbərimiz Heydər Əliyevin bu istiqamətdəki tarixi xidmətləri Vətən və dövlət, millət və xalq naminə göstərilən bütün fədakarlıqların fövqündə dayanır.

Amerika Birləşmiş Ştatlarında tarix və siyasət elminin xüsusi bir bölməsi var – Vilsonşünaslıq. Bu elm budağı ABŞ-ın 28-ci prezidenti Vudro Vilson fenomenini öyrənir. Onun araşdırılması ilə bağlı indiyədək 30 mindən artıq kitab yazılıb. Tarixin hansısa məqamını araşdırarkən bəzən “axı bu necə ola bilmişdi” sualına cavab arayanda mütləq şəxsiyyətin tarixi-siyasi fenomen kimi tədqiqinə ehtiyac yaranır. Vudro Vilson vaxtilə ABŞ-ın inkişafına təsir edən qərarları ilə onu bugünkü qlobal dövlət olmaq yoluna çıxarmışdı. Böyük fəxrlə demək olar ki, Azərbaycan tarixində analoji yeri tutan dahi şəxsiyyət Heydər Əliyevdir və dünyada onun bir sosial fenomen kimi siyasi təcrübəsinin xarizmatik nümunəsi öyrənilir.

Böyük filosof Platon isə demişdir ki, ədalət, müdriklik və güclü hakimiyyətin bir yerdə olacağı gün bəşəriyyət xoşbəxtliyə qovuşacaqdır. Müdriklik və ədalət mücəssəməsi olan, dünyanın siyasi arenasında sayılıb-seçilən ulu öndər Heydər Əliyevə tarixdə əbədilik qazandıran ən başlıca amil də məhz onun öz ölkəsində bu üç dəyəri bir araya gətirməyi bacarmasıdır. Zaman keçdikcə Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın bütövlüyü, iqtisadi müstəqilliyi, ölkədə demokratik dəyərlərin möhkəmləndirilməsi, vətəndaş birliyinin yaradılması və digər sahələrdə həyata keçirdiyi taleyüklü məsələlər daha aydın görünür.

Ulu öndər Heydər Əliyev özünün böyük həyatı ilə zamanın çərçivəsinə sığmayan yüksək bəşəri keyfiyyətləri, zəngin mənəvi xüsusiyyətləri, xalqa, Vətənə, insanlığa olan böyük sevgisi ilə xalqımızın qəlbində əbədiyaşarlıq qazanmışdır. Çünki o, yalnız bir dövləti idarə edən siyasi xadim, rəhbər deyil, həm də milyonlarla insanı ülvi ideallar ətrafında səfərbər edən bir dövlət qurucusu, müasir tariximizin memarı idi. Heydər Əliyev bütün kökləri ilə cəmiyyətin mənafe və maraqlarına bağlı olan bir liderə xas xüsusiyyətlərə malik idi.

Nəsirəddin Tusinin “Ən yaxşı rəhbər odur ki, ölkədəki bütün insanlar ona inansın, onun ardınca getsin, onun tədbirlərinə şərik olsun, onu özünə ata saysın” fikri ulu öndərimiz Heydər Əliyevə xas olan bəşəri keyfiyyətlərdəndir. Çünki bu bəşəri, xarizmatik keyfiyyətləri ilə ulu öndərimiz Azərbaycan xalqına münasibətdə tarixin onillər boyu onun üzərinə qoyduğu bir “ATA”lıq missiyasının şərəflə yerinə yetirmişdir.

Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün məşhur bir deyimi var: - “Xalqa əfəndilik etmirlər, xalqa xidmət edirlər. Yalnız xalqa xidmət edənlər xalqın əfəndisi səviyyəsinə yüksəlirlər”. Bəli, xalqına arxalanan, amalı xalqına xidmət etmək olan, xalq üçün quran, yaradan insanlar xoşbəxt insanlardır. Onlar millətin taleyini müəyyən etmək məsuliyyətinin nə demək olduğunu dərindən anlayır, bu məsuliyyəti ləyaqətlə daşıyır, həyatda xoşbəxtliyi ancaq gələcək nəsillərin şərəfi, varlığı və firavanlığı üçün xidmətdə görürlər. Belə insanlar tək-tək olur, bəlkə də yüz ildə bir dəfə dünyaya gəlirlər. Amma onlar taleyin hökmü və millətin qisməti kimi həyatın ən çətin, böhranlı anlarında, xalq “ölüm, ya olum” dilemması qarşısında qalanda meydana atılır və müqəddəs xilaskarlıq missiyasını həyata keçirir, ömürlərinin qalan hissəsini millətə xidmətə həsr edirlər. Mənsub olduqları millətlə birlikdə dahi şəxsiyyətlərin özləri də yüksəlir, millətlə birlikdə onları da bütün dünya tanıyır, şöhrətləri aləmə yayılır.

Görkəmli dövlət xadimi Heydər Əliyevin dahiyanə siyasəti, böyük cəsarət və qətiyyətlə gördüyü bütün işlər həmişə xalqımıza mənəvi dayaq olmuş, respublikamıza beynəlxalq aləmdə böyük hörmət, nüfuz, şan-şöhrət gətirmiş, dünya xalqlarının məhəbbət və rəğbətini qazandırmışdır. O, XX əsrin görkəmli liderlərindən biri kimi, etimad olunan bütün vəzifələrdə özünü beynəlxalq miqyaslı siyasətçi, zəkalı rəhbər kimi göstərmişdir.

Heç də təsadüfi deyildir ki, dünyanın böyük siyasətçiləri, dövlət xadimləri, elm və incəsənət korifeyləri ulu öndər Heydər Əliyevi “canlı əfsanə” adlandırırdılar. Amerika Birləşmiş Ştatlarının sabiq prezidenti Corc Buş ümummilli lider Heydər Əliyev haqqında demişdi: “Heydər Əliyev cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır. Dağlıq Qarabağ faciəsinin sülh danışıqları vasitəsilə ədalətli və uzunmüddətli həllinə nail olmaq sahəsində onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və sabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb etmişdir. Onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın XXI əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır”.

Heydər Əliyevin liderliyi onun ideyanı gerçəkləşdirmək bacarığı ilə sıx bağlıdır, çünki bütövlükdə hakimiyyəti idarə etmək konsepsiyası nə qədər yüksək nəzəri-praktik səviyyədə işlənsə də, bacarıqlı lider olmadan onu məqsədyönlü həyata keçirmək mümkün deyildir. Ulu öndərin dövlətçilik fəaliyyətinin timsalında bir daha aydın oldu ki, müstəqilliyin möhkəmləndirilməsinə yönəlmiş milli inkişaf siyasətini yalnız yüksək intellektual düşüncə sayəsində reallaşdırmaq olar. Amerika filosofu Ralf Emersonun dediyi kimi, “İdeyalar yaxşı və güclü insanların əqli və qüvvəsi ilə həyata keçməlidir, yoxsa o xəyaldan başqa bir şey olmayacaqdır”.

Zaman xalqımızın taleyinə müstəqilliklə, ulu öndərin əzmkar fəaliyyətilə yeni həyat keyfiyyəti gətirmişdir. Tarixi idrakın üstün dəyərlərini, milli reallıqların özünəməxsusluğunu xalq çox zaman öz əzmkar yaradıcı fəaliyyəti ilə yanaşı, öz liderinin dühası ilə dərk edir. 1991-1993-cü illərdə xalqın dövlətçiliyimizə itmiş inamını məhz Heydər Əliyev dühası və intellekti qaytardı. Yalnız xalqına xidmət edən və onun etimadını doğruldan siyasətçi lider ola bilər. İtaliya politoloqu Antonio Menegettinin təbirincə: “Lider ona görə rəhbərdir ki, başqalarından çox və yaxşı iş görməyi bacarır. Varlıq onu həyata xidmət etmək üçün irəli sürmüşdür”. Tarixi həqiqət düşünən fərdin mənlik şüurunun formalaşmasında müstəsna rol oynayır, o, yüksək məsuliyyət hissilə dərk edilir. Belə bir keyfiyyət liderlik düşüncəsinin inkişafı üçün vacib şərtlərdən biridir. Əsl lider, əsl siyasətçi dövrün, zamanın, ilk növbədə xalqının tələbatlarına vaxtında həssas reaksiya verməyi bacarır. Azərbaycanın timsalında dünya birliyi bir daha inandı ki, xalqının müstəqilliyi uğrunda barışmaz mübarizə aparan Heydər Əliyev ölkəsi ətrafında risk amilinin artdığı bir zamanda canlı praktikadan və yaradıcı təbii dəyərlərdən bəhrələnəndə cahanşümul enerji nümayiş etdirir, universal fəaliyyət subyekti kimi hərəkət edir. Ulu öndərin fəaliyyəti sivilizasiyalı dünyanı bir daha inandırdı ki, iri və qüdrətli dövlətlərin başçıları vaxtilə az tanınan Azərbaycan məkanında siyasət arenasında intellektual siyasətçi kimi xalqının rəğbətini qazanmış görkəmli lider və strateqlə iş görməli olacaqlar. Bir vaxtlar Avropa Şurası Parlament Assambleyasının sədri Lord Rassel Constonun Prezident Heydər Əliyevə söz verərkən: “İndi siz böyük təcrübəyə malik olan dünya siyasətçisinə qulaq asacaqsınız”,- deməsi bu həqiqətin bir daha təsdiqi idi.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış ölkəmizin iqtisadi inkişaf konsepsiyasının, neft strategiyasının uğurla həyata keçirilməsinin məntiqi nəticəsidir ki, bu gün regionda Azərbaycanın nüfuzlu geostrateji mövqeyi və beynəlxalq siyasi aləmdə rolu əhəmiyyətli dərəcədə yüksəlib, ölkəmiz hərtərəfli inkişafı üçün stimul yaradan, günü-gündən xalqımızın maddi rifah halı və həyat səviyyəsini yüksəltməyə imkan verən, daim inkişaf edən və möhkəmlənən çox güclü iqtisadi potensiala malik bir dövlətə çevrilib. Ulu öndərin qanunçuluğa, hüquq qaydalarına, ədalətə bağlı olması onun zəngin mənəviyyatından rişələnmişdir. İnsan hüquqlarına dair ilk təkmil nəzəriyyənin banisi, böyük fransız mütəfəkkiri Monteskyö “Qanunların ruhu” əsərində haqlı olaraq yazırdı ki, “ədalətlə idarə olunan dövlətdə yaxşı vətəndaş olmaq asandır”. Məhz belə bir harmoniya ədalətli cəmiyyət, hüquqi dövlət ideyasını arzulardan həqiqətə çevirir: insanın bir varlıq kimi mövcudluğu, vətəndaş kimi özünütəsdiqi hüquq və azadlıqlarını, vəzifə və borcunu, əxlaq məsuliyyətini dərk etdiyi andan başlayır. Heydər Əliyev gücün siyasətinə qarşı qanunun gücünü qoyaraq “haqlı həmişə güclüdür” prinsipindən çıxış etmiş, hakimiyyətin daim hər bir vətəndaşın maraq və mənafeyini uca tutmasına çalışmışdır. Siyasi liderin rolu tez qərar qəbul etmək, konkret vəzifəni düz başa düşmək qabiliyyəti tələb olunan inkişafın dönüş dövründə olduqca böyükdür. Ona görə də haqlı olaraq insanlar arasında belə fikir formalaşıb ki, “güclü lider bütün problemləri həll edə bilər”. Doğrudan da, bu, bir həqiqətdir ki, müəyyən mərhələdə liderin sərt və tələbkar, cəsarətli fəaliyyəti effekt verə bilər. Ulu öndər Heydər Əliyev 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət çevrilişi cəhdləri günlərində gücün siyasətinə qarşı siyasətin gücünü qoyarkən, bütün xalq qısa vaxt ərzində öz liderinin ətrafında toplaşarkən məhz “haqlı adam güclüdür” düsturu işləyirdi. Bu baxımdan, ölkəmizdə 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdləri zamanı Heydər Əliyevin sərt, tələbkar və cəsarətli davranışı Azərbaycanı xaosdan, dövlətçiliyini itirməkdən xilas etdi, qanunsuz silahlı dəstələr, terrorçu, təxribatçı qruplar zərərsizləşdirildi, özbaşınalığa son qoyuldu. Ədalətin zəfər çalması uğrunda bütün ömrü boyu çalışan Heydər Əliyev üçün “ədalət” və “dövlət” məfhumları arasında möhkəm bağlılıq var. “Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə” - deyən Heydər Əliyev, həm də “ədaləti ədalətsizliklə bərpa etmək olmaz” prinsipini irəli sürərək, dövlətçi olmağın ilkin şərtini məhz sonadək ədalətli olmaqda görürdü. 1993-cü ilin ikinci yarısından etibarən ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi altında ölkədə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda atılan addımlar, milli dövlətçilik ənənələrinə, beynəlxalq standartlara əsaslanan köklü hüquq islahatları insan hüquq və azadlıqlarının təminatı sahəsində əsaslı dönüşə səbəb olmuşdur.

Ümummilli lider Azərbaycanın perspektiv inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək sivil Qərb dəyərlərinin cəmiyyətdə tam mənimsənilməsinə, demokratik normaların daha möhkəm intişar tapmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına hər zaman xüsusi diqqət göstərmişdir. Məhz ulu öndər Heydər Əliyevin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində 1993-cü ilin ikinci yarısından etibarən Azərbaycanda cinayətkarlıq və hüquq pozuntularına qarşı ciddi mübarizə başlanıb. Hüquq-mühafizə orqanlarının bütün fəaliyyəti cinayətkar təzahürlərə, ilk növbədə mütəşəkkil cinayətkarlığa, korrupsiyaya və terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı səfərbər edilib, “cəzanın labüdlüyü” prinsipinin real təmin olunması üçün ən qəti tədbirlər görülüb. Heydər Əliyevin “cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi haqqında” 9 avqust 1994-cü il tarixli fərmanı ilə cinayətkarlığa qarşı mübarizə tədbirləri daha da güclü xarakter alıb, hüquq-mühafizə orqanlarının bu istiqamətdə uzunmüddətli fəaliyyət proqramı müəyyənləşdirilib.

Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də müstəqil respublikamızın ilk Konstitusiyasının yüksək demokratik meyarlar əsasında hazırlanması və ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi olmuşdur. 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə bərabər, hüquqi-demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməlini qoydu. 1993-cü ilin iyun ayından ölkəmizdə ölüm cəzasının icrasına moratorium qoyulmuş, daha sonra ölüm cəzasının tətbiqi məhdudlaşdırılmışdır. 1998-ci il feralın 10-da Şərqdə ilk dəfə olaraq ölkəmizdə ölüm cəzası ləğv edilmişdir. Fəlsəfi, hüquqi düşüncələrə, dərin elmi təhlilə, dünya təcrübəsinə və reallığa əsaslanan bu tarixi addım hümanizm, insanpərvərlik, ədalət, şəxsiyyətə və insan hüquqlarına hörmət kimi yüksək amallarla yaşayan ulu öndərin gələcək nəsillərə misilsiz töhfəsi oldu. Dövlət başçısının 3 fevral 1998-ci il tarixli müraciətində deyilirdi: “Mən cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideyalara sadiq qalaraq ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm”. Ölüm cəzasının ləğvi Azərbaycanın hüquqi-demokratik dövlət quruculuğu yolunda olmasını bir daha sübut etdi.

Ümummilli lider Heydər Əliyevi böyük şəxsiyyət və insan kimi xarakterizə edən ən mühüm keyfiyyətlərdən biri də onun yeritdiyi siyasətin yüksək humanizm və insanpərvərlik prinsiplərinə əsaslanmasıdır. Böyük qəlb və zəngin mənəviyyat sahibi kimi Heydər Əliyev günahkarları cəzalandırmağı da, xeyirxahlıq, humanizm, müdriklik göstərərək bağışlamağı, islah etməyi də bacarırdı. Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının yaradılması və əfvetmə institutunun bərpası da qeyd olunanların bariz nümunəsi kimi xüsusi vurğulanmalıdır. 1995-2003-cü illər ərzində ulu öndər tərəfindən 32 əfv fərmanı imzalanmış, bu fərmanlar 3091 məhkuma şamil edilmişdir. Ulu öndərin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis 1996-2001-ci illərdə amnistiya haqqında 8 qanun imzalamış, 31584 məhkum azadlığa buraxılmış və yaxud onların cəzası yüngülləşdirilmişdir. Bu addımlar ciddi tərbiyəvi əhəmiyyət daşımaqla, cinayət törətmiş şəxslərin islah edilməsinə və ölkədə cinayətkarlığın azalmasına səbəb olmuşdur.

Ümummilli liderin rəhbərliyi dövründə Azərbaycanda məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, bu kontekstdə insan və vətəndaş hüquq və azadlıqlarının maksimum dərəcədə müdafiəsi üçün çevik mexanizmlərin yaradılması və habelə qanunların aliliyinin təmin olunması həyata keçirilən mütərəqqi islahatların mühüm istiqamətini təşkil etmişdir.

Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə islahatların hüquqi bazasının yaradılması, insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm sənədlər qəbul edilmiş, respublikamız müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşulmuş, qanunvericilik, icra və məhkəmə hakimiyyətinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədi ilə müəyyən tədbirlər həyata keçirmişdir. Bu tədbirlər sırasında Heydər Əliyevin 21 fevral 1996-cı il tarixli sərəncamı ilə yaradılmış Hüquq İslahatları Komissiyasını xüsusi qeyd etmək lazımdır. Bu komissiya xalqımızın dövlətçilik tarixində yaratdığı ənənələri qorumaqla inkişaf etmiş dövlətlərin hüquq islahatları ilə bağlı təcrübəsindən də bəhrələnmişdir.

Hüquqi islahatların davamı olaraq ölkəmizdə çoxsaylı müvafiq qanunların, habelə yeni münasibətlərə uyğun Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual, Əmək, İnzibati Xətalar, Cəzaların İcrası və digər məcəllələrin qəbulu respublikamızda bu sahədə atılan addımların qətiyyətini daha da artırdı.

Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyin maraqlarına, qanunun aliliyinin və insan və vətəndaş hüquqlarının müdafiəsinə xidmət edən sivil və demokratik bir qurum kimi formalaşması, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunverici, maddi və sosial bazanın yaradılması ölkəmizdə həyata keçirilən möhtəşəm islahatların, o cümlədən məhkəmə-hüquq islahatlarının memarı  ümummilli lider Heydər Əliyevin böyük qayğı və dəstəyi sayəsində mümkün olmuşdur. Müstəqil respublikamızın Ali Qanununda ilk dəfə olaraq ölkəmizin dövlət quruluşu sistemində prokurorluğun layiqli yerinin müəyyənləşdirilməsi, məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələrinin qanunvericilik qaydasında təsbit edilməsi Heydər Əliyevin bilavasitə tapşırıq və göstərişlərinin yerinə yetirilməsi nəticəsində mümkün olmuşdur.

Ulu öndər Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında 7 dekabr 1999-cu il tarixdə “Prokurorluq haqqında” Qanunun qəbulu qarşıda duran bu və digər vəzifələrin uğurla həyata keçirilməsinə imkan yaratmış, prokurorluq orqanlarının daha da demokratikləşməsini, onların qanunçuluğun və insan hüquqlarının aliliyinin real təminatçısına çevrilməsini təmin etmişdir. Sonrakı mərhələdə də prokurorluq orqanları ulu öndərimiz Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur.

Prokurorluğun fəaliyyətinin hüquqi əsasını təşkil edən normativ aktlar, o cümlədən “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Prokurorluğun rəsmi emblemi haqqında”, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında” qanunlar ulu öndərin təşəbbüsü ilə qəbul olunmuş, “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında” Əsasnamə onun sərəncamı ilə təsdiq edilmişdir. “Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 8 oktyabr tarixli sərəncam ümummilli liderimizin prokurorluğa və prokurorluq işçilərinə göstərdiyi daimi qayğının bariz nümunəsidir.

Görkəmli dövlət xadimi Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə hər il 1 oktyabr tarixinin prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilməsi isə tarixi ədalətin bərpa olunması ilə yanaşı, hakimiyyət orqanları sırasında xüsusi yeri olan prokurorluğa dövlət qayğısının ifadəsi, ölkəmizdə prokurorluğun roluna rəsmi münasibətin dövlət səviyyəsində təzahürüdür. Azərbaycan dövlətinin banisi, ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü və rəhbərliyi altında Azərbaycan Respublikasında prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir. Prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqdakı nitqində ulu öndərimiz demişdir: “Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma, eyni zamanda, çox şərəfli, hörmətli peşədir. Mən arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız. Arzu edərdim, çalışasınız ki, Azərbaycan vətəndaşı kimi, eyni zamanda, Azərbaycan prokuroru kimi hörmətli, şərəfli olasınız. Azərbaycan Prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram”.

Ulu öndər Heydər Əliyevin prokurorluğun fəaliyyətinə yüksək qiymət verməsi, ölkəmizin müstəqilliyinə, dövlətçiliyinə sədaqətinə görə təşəkkür etməsi hər birimizin üzərinə daha böyük məsuliyyət qoymuşdur. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun kollektivi də öz fəaliyyətində daim ulu öndərimizin hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu ilə bağlı ali ideyalarını rəhbər tutmaqla, qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərini lazımi səviyyədə həyata keçirməyə, Silahlı Qüvvələrdə və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə qanunçuluğun, hərbi intizamın möhkəmləndirilməsinə çalışır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu sahəsində həyata keçirilən kompleks tədbirlərin nəticəsi olaraq son illərdə ölkədə hərbi cinayətlərin-fərariliyin, hərbi xidmətdən yayınma hallarının və hərbi xidmət əleyhinə olan digər cinayətlərin sayı ildən-ilə kəskin şəkildə azalmışdır.

Heydər Əliyev fenomeni təkcə dünənin fakt və hadisələrini özündə ehtiva etməklə məhdudlaşmır, həm də Azərbaycandakı bugünün inkişaf proseslərini istiqamətləndirən, bu proseslərə təkan verən mühüm siyasi-ideoloji amil kimi çıxış edir. Tarixi təcrübə sübut edir ki, cahanşümul fəaliyyət nəticəsində zamanın mənzərəsini dəyişməyə qabil olmuş böyük dövlət adamlarının xalq, dövlət mənafeyi naminə gördükləri işlərin onların cismani yoxluğundan sonrakı dövrdə də davam etdirilməsi üçün zəruri əsaslar formalaşdırmaları o şəxsiyyətlərin xalqa, dövlətə göstərdikləri bütün xidmətlər qədər önəmlidir.

Ulu öndərin müəyyən etdiyi inkişaf konsepsiyasını yüksək dinamizmlə həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin uğurları sayəsində bu gün Azərbaycanın davamlı tərəqqisi təmin olunmuş, ölkəmizin hərtərəfli inkişafına yönələn qətiyyətli addımlar atılmışdır. Azərbaycan dünyanın iqtisadi müstəvisində istehlakçı ölkə statusunu istehsalçı ölkə statusuna dəyişmiş, sosial-iqtisadi inkişaf tempinə görə dünyanın ən öncül dövlətlərindən birinə çevrilmişdir. Möhtərəm Prezidentimizin imzaladığı mühüm dövlət proqramlarının icrası nəticəsində Azərbaycanda bir sıra sosial-iqtisadi problemlər öz həllini tapmış və keçid dövrü uğurla başa çatdırılmışdır.

Cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu və qətiyyətli siyasət sayəsində Azərbaycan bu gün bütün bəşəriyyəti narahat edən enerji təhlükəsizliyi problemini nəinki tamamilə aradan qaldırmış, eyni zamanda özünün zəngin karbohidrogen ehtiyatları ilə Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçısına çevrilmişdir. Bütün dünya üçün xüsusi aktuallıq kəsb edən ərzaq təhlükəsizliyi probleminin həlli yönündə də əhəmiyyətli işlər görülmüş, mühüm dövlət proqramlarının icrasına başlanmışdır.

Hazırda Azərbaycanın xarici siyasətində qazanılan uğurlar Prezident İlham Əliyev tərəfindən daha da genişləndirilmiş və geopolitik baxımdan olduqca həssas bölgədə yerləşən ölkəmiz öz mənafelərini balanslaşdırılmış xarici siyasət kursu nəticəsində qoruyaraq regionun ən vacib ölkəsinə çevrilmişdir.

Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələrin gerçəkliyə çevrilməsi, nəinki cənubi Qafqaz regionunun, ümumilikdə Avropanın gələcək taleyinin xeyli dərəcədə asılı olduğu irimiqyaslı qlobal layihələrdə Azərbaycanın əsas tərəf kimi iştirakı beynəlxalq sferada müstəqil dövlətimizin mövqelərinin daha da gücləndirilməsini, onun xarici investisiyalar üçün açıq və cəlbedici ölkə, etibarlı tərəfdaş imicinin formalaşmasını təmin etmişdir. Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzu ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda da özünü qabarıq şəkildə hiss etdirməkdədir.

Bu gün ölkəmizdə ən müxtəlif sahələr üzrə davam edən inkişaf prosesləri məntiqi ardıcıllıqla bir-birini tamamlayır. Azərbaycan ordusu günü-gündən daha peşəkar orduya çevrilməklə daha da güclənir, ölkəmizdə informasiyalı cəmiyyətin formalaşması, iqtisadi resursların bu gün qloballaşan dünyanın ən qiymətli sərvəti rolunda çıxış edən insan kapitalına çevrilməsi üçün məqsədyönlü addımlar atılır, informasiya texnologiyalarının son nailiyyətləri böyük sürətlə Azərbaycan həyatının ayrılmaz bir hissəsinə çevrilir.

Bu il Bakıda ilk Avropa Oyunları keçiriləcək və fərəhli haldır ki, Azərbaycan bu möhtəşəm idman tədbirinə ev sahibliyi edəcəkdir. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmiz üçün, ümumiyyətlə, bütün Avropa Olimpiya hərəkatı üçün tarixi hadisədir. Regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafı, dünya birliyində tutduğu mövqe, mövcud ictimai-siyasi sabitlik bir daha onu göstərir ki, ölkəmiz bu mötəbər tədbiri yüksək səviyyədə keçirəcəkdir. Prezident İlham Əliyevin bildirdiyi kimi, biz Avropa Oyunlarını Yay Olimpiya Oyunlarının səviyyəsində keçirmək əzmindəyik. Bu oyunlar bir Avropa bayramına çevrilməlidir. Azərbaycan burada yenə də liderlik keyfiyyətlərini göstərir. Çünki Avropa Oyunlarının standartları, əslində, Bakıda qoyulacaq. Azərbaycanın rolunun getdikcə artdığını bəyan edən dövlət başçısı ölkəmizdə mövcud olan ictimai-siyasi vəziyyətin, multikulturalizmin, dini-milli dözümlülüyün, dünyaya açıq olmağımızın - bütün bu amillərin bu gün Avropa üçün, dünya üçün lazımlılığını qeyd edib.

Bu günlərdə xalqımız müasir Azərbaycan dövlətçiliyinin banisi, ulu öndər, dünyanın seçilmiş insanlarından biri, unudulmaz şəxsiyyət Heydər Əliyevin 92 illiyini qeyd edir. Ulu öndərin başladığı nəhəng işlərin bəzilərinin nəticələrini sağlığında görə bilməməsi qəlbimizi nə qədər göynətsə də, biz bu nailiyyətlərin hər birində ulu öndərin varlığını hiss edirik. Bu hiss Heydər Əliyevin Azərbaycanın bugünündən şad ruhunu bütün qəlbi ilə duyan hər bir insanın daşımalı olduğu əbədi bir vəzifəni – ulu öndər ideyalarına sadiqlik vəzifəsini müəyyənləşdirir.

 

Xanlar VƏLİYEV,

Azərbaycan Respublikası

Baş prokurorunun müavini –

Azərbaycan Respublikasının hərbi prokuroru,

ədliyyə general-leytenantı

 

Xalq qəzeti.- 2015.- 7 may.- S.3.