Ulu öndər Heydər Əliyevin ideyaları

Azərbaycanın dayanıqlı inkişafının əsasıdır

 

Həmişə düşünmüşəm ki, görəsən Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər seçilməsəydi, xalqımızın aqibəti necə ola bilərdi? Dilimiz, milli-mənəvi dəyərlərimiz hansı təsirlərlə üzləşərdi? Yaxud, müstəqilliyin ilk illərində dahi öndər ikinci dəfə siyasi hakimiyyətə qayıtmasaydı, nələr baş verəcəkdi? Bugünkü firavan, xoşbəxt həyatımız mümkün olacaqdımı? Bu sualların cavabı ilə bağlı gəldiyim qənaət isə belədir: Azərbaycan Heydər Əliyevsiz indiki titanik inkişaf mərhələsini  yaşamayacaqdı, dünya dövlətləri arasında nüfuz, söz sahibinə çevrilməyəcəkdi... İndiki Azərbaycan ancaq Heydər Əliyev kimi vətənpərvər, millətini, xalqını sevən bir liderin rəhbərliyi ilə  bu səviyyəyə gəlib çatmışdır. Müstəqil Azərbaycanın müəllifi Heydər Əliyevdir, Azərbaycan Heydər Əliyevin müdrik siyasətinin bəhrəsidir.

 

Dahi öndər insanlarda mənəvi təmizliyi hər şeydən üstün tuturdu. İşçilərə kabinetlərdə qapanıb qalmamağı, vaxtlarının çoxunu camaat arasında keçirməyi məsləhət bilirdi. Sadə insanlarla ünsiyyəti xoşlayır, bundan zövq alır, kadrlardan da belə adamlarla təması gücləndirməyi tələb edirdi.

Heydər Əliyev demokratik idarəetmə psixologiyasını hələ gəncliyində dərindən mənimsəmişdi. Ona lazım olanları incəliklərinə qədər bilirdi – bu, öz yerində – amma nəyisə konkret işin mütəxəssislərindən soruşub dəqiqləşdirməyi, kimdənsə öyrənməyi də eyib saymırdı, Peyğəmbərimizin buyurduğu kimi, “beşikdən qəbrə qədər öyrən”məkdən yorulmurdu. Heç nəyə səthi yanaşmır, hər şeyin dərinliyinə, dəqiqliyinə varırdı.

Natamamlıq, başdansovduluq ulu öndərin xarakterinə yad idi. Kadrlara tapşırılan işin keyfiyyətlə icra olunmasına, nöqsansız, qüsursuz sona çatdırılmasına  xüsusi önəm verirdi. Səliqəsizliyə, məsuliyyətsizliyə qarşı barışmaz münasibət bəsləyirdi.

Ümummilli lider 1969-cu ildə Azərbaycana rəhbər seçiləndə respublikamızda acınacaqlı sosial-iqtisadi şərait hökm sürmüşdür. Azərbaycan sənayenin və aqrar sahənin göstəricilərinə görə keçmiş ittifaqda axırıncı yerlərdən birini tutmuşdur. Elmə, ədəbiyyata və incəsənətə diqqət, demək olar ki, unudulmuşdur. Rüşvətə, korrupsiyaya qarşı mübarizədən isə söhbət belə gedə bilməzdi ...Heydər Əliyev fəaliyyətə başladığı ilk günlərdən respublikada ədalətin bərpasını önə çəkmiş,  kadr siyasətinə xüsusi əhəmiyyət vermişdir.  Şəhər və kəndlərdə quruculuq işlərinin aparılmasını diqqət mərkəzində saxlamışdır.  Aqrar sektorda  az bir zaman ərzində dönüş yaratmışdır. Azərbaycanı ittifaq miqyasında qabaqcıl respublika kimi tanıtmışdır.

Ulu öndər 1969-1982-ci illərdə - Azərbaycana birinci rəhbərliyi dövründə keçmiş ittifaqın iqtisadiyyatı üçün əlverişli xammal bazasına çevrilmiş respublikamızın yeni inkişaf strategiyasını böyük uzaqgörənliklə işləyib həyata keçirmişdir. Bunun nəticəsi kimi bir sıra əsas göstəricilər üzrə geridə qalmış Azərbaycan qısa müddətdə inkişafın yeni mərhələsinə qədəm qoyaraq tez bir zamanda keçmiş ittifaqın qabaqcıl respublikalarından birinə çevrilmiş, milli gəlir səviyyəsini əhəmiyyətli dərəcədə artıra bilmişdir. Bugünkü müstəqil Azərbaycan dövlətinin iqtisadi-siyasi əsaslarının, milli kadr potensialının formalaşması, ölkədə strateji əhəmiyyətli sənaye və istehsal müəssisələrinin açılması da məhz ötən əsrin 70-80-ci illərinə təsadüf etmişdir. Heydər Əliyevin qətiyyətli iradəsi və təşəbbüskarlığı ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri məhz Azərbaycanda inşa olunmuş, bununla da respublikamızın gələcək müstəqilliyinin iqtisadi əsasları formalaşdırılmışdır.

Ulu öndər 1982-ci ildən sonra da - SSRİ-ni idarə edən rəhbərlərdən biri kimi Kremldə çalışdığı dövrdə də Azərbaycanın gələcək müstəqilliyinə xidmət edən bir sıra addımlar atmış, respublikamıza qarşı ayrı-seçkilik siyasətinə, ermənilərin məkrli torpaq ilhaqına qarşı barışmaz mövqe tutmuş, Qorbaçov rejimini kəskin tənqid etmişdir. Məhz bu qətiyyətli və prinsipial mövqeyinə görə 1987-ci ildə SSRİ rəhbərliyindən uzaqlaşdırılan ulu öndər Heydər Əliyev sonrakı mərhələdə də Azərbaycanla bağlı siyasi proseslərə biganə qalmamış, 1990-cı illərin əvvəlində ölkəmizə qayıdaraq siyasi proseslərdə fəal iştirak etmiş, Azərbaycanın dövlət müstəqilliyinə real zəmin formalaşdırmışdır.

Həmin dövrdə respublikada vətəndaş müharibəsinin qarşısı alınmış, doğma diyarımızın parçalanması qorxusu sovuşmuş, cəbhədə atəşkəsə nail olunmuşdur. Ümummilli lider Azərbaycanın üzləşdiyi haqsızlığı, Ermənistanın işğalçılıq siyasətini planetin hər bir guşəsinə çatdırmışdır. Millətinin qayğısına qalan bir müdrik rəhbər kimi tarixə düşmüşdür.

Heydər Əliyev Azərbaycana yenidən rəhbərliyə başladığı gündən milli-mənəvi və dini dəyərlərimizə dövlətçilik mövqeyindən yanaşmışdır. Bu məsələyə xalqımızın milli və dövlət ideologiyası olan azərbaycançılığın əsas şərtlərindən, təməl prinsiplərindən biri və əsası kimi baxmışdır. Müstəqil Azərbaycan dövlətinin memarının bununla bağlı dediyi-Biz öz mili-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıb. Və bunlar indi xalqımızın mənəviyyatını təşkil edən amillərdir-sözləri prioritet istiqamətlərdən birinə çevrilmişdir.

Ümummilli liderimizin  xalqa dərin sevgisi var idi. Bu sevgiyə  qısqananlar, xəbisliklə yanaşanlar da az deyildi. Hətta dəfələrlə təqib edilərək öldürülməsinə cəhd göstərilmişdi. Bu barədə kifayət qədər məlumatlar var. Yəqin ki, rejissor, ssenarist Vaqif Mustafayevin həqiqətlərə, faktlara əsaslanaraq çəkdiyi Heydər Əliyev haqqında filmi hamı yaxşı xatırlayır. Orada dahi öndərin Moskvadakı təqiblərdən baş götürüb Bakıya-tikib-qurduğu, necə deyərlər, can qoyduğu  paytaxta gəlməsi ilə bağlı səhnəyə baxanda adam dəhşətə gəlir... Heydər Əliyev təyyarə limanında ölümlə üz-üzə dayanır. Bir vaxtlar himayə durduğu, çörək verdiyi nakəslər indi onu təqib edir, təyyarə limanındaca məhv etməyə cəhd göstərirlər...

Dahi öndər haqq-ədalət, xalq, Vətən naminə heç nədən, heç kimdən çəkinmirdi. Çünki dünyanın ən cəsarətli, qorxmaz vətənpərvəri idi. Azərbaycanın adı, marağı olan yerdə ölümə getməyə belə hazır idi. Keçmiş SSRİ-nin  ən yüksək kürsüsündə imperiyanın rəhbəri M.Qorbaçovla, necə deyərlər, döş-döşə gələndə də, 1990-cı ilin 20 yanvarında Bakıda yüzlərlə vətəndaşımızın qanının axıdıldığı, həyatına son qoyulduğu o müdhiş gecənin səhəri ailə üzvlərini başına toplayıb Azərbaycanın Moskvadakı nümayəndəliyinə tələsəndə də, orada xarici mətbuat nümayəndələrinə müsahibə-məlumat verəndə də, xalqımızın üzləşdiyi  faciənin əsl günahkarlarını bütün dünyanın gözü önündə ifşa edəndə də ölümün gözünə dik baxırdı. Başı üstə ulu Tanrının onu qoruması da danılmaz fakt idi...

Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə ölkədə möhkəm təmələ əsaslanan siyasi sabitlik bərqərar oldu, qanunçuluq prinsipləri başlıca meyara çevrildi. Xarici sərmayələrə dövlət təminatı yaradıldı. Bundan sonra Azərbaycanda yeni neft strategiyasının əsasları işlənib hazırlandı, xarici neft-qaz şirkətlərinin Azərbaycana meyil və marağı artmağa başladı. “Əsrin müqaviləsi”nin bağlanması məqsədilə dünyanın aparıcı neft-qaz şirkətləri ilə gələcəyə hesablanan danışıqlar aparıldı. Bu, həm də elə bir dövr idi ki, Xəzərin hüquqi statusu ilə bağlı ciddi müzakirələr gedirdi. Bütün mübahisələrə, maneə və gərginliklərə baxmayaraq, ümummilli lider prinsipial mövqeyi ilə qarşıya çıxan çətinlikləri dəf edə bildi. “Əsrin müqaviləsi”nin imzalanması iqtisadi müstəqilliyimizin bərpa edilməsi baxımından ciddi əhəmiyyət kəsb etdi. Müqavilənin tam gücü ilə reallaşması ölkəyə xarici investisiya axınını sürətləndirdi. Qərbin aparıcı neft şirkətləri ilə çoxillik müqavilələrin bağlanması ölkəmizə yeni kapital axınına şərait yaratdı. Ən müasir texnologiyaların gətirilməsinə və tətbiqinə nail olundu. Ümummilli liderin böyüklüyü, dahiliyi onda idi ki, neftlə bağlı transmilli müqavilələrin imzalanması zamanı Azərbaycan xalqının maraqları hər şeydən uca tutuldu, milli-mənəvi dəyərlərə zərrə qədər də xələl gəlməsinə imkan verilmədi. Heydər Əliyev hələ o vaxtlar qətiyyətlə bəyan edirdi ki, “başa düşürəm ki, Azərbaycana cəlb olunmuş neft şirkətlərinin öz maraqları var. Bu, tamamilə təbii məsələdir. Ancaq, eyni zamanda, biz də ölkəmizin maraqlarını neft şirkətlərinin mənafeyindən yüksək tutmalıyıq”.

Ölkəmizin neft ehtiyatları, mütəxəssislərin hesablamasına görə, bundan sonra hələ neçə yüzillikləri əhatə edəcək. Bu o deməkdir ki, ulu öndər Heydər Əliyevin uzaqgörənliklə işləyib hazırladığı yeni neft strategiyası uzun illər səmərə verəcək. Belə bir konsepsiya çoxşaxəli iqtisadiyyatın inkişafına güclü təkan verdi. Uzun illər ciddi çətinliklərlə üzləşən sahibkarların da qarşısında yeni perspektivlər açıldı. Bu sahədə görülən uğurlu tədbirlər öz bəhrəsini verdi. İqtisadiyyatda səmərəli struktur dəyişiklikləri özəl bölmənin inkişafında mühüm mərhələ yaratdı. Dövlət idarəçiliyi sahəsində zəngin təcrübəsi olan ümummilli lider qətiyyətlə deyirdi ki, sahibkarlara şərait yaratmadan iqtisadiyyatı möhkəm təməl üzərində inkişaf etdirmək olmaz.

Bir-birinin ardınca imzalanan sərəncamlar da sübut edirdi ki, ulu öndər sahibkarlığın dirçəldilməsi və onlara geniş meydan verilməsi üçün yeni perspektivlər yaradır. Əlbəttə, bu sahəyə dövlət dəstəyi elə ilk illərdən öz nəticəsini verməyə başladı. Bu o demək idi ki, həm də neft sektorundan asılılıq bir qədər azalır. Artıq sahibkar da hiss edir ki, onun müstəqil fəaliyyəti üçün şərait yaradılır, maneələr aradan qaldırılır. Neçə illərdir ki, Sahibkarlığa Kömək Milli Fondu özəl sektorun maliyyə ehtiyaclarını ödəmək üçün güzəştli kreditlər ayırır, yeni investisiya layihələrinin həyata keçirilməsinə köməyini əsirgəmir. Sadələşdirilmiş vergi sisteminin yaradılması da özəl sektorun inkişafına xeyli kömək etdi. Lüzumsuz yoxlamaların, əlavə gərginliklər yaradan maneələrin aradan qaldırılması üçün ardıcıl tədbirlər görüldü. Hər bir sahibkar açıq-aydın hiss etdi ki, ona arxa və dayaq olan etibarlı dövlət zəmanəti var. Ona görə də yeni iş yerlərinin açılmasına, paytaxt və regionlarda investisiya layihələrinin hazırlanmasına geniş şərait yaradıldı. Bütün bunlar bu gün də öz səmərəsini verməkdədir. Ona görə ki, ulu öndərin uzaqgörənliklə hazırladığı siyasi və iqtisadi konsepsiyalar ləyaqətlə və ardıcıllıqla həyata keçirilir.

Ulu öndər Heydər Əliyevin Azərbaycanda həyata keçirdiyi struktur islahatları iqtisadiyyatın bütün sahələrində öz səmərəsini verdi. İqtisadi dirçəlişin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması işsizlik probleminin həllinə də imkan yaratdı. İqtisadi və sosial inkişafda yaranan dəyişikliklər əhalinin maddi rifah halının dinamik inkişafına da müsbət  təsir göstərdi.

Ulu öndərin qurub-yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir, qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir. Respublikamız ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi inkişaf, demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi nailiyyətlərə imza atır.

Xatırladaq ki, hələ 1994-cü ilin aprelində diplomatiya sahəsində zəngin bilikləri olan, biznes mühitinin incəliklərini dərindən mənimsəyən cənab İlham Əliyevin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti təyin edilməsi xalq və dövlət naminə düzgün seçim olmaqla, ulu öndərin Qərb şirkətləri ilə aparılacaq danışıqlara necə böyük əhəmiyyət verməsinin əyani göstəricisi idi. Səlahiyyətlərinin icrasına inamla başlayan cənab İlham Əliyev Azərbaycanın mənafeyini əks etdirən yeni neft strategiyasının hazırlanması prosesində ulu öndərin ən etibarlı, işgüzar və bacarıqlı köməkçisinə çevrildi. Onun üzərinə bütün mövcud çətinliklərin öhdəsindən gəlmək, neft müqavilələrində Azərbaycanın milli mənafelərinin maksimum səviyyədə qorunmasına nail olmaq kimi tarixi missiya düşdü. Bu vəzifəyə təyinatından cəmi iki həftə sonra neft müqaviləsi layihəsinin hazırlanması məqsədilə əvvəl Türkiyəyə, daha sonra isə ABŞ-ın Hyuston şəhərinə yola düşən cənab İlham Əliyev diplomatik bacarığını yüksək səviyyədə nümayiş etdirərək Qərb şirkətlərində ölkəmizə inam və etimad formalaşdırmağa nail oldu. Bu hadisə həm də bir daha təsdiqlədi ki, cənab İlham Əliyev ən çətin, mürəkkəb şəraitlərdə belə ölkənin milli mənafelərini layiqincə müdafiə etmək əzmindədir.

2003-cü il oktyabrın 15-də ulu öndərin layiqli siyasi varisi - cənab İlham Əliyevin xalqın istəyi ilə Azərbaycan Prezidenti seçilməsi Heydər Əliyevin yeni neft strategiyasının məntiqi sonluğa yetişməsini uğurla təmin etmişdir. Cənab İlham Əliyev neft strategiyasında varisliyi inamla təmin edərək BTC-nin praktik şəkildə gerçəkləşməsinə nail oldu. Cənab İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinə sədr seçilməsi ilə Azərbaycan idmanının və Olimpiya hərəkatının inkişafında da böyük canlanma müşahidə olundu. Paytaxtda və bölgələrdə yeni, müasir idman komplekslərinin tikilib istifadəyə verilməsi bu istiqamətdə görülən işlərə əyani misaldır.

Ulu öndər Heydər Əliyevin zəngin irsinə söykənən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən inkişaf strategiyasının təhlili onun üç fundamental bəşəri prinsipə istinad etdiyini söyləməyə əsas verir. Bunlar güclü dövlət, səmərəli iqtisadiyyat və azad insandır. Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında qazandığı nailiyyətlər hər üç başlanğıcın qarşılıqlı ahəngdar fəaliyyətinin ölkənin yüksək inkişafına, hərtərəfli tərəqqisinə xidmət edən əzəmətli vasitəyə çevrilmək gücündə olduğunu sübuta yetirir.

Azərbaycan Prezidentinin yürütdüyü siyasətin məqsədyönlüyü, ardıcıllığı, obyektiv gerçəkliyə adekvatlığı, bu siyasətin ölkənin milli mənafelərini əks etdirməsi respublikanın hər bir vətəndaşında gələcəyə böyük inam və əminlik yaradır. “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin...” deyən cənab İlham Əliyev ulu öndərin dövlətçilik irsinə sədaqətini bir daha nümayiş etdirir. Dövlət başçısı irəli sürdüyü bu prinsipləri gerçəkliyə çevirmək üçün ardıcıl, məqsədyönlü və uğurlu fəaliyyət göstərmiş, bütün məsələlərdə məhz xalqın mənafeyini əsas götürmüşdür.

Ölkə rəhbərinin məqsədyönlü fəaliyyəti nəticəsində ilk növbədə Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yolunda son dərəcə mühüm amil olan ictimai-siyasi sabitlik, vətəndaş sülhü və həmrəyliyi qorunub saxlanılmışdır. Ümummilli lider Heydər Əliyevin müəllifliyi ilə müəyyənləşdirilən balanslaşdırılmış xarici siyasət kursunun davamlılığının təmin olunması nəticəsində ölkəmizin sivil dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla münasibətləri yeni müstəvidə inkişaf etdirilmişdir.

Prezident İlham Əliyevin ötən 12 ildə yürütdüyü siyasət deməyə əsas verir ki, respublikamız öz inkişafının Qərb modelini müəyyənləşdirərək davamlı iqtisadi inkişafa və demokratiyaya doğru kor-koranə deyil, təkamül yolu ilə irəliləməyə üstünlük vermişdir. Dövlət başçısının bəyan etdiyi kimi, ölkəmizin sabit və tarazlı iqtisadi inkişafı yalnız demokratik yeniliklərin geniş tətbiqindən keçir. Prezident bu iki təmayülü bir-birindən ayırmadan Azərbaycanın milli strateji inkişaf yolu kimi müəyyənləşdirmiş, iqtisadi tərəqqi və demokratikləşmə prosesinin üzvi vəhdətinə nail olmağın vacibliyini dəfələrlə önə çəkmişdir. Son illər bir sıra mühüm beynəlxalq tədbirlərin keçirilməsi üçün Bakı şəhərinin seçilməsi respublikamızın beynəlxalq nüfuzunu daha da yüksəldir. Aşkar görünür ki, Azərbaycan sülh və əməkdaşlıq paytaxtı kimi tanınmağa başlanır və belə bir müsbət imicin formalaşmasında son illər respublikada keçirilən beynəlxalq toplantıların əhəmiyyətini xüsusi vurğulamaq lazımdır.

Azərbaycan bu gün Şərqlə Qərbi birləşdirən bütün optimal nəqliyyat-kommunikasiya xətlərinin, habelə neft-qaz boru kəmərlərinin keçdiyi əlverişli tranzit məkan kimi təkcə Avropa üçün deyil, həm də Uzaq Şərq üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycan Qərbdə yalnız zəngin neft və qaz ehtiyatları ilə deyil, həm də demokratiyaya, liberal dəyərlərə, insan və vətəndaş hüquq və azadlıqlarına sadiqliyi ilə tanınmaq əzmini bir sıra konkret addımları ilə tam sübuta yetirmişdir. Avropa Şurasının tamhüquqlu üzvü olan respublikamızın avrostrukturlara inteqrasiya prosesində ATƏT, Avropa Birliyi, NATO kimi təşkilatlarla sıx əməkdaşlığı hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin dönməzliyinə etibarlı təminat kimi qiymətləndirilir.

2011-ci ildə respublikamızın sivil dünyanın hüquqi-siyasi atmosferinin müəyyənləşməsində mühüm rolu olan Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi bütövlükdə müasir tariximizin ən əlamətdar, qürur doğuran hadisələrindən biri kimi yadda qalmışdır. Bu möhtəşəm hadisə ilk növbədə rəsmi Bakının son dərəcə sabit və uğurlu, eyni zamanda sivil birgəyaşayış normalarına əsaslanan tarazlı xarici siyasət yürütdüyünü bir daha təsdiqləməklə yanaşı, müstəqil Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun parlaq təcəssümü kimi dəyərləndirilə bilər.

Ötən 12 il ilk növbədə dünya siyasətinə təsir göstərən möhtəşəm layihələrin reallaşdırılması ilə səciyyəvidir. Ümummilli liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi, “Ümid”, “Abşeron” kimi perspektivli yataqların kəşf olunması, Şərqlə Qərbi qovuşduracaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinə başlanılması, TANAP layihəsinin gerçəkləşməsi bu baxımdan xüsusi qeyd olunmalıdır.

Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqli məqsədilə boru kəmərlərinin şaxələndirilməsi respublikamızın bütövlükdə Avropa məkanının enerji təhlükəsizliyi sisteminin əsas təminatçılarından birinə çevrilməsini təmin etmişdir. Bu gün Azərbaycan bütövlükdə MDB və Avropa məkanında heç bir ölkədən enerji asılılığı olmayan, müstəqil siyasət yeridən azsaylı dövlətlərdən biridir. Bununla yanaşı, respublikamız regional və beynəlxalq əhəmiyyətli layihələri də daxili imkanları hesabına maliyyələşdirmək gücündə olduğunu sübut etmişdir. Təkcə bir faktı demək kifayətdir ki, Azərbaycan Şərqlə Qərbi birləşdirəcək strateji əhəmiyyətli Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin maliyyələşdirilməsi üçün Gürcüstana 25 il müddətinə 575 milyon dollar kredit vermişdir. Respublikamızın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını da xüsusi vurğulamaq lazımdır. Hələ 2012-ci ildə Azərbaycanla Türkiyə arasında imzalanmış tarixi razılaşma ilə 2025-ci ilədək Azərbaycandan nəql olunan qazın əsas hissəsinin qardaş ölkənin ərazisi ilə Avropa ölkələrinə ixracı nəzərdə tutulmuşdur.

Prezident İlham Əliyev ötən illər ölkədə özəl sektorun dinamik inkişafına təkcə sosial-iqtisadi yüksəliş xəttinin deyil, həm də demokratikləşmə prosesinin ardıcıllığını, vətəndaş hüquq və azadlıqlarının etibarlı şəkildə qorunmasını təmin edən başlıca vasitələrdən biri kimi yanaşmışdır. Çünki özəl sektorun inkişafı, halal yolla maddi imkanlarını artıran vətəndaşların sayının artması dünyanın bütün demokratik ölkələrində olduğu kimi, Azərbaycan cəmiyyətində də sabitlik və tərəqqinin, demokratikləşmə prosesinin hərəkətverici qüvvəsi sayılan milli burjuaziyanın, orta təbəqənin əhatəsini genişləndirir.

Son illərdə dövlət başçısının imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında Azərbaycanın inkişaf etmiş ölkəyə çevrilməsi üçün bir sıra hədəflər müəyyənləşdirilmişdir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanmasında məqsəd də respublika iqtisadiyyatındakı pozitiv meyilləri daha da sürətləndirmək və mövcud potensialı davamlı inkişaf naminə tam səfərbər etməkdir. Əlbəttə, gələcəyə dair baxışlar, strategiyalar nə qədər mükəmməl olsa da, onların taleyi, həyata keçirilməsi gözlənilməz hadisələrdən, ssenarilərdən deyil, bütün hallarda liderlik missiyasından - qərarların qəbulu məharətindən asılı olur. Azərbaycan öz inkişafının dönüş mərhələsində yaşayır və bunu mümkün edən isə düzgün hədəflər və onların davamlı reallaşdırılmasından irəli gələn nəticələrdir. Bu siyasətin gedişində yalnız konkret ölkə miqyasında deyil, bütövlükdə regionda və dünyada proseslərin axarını yeni məcraya yönəldə biləcək tarixi qərarlar verilir.

Hazırda icra olunan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası da rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, innovativ iqtisadiyyatın formalaşdırılmasını, sənayeləşmə siyasətinin sürətləndirilməsini, mütərəqqi təcrübəyə əsaslanan sənaye zonalarının yaradılmasını, müəssisələrin texnoloji cəhətdən yeniləşdirilməsini, intensiv metodların tətbiqinin daha da genişləndirilməsini və digər tədbirləri nəzərdə tutur.

Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində 2020-ci ilədək ölkədə adambaşına düşən ÜDM-in həcminin iki dəfədən çox artaraq 13 min ABŞ dollarına çatdırılacağı gözlənilir. Həmin dövrədək Azərbaycanın Dünya Bankının adambaşına düşən ümumi milli gəlir təsnifatına görə “yuxarı orta gəlirli ölkələr” arasında və BMT İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən “yüksək insan inkişafı” ölkələri qrupunda üst sıralara yüksəlməsi hədəflənir.

Ümumiyyətlə, yeni mərhələnin əsas hədəfi milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlığını təmin etməkdən ibarətdir. Prezident İlham Əliyevin ötən illərdə imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında bu hədəflərin reallaşdırılması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr dəqiqliklə müəyyənləşdirilmişdir. Bunlara ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi (neftdən asılı olmayan güclü Azərbaycan iqtisadiyyatının formalaşdırılması), hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması, onların inkişafının tarazlaşdırılması, çoxlu sayda yeni iş yerinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması və s. mühüm vəzifələri aid etmək olar.

Dövlət başçısı İlham Əliyev daim vurğulayır ki, bu gün milli ideologiyamızın əsas tərkib hissələrindən biri də məhz azərbaycançılıqdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrikliklə irəli sürdüyü azərbaycançılıq ideologiyası həyat tərzində, əxlaqda, mənəviyyatda, dildə, dində, ədəbiyyatda, bir sözlə, maddi və mənəvi mədəniyyətin bütün sahələrində istiqamətləndirici məfkurə olmalıdır. Əsrlərdən miras qalmış mütərəqqi mənəvi dəyərlər Azərbaycan xalqının milli mövcudluğunun və dövlətçiliyinin qarantına çevrilməlidir. Eyni zamanda, hər bir vətəndaş bu torpağa, Vətənə xalqa mənsubluğu, milli-mənəvi, dini dəyərləri ilə qürur duymalıdır.

Azərbaycan Prezidentinin elmin, təhsilin, mədəniyyətin inkişafını sürətləndirən fərman və sərəncamlar, dövlət proqramları imzalaması onun yetişməkdə olan gənc nəslin mənəvi bütövlüyü, kamilliyi və saflığı, habelə qlobal miqyaslı yad təsirlərə qarşı mənəvi müqavimətin təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi siyasətin mühüm məqamlarıdır. Bütün bunlar, eyni zamanda, mənəvi yüksəlişə, intibaha xidmət edən mühüm addımlar kimi cəmiyyətin pozitiv ruhda inkişafına təkan vermişdir.

Neft kapitalının insan kapitalına çevrilməsi, kənd və rayonlarda yüksələn xətlə davam edən abadlıq və quruculuq işləri, işsizlik və yoxsulluğun minimuma endirilməsi, gənclərə və onların inkişafına diqqət davamlı siyasətin təzahürləridir.

Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi ən nadir və görkəmli şəxsiyyətlərdən biri, qüdrətli dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əliyev tariximizin parlaq səhifələrini yazaraq ölkənin salnaməsində dərin iz qoymaqla, sözün həqiqi mənasında, onu qurub- yaratmışdır. Bu böyük şəxsiyyət titanik zəhməti, tükənməz enerjisi, işıqlı zəkası və dəmir iradəsi ilə daim xalqın, vətənin, dövlətin xidmətində dayanmış, Azərbaycan torpağının, dövlətinin, xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi görmüşdür.

Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişafının uzunömürlülüyünü təmin edən təkmil irs, dövlətçilik xətti, siyasi məktəb yaratmışdır. Bu irsin ən görkəmli nümayəndəsi, Heydər Əliyev siyasi məktəbinin layiqli təmsilçisi olan Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan milli intibahının şərəfli mərhələsini yaşayır. Ötən 12 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi, doğma vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər ulu öndərin qoyduğu yolun layiqli davamıdır. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasi kurs nəticəsində bu dövrdə Azərbaycanın yeni dövrün tələblərinə cavab verən sürətli və kompleks inkişafı təmin olunub. Regionumuzda və dünyada baş verən tarixi prosesləri düzgün qiymətləndirən, geosiyasi dəyişikliklərin gedişini xalqın maraqları çərçivəsinə yönəldən, bu məqsədlə praqmatik, rasional gedişlər etməyi bacaran, hadisələrin inkişaf axarını qabaqlayan Prezident İlham Əliyev ölkəmizin inkişafına nail olmaqla yanaşı, dünya birliyində mövqelərini gücləndirib.

Heydər Əliyevin yaratdığı Azərbaycan bu dövrdə bir vaxtlar bizə əlçatmaz görünən kosmik dövlətə çevrilib, BMT Təhlükəsizlik Şurasına, Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edib. Ölkəmizin iradəsi ilə yeni enerji layihələri icra olunur.

Beynəlxalq tədbirlər məkanına çevrilən Azərbaycan indi daha bir mötəbər tədbirə - I Avropa Oyunlarına ev sahibliyi etməyə hazırlaşır. Dünya idmanının tarixində ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi etmək missiyasının ölkəmizin üzərinə qoyulması Azərbaycan üçün böyük önəm daşıyır. Çünki bu, Azərbaycan dövlətinin uğurlarının növbəti təqdimatı olmaqla ölkəmizin müsbət imicinin daha da yüksəlməsinə töhfələr verəcək.

Bütün bunları Azərbaycan xalqı görür və Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməklə həyata keçirilən siyasətə öz dəstəyini ifadə edir. Çünki Prezident İlham Əliyev ölkəmizi əzmlə, ulu öndərin müəyyən etdiyi yolla gələcəyə aparır.

 

Elşad ABBASOV,

“Embawood” şirkətinin prezidenti

 

Xalq qəzeti.- 2015.- 8 may.- S.8.