Şuşanın tarixi abidələri

yerlə yeksan edilib

 

Artıq 23 ildir ki, Şuşa düşmən tapdağı altındadır. Bu şəhər Azərbaycanın milli-mənəvi dəyərlərinin beşiyi hesab olunurdu. Ulu öndər Heydər Əliyev Şuşanı abidələr şəhəri adlandırmışdı. Buradakı abidələr şəhərin gözəlliyinə xüsusi yaraşıq verirdi. Təsadüfi deyil ki, 1977-ci ildən Şuşa tarixi-memarlıq qoruğuna çevrilmişdi.

Çox təəssüf ki, bütün dünyanın, beynəlxalq təşkilatların işğalçı ölkə kimi tanıdığı Ermənistanın silahlı qüvvələri bu şəhərdə Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq üçün ən ağlagəlməz cinayətlərə əl atmışlar. Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhərinin qiymətli tarixi abidələrini dağıdır, milli arxitekturasını silib, istədikləri kimi yenidən qurmağa cəhd edirlər. Nadir tikililər, qədim abidələr, inanc yerləri, yaşayış binaları, hətta məzarlıqlar dağıdılmış, zəngin muzey və kitabxanaları talan edilmiş, bir vaxtlar təkrarolunmaz təbiətinə görə Qafqazın cənnəti adlandırılan yerlər xarabazara çevrilmişdir.

Məlumat üçün bildirək ki, işğal olunmazdan əvvəl Şuşada 300 tarixi abidə, 550 qədim yaşayış binası, 870 metr uzunluğunda bərpa olunmuş qala divarları vardı. Tarixi abidələrdən 23-ü respublikadünya miqyaslı abidələrə aid idi. Bu abidələrin çoxu XVIII-XIX əsirlərə aiddir. Şuşada hər bir ev, küçə, möhtəşəm qala divarları, məscidlər, minarələr, əzəmətli qəsrlərin qalıqları keçmişimizdən xəbər verirdi.

Xalça və Tətbiqi Sənət Muzeyinin Şuşadakı filialı, Üzeyir bəy Hacıbəylinin Şuşadakı ev muzeyinin eksponatları çıxarılıb, amma həmin muzeylərin fondu da tam xilas edilməyib. Şuşa şəhərində Natəvanın, Bülbülün, Əbdürrəhim bəy Haqverdiyevin və başqalarının ev muzeyləri, şəkil qalereyası, Şuşa diyarşünaslıq muzeyi tamamilə dağıdılıb. Şuşa şəhərinin Tarixi Muzeyinin 5 minədək eksponatı, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialının, Dövlət Qarabağ Tarix Muzeyinin 1000-dək əşyası, görkəmli bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), vokal sənətimizin əsasını qoymuş böyük müğənni Bülbülün (400-dək əşya), görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin eksponatları talan edilib.

Ermənilər Üzeyir bəy Hacıbəyovun və Bülbülün, habelə şair Xurşudbanu Natəvanın heykəllərini Şuşa şəhərindən Ermənistan ərazisinə aparıblar. Bu abidələr bütün əxlaq normalarına, beynəlxalq humanitar prinsiplərə, sivilizasiyaya zidd olaraq vəhşicəsinə güllələnmiş və ağır texnika vasitəsilə zədələnmişdi. Sonradan həmin abidələri çox çətinliklə Bakıya gətirmək mümkün olub.

Şuşa tarixi memarlıq qoruğu mühafizə olunurdu. İşğalçı vandallar Yuxarı və Aşağı Gövhərağa məscidlərini artıq iyrənc məqsədlərlə istifadə edirlər. Köçərli, Mərdinli, cümə məscidlərininin də aqibəti elə Gövhərağa məscidləri kimidir. Daşnaklar Qarabağ xanının vəziri, böyük şair M.P.Vaqifin türbəsini də məhv etmişlər, daşınması mümkün olan maddi-mədəniyyət abidələrini isə Ermənistana aparmışlar.

Mütəxəssislərin və ekspertlərin fikrinə, Azərbaycan xalqının məhv edilmiş qədim, əvəzolunmaz mədəni sərvətləri olan bu abidələrin qiymətini təyin etmək praktiki olaraq mümkün deyildir. Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan, Azərbaycan Respublikasının ərazisində xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən bir problemdir.

Azərbaycanın işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyasına, Arxeoloji irsin mühafizəsi haqqında 1992-ci il Avropa Konvensiyasına, Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında UNESCO-nun 1972-ci il Konvensiyasına ziddir.

Bu gün Şuşanın tarixi və mədəni abidələrinə qarşı edilən amansız təcavüzə qarşı dünyanın nüfuzlu beynəlxalq təşkilatları belə biganə qalmaqdadır. İnanırıq ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət bütövlükdə Dağlıq Qarabağın işğal olunmuş ətraf rayonların qaytarılmasını təmin edəcək o zaman Şuşanın bu möhtəşəm abidələri bərpa olunub yenidən Azərbaycan xalqının mənəvi sərvətinə çevriləcəkdir.

 

Rəsul İSMAYILOV,

Şuşa Humanitar

Kollecinin direktoru

 

Xalq qəzeti.- 2015.- 9 may.- S.14.