Azərbaycan qadınına

şərəf bəxş edən dahi rəhbər

 

Azərbaycanda ana adına, qadın şərəfinə tarixən yüksək qiymət verilmiş, xalqımızın Tomris, Sara Xatun, Tuti Bikə kimi tarixi şəxsiyyətləri, qadın sərkərdələri, Böyük Vətən müharibəsində, eləcə də Qarabağ döyüşlərində ön və arxa cəbhələrdə böyük hünərlər göstərmiş igid qadınlarımız həmişə qəhrəmanlıq, mərdlik, sədaqət simvolu kimi tərənnüm olunmuşdur. Azərbaycan qadınları əsrlər boyu od-ocağın qoruyucusu olmaqla yanaşı, çətin anlarda ər oğullarımızla çiyin-çiyinə Vətəninin, elinin, obasının müdafiəsinə qalxmış, öz sədaqətləri ilə başqalarına nümunə olmuşlar. Təsadüfi deyildir ki, “aslanın erkəyi, dişisi olmazkimi təsirli el məsəlləri də məhz Azərbaycanda yaranmış və öz təsdiqini tapmışdır.

 

Xalqımızın ümummilli lideri Heydər Əliyev Vətənin bugününün və gələcəyinin, onun tərəqqi və inkişafının əsas amillərindən biri olan qadınların roluna müstəsna əhəmiyyət verirdi. Heydər Əliyev bütün həyatı və siyasi fəaliyyəti dövründə öz düzgün və səmimi mövqeyi, obyektiv münasibəti, sevgi və məhəbbəti ilə Azərbaycan qadınına şərəf bəxş edən, onu ucaldan, cəmiyyətdə aparıcı qüvvəyə çevirən müdrik və uzaqgörən siyasi xadim idi.

Heydər Əliyev cəmiyyətin inkişafına təkan verən, onu daim tərəqqiyə aparan cəhətləri vaxtında və düzgün görüb-qiymətləndirə bilirbu amilləri dövlətin inkişafı, ölkənin iqtisadi tərəqqisi üçün səfərbər edə, o cümlədən qadınların güc-qüvvəsini sabitliyin, dincliyin, əmin-amanlığın qarantına çevirə bilirdi.

Heydər Əliyev keçdiyi həyat yolunun mühüm anlarından bəhs edərkən gözünün qarşısında, bilavasitə özünün iştirakı ilə baş verən hadisələri böyük ustalıqla və çox dərindən təhlil edirdi. Dahi rəhbər XX əsrin sonuna qədər Azərbaycanın inkişaf mərhələlərinə ardıcıl nəzər salaraq onu yüksək qiymətləndirir, sevinirdi ki, yaşadığımız hər il xalqımızı, onun mənəviyyatını, mədəniyyətini, incəsənətini, elmini inkişaf etdirmiş və Azərbaycan əsrlər boyu nail olduğu bu inkişaf sayəsində  müasir səviyyəyə çatmışdır. Ulu öndər fəxrlə qeyd edirdi ki, indi müstəqil Azərbaycan Respublikası var, Azərbaycan xalqı var, Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan elmi, Azərbaycan incəsənəti varbu böyük nailiyyətlərin qazanılmasında Azərbaycan qadınının da rolu əvəzedilməzdir.

Ulu öndərin respublika qadınlarına göstərdiyi diqqət hələ sovet dövründə respublikaya rəhbərlik etdiyi zaman aydın nəzərə çarpırdı. O, yerlərdə görüşləri zamanı istehsalat qabaqcıllarına və mədəniyyət xadimlərinə böyük diqqəti ilə özündən əvvəlki bütün rəhbərlərdən fərqlənirdi. Keçən əsrin 90-cı illərində ona siyasi dəstək vermiş Azərbaycan qadınlarına müraciətində bildirirdi ki, Azərbaycan xalqının qeyrətli qızları ilə həmişə fəxr etmiş və edəcəkdir.

Yaşından, vəzifəsindən, sənətindən asılı olmayaraq, ulu öndərlə görüşən hər bir Azərbaycan vətəndaşı, o cümlədən Azərbaycan qadınları onun simasında özlərinin və övladlarının, bütövlükdə, Vətəninin və xalqının xilaskarını görürdülər. Ona qarşı o qədər yüksək inametibar vardı ki, heç bir ana, heç bir qadın Azərbaycanın taleyini onsuz təsəvvür etmir, onu müstəqilliyimizin əsas dayağı və təminatçısı kimi görür, onun ideyalarını, tövsiyələrini, ən başlıcası, dərin zəkası və qətiyyəti ilə həyata keçirdiyi işləri dəyərləndirirdi.

1995-ci il noyabrın 23-də Milli Məclisə seçilmiş qadın deputatlarla görüşündə Heydər Əliyev qeyd edirdi ki, müstəqil Azərbaycan Respublikasının ilk parlamentinə qadınların seçilməsi onu çox sevindirir və əvvəlki Ali Sovetdən fərqli olaraq indi onların sayı daha çoxdur. Ümummilli lider öz inamını ifadə edərək qadın deputatlara deyirdi:

“... Siz Azərbaycanın parlamentində çox böyük güc olacaqsınız, qüvvə olacaqsınız, öz sözünüzü deyəcəksiniz”. Onların fəaliyyətinin uğurlu olacağına inanan Heydər Əliyev deputat qadınların təkcə qadın problemləri ilə deyil, respublikanın bütün problemləri ilə məşğul olacaqlarını və bu məsələlərin həll olunmasında öz imkanlarından geniş istifadə edəcəklərini bildirirdi. Xatırladaq ki, o zaman Milli Məclisə əvvəlki parlamentdəki 3 qadın əvəzinə, 14 qadın deputat seçilmişdi.

Ulu öndər həmin görüşdə Azərbaycan qadınlarının ona göstərdiyi böyük diqqət və qayğıdan da bəhs edib, çətin günlərində onu səmimi-qəlbdən dəstəkləyən, ona məktub göndərərək Vətəni çətin vəziyyətdən çıxarmağa çağıran, Heydər Əliyevin yüksək nüfuzuna görə kütləvi surətdə Yeni Azərbaycan Partiyası sıralarına qoşulan qadınların zəhmətini və hünərini qeyd etməkdən çəkinmir, bundan böyük iftixarla danışırdı.

Ulu öndər qadınların ictimai-siyasi fəallığını çox yüksək dəyərləndirir və deyirdi: “Ağıllı, zəkalı, gözəl-göyçək qadınlarımızın parlamentdə olması parlamentin tərkibini daha da zənginləşdirəcəkdir. Əminəm ki, siz öz səsinizi parlamentdə həmişə gur çıxaracaqsınız, Prezidentə dayaq olacaqsınız.”

Heydər Əliyev çox gözəl bilirdi ki, insanların dəyanəti, mərdliyi, etibarı dar gündə sınaqdan çıxır, hər kəsin əsl simasını çətin anlarda daha yaxşı görmək və müşahidə etmək olur.

Heydər Əliyev Azərbaycanda bəzi qüvvələrin dövlət çevrilişinə cəhd etdikləri anlarda Azərbaycan qadınlarının necə cəsarətlə dövlətçiliyimizin keşiyində durmasını xüsusi qeyd edirdi: “Mən dəfələrlə şahidi olmuşam ki, qadınlar kişilərdən etibarlı olurlar. Keçən il (1994-cü il - red.) oktyabr ayında çevriliş etmək istəyirdilər. Doğrudan da, onlar çevriliş etmişdilər. Mən televiziya ilə xalqa müraciət etdim. Buraya minlərlə adam toplaşmışdı. Mən saat 4-də gəldim, aşağı endim, qadınların nə qədər çox olduğunu gördüm. Qucağında südəmər balası olan qadını görəndə mən nə qədər həyəcanlandım. Uşağını qucağına alan nə qədər belə qadın gördüm. Balalarını qucaqlarına alıb buraya gəliblər. Bundan sonra bir daha özüm üçün qərar çıxardım ki, qadınlar etibarlıdırlar”.

Heydər Əliyev Azərbaycan qadınlarının işgüzarlıq keyfiyyətlərini də çox yüksək qiymətləndirir və çətin işləri onlara etibar etməkdən ehtiyat etmirdi. Təsadüfi deyildir ki, Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə bir neçə nazirliyə və komitəyə məhz qadınlar rəhbərlik etməyə başladı. Hətta ölkənin ədliyyə, təhsil nazirlikləri kimi mühüm vəzifələr qadınlara etibar edilmişdi. Məhz onun təşəbbüsü ilə 1998-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi  yaradılmış, Azərbaycanda qadın siyasəti barədə 2006-cı ildə ayrıca fərman qəbul edilmişdi. Xeyli qadın rəhbər vəzifələrə, hətta ənənəvi olaraq kişilərin çalışdığı icra hakimiyyəti başçıları vəzifəsinə də təyin olunmuşdu.

Ulu öndər 1996-cı ilin martında keçirdiyi görüşlərin birində deyirdi: “Keçmiş zamanlarda mən təcrübəmdən görmüşəm ki, qadınlar işə kişilərdən daha məsuliyyətlə yanaşırlar. Kişilərin işlərini qiymətdən salmaq istəmirəm, gözdən salmaq istəmirəm, ancaq mən bunu uzun müddət müşahidə etmişəm və belə fikirdəyəm ki, qadınlar işə daha da məsuliyyətlə yanaşırlar, daha da diqqətli olurlar, daha səliqəli olurlar”.

Ümummilli lider dünyanın bir çox ölkəsində olduğunu, təkcə Sovet İttifaqında deyil, dünyanın əksər ölkələrində qadınlara kişilərlə bərabər hüquqlar verildiyini bildirir və belə hesab edirdi ki, bizim dövlətimizdə də, bizim hakimiyyətdə də çox sahələrdə qadınlar işləyə bilərlər və işləməlidirlər. O, şəxsən bunun tərəfdarı olduğunubuna şərait yaratmağa çalışacağını bildirir, qadınların mühüm vəzifələrə irəli çəkilməsini statistika, zahiri görünüş xatirinə deyil, həqiqətən, onların əməyindən səmərəli istifadə olunması üçün zəruri hesab edir, bütün dövlət orqanlarında qadınların təmsil olunmasını vacib sayırdı.

Ulu öndər deyirdi: “Qadına həmişə hörmət olmalıdır, qadını həmişə sevmək lazımdır. Qadına həmişə yaşamaq üçün şərait lazımdır. Bu, bizim cəmiyyətimizin borcudur, kişilərin borcudur, şübhəsiz ki, o cümlədən Prezidentinborcudur”.

Ümummilli liderin bu sözləri onun həyat prinsiplərindən biri idi və bunları kiməsə xoş gəlmək üçün demir, işində, əməlində bunu hər an təsdiq edirdi. Bu böyük və nəcib insanın öz ailəsinə olan münasibəti bütün insanlara  misilsiz bir nümunədir, sədaqət, məhəbbət, etibar, sevgi etalonudur. Xüsusilə, böyük alimimiz Zərifə xanım Əliyeva haqqında onun xatirələrini dinləmək kifayətdir ki, bu dahi şəxsiyyətin qadına verdiyi yüksək qiyməti dərk edəsən.

Dahi rəhbərin layiqli varisi, xalqımızın böyük məhəbbətini qazanmış, uzaqgörən və cəsarətli siyasəti ilə dünya siyasətçiləri arasında xüsusi nüfuz sahibinə çevrilmiş  Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə də Azərbaycan bütün sahələrdə misilsiz nailiyyətlər qazanmışdır. Bu da xalqımızın daha yaxşı yaşamasına və xüsusilə qadınlarımızın öz imkan  bacarıqlarını daha yaxşı nümayiş etdirməsinə, Heydər Əliyev yolunun,  ənənələrinin davam etdirilməsinə  şərait yaratmışdır.

Azərbaycan qadınına şərəf bəxş edən ulu öndərin arzu və istəklərini bu gün yaşadan, uğurla davam etdirən, Heydər Əliyev və Zərifə xanım Əliyeva ocağının işığını, istisini qoruyub saxlayan Mehriban xanım Əliyevanın gördüyü misilsiz işləri sadalamaqla qurtarmaz. Artıq özünü görkəmli ictimai-siyasi xadim kimi, nəinki Azərbaycana, dünyaya tanıtmış birinci xanımımız hörmətli Prezidentimiz İlham Əliyevlə çiyin-çiyinə müstəqil dövlətimizin tərəqqisi naminə fədakarlıqla çalışır. İlk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri kimi Mehriban xanım Əliyevanın  rəhbərliyi ilə qısa bir müddətdə görülən işlər ölkəmizə gələnləri heyrətə salır və hamı inanır ki, bu Oyunlar ən yüksək səviyyədə keçiriləcək, Azərbaycanda dünya idmanının tarixinə şanlı səhifələr yazılacaqdır.

Ulu öndərin böyük ümidləri onun ailə üzvlərinin, o cümlədən sevimli nəvələrinin nəcib işlərində özünü bir daha doğruldur. Bundan örnək alan Azərbaycan qadınları doğma Vətənimizin daha da çiçəklənməsi üçün əzmlə çalışır və indən belə də çalışacaqlar.

 

Səadət İSMAYILOVA,

Azərbaycan Respublikası

Ədliyyə Nazirliyinin Nərimanov

Rayon Qeydiyyat Şöbəsinin rəisi,

hüquq  elmləri üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2015.- 9 may.- S.7.