Azərbaycan beynəlxalq aləmdə

sarsılmaz mövqe və nüfuz sahibidir

 

Hər bir dövlətin dünya düzənindəki yeri və rolu ilk növbədə onun xarici siyasətini səciyyələndirən amillər, beynəlxalq və regional qurumlardakı fəaliyyəti, habelə demokratik dəyərlərə münasibəti ilə bağlıdır. Müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş, güclü və nüfuzlu aktor kimi tanınır. Cənubi Qafqaz geosiyasi məkanında aparıcı dövlət kimi çıxış edən ölkəmiz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası nəticəsində həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geostrateji təhlükəsizliyinə fundamental töhfələr verir, regional miqyaslı, qlobal xarakterli əməkdaşlıq platformasının mərkəzi oyunçusu rolunu oynayır. Heç bir dövlətdən və beynəlxalq qurumdan asılı olmayan Azərbaycan artıq bu gün regional aktordan beynəlxalq strateji tərəfdaşa çevrilməkdədir.

 

Məhz bunun nəticəsidir ki, dövlətimizin xarici siyasət kursunun nəticələri beynəlxalq miqyasda təqdir olunur. Belə ki, Azərbaycanın təşəbbüsü və iştirakı ilə regional miqyaslı və böyük strateji layihələrin reallaşdırılıması, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsi məhz həyata keçirilən praqmatik xarici siyasətin pozitiv göstəricisidir. Bu gün Azərbaycan qlobal xarakterli taleyüklü məsələlərin həllində aktiv iştirak edir. Buna zəmin yaradan əsas siyasi-strateji faktorlardan biri Azərbaycanın qlobal tribuna rolunu oynayan beynəlxalq qurumlarda uğurla təmsil olunmasıdır. Ölkəmizin 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında təmsil edəcək qeyri-daimi üzv seçilməsi və quruma 2012-ci ilin may və 2013-cü ilin oktyabr aylarında sədrlik etməsi Prezident İlham Əliyevin həyata keçirdiyi rasional xarici siyasət kursunun məntiqi nəticəsi kimi qəbul olunmalıdır.

Avropa Şurası Nazirlər Komitəsinin 124-cü sessiyasında bu təşkilata sədrliyin Azərbaycana keçməsi ilə BMT Təhlükəsizlik Şurasına iki illik üzvlükdən sonra Azərbaycan diplomatiyası tarixinə daha bir uğurlu səhifə yazıldı. Azərbaycan 6 aylıq sədrliyi müddətində Avropa Şurasının məqsədlərinin təşviq edilməsində əhəmiyyətli səylər göstərdi, əsas tutduğu prioritetlər bu dönəmin kifayət qədər səmərəli olmasını təmin etdi. Çünki burada müəyyən olunmuş istiqamətlər bütün dünya, o cümlədən ölkəmiz və sözügedən təşkilat üçün kifayət qədər aktualdır. Bu kontekstdə Azərbaycan Avropa Şurasının təməl prinsipləri olan insan hüquqlarına, qanunun aliliyinə və demokratiyaya güclü dəstək vermiş, Avropada təhlükəsizlik və sabitlik sahəsindəki mövcud problemlərə, korrupsiya ilə mübarizədə səmərəli əməkdaşlığa, cəmiyyətlərin həssas təbəqəsi olan qaçqınların və məcburi köçkünlərin hüquqlarının müdafiəsinə ciddi diqqət yetirmiş, mədəniyyətlərarası dialoqa böyük əhəmiyyət verərək Avropada diskriminasiya və dözümsüzlüklə mübarizəyə yardım etmiş, təhsilli və məsuliyyətli gənclər nəslinin tərbiyəsinə xüsusi önəm vermiş, siyasi islahatların həyata keçirilməsi hədəfini yekdilliklə və güclü şəkildə dəstəkləmişdir. Beləliklə də, Avropa Şurasının yaradılmasının 65-ci ildönümünün qeyd edildiyi bir vaxtda bu təşkilatın Nazirlər Komitəsinə sədrliyi üzərinə götürən Azərbaycan müəyyənləşdirdiyi hədəflərə nail olmuşdur.

Azərbaycan nümayəndə heyətlərinin AŞ, ATƏT, QİƏT və digər beynəlxalq və regional təşkilatların strukturlarında fəal şəkildə təmsil olunması, nümayəndələrimizin yüksək vəzifələrə seçilməsi də məhz bu qəbildəndir. Parlamentarilərimizin mötəbər tribunalarda aparıcı mövqe əldə etmələri eyni zamanda Azərbaycan siyasətçisinin və ziyalısının mədəniyyətini, intellektini, müasir dünyagörüşünü və praqmatik baxışlarını səciyyələndirən obyektiv amildir. Milli Məclisin beynəlxalq əlaqələrinin və xüsusilə digər ölkələrin parlamentləri ilə sıx təmasını təmin etmək məqsədilə yaradılmış dostluq qruplarının fəaliyyəti də bu mənada təqdirəlayiqdir.

Azərbaycan regionda sabitləşdirici aktor kimi fəaliyyət göstərməklə paralel olaraq bölgədə və beynəlxalq səviyyədə əməkdaşlığa və təhlükəsizliyə mühüm töhfələr verir. Bu kontekstdə son dönəmlərdə ölkəmizin iştirakı ilə gerçəkləşdirilən enerji layihələrinin əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Məlum olduğu kimi, 2013-cü il Azərbaycanın enerji siyasətində böyük uğurlarla yadda qaldı. “Əsrin müqaviləsi”nin imzalandığı dövrdən etibarən dünyada əsasən neft ölkəsi kimi tanınan Azərbaycan yaxın tarixdə atdığı addımlarla beynəlxalq aləmdə enerji təhlükəsizliyinin sanballı təminatçılarından biri kimi özünü təsdiq etdi. Məsələn, 2013-cü ildə Azərbaycan qaz ixracatçısı kimi regional və beynəlxalq təhlükəsizlikdə mühüm rol oynadığını bir daha sübuta yetirdi. Bu istiqamətdə ilk böyük nailiyyət 2007-ci ildə “Bakı-Tbilisi-Ərzurum” (BTƏ) qaz kəmərinin istifadəyə verilməsi idi. Bu baxımdan, Avropanın “mavi yanacaq” bazarlarında əsas iştirakçılardan birinə çevrilmək niyyətində olan Azərbaycanın təşəbbüsü ilə qəbul olunan Trans Adriatik boru kəməri (TAP) və Trans-Anadolu qaz kəməri (TANAP) layihələri həm ölkəmizin, həm də qitə dövlətlərinin enerji maraqlarına cavab verir. Bu, Azərbaycanın Avropanın ən yaxın və etibarlı enerji tərəfdaşı olmasının daha bir təsdiqidir. Eyni zamanda, TANAP layihəsi Trans-Xəzər qaz kəmərinin gerçəkləşməsi üçün də yeni imkanlar yaratmış olur. Qazaxıstan və Türkmənistanın gələcəkdə bu layihəyə qoşulacağı təqdirdə Azərbaycan həm də qaz nəqlində mühüm tranzit ölkəyə çevriləcək. Ümumiyyətlə, TANAP layihəsi ilə Şərq-Qərb enerji dəhlizinin formalaşmasında Azərbaycanın rolu əhəmiyyətli dərəcədə artacaq.

Yaxın gələcəkdə reallaşacağı şübhə doğurmayan bu kəmər Avropada “mavi yanacaq” bazarını genişləndirəcək, istehlakçı ölkələr isə enerji mənbələrinin çoxaldılması yolu ilə öz təhlükəsizliklərini daha etibarlı təmin edə biləcəklər.

“Şahdəniz-2" layihəsinin gerçəkləşməsi bir tərəfdən “Cənub” qaz dəhlizi vasitəsilə “mavi yanacağın” Xəzər dənizindən Avropadakı bazarlara çatdırılacağı, digər tərəfdən isə Azərbaycanın enerji sektoruna böyük həcmdə yeni investisiyaların yatırılmasına və yeni iş yerlərinin yaradılması deməkdir.

Nəzər yetirdiyimiz istiqamətdə növbəti tarixi əhəmiyyətli strateji məqamlardan biri də 2014-cü ilin sentyabrın 20-də Asiya ilə Avropanı, Xəzər hövzəsi ilə uzaq Adriatik dənizi sahillərini əlaqələndirəcək “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasıdır. Bu yaxınlarda Bakıda “Cənub” qaz dəhlizi Məşvərət Şurasının yığıncağında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən söylənilən fikirlər XXI əsrin layihəsi adını alan bu layihənin Azərbaycanın praqmatik enerji siyasətinin, bu kontekstdə beynəlxalq əməkdaşlığın qanunauyğun nəticəsi kimi qəbul etmək olar. Ölkə başçısı bu məqamlara toxunaraq qeyd edib ki, “Cənub” qaz dəhlizi layihəsi məhz son 20 il ərzində tərəfdaşlarımızla apardığımız işə əsaslanır.

Beləliklə, Azərbaycanın regional əməkdaşlıq və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verməsi ölkənin beynəlxalq nüfuzunun artması və mövqeyinin möhkəmlənməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. “İnternational Herald Tribune” qəzetinin siyasi şərhçisi Selestin Bohlen “Azərbaycan enerji ixracı sahəsində Avropa və Rusiya arasında tarazlı siyasət aparır” sərlövhəli məqaləsində bildirir ki, Azərbaycanı etibarlı strateji tərəfdaşa çevirən təməl faktor bu ölkənin müstəqil və tarazlı enerji siyasəti yeritməsi ilə bağlıdır. Məqalədə qeyd edilir ki, Xəzər hövzəsinin bayraqdarı Azərbaycan regional miqyasda reallaşdırılan layihələrin mərkəzi oyunçusu olmaqla yanaşı, qlobal enerji siyasətində də tarazlaşdırıcı mexanizmdən səmərəli şəkildə istifadə edir: “Bu da Azərbaycanın dünya miqyasında əhəmiyyətli üstünlüklər əldə etməsinə və mövqeyinin möhkəmlənməsinə səbəb olur”.

Sadalananların məntiqi nəticəsi kimi, Azərbaycanla əməkdaşlıq dünya dövlətlərinin strateji prioritetləri sırasında yer alır. Xarici ekspertlər, bir çox ölkələrin rəsmiləri, o cümlədən dünya mətbuatı ölkəmizin inkişafını yüksək qiymətləndirir, əldə edilən nailiyyətləri, həmçinin Azərbaycanla əməkdaşlığı təqdirəlayiq hal kimi xarakterizə edirlər.

“Gallup İnternational” müstəqil Tədqiqatlar Agentlikləri Assosiasiyasının 2014-cü ildə əhali arasında keçirdiyi sorğunun nəticəsinə görə dünya xoşbəxtlik reytinqində Azərbaycan 4-cü yerdə qərarlaşıb. Bu o deməkdir ki, getdikcə müasirləşən və daha yüksək rifaha nail olan Azərbaycan vətəndaşı öz taleyindən, dövlətindən, həyatından razıdır və gələcəyə nikbin baxır.

Səmərəli xarici siyasət kursuna malik olan, qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınan Azərbaycan həm də beynəlxalq dialoq və əməkdaşlıq məkanıdır. Ölkəmizdə ən mötəbər beynəlxalq tədbirlərin keçirilməsi, qlobal əhəmiyyətli taleyüklü məsələlərin aktiv müzakirəyə çıxarılması və digər bu kimi nümunələr, eyni zamanda, Bakının mədəniyyətlərarası dialoqun paytaxtına çevrilməsini göstərir. ATƏT Pa-nın 23-cü yay sessiyasının Bakıda keçirilməsi, 2015-ci il Avropa Yay Oyunlarının məhz Azərbaycana etibar edilməsi, NATO, İslam Əməkdaşlıq Təşkilatının və digər nüfuzlu beynəlxalq və regional qurumların qlobal əhəmiyyətli tədbirlərinin ölkəmizdə təşkil olunması, daha geniş mənada, dünya ictimaiyyətinin Azərbaycana qarşı münasibətinin müsbət istiqamətdə dəyişməsi  ölkəmizin demokratik və tolerant obrazına, həm də çoxşaxəli imkanlarına verilən dəyərdir. Dünyada gedən qlobal böhrana baxmayaraq, bu gün Azərbaycan xarici investorlar üçün cəlbedici ölkəyə çevrilmişdir. Azərbaycanda  həyata keçirilən iqtisadi islahatlar xarici mühitdən gələn risklərə və çağırışlara adekvat cavab verməyə imkan yaradır. Ölkənin beynəlxalq reytinqləri və nüfuzu daha da möhkəmlənir. Dünyanın ən mötəbər iqtisadi qurumu olan Davos forumu rəqabət qabiliyyətinə görə Azərbaycanı 144 ölkə arasında 38-ci yerə layiq görüb. Makroiqtisadi  stabillik səviyyəsinə görə isə ölkəmiz bu reytinqdə birinci onluqdadır.

Yeri gəlmişkən, daxili və xarici siyasətin kompleks uğurları fonunda Azərbaycanın pozitiv beynəlxalq imicinə təsir edən amillərdən biri də ölkənin tolerantlıq nümunəsi kimi çıxış etməsidir. Azərbaycan bu mənada dünyaya yeni model bəxş edib. Dünyada “sivilizasiyaların toqquşması” prosesinin cərəyan etdiyi, müxtəlif ölkələrdə cəmiyyətdaxili qarşıdurmalar nəticəsində dini, etnik zəmində konfliktlərin yaşandığı bir zamanda Azərbaycan sabit və tolerant mühiti ilə diqqət çəkir. Ölkəmiz tarixən mədəniyyətlərin inteqrasiyası və tolerantlıq təcrübəsinə malik olan bir ölkədir. Bu kontekstdə böyük əhəmiyyət kəsb edən digər məqam multikulturalizmin Azərbaycanda həyat tərzi olmasıdır. Ölkəmizdə bu məsələ xüsusi aktuallıq kəsb edir, çünki Azərbaycan modeli və təcrübəsi multikulturalizmin təbliği üçün müsbət nümunə qismində çıxış edir. Azərbaycan müxtəlif xalqların nümayəndələrinin yanaşı, sülh və təhlükəsizlik şəraitində yaşadığı ideal və arzuolunan məmləkət kimi dəyərləndirilməkdədir. Amerikada nəşr olunan “The Hill” qəzetində dərc olunan “Azərbaycan tolerantlıq və multikulturalizm ölkəsidir” sərlövhəli məqalədə ölkəmizin sivilizasiyalararası dialoqun inkişafında oynadığı rol, dünyaya təqdim etdiyi dəyərlər yüksək qiymətləndirilir. Müəllif diqqətə çatdırır ki, Azərbaycan həm də müxtəlif dinlərin, müxtəlif etnik qrupların nümayəndələri üçün vətəndir. Dörd ildir ölkəmizdə keçirilən Bakı Beynəlxalq Humanitar Forumu onu göstərir ki, Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi, həmçinin humanitar məsələlərin müzakirə olunduğu  məkan kimi öz rolunu və əhəmiyyətini təsdiq etmişdir. Belə tədbirlər sayəsində Bakı artıq beynəlxalq mədəni-humanitar dialoq və əməkdaşlıq üçün bir növ “intellektual Davos”a çevrilib. Prezident İlham Əliyev “Biz hesab edirik ki, multikulturalizmin müasir dünyada alternativi yoxdur” söyləməklə ona ən düzgün qiyməti vermişdir.

Ölkəmiz həm özünün milli maraqlarına müvafiq olaraq Qərbə, yaxud Avroatlantik strukturlara uğurla inteqrasiya edir, həm də Şərq ölkələri ilə çoxşaxəli əməkdaşlıq əlaqələrini davamlı surətdə inkişaf etdirir. Məlum olduğu kimi, Azərbaycanın xarici siyasət kursunda Avroatlantik qurumlarla əlaqələr və Qərb dövlətləri ilə ikitərəfli əməkdaşlıq münasibətləri xüsusi çəkiyə malikdir. Azərbaycanın demokratik dövlət quruculuğu siyasəti Qərbə inteqrasiyanı mümkün edən başlıca amildir. Ölkəmizin əlverişli coğrafi mövqedə yerləşməsi, azad bazar iqtisadiyyatına malik olması, xarici investorların fəaliyyətinə geniş şərait yaratması, beynəlxalq siyasi nüfuzunun güclənməsi region dövlətlərini respublikamızla əməkdaşlığa cəlb olunmasını şərtləndirir. Bu gün  Qərb ölkələrinin müsbət beynəlxalq imicə malik Azərbaycanla əməkdaşlığa olan meyli, eləcə də, ölkəmizin milli, siyasi və iqtisadi maraqları zəminində respublikamızın Avropa məkanına inteqrasiyası daha sürətlə inkişaf etməkdədir.

Paralel olaraq, Azərbaycanla Şərq ölkələri arasındakı əlaqələr də dinamik inkişaf tempinə malikdir. Bu, bütün sahələri - iqtisadi, siyasi, mədəni, humanitar və s. istiqamətləri əhatə edir. Belə ki, Azərbaycan müsəlman ölkələrinin təşkilatı olan İslam Əməkdaşlıq Təşkilatında təmsil olunur, eyni zamanda, digər Şərq ölkələri ilə də ikitərəfli və çoxtərəfli formatda mövcud olan qarşılıqlı-faydalı əlaqələr davamlı olaraq daha da möhkəmləndirilir. Azərbaycanla müsəlman ölkələri daim beynəlxalq arenada qarşılıqlı surətdə bir-birlərinin mənafe və mövqelərini müdafiə edirlər. Qısası, Azərbaycanın praqmatik mövqeyinin fonunda Şərq ölkələri ölkəmizi etibarlı tərəfdaş və sıx münasibətlərə malik müttəfiq kimi qiymətləndirirlər.

Göründüyü kimi, Azərbaycanın xarici siyasəti çoxşaxəlidir, müəyyən olunmuş proritetlər bir çox istiqamətləri ehtiva edir. Amma bu məsələlər kontekstində xarici siyasət kursunda strateji prioritet kimi müəyyən olunmuş əsas vəzifə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ düyününün açılmasıdır. Bu məqsədlə, Azərbaycan beynəlxalq təşkilatlardakı mövqeyindən və ikitərəfli əlaqələrindən uğurla istifadə edir. Bunların məntiqi nəticəsi kimi, beynəlxalq miqyasda Azərbaycan ərazilərinin işğaldan azad edilməsini tələb edən, Ermənistanı təcavüzkar dövlət kimi tanıyan çoxsaylı qətnamələr qəbul edilib, eyni zamanda, ermənilərin xalqımızın başına gətirdiyi faciələr kəskin qınaq obyektinə çevrilib.  Son dövrlər Ukraynada cərəyan edən hadisələrdən dolayı beynəlxalq ictimaiyyət sanki qəflət yuxusundan ayılaraq separatizmin bəşəriyyət üçün necə ağır nəticələr verə biləcəyinin fərqinə varmağa başlamışdır. Bu tendensiya Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün yeni perspektivlər açır. Təsadüfi deyil ki, indi beynəlxalq  görüşlərdə dövlət başçılarının ritorikasında bununla bağlı səslənən fikirlərdə müəyyən müsbət korrektələr hiss olunur, Azərbaycanın haqq işi daha konkret olaraq dəstəklənir. Bu ilin əvvəllərində  Prezident İlham Əliyevin Almaniyaya, Bolqarıstana və Vatikana səfərinin nəticələri buna əyani sübutdur. Xocalı soyqırımının getdikcə daha çox ölkə tərəfindən tanınması isə eyni zamanda Ermənistanın qondarma “genosid” həşirinə cavab olaraq, xüsusilə Azərbaycanı, mədəniyyətimizi və incəsənətimizi  dünyaya yorulmadan, uğurla tanıtmaqda davam edən Heydər Əliyev Fondunun fəaliyyətinə birbaşa bağlıdır.

Bütün bunlarla yanaşı, o da istisna edilmir ki, diplomatik vasitələrin səmərə vermədiyi son məqamda beynəlxalq hüquq normalarına uyğun olaraq, Azərbaycan öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək üçün hərbi metoda əl atacaq. Belə ki, bir çox hallarda bəzi beynəlxalq qurumlar, hegemon güc mərkəzləri - böyük dövlətlər bu məsələ ilə bağlı ikili standartlar əsasında çıxış edir, ədalətsiz və qeyri-obyektiv münasibət göstərirlər. Amma bütün hallarda, Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək əzmi və iqtidarındadır.

İkili standartlar kontekstində diqqət yetirilməsi vacib olan digər bir məqam da vardır. Qeyd olunduğu kimi, regionda, bütövlükdə, Avrasiya geosiyasi məkanında baş verən son mürəkkəb geosiyasi hadisələrin nəticələri bir daha göstərdi ki, həyata keçirilən balanslaşdırılmış siyasət Azərbaycanın müstəqil xarici siyasət kursunun əsasını təşkil etməklə yanaşı, ölkəmizin beynəlxalq münasibətlərdə uğurla təmsil olunmasını təmin edir. Azərbaycan öz xarici siyasətini, ikitərəfli və çoxtərəfli əlaqələrini sırf beynəlxalq hüquq normaları əsasında davam etdirir. Bunun müqabilində əldə edilən nailiyyətlər Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə, əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verir, eyni zamanda, perspektiv nailiyyətlər üçün strateji zəmin rolunu oynayır. Amma məhdud geosiyasi maraqlar və ikili standartlar əsasında çıxış edən bəzi dairələr Azərbaycanın müstəqil xarici siyasətini narahatlıqla qarşılayır, bu kontekstdə öz korporativ mənafeləri naminə ölkəmizin daxili və xarici siyasət kursuna müdaxilə etməyə çalışırlar. Azərbaycan dövlətinin milli - suveren siyasi iradəsi onu tələb edir ki, ikitərəfli münasibətlər sırf qarşılıqlı hörmət əsasında davam və inkişaf etdirilsin, milli maraqlar əsas strateji prinsip kimi qəbul edilsin. Ona görə də son zamanlar Azərbaycanın siyasi rəhbərliyinin sərgilədiyi yeni taktiki gedişlər, başqa sözlə, Qərbin ikili standartlarına cavab olaraq ortaya qoyduğu və sağlam məntiqə söykənən daha kəskin tənqidi mövqe getdikcə öz bəhrəsini verməkdədir. Bu, prezident İlham Əliyevin son zamanlar xarici səfərlərinin, dünyanın aparıcı dövlətlərinin başçıları ilə keçirdiyi görüşlərin ruhunda da öz əksini tapır. ABŞ, Almaniya, Fransa, Rusiya və digər dünya nəhənglərinin  tanınmış siyasi texnoloqları artıq Azərbaycan reallıqları ilə hesablaşmağın, onun beynəlxalq aləmdə nüfuzunun tanınmasının zəruriliyini qeyd edirlər. Maraqlıdır ki, ölkə daxilində hətta radikal müxalifət nümayəndələri də bu siyasətin uğurlarını etiraf etməyə başlamışlar.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “İkili standartların dünya nizamı və müasir Azərbaycan” adlı məqaləsində qeyd edir ki, bugünkü Azərbaycan sürətlə inkişaf edən, Qafqazda regional gündəliyi formalaşdıran dövlətdir: “Bizimlə beynəlxalq hüquq normalarına uyğun münasibətlər qurmağa meyil edən ölkələr və beynəlxalq münasibətlər sisteminin digər iştirakçıları Azərbaycanda həmişə hörmət və dəstək görəcəklər. Bizim dövlət beynəlxalq münasibətlərdə nəsihətçi tonunu, xüsusən ”müəllimlər" öz dövlətlərindəki ciddi problemlərə göz yumanda, qəbul etmir. Biz bəyanatları və sözləri ilə əməlləri üst-üstə düşən ölkələrə həmişə hörmət göstərmişik. Dildə bir söz deyən, əməllərində isə Azərbaycana tamam başqa münasibət nümayiş etdirən dövlətlər bizim etimadımızı qazana bilməzlər".

Azərbaycanın müstəqil və səmərəli xarici siyasətinin fonunda  digər bir strateji əhəmiyyətli məqama toxunmaq vacibdir. Bu, ondan ibarətdir ki, bütün bu uğurların altında xalqın partiyasına çevrilmiş, 600 mindən artıq üzvü olan Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin ideoloji sütununu təşkil edən və demokratik dəyərləri və xalqın rifahını əsas hədəf seçmiş Yeni Azərbaycan Partiyasının imzası vardır. Azərbaycanın milli və dövlətçilik maraqları əsasında fəaliyyət göstərən YAP-ın çoxşaxəli beynəlxalq əlaqələri də dövlətimizin xarici siyasətinin səmərəliliyinə fundamental töhfələr verir. Partiyanın beynəlxalq əlaqələri mütəmadi olaraq genişlənir və birmənalı şəkildə dövlətin milli maraqlarına xidmət edir. Partiyamız həm Avropanın, həm də Asiyanın  müxtəlif siyasi təşkilatları ilə geniş əməkdaşlıq münasibətlərinə malikdir. Mərkəzçi Beynəlxalq Demokratlar Təşkilatı, Avropa Xalqları Partiyası ilə geniş əlaqələrə malik olan Yeni Azərbaycan Partiyası həm də Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (İCAPP) çərçivəsində səmərəli fəaliyyət göstərir. Bundan başqa, YAP-ın təşəbbüsü və təşkilatçılığı ilə ölkəmizdə müxtəlif konfrans və forumların keçirilməsi, partiyanın nümayəndələrinin Avropa təşkilatlarının müxtəlif forumlarında uğurla təmsil olunması kimi amillər də çoxşaxəli əməkdaşlıq əlaqələrinin inkişafına mühüm töhfələr verir.

Beləliklə, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələbləri və reallıqlarına uyğun olaraq uğurla davam etdirilən praqmatik xarici siyasət kursu Azərbaycan Respublikasının milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artıran mexanizm qismində çıxış etməkdədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan öz gücünə arxayın olan, bütün tərəfdaşlar ilə münasibətləri qarşılıqlı hörmət və ehtiram prinsipləri əsasında qurmağa çalışan, dinamik inkişaf edən gənc və eyni zamanda təcrübəli bir regional amildir. Bir sözlə, müstəqil xarici siyasət kursu, mötəbər beynəlxalq qurumlarda uğurlu təmsilçilik Azərbaycanın regional güc mərkəzi kimi nüfuzunu gücləndirmiş və sarsılmaz mövqeyini təmin etmişdir.

 

Bahar MURADOVA,

Milli Məclis sədrinin müavini,

YAP İdarə Heyətinin üzvü

 

Xalq qəzeti.- 2015.- 9 may.- S.4.