Azərbaycan Respublikasının müasir dünyadakı

vəziyyəti və geosiyasi mövqeyi

 

Avrasiyanın müasir geosiyasi xarakteristikasını və region ölkələrinin inkişaf perspektivlərini qiymətləndirən  ekspertlər:

-  əlverişli coğrafi, geosiyasi, geoiqtisadi, hərbi-geostrateji mövqelərini;

-  yürütdüyü müstəqil daxilixarici siyasətini;

- zəngin təbii ehtiyatlarını, maddi, mənəvi, əmək və insan resurslarını,

-  Şərq-Qərb alternativ nəqliyyat-kommunikasiya, tranzitenerji dəhlizlərinin yaradılması sahəsində yürütdüyü transmilli siyasəti və tutduğu düzgün mövqeyini;

-  daxili ictimai-siyasi sabitliyi təmin etməsi, demokratik dövlət, vətəndaş cəmiyyəti, bazar iqtisadiyyatı quruculuğu prinsiplərini rəhbər tutmasını;

- son on ildə nail olduğu dinamik sosial-iqtisadi inkişafı və gələcək inkişaf potensialını  nəzərə  alaraq Azərbaycan Respublikasını bölgənin geosiyasi cəhətdən ən əhəmiyyətli və perspektivli ölkəsi hesab edirlər. Geosiyasi xarakteristikanın əsas dəyər ölçüləri kimi çıxış edən bu amillər həm ölkənin dinamik inkişafını, beynəlxalq aləmdəki yerirolunu, həm də ikitərəfli və çoxtərəfli tərəfdaşlıq dəyərini şərtləndirir.

 

 Başqa geosiyasi əlamətlərinə - ərazisinin ölçülərinə, sərhədlərinin vəziyyəti və qonşularla münasibətinə, maddi və mənəvi resurslardan yararlanma əmsalı və s. görə də Azərbaycan Cənubi Qafqazın ən böyük və ən perspektivli dövləti hesab olunur.

Azərbaycanın təbii və coğrafi  resurslarına onun: 86,6 min kvadrat  kilometr quru və 80 min kvadratkilometr Xəzər dənizindəki milli sektoru; Avropa və Asiyanı birləşdirən əlverişli coğrafi, geosiyasigeoiqtisadi mövqeyi; avtomobil, dəmir  yolu  su nəqliyyatı vasitəsilə  Rusiya, Türkiyə, İran, Gürcüstan, Ermənistan, Orta AsiyaQara dəniz bölgəsi ölkələri ilə nəqliyyat-kommunikasiya imkanları və s. daxildir.

Azərbaycanın geosiyasi dəyərinin artmasına və xarici ölkələrlə münasibətlərinə müsbət təsir göstərən əsas amillərdən birionun əhəmiyyətli geosiyasicoğrafi məkanda yerləşməsi hesab olunur. Ölkə dünyanın ən əhəmiyyətli məkanı hesab olunan Avrasiyanın mərkəzində yerləşir, Xəzər-Qara dəniz hövzəsi  və Cənubi Qafqazda  gedən  əsas  proseslərin və transmilli maraqların təməlində dayanır. Azərbaycan Gürcüstanla birlikdə Xəzər və Qara dənizləri arasındakı mühüm əhəmiyyətli kontinental geosiyasi məkanının; Türkmənistan və Qazaxıstanla birlikdə Avropa-Cənub-Şərqi Asiyanın; Rusiyaİranla birlikdə Şimal-Cənub dəhlizinin; Şərqlə-Qərb arasındakı əksər transmilli nəqliyyat-kommunikasiya layihələrinin; NATO və KTMT kimi hərbi-strateji blokların təmas xəttində yerləşərək, həm Avropanın, həm Asiyanın, həm də Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın regional maraqlar mübarizəsində önəmli vəsilə kimi çıxış edir.

Xəzərətrafı ölkələr içərisində ən əhəmiyyətli geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mövqe də məhz Azərbaycana məxsusdur.

Geoiqtisadi  dəyərinə  görə Prezident Heydər Əliyevin 1994-cü ildə əsasını qoyduğu yeni neft strategiyası və transmilli enerji-nəqliyyat-kommunikasiya layihələrin həyata keçirilməsi Azərbaycanı dünyanın aparıcı dövlətləri və şirkətləri üçün cəlbedici tərəfdaşa çevirmişdir. Onun əsas dəyəri həm də yalnız neft-qaz sektoru ilə məhdudlaşmamış,  keçən illərdə yürüdülən düzgün iqtisadi inkişaf strategiyası ölkəni ümumilikdə  Avrasiyanın dinamik inkişaf edən ölkəsinə, iqtisadi, sosial-siyasi və mənəvi mərkəzinə çevirmişdir.

Azərbaycan həm də hövzənin  neft-qaz resurslarından istifadənin düzgün strategiyasını müəyyənləşdirməklə, beynəlxalq aləmin daim artan  enerji ehtiyacı ilə ölkənin milli maraqlarını uzlaşdırmış və bu əsasda etibarlı tərəfdaş imici qazanmış, milli iqtisadi və maliyyə dividendlərini gücləndirməklə özünün beynəlxalq dəyərini artırmışdır. Bu amilə təkcə təbii resurs mənbəyi və geoiqtisadi anlamda yanaşmaq düzgün olmazdı. Ölkənin bəhs olunan üstünlüklərindən, xüsusən də neftqaz amilindən bacarıqla istifadə etməklə, müasir dünyanın aparıcı dövlətləri və güc mərkəzlərinin diqqətini digər milli problemlərinə cəlb etməsi Azərbaycanın müasir dövrdə əsas milli geosiyasi vəzifələrindən biri hesab olunur. Bu üstünlüyünimicin qorunması və düzgün istifadə olunması gələcəkdə də ölkənin geosiyasi addımlarının və vəzifələrinin əsas müvəffəqiyyətini təşkil etməlidir.

Hazırda Azərbaycan Xəzər dənizinin digər sahilində yerləşən Qazaxıstan və Türkmənistanla birlikdə üçüncü minillikdə Avropanın artan enerji tələbatının ödənilməsi və dünyada enerji təhlükəsizliyinin təminatı sahəsində “ən əlverişli və ümidverici alternativ tərəfdaş” hesab olunur.

Dünyanın alternativ enerji mənbəyi hesab olunan Xəzər regionunda neft-qaz istehsalı ilə bağlı əsas risklərdən biri hasil olunan məhsulun dünya bazarlarına təhlükəsiz və sərbəst marşrutlarla çıxarılması ilə bağlıdır. Bu anlamda Azərbaycan özünün və tərəfdaşlarının hasil etdiyi neft-qaz məhsullarının xarici bazarlara çıxarılması, ixrac marşrutlarının  şaxələndirilməsi  məsələsində Xəzər ölkələri içərisində həm Qazaxıstandan, həm də Türkmənistandan daha əlverişli vəziyyətdədir. Onlarla müqayisədə Azərbaycanın enerji ixracı riskləri  çox aşağı səviyyədədir. 1994-cü ildə- “Əsrin müqaviləsi” imzalandıqdan sonra Azərbaycan bölgənin karbohidrogen ehtiyatlarının alternativ yolla Avropaya nəqli marşrutunu müəyyənləşdirərək, planetar əhəmiyyətli, eyni zamanda çox məsuliyyətli və uzaqğörən  strateji seçim etdi. Nəticədə Xəzərin  neftqaz ehtiyatlarının alternativ və müstəqil yolla Avropaya ixracının yeni  marşrutu dövriyyəyə buraxıldı. Bu marşrut ilə yeni neftqaz ixracı kəmərlərinin çəkilməsi növbəti bir amil olaraq Azərbaycanın regionda geosiyasi, geoiqtisadi nüfuzunu və tranzit dəyərini artırdı, Xəzər hövzəsinin, Mərkəzi Asiyanın enerji resurslarının Qərbə nəqli istiqamətində əsas tranzit ölkələrdən birinə -  yeni transmilli yanacaq və nəqliyyat dəhlizlərinin  dayağına çevirdi.

Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına ixracını nəzərdə tutan layihələrin reallaşması  heçasan başa gəlmədi, müxtəlif beynəlxalq, regionalyerli geosiyasi maraqların toqquşması ilə müşahidə olundu. Lakin Azərbaycanın tam müstəqil geosiyasi, geoiqtisadi və təhlükəsizlik siyasəti, prinsipial və qətiyyətli mövqeyi Asiya ilə Avropanı birləşdirən böyük enerji-nəqliyyat layihələrinin həyata keçirilməsini mümkün etdi. Hazırda, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk kimi illik gücü təxminən 70 milyon ton təşkil edən üç neft  kəməri, Bakı-Tbilisi-Ərzurum, Bakı-Astara-İran və Bakı-Rusiya kimi illik gücü təxminən 30-40 milyard kubmetr olan maye qaz kəmərlərinin mövcudluğu Azərbaycanın və tərəfdaşlarının enerji ixracı sahəsindəki geoiqtisadi risklərini, demək olar ki, sıfıra endirmişdir.

Xəzər qazının alternativ yollarla Avropa ölkələrinə ixrac olunması təkcə Azərbaycanın deyil, bütöv Xəzər hövzəsi ölkələrinin qaz ixracı ilə bağlı risklərini ciddi şəkildə azaltmış və geoiqtisadi etibarlılığını artırmışdır. Buna əlavə olaraq transmilli Cənub qaz dəhlizinin və “Şahdəniz 2" layihəsinin reallaşdırılması istiqamətində yeni ixrac kəmərləri- TANAP və TAP vasitəsilə Azərbaycan qazının Avropa bazarına çıxarılması perspektivi bu etibarlılığı daha da möhkəmləndirmişdir.

Azərbaycan geosiyasigeoiqtisadi baxımdan həm də Avrasiyanın  giriş qapısı, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizlərinin mərkəzi  dövləti hesab olunur. Rusiyadan yan keçməklə AvropaAsiya ölkələri arasında bağlayıcı körpü rolunu icra edən Trans-Qafqaz nəqliyyat dəhlizi (TRASEKA), strateji Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin təşəbbüskarı, hərəkətverici qüvvəsi və əsas təminatçısı da məhz Azərbaycandır. Bundan başqa, Trans-Asiya nəqliyyat dəhlizində  (Cənubi, Şərqi və Orta Asiya-İran-Azərbaycan-Rusiya və əksinə, İranın Fars körfəzi vasitəsilə bu ölkələri Avropa ilə birləşdirən nəqliyyat-kommunikasiya layihəsi - Ə.H.) əsas bağlayıcı ölkələrdən biri kimi çıxış etməsi Azərbaycanın mühüm tranzit əhəmiyyətini bir daha təsdiq edir. Dünyanın nəqliyyat-kommunikasiya əlaqələrində həlledici bir vəsiləyə çevrilməsi Azərbaycanın son bir neçə ildə həm daxili, həm də regional və beynəlxalq yol-nəqliyyat infrastrukturunlarının, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində çoxsaylı tranzit sistemlərinin müasir tələblərə uyğun yenidən qurulmasına təkan vermişdir.

Görülən bütün işlərin başlıca məqsədi Azərbaycanın regionun tranzit mərkəzi statusunu möhkəmlətməklə, həm də onun regionun nəqliyyat-logistika mərkəzinə çevrilməsini təmin etməkdir. Bu isə onu deməyə əsas verir ki, Almaniya, Niderland, Böyük Britaniya, Çin, Cənubi Koreya, İran və digər ölkələrdə olduğu kimi, Azərbaycanda da Nəqliyyat Logistika Mərkəzinin yaradılacağı gün heçuzaqda deyil.

Beləliklə, Avrasiyanın əsas tranzit ölkələrindən biri olaraq, Azərbaycan Şərq-Qərb ticarət, enerji-yanacaq və nəqliyyat-kommunikasiya əlaqələrinin mərkəzində dayanır. Bu mövqe getdikcə güclənir və ən əsası isə dünyanın əsas qloballaşmaregional inteqrasiya mərkəzləri  (Avropa Birliyi, ABŞ, Yaponiya, Çin, Cənub-Şərqi Asiya ölkələri və b.) Azərbaycanın üçüncü minillikdə dünyanın həm alternativ enerji təminatçısı, həm də əsas tranzit ölkə  kimi qəbul edir. Azərbaycanın tranzit imkanları artdıqca, planetar geosiyasi dəyəri də yüksəlir ki, bu da onun xarici ölkələrlə geosiyasi tərəfdaşlığını şərtləndirən əsas amillərdən biri hesab olunur.

Azərbaycanın qlobalregional geosiyasi çəkisini artıran başlıca amillərdən birionun müstəqil bir dövlət olaraq tam formalaşması, özünü təmin edən milli iqtisadiyyata, maddi, mənəvi və insan resurslarına, milli-vətəndaş birliyinə, əhali tərəfindən dəstəklənən milli  strategiyaya, güclü ordu və müdafiə potensialına və s. zəruri təsisatlara malik olması və bütün bunlara söykənərək müstəqil daxilixarici siyasət yürütməsidir. Müstəqillik əldə edildikdən sonrakı dövrdə milli dövlətin iqtisadi, hüquqiideoloji əsaslarının, idarəçilik mexanizminin, daxilixarici siyasət strategiyasının, təhlükəsizlik konsepsiyasının formalaşdırılması və həyata keçirilməsi prosesi çox çətin idi. Prezident Heydər Əliyevin şəxsi nüfuzu, siyasi uzaqgörənliyi, böyük idarəçilik təcrübəsi sayəsində 1993-2003-cü illəri əhatə edən birinci on il ərzində bütün milli resursları vahid məqsəd uğrunda səfərbər etmək, Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq, onu sabit inkişaf yoluna çıxarmaq və milli iradəyə əsaslanan müstəqil subyekt kimi beynəlxalq aləmlə sıx inteqrasiyasını təmin etmək mümkün olmuşdur. Nəticədə, dövlət həm özünün neft strategiyasını uğurla reallaşdırmış, həm də gələcək inkişafının möhkəm bazasını yaratmışdır.

2003-2013-cü illəri əhatə edən ikinci onillikdə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi sayəsində oturuşmuş liberal iqtisadiyyataböyük maliyyə resurslarına, güclü orduya malik, özünü tam təmin edən, heç kimdən asılı olmayan, sözünü cəsarətlə deyən, mövqeyinə və rəyinə hörmətlə yanaşılan və milli maraqlara söykənən müstəqil siyasət yürüdən ölkəyə çevrilmişdir. Bu gün Azərbaycan ciddi geosiyasi amil kimi postsovet məkanının, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın müasir geosiyasi, geoiqtisadi və hərbi-geostrateji xarakteristikasının müəyyənləşdirilməsinə mühüm təsir göstərir, habelə BMT, ATƏT, Avropa Şurası, İKT, Qoşulmama Hərəkatının fəal üzvü olaraq, dünyanın güc mərkəzləri ilə yaxından əməkdaşlıq edərək qlobal siyasətdə öz imkanlarını getdikcə genişləndirir.

Azərbaycan Cənubi Qafqazda iqtisadi potensialına görə də xarici aləmin diqqətini çəkir. Hazırda dünyada Azərbaycanın mövcudperspektiv geoiqtisadi potensialı - iqtisadi inkişaf tempi,  maddiinsan resursları, bu sahələrdə  yürütdüyü  praqmatik siyasət yüksək qiymətləndirilir. Zəngin təbii, xüsusən, enerjikarbohidrogen ehtiyatlarına, əlverişli iqlimmünbit torpağa, turizm imkanlarına, kənd təsərrüfatı və sənaye infrastrukturlarına və işlək əhaliyə malik olması ölkənin iqtisadi perspektivlərini xüsusi cəlbedici edir.

Hazırda ölkənin təsdiq olunmuş karbohidrogen ehtiyatları 4.6, ehtimal olunan isə 10 milyard ton şərti yanacaq təşkil edir. Bunun 2 milyard tonunu neft, 2,6 trilyon kubmetri isə təbii qaz təşkil edir.

Müstəqillik illərində neft sektoruna 48 milyarddan çox ABŞ dolları miqdarında xarici sərmayə qoyulmuş, 61 yeni neft yatağı istismara verilmiş və yaxud yararlı vəziyyətə gətirilmışdir.

Hələ 2000-ci ilin əvvəllərində mütəxəssislər 2010-cu ildən etibarən Azərbaycanın Xəzərdə ildə təxminən 55 milyon ton neft və 20 milyard kubmetr qaz çıxarmaq imkanı olduğunu  proqnozlaşdırırdılar. Proqnozlara görə, XXI əsrdə Azərbaycan dünyanın enerji məhsullarına artan tələbatının nəzərəçarpacaq hissəsini (ildə təxminən 40-50 milyon ton neft və 25-30 milyard kubmetr qaz) verəcəkdir.  Artıq 2006-cı ildə  neft və qaz hasilatının həcmi  bu proqnozların əsassız olmadığını təsdiq etdi. Dövlət Neft Şirkətinin rəsmi məlumatına əsasən, keçən illər üzrə Azərbaycanın neft və qaz hasilatı artan templə davam etmişdir. 2013-cü ildə ölkədə 53 milyon tondan artıq neft, 29 milyard kubmetrdən artıq təbii qaz istehsal edilmişdir.

Neft qaz istehsalı üzrə həyata keçirilən transmilli layihələrə yaradılan şəraitə görə, xarici partnyorlar bölgə ölkələri içərisində ən çox Azərbaycan və Qazaxıstandan razıdırlar və bu ölkələrin iqtisadi gələcəyinə də çox nikbin yanaşırlar. Hazırda Qərb ölkələri və ABŞ Azərbaycanı özlərinin enerji sahəsində ən sabit və etibarlı tərəfdaşlarından biri kimi dəyərləndirərək,  ona dünya enerji bazarına çıxmaq üçün lazım olan bütün dəstəyi göstərirlər. Bütün bunlar Azərbaycanın dünyada və regionda transmilli geoiqtisadi dəyərini artırır və əlverişli tərəfdaşa çevirir.

Azərbaycanın müstəqillik illərində davamlı olaraq müşahidə olunan sürətli sosial-iqtisadi inkişafı faktı da, mütəxəssislərin fikrinə görə, Cənubi Qafqaz ölkələri içərisində onun geoiqtisadi çəkisini getdikcə əhəmiyyətli dərəcədə yüksəldir. 1996-cı ildən başlayaraq Azərbaycanda ümumi daxili məhsul istehsalının orta hesabla hər il 10 faizdən yuxarı artımı, inflyasiyanın nisbətən sabit saxlanması, əhalinin pul gəlirlərinin və yaşayış həddinin getdikcə yüksəlməsi, istehsalda qeyri-neft sektorunun və özəl sahənin payının artması, idxal-ixrac  balansında ixracın üstünlüyünün təmin edilməsi və s. həyata keçirilən iqtisadi siyasətin səmərəli olmasını bilavasitə təsdiq edir.

Müstəqillik illərində ölkə iqtisadiyyatına yatırılmış sərmayələrin ümumi həcmi 2013-cü ildə 172,4 milyard dollara çatmış və 2007-ci ildən başlayaraq daxili sərmayələrin həcmi xarici sərmayələrin həcmini üstələməyə başlamışdır.

2004-2013-cü illərdə Azərbaycanın inkişaf strategiyası xüsusi düşünülmüş, hərtərəfli əsaslandırılmış uzunmüddətli dövlət proqramları əsasında həyata keçirilmişdir. Nəticədə  iqtisadi inkişaf öz yüksək tempini saxlamış və ÜDM artımı son 10 ildə davamlı olaraq təmin edilmişdir. Azərbaycanın sosial-iqtisadi, regional və ayrı-ayrı digər sahələrin inkişafını nəzərdə tutan çoxsaylı ünvanlı dövlət proqramları qəbul edilmiş və uğurla həyata keçirilmişdir. Bunun nəticəsində ölkə iqtisadiyyatı 10 ildə ümumilikdə 3,4 dəfə artmış, yoxsulluğun səviyyəsi 49 faizdən  5,5, işsizlik isə 4,8 faizə enmişdir ki,  bu göstəriciyə görə, Azərbaycan dünyanın bir sıra inkişaf etmiş ölkələrini də geridə qoymuşdur.

Azərbaycanda müasir iqtisadi sosial infrastruktur yaradılmış, respublikanın enerji təhlükəsizliyi tam, ərzaq təhlükəsizliyi isə əsasən təmin olunmuşdur. Son 10 ildə Azərbaycanın dövlət büdcəsi 17 dəfə artaraq 25 milyard dollara çatmışdır. 2003-cü ildə cəmi 800 milyon dollar təşkil edən strateji valyuta ehtiyatları 2013-cü ildə 50 milyard dollara yüksəlmişdir. Bununla yanaşı ölkənin xarici borclarının miqdarı ÜDM-in cəmi 8%-i həcmindədir ki, bu da dünyada ən yaxşı göstəricilərdən biri hesab olunur.

Keçən müddətdə əmək haqları, pensiyalar, təqaüdlər ardıcıl şəkildə artırılmış və bu göstəriciyə görə, Azərbaycan MDB məkanında öncül yerləri tutmuşdur.

Son 10 ildə minlərlə istehsal obyekti, nəhəng zavod və fabriklər, texnoparklar tikilmiş, 1,2 milyon yeni iş yeri yaradılmışdır. 2500 məktəb, yüzlərlə səhiyyə müəssisəsi, mədəniyyət, idman obyektləri tikilmişdir.

İqtisadi inkişaf tempi Azərbaycanın Cənubi Qafqazdakı lider mövqelərini daha da möhkəmləndirmişdir. Müqayisə üçün qeyd edək ki, 2013-cü ildə Azərbaycanda ÜDM istehsalı 71 milyard ABŞ dolları, müvafiq olaraq  Gürcüstanda 16,1 milyard dollar, Ermənistanda isə 10,4 milyard dollar təşkil etmişdir. Azərbaycanın bu gün regiounun ÜDM istehsalındakı payı 80%-i keçmişdir.

Dünyanın bir sıra nüfuzlu iqtisadi və maliyyə mərkəzləri, nüfuzlu reytinq agentlikləri Azərbaycanın yüksək inkişaf tempi faktını qeyd etmişlər.

Hazırda Azərbaycan iqtisadi göstəricilərinə görə Rusiya, Ukrayna, Qazaxıstan və Belarus kimi iri dövlətlərlə birlikdə postsovet məkanının lider dövlətlərindən biridir. Bölgədəki neft istehsalına, transmilli nəqliyyat-tranzit imkanlarına, xarici iqtisadi əlaqələrinin intensivliyinə, enerji resursları ixracının şaxələndirilməsinə, Qərbin Xəzərə hərbi-geostrateji çıxışının təmin edilməsi və hövzənin strateji hədəflərinə nəzarət imkanı yaratmasına görə Azərbaycan  bölgənin ən əhəmiyyətli dövləti hesab olunur.

Müstəqilliyinin ilk illərində Azərbaycanın milli iqtisadiyyatı tamamilə xarici kapitaldan və neft sənayesindən asılı idisə, son illərdə nisbət əsaslı şəkildə dəyişmiş, iqtisadi, sosial, infrastruktur və s. sahələrdə yerli kapital və qeyri-neft sektorunun payı əhəmiyyətli dərəcədə yüksəlmişdir.  Son illər ölkənin neft amilindən və xarici kapitaldan asılılığı kəskin şəkildə azalmış, iqtisadi inkişafın əsas yükü qeyri-neft sektorunun üzərinə keçirilmiş, əsas valyuta ehtiyatları bu sektorun yüksəlişinə istiqamətləndirilmişdir. Bütün bunlar ölkənin iqtisadi gələcəyi ilə bağlı əhalidə və mütəxəssislərdə nikbin əhval-ruhiyyə yaratmışdır.

Azərbaycanda yürüdülən məqsədyönlü siyasətin - neftdən gələn gəlirləri iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft sektorunun inkişafına yönəldilməsinin nəticəsi olaraq ÜDM-in strukturunda bu sahənin payı sürətlə artmışdır. Əgər 2010-cu ildə iqtisadiyyatda qeyri-neft sektorunun payı 44,4 faiz təşkil edirdisə, 2014-cü ildə bu rəqəm artıq 60 faizə yüksəlmişdir. Hökumətin proqnozlarına əsasən, 2015-ci ildə qeyri-neft sektorunun ÜDM-də payı 61,7 faizə çatacaqdır.

Azərbaycanın 2005-2013-cü illərdə strateji neft və qaz məhsullarının satışından əldə edilən gəlirlər hesabına ölkənin enerji, nəqliyyat, rabitə-informasiya sektorunun tam yeniləşdirilməsi və bu sahələr üzrə milli təhlükəsizliyin möhkəmləndirilməsi, sosial və iqtisadi infrastrukturun yenidən qurulması, iqtisadiyyatının liberallaşdırılması və şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafına önəm verilməsi, ekoloji tarazlığın təmin edilməsi və s. hesab olunur.

2003-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının qəbulu və icrası respublikada yeni şərait yaratmış, bölgələrin hərtərəfli tərəqqisinə səbəb olmuş, mərkəzlə regionlar arasında sosial-iqtisadi fərqləri əsasən aradan qaldırmış, yaşayış məntəqələrinin simasını müasirləşdirmişdir. Respublikanın kommunal, yol-nəqliyyat, sosial, informasiya-kommunikasiya, ekologiya və digər sahələrin infrastrukturuna milyardlarla dollar investisiya qoyulmuşdur.

Müstəqillik illərində Azərbaycanın kənd təsərrüfatı və ərzaq istehsalı sisteminə əsaslı investisiya yatırılmış, fermerlərə birbaşa dövlət dəstəyi göstərilmiş və bu sahənin inkişafına əsaslı təkan verilmişdir.

Göründüyü kimi, 2004-2013-cü illərdə həyata keçirilmiş məqsədyönlü siyasət nəticəsində ölkə iqtisadiyyatı şaxələndirilmiş və iqtisadi balansda qeyri-neft sektorunun üstünlüyü təmin edilmişdir. Bununla yanaşı, qarşıdan gələn dövrdə də iqtisadiyyatda  enerji amili öz aktuallığını saxlayacaq.

Mütəxəssislərin fikrinə görə, Xəzər regionunun hazırkı regional hərbi-geostrateji balansı Rusiyadan, geoiqtisadi və təbii enerji balansı Azərbaycan, Qazaxıstan və Türkmənistandan, nəqliyyat-kommunikasiya dəhlizləri Azərbaycan, Gürcüstan, Türkiyə və Rusiyadan asılıdır.

Rusiya, İran,  Orta Asiya ölkələri, Azərbaycan, Türkiyə və Gürcüstanın, o cümlədən  Qərb ölkələrinin iştirakı ilə formalaşan Xəzər hövzəsinin geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mühitinin gələcək taleyində Azərbaycanın mövqeyi kifayət qədər yüksəkdir. Bu ölkənin ayaq qoyduğu “geosiyasi tərəzi”nin gözü dərhal regionun əsas ağırlıq mərkəzinə çevrilir və regional münasibətlərin üstün istiqamətini təşkil edir.

Azərbaycanın artan enerji ixracı potensialını düzgün qiymətləndirən ABŞ və Avropa İttifaqı 2007-ci ildən başlayaraq Avropaya qaz ixracını nəzərdə tutan “Cənub dəhlizi” layihəsini geniş müzakirəyə çıxarmışdır. 2010-cu ildən başlayaraq Azərbaycan “Cənub dəhlizi” layihəsi- Nabbuco ilə bağlı həyata keçirilən müzakirələrin perspektivsizliyini görərək təşəbbüsü öz əlinə almış və növbəti dəfə  liderlik keyfiyyətlərini ortaya qoymuşdur. 2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığına dair memorandumun, 2012-ci ildə Türkiyə ilə Trans-Anadolu layihəsi üzrə sazişin imzalanması, 2013-cü ildə isə Trans-Adriatik layihənin əsas ixrac marşrutu kimi seçilməsi “Cənub dəhlizi”nə yeni nəfəs gətirdi. Nəticə etibarilə 2013-cü il dekabrın 17-də Bakıda “Şahdəniz-2" layihəsinə dair yekun investisiya qərarı qəbul edildi. Azərbaycan öz təşəbbüsü və praktiki addımları ilə yeni transmilli enerji layihələrinin əsasını qoydu, “Cənub dəhlizi” layihəsini xilas etdi, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında daha fəal iştirak etmək imkanı qazandı.  Azərbaycanın geosiyasi xarakteristikasının əsas göstəricilərindən biri də onun   zəngin insan resurslarına malik olması ,ölkədaxili sabit daxili ictimai-siyasi, milli-etnik və dini vəziyyətin hökm sürməsi və dövlətin bütün bu sahələr üzərindəki nəzarət imkanları ilə bağlıdır. Azərbaycanın insan resursları  kəmiyyət və keyfiyyət baxımından digər Cənubi Qafqaz ölkələri ilə müqayisədə üstün və perspektivli görünür. Ölkənin ümumi demoqrafik  göstəriciləri (əhalinin artım sürəti, gənclərin ümumi əhali arasında sayı və s.) müsbət istiqamətdə inkişaf edir. Əhalinin ümumi sayı hazırda 9 milyondan artıqdır və  artım balansı getdikcə müsbətə doğru dəyişir. Respublika üzrə hər kvadratkilometrə təxminən 96 nəfər sakin düşür.

Keyfiyyət göstəricilərinə görə ölkə əhalisi dünya standartlarına yaxındır. Əhalinin yaşayış səviyyəsi, təhsili, texniki və peşə hazırlığı, sağlamlıq və yaş meyarları, miqrasiya, urbanizasya göstəriciləri həm daxili inkişaf, həm də qlobal iqtisadi əlaqələr baxımından mütəxəssislər tərəfindən yetərli hesab olunur. Burada ən mühüm meyarlardan biri kimi 2004-cü ildən başlayaraq əhalinin yaşayış səviyyəsinin sürətlə yüksəlməsini, adekvat olaraq yoxsulluğun  azalmasını göstərmək olar.

Tədqiqatçılar ictimai-siyasi sosial-mənəvi resursların milli maraqların təmin edilməsinə yönəldilməsi sahəsində Cənubi Qafqaz ölkələri içərisində ən balanslı geosiyasəti və effektli siyasi idarəçilik sistemini də Azərbaycana aid edirlər. Onların fikrinə görə, Azərbaycanın siyasi hakimiyyəti 1993-2013-cü illər arasında ölkənin geosiyasi vəzifələri və inkişaf ehtiyaclarına uyğun gələn fəaliyyət konsepsiyası və strategiyası seçmiş, dövlətin daxili və xarici siyasətinin prioritetlərini, istiqamət və vəzifələrini düzgün müəyyənləşdirmiş, səmərəli daxili və xarici fəaliyyət nümayiş etdirmiş, ölkəni beynəlxalq, regional, çoxtərəfli və ikitərəfli münasibətlər sistemində layiqincə təmsil etmişdir.

Uğurlu geosiyasi idarəçiliyin nəticəsi olaraq ötən dövrdə Azərbaycanın xarici aləmlə hərtərəfli münasibətləri yaranmış, qarşılıqlı maraqlara cavab verən çoxsaylı ortaq transmilli layihələr həyata keçirilmiş, dünya siyasətinə təsir gücü olan böyük dövlətlərlə, beynəlxalq və regional qurumlarla tərəfdaşlıq münasibətləri qurulmuş, ölkənin nüfuzlu xarici alyanslarda, hökumətlərarası və qeyri-hökumət təşkilatlarında  iştirakı təmin edilmişdir.

Qloballaşmanın vüsət aldığı yeni minillikdə Azərbaycan dünyanın  universal və qlobal iqtisadi  sisteminə müvəffəqiyyətlə inteqrasiya olunur, Avropa İttifaqı, Ümumdünya Ticarət Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və digər transmilli iqtisadi-maliyyə qurumları ilə hərtərəfli əməkdaşlıq edir. Təsadüfi deyil ki, həmin qurumların dəstəyi və təqdimatı ilə postsovet ölkələri içərisində ən çox xarici kapital da məhz Azərbaycan və Qazaxıstan  iqtisadiyyatına yatırılıb. Hazırda adambaşına düşən xarici investisiyaların miqdarına görə Azərbaycan nəinki postsovet məkanının, həmçinin dünyanın lider ölkələrindən biri kimi tanınır.

Keçən müddətdə Azərbaycanın regionda və dünyada nümayiş etdirdiyi balanslı geosiyasət, praqmatik xarici siyasət kursu, uğurlu neft strategiyası, transmilli enerji və nəqliyyat-kommunikasiya siyasəti, regional və milli təhlükəsizlik strategiyası, Avropa Birliyi, NATO, ATƏT, MDB, İKT və b. beynəlxalq-regional qurumlarla yaratdığı tərəfdaşlıq münasibətləri, Qoşulmama Hərəkatına üzv qəbul olunması, əksər beynəlxalq konvensiyalara qoşulması və beynəlxalq aləm qarşısında götürdüyü öhdəliklərin icrası ölkənin xarici aləmlə geosiyasi, geoiqtisadi və hərbi-geostrateji münasibətlərinə müsbət təsir göstərən əsas amillər kimi çıxış etmişdir.

Müasir dünyada dövlətlərin geoiqtisadi dəyər ölçüləri həm də mövcud ölkədə yürüdülən iqtisadi, siyasi, sosial, milli və s. siyasətin xarakteri və effektivliyi ilə ölçülür. Azərbaycan  özünün müsbət və pozitiv iqtisadi inkişaf meyillərini - iqtisadiyyatının liberallaşdırılmasını, Qərblə iqtisadi əlaqələrini və bazar iqtisadiyyatı mexanizmlərini inkişaf etdirilməklə yanaşı, həm də ölkə daxilində sabit vətəndaş birliyinin yaradılması istiqamətində mühüm nailiyyətlər qazanmışdır. Ölkədə həyata keçirilən düzgün və fəal daxili siyasət onun ictimai-siyasi mühitini nəzərəçarpacaq dərəcədə modernləşdirmiş, cəmiyyət həyatını demokratikləşdirmiş,  sosial-mənəvi sahələri yeniləşdirmiş, vətəndaş cəmiyyəti təsisatlarını formalaşdırmış və müasir dövrün tələblərinə uyğunlaşdırmışdır. Avropa dəyərlərinə, dünyəvi və hüquqi dövlət prinsiplərinə  üstünlük verməsi, vətəndaşlarının təhsil, mədəni və intellektual səviyyəsini yüksəltməsi onun  dünyəvi  geosiyasi əhəmiyyətini xeyli artırmış, planetar imicinə və geosiyasi xarakteristikasına müsbət təsir göstərmişdir. Hazırda Azərbaycan öz ictimai-siyasi və sosial-mənəvi vəziyyəti, yekdil milli-dini-vətəndaş birliyi, cəmiyyətinin vəziyyəti və s. ilə Cənubi Qafqazın ən sabit və tolerant ölkəsi hesab olunur.

Azərbaycan Cənubi Qafqazda həm də xristianıqla islamın sərhədlərinin və sivilizasiyaların qovuşduğu, müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin bir arada fəaliyyət göstərdiyi, dini dözümlülüyün hökm sürdüyü coğrafi məkan,  öz multikulturalist və tolerant cəmiyyəti,  sabit ictimai mühiti ilə seçilən dövlət hesab olunur. Ölkə rəhbərliyinin bu istiqamətdə yürütdüyü ardıcıl siyasət regionda Azərbaycanın geosiyasi nüfuzunu artırmaqla yanaşı, həm də Cənubi Qafqaz və Xəzər hövzəsində regional sabitlik və təhlükəsizliyin təmin olunmasına ciddi təsir göstərir. Bütün bunlar, əlbəttə ki, onun xarici aləmlə  geosiyasi tərəfdaşlığına müsbət təsir göstərən  əsas amil hesab olunur.

Tədqiqatçılar Azərbaycanın üstün geosiyasi resursları sırasına, həmçinin azərbaycanlıların ölkədaxili və beynəlxalq aləmdə nümayiş etdirdiyi vətəndaş birliyini, hakimiyyətin siyasətinə xalqın etimadı və dəstəyini, milli maraqların və ölkədaxili sabitliyin qorunması üçün əhalinin, xüsusən, ziyalıların nümayiş etdirdiyi güclü milli iradəni, vətəndaş əzmini və dövlətçilik təfəkkürünü də aid edirlər. Bu gün bölgədə ən sabit  cəmiyyət, milli, etnik, dini icmalar arasında sülh və tolerantlıq mühiti də məhz Azərbaycanda hökm sürür. Bütün bunlar da öz növbəsində Azərbaycanın Cənubi Qafqazdakı geosiyasi liderliyindən xəbər verir, yürüdülən daxili və xarici siyasətində mühüm amil kimi çıxış edir.

Dövlətlərin siyasi, iqtisadi s. fəaliyyətinin ölçü meyarı, göstəriciləri və  müvəffəqiyyəti həm də onun beynəlxalq nüfuzundan, geosiyasi imicindən,  qazanılmış reputasiyasından, onu təmsil edən rəhbərlərin (yaxud rəhbər işçilərin) təsdiq olunmuş nüfuzundan,  daxildə və beynəlxalq aləmdə nümayiş etdirdiyi fəaliyyətdən, xalqının mədəni və intellektual səviyyəsindən asılıdır. Bu baxımdan  Azərbaycan özünün regional imicinə, daxili ideoloji-mədəni resurslarına görə dünyada seçilən yerlərdən birini tutur. Bu yer bir tərəfdən keçmiş Azərbaycan Prezidenti, dünyada nüfuzlu ictimai-siyasi və dövlət xadimi  imici qazanmış  Heydər Əliyevin uzun müddət ölkəni beynəlxalq aləmdə təmsil etməsi, müsəlman ölkələri içərisində Azərbaycanın daha çox Avropa dəyərlərinə, dünyəvi və hüquqi dövlət quruculuğu yoluna üstünlük verməsi, xalqın təhsil, mədəni və intellektual səviyyəsinin yüksək olması, dünyanın elm, mədəniyyət və incəsənət xəzinəsinə verdiyi qabaqcıl töhfələrlə, digər tərəfdənsə hazırda Prezident İlham Əliyevin  yürütdüyü tam müstəqil demokratik və prinsipal xarici siyasət kursu ilə bağlıdır.

Dövlətlərin geosiyasi gücünün beynəlxalq aləmə təsir imkanlarının əsas göstəriciləri həm də onun bütün dünyanın, ayrı-ayrı regionların ictimai-siyasi, iqtisadi, sosial, təhlükəsizlik mühitinə, beynəlxalq aləmin rəsmi və ictimai rəyinə təsir etmək imkanları, transmilli proseslərdə iştirakı və s. ilə ölçülür. Bu baxımdan Azərbaycanın dünya ölkələrinin alternativ enerji təminatı, transmilli enerji, nəqliyyat-kommunikasiya layihələrində iştirakı, digər planetar qlobal proseslərdə - beynəlxalq terrorizmə, narkoticarətə qarşı mübarizədə, dünya siyasətinin demokratik transformasiyasında, regional inteqrasiya  və s. fəal mövqeyi onun bölgədəki geosiyasi gücünü və təsirini, beynəlxalq aləmdəki nüfuzunu, rolunu və dəyərini  xeyli yüksəltmişdir. 2012-ci ildə 155 ölkənin dəstəyi ilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi və bu qurumun çərçivəsində səmərəli fəaliyyət göstərməsi onun qlobal müstəvidəki rolunu da artırmışdır. O, BMT Təhlükəsizlik Şurasında iki illik fəaliyyəti ilə bir daha təsdiq etmişdir ki, qlobal təhlükəsizliyə, dünyada sabitliyin, sülhün və əmin-amanlığın bərqərar olmasına, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına töhfə vermək iqtidarındadır və bu işdə əlindən gələni edir.

Bundan başqa, Azərbaycan vətəndaş cəmiyyəti institutlarına, KİV-lərə və QHT-lərə    yaratdığı sərbəst və azad mühitə, göstərdiyi maddi və mənəvi dəstəyə, dünyanın qlobal informasiya vasitələrinə, aparıcı xarici mətbuat orqanlarına və nümayəndəliklərinə yaratdığı əlverişli şəraitə və s. görə də dünyada vətəndaş cəmiyyəti və siyasi plüralizmin hökm sürdüyü bir dövlət imici qazana bilmişdir.  Bu amil də  ölkənin  beynəlxalq  imici və geosiyasi gücünə fəal təsir göstərir.

Azərbaycanın geosiyasi təsir diplomatik resursları sırasına xarici ölkələrdə  fəaliyyət göstərən diplomatik nümayəndəlikləri, dünyada yaşayan azərbaycanlıları  və s. aid etmək olar. Azərbaycan bu resurslar  vasitəsilə dünyanın siyasi, mədəni, diplomatik və s. həyatında iştirak edir və müvafiq sahələrdə öz geosiyasi maraqlarını təmin etməyə çalışır. Xarici siyasət resurslarının gücünə, xarici ölkələrdəki səfirliklərinin və diplomatlarının sayına görə də Azərbaycan əksər postsovet və Cənubi Qafqaz ölkələrindən üstün mövqedədir.

Xaricdə yaşayan ölkənin xarici siyasət resursu kimi dəyərləndirilən soydaşlara gəldikdə, Cənubi Azərbaycanda, Gürcüstan, Rusiya (Dərbənd vilayəti) və başqa ölkələrdəki tarixi vətənlərində yaşayan təxminən 30-35 milyon azərbaycanlı ilə yanaşı,  dünyada yaşayan digər soydaşlar da ana Vətənlə əlaqələrini  kəsməmiş (bunların sayı təxminən 2 milyona yaxındır) və Azərbaycan üçün potensial investisiya mənbəyi hesab olunurlar.

Azərbaycanın planetar regional geosiyasi təsirinə həlledici təsir göstərən əsas amillərdən biri də ölkənin mövcud hərbi-geostrateji  potensialı, regional və beynəlxalq təhlükəsizlik blokları ilə münasibətləri və təhlükəsizlik siyasəti hesab olunur. Malik olduğu hərbi-geostrateji  potensialına, bu sahədəki göstəricilərinə  və milli resurslarına görə də Azərbaycan  Cənubi Qafqazın lider dövləti hesab olunur. Əhalisinin sayına müvafiq olaraq, onun həm milli ordusunun say tərkibi və hərbi-texniki hazırlığı, həm də silahlanma keyfiyyəti  Gürcüstan və Ermənistandan qat-qat  yüksəkdir. Bundan başqa, ordu quruculuğuna yönəltdiyi ümumi  büdcə xərclərinə görə də Azərbaycan Cənubi Qafqazın lider ölkəsi hesab olunur. Odur ki, Azərbaycan keçən müddətdə təkcə Avropa Birliyinin enerji təhlükəsizliyinin, yaxud  “Qonşuluq siyasəti”nin əsas fiqurantlarından biri  kimi deyil, həm də dünyanın müxtəlif bölgələrində - Əfqanıstanda, İraqda, Balkanlarda və digər münaqişə bölgələrində Qərbin həyata keçirdiyi sülhyaratma proseslərindəki birbaşa iştirakına, NATO-nun qeyri-hərbi ehtiyatlarla təchizatı,  təhlükəsiz hava dəhlizinin təqdim olunması və s. fəaliyyətinə görə    xüsusi fərqlənmişdir.

Azərbaycan regionda yürütdüyü balanslı təhlükəsizlik siyasəti ilə- həm Avroatlantik  təhlükəsizlik strukturları, həm də regionun aparıcı dövlətləri ilə hərbi-geostrateji tərəfdaşlıq xətti yürütməklə dünyanın və regionun təhlükəsizlik maraqlarında ciddi amilə çevrilmişdir. Keçən dövrdə Azərbaycan  Cənubi Qafqazda və Avrasiya məkanında bir-biri ilə toqquşan iki hərbi blokun- NATO və KTMT-nin mövcudluğunu nəzərə alaraq, davamlı tarazlı siyasət aparmağa üstünlük vermişdir. Mütəxəssislər hesab edir ki, Azərbaycanın bu siyasəti Cənubi Qafqazın mövcud reallığına tam adekvatdır.

Beləliklə, yuxarıda göstərilən amillər əsasında, hazırda Azərbaycanın əksər xarici və region ölkələri ilə yaxşı tərəfdaşlıq və əməkdaşlıq münasibətləri vardır. ABŞ və Avropa Birliyi ilə yanaşı, Azərbaycan Xəzər-Qara dəniz hövzəsi, Orta Asiya, Yaxın Şərq, 2012-ci ildə Qoşulmama Hərəkatına üzv olduqdan sonra isə bir sıra Cənubi Amerika və Afrika ölkələri ilə    tərəfdaşlıq əlaqələri yaratmışdır. Bu gün Azərbaycan Qara-Xəzər dənizi hövzələri və Cənubi Qafqaz ölkələri  icərisində geosiyasi və geoiqtisadi riskləri ən minimum olan və ən etibarlı tərəfdaş imici qazanmışdır. Ətraf ölkələrdən onun yalnız işğalçı Ermənistanla Dağlıq Qarabağla bağlı münaqişəsi və problemləri mövcuddur. Xəzər hövzəsi ölkələri içərisində Türkmənistan və İranla Xəzər dənizindəki sektor bölgüsü və bəzi yataqların mənsubiyyəti ilə bağlı müəyyən problemlər yaşansa da, hazırda bu ölkələr arasında bütün digər sahələr üzrə dostluq və tərəfdaşlıq münasibətləri hökm sürür.

Azərbaycanın əlverişli coğrafi durumu, müstəqil siyasəti, iqtisadi potensialı, maddi və mənəvi resursları və digər amillər onu regional mərkəz statusuna yüksəltmiş və beləliklə, geosiyasi dəyərini daha da artırmışdır. Azərbaycan bölgədə iqtisadi, sosial, humanitar və digər sahələrdə reallaşdırılan bütün layihələrin əsas təşəbbüskarı və  mərkəzi fiqurudur. Ekspertlər müstəqillik dövründə həyata keçirilmiş transmilli neft və qaz, nəqliyyat-kommunikasiya layihələrini, son 10 ildə ölkə iqtisadiyyatının dinamik inkişafını əsas gətirərək 2013-cü ilin aprelində Dünya İqtisadi Forumunun məhz Bakıda keçirilməsini dünya birliyinin Azərbaycanın iqtisadi gücünə verdiyi qiymət kimi səciyyələndirirlər. Bununla yanaşı, Azərbaycan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, Beynəlxalq Humanitar Forumunun təşəbbüskarı və təşkilatçısı kimi çıxış edərək həm də dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun güclənməsinə öz dəyərli töhfələrinin verir. Təsadüfi deyil ki, bu gün ekspertlər Bakını “Humanitar Davos” adlandırırlar.

Azərbaycan məscidin, kilsənin sinaqoqun heç bir qısqanclıq, narahatlıq olmadan yan-yana fəaliyyət göstərdiyi, çoxsaylı milli və etnik azlıqların sülh və əmin-amanlıq şəraitində yaşadığı ən nadir tolerantlıq məkanı - multikulturalizm mərkəzi kimi bütün dünyada tanınır və qəbul edilir. 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsini, çoxsaylı beynəlxalq idman yarışlarını yüksək səviyyədə təşkil edən Azərbaycan artıq 2015-ci ildə l Avropa Oyunlarını keçirməyə hazırlaşır. 

Azərbaycanın xarici aləmlə tərəfdaşlıq münasibətlərinə mənfi təsir göstərən  geosiyasi dəyərini aşağı salan bəzi amillər də mövcuddur. Tədqiqatçılar bu sıraya ilk növbədə Ermənistanla münaqişənin və Dağlıq Qarabağ probleminin 20 ildən bəri həll olunmamasını aid edirlər. Ümumiyyətlə, müstəqilliyə qovuşduğu andan  Azərbaycanın milli inkişafı yolunda rastlaşdığı ən mühüm problem də məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olmuşdur. Müstəqilliyin ilk illərində bu problem ölkənin bölgədə və dünyada kəsb etdiyi geosiyasi əhəmiyyəti ciddi surətdə azaldaraq, beynəlxalq investisiya qurumlarının ölkəyə davamlı kapital qoyuluşu siyasətinə uzun müddət mənfi təsir göstərmişdir.

Bununla yanaşı, Xəzər dənizinin hüquqi statusunun da sona qədər həll edilməməsindən, Trans Xəzər layihəsinə region dövlətlərinin fərqli yanaşmasından qaynaqlanan bəzi bölgə problemləri də həm Azərbaycanın, həm də digər qonşu ölkələrin xarici aləmlə tərəfdaşlığına mənfi təsir göstərir.

Bir faktı da qeyd etmək lazımdır ki, Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsinə, Cənubi Qafqaz, Xəzər-Qara dəniz hövzəsindəki regional qarşıdurmalara və bəzi ölkədaxili problemlərə  görə bir çox  maraqlı dairələr dünya investorlarına nə qədər Azərbaycanı əlverişsiz bir ölkə kimi  təqdim etməyə çalışsalar da, malik olduğu zəngin enerji resursları,  Xəzər hövzəsində yürütdüyü effektli neft-qaz siyasəti və reallaşdırdığı çoxsaylı transmilli layihələr onu bütün dünya üçün bir o qədər cəlbedici və arzuolunan tərəfdaşa çevirmişdir.

Beləliklə, yuxarıda qeyd olunan bütün amillər onu deməyə əsas verir ki, müstəqillik illərində Azərbaycan siyasi, iqtisadi, ictimai və mənəvi həyatın bütün sahələrində keçid dövrünü müvəffəqiyyətlə başa vurmuş, bir dövlət olaraq tam formalaşmış, güclü regional amilə çevrilmiş və  qlobal siyasətdə öz sözü, rəyi, prinsipial mövqeyi ilə seçilən nüfuzlu dövlət  kimi çıxış etməyə başlamışdır.

 

Əli HƏSƏNOV,

Azərbaycan Respublikası

Prezidentinin ictimai-siyasi

məsələlər üzrə köməkçisi,

YAP İdarə Heyətinin üzvü

 

Xalq qəzeti.- 2015.- 9 may.- S.2-3.