Hikmət dolu söz xəzinəsi,

yaxud sözün sehri

 

Kim şifahi danışıqda, yaxud publisistik yazısında el sözlərindən, qanadlı ifadələrdən istifadə etmir? İstifadə edir, lakin əksər halda müəllifini bimirik. Onların müəllifi eldir, xalqdır - deyirik.  Elin sözüdür, xalqın sözüdür, atalar sözüdür - deyirik. Bu obrazlı sözlər dilimizin, mədəniyyətimizin dərin qatlarından, etnik təfəkkürümüzdən süzülüb gəlir. Amma burası həqiqətdir ki, həmin sözlər nə zamansa konkret bir müdrikin dilindən çıxıb.

 

İndi adı bilinməyən, zamanın sərt üzünün adını bizə unutdurduğu müdrikin... Bizim günlərin də, bizim zəmanənin də söz ustası olan öz müdrikləri var, biz onları tanıyır, sözün kimə aid olduğunu bilirik. Akademik Teymur Bünyadov kimi. Yaşı doxsanı haqlamış hörmətli ağsaqqalın təzəlikcə işıq üzü görən “Dedim ki, yadigar qalsın” kitabında yer alan bu obrazlı ifadələr onun zəngin bir hikmət xəzinəsi olan mənəvi dünyasının bədii ifadəsidir.

Teymur müəllimin bu obrazlı, düşündürücü, milli-mənəvi dəyərlərimizə işıq tutan, çətinliyə düşənə yol göstərən sözləri onun öz sözləridir, uzun illərin həyat təcrübəsindən qaynaqlanır və  yaşının bu çağında bizim gəncliyə ən dəyərli ərməğan olaraq qiymətləndirilməlidir. Ağsaqqala hörmət, qənaətcillik, varlı-kasıb, namus-qeyrət, torpağa bağlılıq, səmimi insani münasibətlər, vicdanla yaşamaq, əzəli və əbədi məhəbbət, halal, haram və s. mövzulardakı fikirlər Teymur müəllimin deyimində təravətli bir məna ilə qarşımıza çıxır.

Azərbaycanın tarixi-etnoqrafik bölgələrini qarış-qarış gəzən, topladığı etnoqrafik materialları spesifik dəsti - xətlə yazıya gətirən görkəmli alim Teymur Bünyadovun “Ana Kürüm”, “Qızıl qaya”, “Mərd qalalar, sərt qayalar”, “Zirvəqala” kimi əsərlərində ellərin, elatların tarixi, etnoqrafiyası öz əksini tapmışdır. Teymur Bünyadov təkcə tarixçi-etnoqraf alim kimi deyil, həm də gözəl nasir və incə təbli şairdir. Onun 1991-ci ildə çoxsaylı  tirajla nəşr edilən “Göz yaşları” romanı, “Xan çinar kölgəsində”, “Anam birdi, Vətən tək”, “Başı çalmalı dağlar” adlı üçcildlik bayatı kitabları böyük maraqla qarşılanmışdır. Bu əsərlərdə xalqın zəngin mənəvi dünyası, düçar olduğu ədalətsizliklər, İkinci dünya müharibəsinin, bizim zamanın Qarabağ müharibəsinin ağrıları, vətənsevər oğulların, qızların döyüş əzmi işıqlandırılır. Qəlbi Vətən eşqi ilə döyünən qeyrətli alim-yazıçı, havadarlarının köməyi ilə bədxah ermənilərin Dağlıq Qarabağı işğal etdiyi bir vaxtda gənclərə mərdlik, mübarizlik, döyüşkənlik ruhu aşılamaq məqsədilə azərbaycanlıların qəhrəmanlıq tarixindən bəhs edən “Qız var oğuldan qeyrətli”, “Cavanşir”, “Atropat”, “Babək”, “Şəmsəddin Eldəniz” və s. kimi elmi-populyar əsərlərini çap etdirmiş, dəfələrlə  cəbhə bölgələrində əsgərlərin arasında olmuşdur.

“Dedim ki, yadigar qalsın” müəllifin düşüncələrindən ərsəyə gələn, atalar sözü sanbalında olan müdrik fikirlər məcmundur. Bunlar milli ruhu əks etdirmək baxımından da diqqəti çəkən, həqiqəti dəyərləndirən, sevgini, el birliyini, dirçəlişi göstərən, qorxunu, qorxaqlığı, xəyanəti pisləyən, yaxşılığı, azadlığı, müstəqilliyi, igidliyi müqəddəs sayan, nikbinliyə üstünlük verən, bədbinliyi qınayan deyimlərdir.Bu səpkili ibrətamiz sözlər Teymur müəllim kimi xalqını sevən bir kişinin düşüncələrini məşğul edə bilərdi. Bu deyimlərin ortaya çıxmasında yəqin ki, günümüzün ictimai-siyasi, psixoloji amilləri də az rol oynamayıb.

Bədii yönlü əsərləri ilə yanaşı, Teymur müəllim etnoqrafik dəyərlərin toplanmasında, tədqiqi, nəşri kimi mühüm,  nəcib bir işdə həmişə öndə gələn ziyalılar cərgəsində olub. Onun məhsuldar fəaliyyətinin ayrılmaz hissəsinə çevrilən  bu xidmətləri əvəzsizdir. İndiyədək nəşr etdirdiyi ayrı-ayrı tədqiqat əsərləri Teymur müəllimin  yaradıcılığının elmi istiqamətini təşkil edir və daha geniş söhbətin mövzusudur. Teymur Bünyadov öz xalqının tərəqqisi, sabahının təminatı üçün milli dəyərlərinin qorunması və gələcək nəsillərə çatdırılmasının nə qədər zəruri olduğunu dərindən bilən bir alim kimi tanınır və qəbul olunur.

Bu mənalı deyimərin axarı ilə üzdükcə özünü  başqa bir aləmdə hiss edirsən. Bu aləm zəngin bir muzeyi xatırladır. Ancaq bu muzeyin eksponatları xüsusi mühafizə altında saxlanan əşyalar deyil, məna dolu fikirlərdir. İnsan bu söz aləmində özünü qərib və nabələd hiss etmir, çünki yanında Teymur Bünyadov kimi müdrik və etibarlı bir bələdçi var. Bu bələdçinin köməyi ilə o, qarşılaşdığı hər söz və ifadə haqqında lazım olan izahatı ala bilir. Dilimizin zənginliyi, dərin məna qatları müəllifə imkan verir ki, ayrı-ayrı ifadələrin yerinə görə dəyişən məzmunlarını üzə çıxarsın.

Bu fikirləri söyləyə bilməkdən ötrü ədəbi səriştə ilə yanaşı, tarixi, coğrafi və etnoqrafik bilgilərin olması da əsasdır. Bunların qədim türk təfəkkür tərzinin məhsulu olduğu açıq duyulur.

Oxuyuruq: “Şah da dünyaya ağalıq etmək istər, sultan da”. Görünür, bu söz Səfəvi şahları və Osmanlı sultanları arasında baş vermiş və türk etnosuna fəlakətlər gətirmiş qanlı rəqabət müharibələrinə işarədir. Yaxud “Qan tökənə qan uddurarlar”.  - Bu deyim düşmənin gözünün içinə baxaraq ön xətdə əldə silah gecəli-gündüzlü Vətənin keşiyini çəkən və səbirsizliklə “Hücum!” əmri gözləyən oğullarımıza bir öyüddür.

Vətən, el, doğma yurd haqqında bu sözlər hər bir kəsin qan yaddaşını yeniləmək üçün deyilib sanki: “Ana da birdi, diyar da bir”, “Ana candı, Vətən vicdan”, “Ata ocağını satan, Vətənini də satar”, “Ayağı torpaqda olanın qolu da güclü olar, təpəri də”, “Kökə bağlan, elə söykən”...

Bu deyimlər yazılı ədəbiyyatımızın folklorla, etnoqrafiya ilə əlaqəsini, onun xəlqilik qaynaqlarını araşdırmaq üçün material verə bilər, həm orta, həm də ali məktəblərdə gəncliyin yetişdirilməsində faydalı olar. Onlardakı bədii mükəmməllik, dərin məzmun, tərbiyəvi güc və əlbəttə, daxili qafiyənin yerində olması poetik gözəlliyi daha da artırır. Bu müdrik ifadələr özlüyündə insanları xeyirxahlığa, saflığa, mərdliyə, mübarizliyə, namuslu yaşayışa çağıran poeziya örnəkləridir, sözün sehridir.

 

Qafar CƏBİYEV,

tarix elmləri doktoru,

 

Pirağa İSMAYILZADƏ,

tarix üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2015.- 15 mayş.- S.11.